Bu
gün Ümumdünya Turizm günüdür
Bakıda
bununla bağlı bir sıra tədbirlər nəzərdə
tutulub
Son illər ölkəmizdə
turizm sektoru sürətlə inkişaf edir. Qeyd edək ki, Azərbaycanın
zəngin təbiətə malik olması ölkəmizdə
bu sahənin inkişafı üçün əlverişli
imkanlar yaradıb. Məhz ölkə prezidenti tərəfindən
2011-ci ilin "Turizm ili" elan edilməsi də turizm sektorun
Azərbaycan üçün xüsusi əhəmiyyətini
göstərir. Xatırladaq ki, ilin sonuna kimi Azərbaycana gələn
turistlərin sayının bir neçə dəfə
artacağı gözlənilir. Mədəniyyət və
Turizm Nazirliyindən verilən məlumata görə, cari ilin
birinci yarısında ölkəyə bir milyondan çox
turist gəlib ki, bu da ötən ilin analoji dövründən
iki dəfə çoxdur: "Bu il ölkəyə gələn
turistlərin sayı 1016559 nəfərə çatıb.
İlin sonuna kimi bu rəqəmin artacağı
proqnozlaşdırılır".
Yeri gəlmişkən, Ümumdünya Turizm
Günü ilə bağlı BMT-nin baş katibi Pan Gi Mun
dünya ölkələrinə müraciət edib. Sənəddə
BMT rəsmisi dünyanı turizmə daha tolerant, açıq
və vahid bir dünyanın formalaşmasına kömək
edən faktor kimi dəyər verməyə
çağırıb. Müraciətdə deyilir ki,
Ümumdünya Turizm Günü bütün dünyanın əmin-amanlığı
üçün turizmin əhəmiyyəti barədə
düşünməyə imkan yaradır: "Bu il
Ümumdünya Turizm Günü turizmin beynəlxalq həmrəylik
və qarşılıqlı hörmətin möhkəmləndirilməsindəki
mühüm rolunu vurğulayan "Turizm - mədəniyyətləri
birləşdirən bənd" şüarı altında
keçirilir. Turizm müsafirlə onu qəbul edən ölkə
arasındakı möcüzəli bir rabitə vasitəsidir.
O, dialoqun və qarşılıqlı əlaqələrin
yaradılmasına kömək edir. Müxtəlif mədəniyyətləri
təmsil edən insanlar arasında belə əlaqələrin
mövcudluğu dözümlülüyün əsasına
çevrilir. Dinc, yanaşı yaşamaq uğrunda mübarizə
aparan dünyada turizm körpülərin qurulmasına və
sülhün möhkəmlənməsinə səbəb ola
bilər".
O bildirib ki, turizmin inkişaf prosesinə verdiyi töhfə,
eyni zamanda, qlobal həmrəyliyin formalaşmasına da
yardımçı olur.
Qlobal iqtisadiyyatın dərin qeyri-müəyyənliklə
üzləşdiyi bir dövrdə turizmin sosial-iqtisadi imkanlar
yaratmağa və varlılarla kasıblar arasındakı fərqi
azaltmağa qadir olması faktı mühüm əhəmiyyət
qazanır.
Yeni sənəd ilin sonunadək hazır
olacaq
Qeyd edək ki, ölkə prezidenti tərəfindən
təsdiq edilən Azərbaycan Respublikasında 2011-ci ilin
"Turizm ili" elan edilməsi ilə bağlı Tədbirlər
Planında nəzərdə tutulan məsələlərdən
biri də bu ilin sonunadək "Turizm haqqında" qanunun
yeni layihəsinin Milli Məclisə təqdim edilməsidir. Mədəniyyət və Turizm Nazirliyindən
verilən məlumata görə, yeni qanun layihəsinə
artıq Nazirlər Kabinetində baxılıb və sənəd
razılaşdırılmaq üçün Ədliyyə
Nazirliyinə göndərilib: ""Turizm haqqında"
yeni qanunun qəbulu bu sahənin inkişafına əlavə
imkanlar yaradacaq. Hazırda qüvvədə olan
"Turizm haqqında" qanun və 2002-2005-ci illərdə
Azərbaycanda turizmin inkişafına dair Dövlət Proqramı
çərçivəsində müvafiq işlər
görülüb. Bundan sonrakı mərhələdə
daha yüksək səviyyədə beynəlxalq turizm
bazarına inteqrasiya olunmaq, dünya standartlarına uyğun
turizm xidmətini təşkil etmək, turizm insan
ehtiyatlarının hazırlanmasını beynəlxalq şərtlərə
uyğunlaşdırmaq, ölkənin turizm potensialını
daha geniş təbliğ etmək baxımından yeni qanuna
ehtiyac var. Bu, turizm xidməti infrastrukturunun genişləndirilməsi,
yerləşdirmə obyektlərinin sayının
artırılması, mədəniyyət obyektlərinin turizm
nümayiş obyekti kimi istifadə olunmasının təşkili,
regionlarda turizmin inkişafı, turizmin müxtəlif növlərinin
təşviqi baxımından bizə əlavə imkanlar verəcək".
Qurumda deyirlər ki, yeni qanun bu günün tələblərinə
cavab verəcək: "Artıq müstəqil Azərbaycanın
turizm sahəsində müəyyən təcrübəsi var.
Respublika daxilində sərgilər
keçirilir, ölkəmiz beynəlxalq turizm sərgilərində
iştirak edir, turizm potensialımız dünyanın məşhur
kanallarında reklam olunur. Əvvəllər beynəlxalq sərgilərdə
yalnız nazirlik təmsil olunurdusa, indi bu sıraya turizm
şirkətləri də qoşulub. Bu kimi məsələlərdə
də yeni turizm qanununa ehtiyac var. Yeni qanunda beynəlxalq
normalar, bu çərçivədə Mədəniyyət və
Turizm Nazirliyi qarşısında duran vəzifələr, eyni
zamanda beynəlxalq turizm bazarına inteqrasiya olunmaq
üçün lazım olan fəaliyyətin tənzimlənməsi
və s. mühüm məsələlər əksini
tapacaq".
Nazirlikdə həmçinin bildirdilər ki, dünya
ölkələrində qeyd olunduğu kimi, hər il Azərbaycanda
da 27-sentyabr "Ümumdünya Turizm Günü" kimi qeyd
olunur. Həmin gün təşkil olunan tədbirlər
çərçivəsində müxtəlif mövzularda -
turizm sahəsində mövcud problemlər və onların həlli
yollarının müzakirəsi, turizm sahəsində xidmət
səviyyəsinin yaxşılaşdırılması, turizm
infrastrukturunun yaradılması və s. mövzusunda
"Ümumrespublika Daxili Turizm Konfransları" da
keçirilir. Eləcə də, bu
müddət ərzində turizm şirkətləri, turist
xidməti obyektlərinin iştirakı ilə Daxili Turizm Sərgisi
də keçirilir: "Bu il də Aərbaycanda turizm ili
çərçivəsində Ümumdünya turizm
gününün təntənəli qeyd olunması münasibətilə
Mədəniyyət və Turizm Nazirliyi tərəfindən
bir sıra tədbirlərin həyata keçirilməsi nəzərdə
tutulur. Belə ki, sentyabrın 27-si saat 14:00-da "Kempinski
Hotel Badamdar" mehmanxanasında "Ümumrespublika Daxili
Turizm Konfransı", 10:00-dan 19:00-dək "Dənizkənarı
milli parkda əl sənətkarlığı nümunələri
sərgisi" və saat 19:00-da "Dənizkənarı milli
parkda" konsert proqramı təşkil olunacaq. Həmçinin, sentyabrın 27-si ölkə muzeylərində
açıq qapı günü elan olunub".
Turizm peşə məktəbləri yaradılacaq
Azərbaycanın turizm potensialını inkişaf
etdirmək məqsədilə 5 rayonunda - Zaqatala, Şəmkir,
Göygöl, Qusar və Masallıda turizm peşə məktəbləri
yaradılacaq. Qeyd edək
ki, bu tədris mərkəzləri Turizm İnstitutunun nəzdində
yeni yaradılacaq Bakı Turizm Peşə Məktəbinin
filialı kimi fəaliyyət göstərəcək. Yaxın günlərdə
Nazirlər Kabinetinin Bakı Turizm Peşə Məktəbinin
yaradılması ilə bağlı qərar verəcəyi də
gözlənilir. Ümumilikdə Bakı
Turizm Peşə Məktəbində 600-700 şagirdin peşə
təhsili alması nəzərdə tutulur. Amma ilk mərhələdə bu şagirdlərin
sayının 200-300 nəfər olması
planlaşdırılır.
Sevinc
Həftə içi.- 2011.- 27 sentyabr.-
S. 6.