Balaxanı Odlar məkanı

  

Doğma Azərbaycanımızın elə bir guşəsi yoxdur ki, orada əsirlərin daş yaddaşından qopub gələn nişanələr olmasın. Hər saxsı parçası, hər qəbir daşı bu xalqın qədim tarixini, mədəni irsini özündə əks etdirir. Zaman-zaman bu qiymətli sərvətlərimiz dünyanın bir çox alimlərinin, tarixçilərinin diqqət mərkəzində olub, neçə-neçə tədqiqat əsərlərində öz təcəssümünü tapıblar. Bu mənada Abşeron yarımadası Azərbaycanın mərkəzi, inkişaf etmiş mədəni ərazisi sayılmaqla, eyni zamanda, qədim tarixə malik olması ilə də diqqəti cəlb edib. "Bakını küləkli şəhər adlandıran" səyyahlar bu tarixi şəhərin qədim mədəniyyət abidələrindən də heyranlıqla yazıblar. Bəli, Abşeronun hər qarış torpağı yeraltı və yerüstü sərvətləri Azərbaycan tarixinin şanlı səhifəsi - milyon illərin nişanəsidir. Onu da qeyd edək ki, Abşeronun kəndləri təkcə qədim və gözəl adət-ənənələri, inam və etiqadları ilə deyil, həm də maraqlı və zəngin abidələriylə öz keçmişini sübuta yetirir və yaşadır. Bakı kəndlərinin içərisində Balaxanı tarixən tutduğu iqtisadi mövqeyinə və qədimliyinə görə seçilir. Bu kənd Bakının Şimal qərbində Abşeron yarımadasının ortasında yerləşir. Sabunçu qəsəbəsi, Ramana kəndi, Digah və Məhəmmədli kəndləri ilə qonşudur, Şimal səmtindəki yüksəklikdə kəndi iki - Yuxarı və Aşağı məhəlləyə bölən qədim qəbiristanlıq da var. Balaxanının Şimal hissəsi "Rzaqulu kəndi", Cənub hissəsi isə əhali tərəfindən "Canhüseyn" məhəlləsi adlanır. Balaxanı kəndinin adı və tarixi haqqında müxtəlif fikirlər olub. Balaxanı adı farsca "kiçik kənd" deməkdir.

Rəvayətə görə, kəndin əsasını Ball adlı bir xan qoyub. Ona görə də kənd belə adlanır. Lakin başqa mənbələrdə Balaxanı bir toponim kimi "baba" (yəni yuxarı üst") və "Xanə" gözlər ilə əlaqələndirilir. Amma kənd sakinlərinin dediyinə görə, qədimdə burada əksər evlərdə "balkon"lar (eyvan) olardı. Balaxanı sözünün bir mənası da kənd sakinlərinin "balkon" dediyi bu eyvandan götürülüb. Kəndin adının mənası Qılman İlkinin "Bakı və bakılılar" kitabında qeyd olunub.

"Bala" yuxarı hündür, "xona" ev deməkdir. Məlum faktdır ki, dünya neftinin ilk beşiyi məhz Balaxanı kəndidir. Kəndin yaşlı sakini geniş dünyagörüşlü Hacı Ruşanovun dediyinə görə, ilk neft quyusu XV əsrin əvvəllərində Allahyar Hurməmməd oğlu tərəfindən qazdırılıb.

Hər tərəfdən neft buruqları ilə əhatə olunmuş bu möcüzəli kəndin hər dağında, hər qayasında hələ qatı asılmamış neçə-neçə sirrlər yaşayır. Bu qədim kəndin tarixi vaxtında geniş araşdırılsaydı bu gün elmə çox şey məlum olardı, kəndin tarixinin qədimliyini sübuta yetirən faktların sayı daha da artardı. Lakin buna baxmayaraq, bəzi mövcud abidələrin qorunub-saxlanması həmin fikri təsdiq edir. Kəndin tarixi keçmişini buradakı karvansara su övdanı, qədim məqbərlər, hamamlar, məscidlər XIX əsrdə qazılan neft quyuları yaşadır. XIV əsr Şirvanşahların vəziri işləmiş, Şakir ağanın türbəsi məhz bu kəndin qəbiristanlığındadır. Balaxanıda ən nadir hamamlardan sayılan "Qum" hamamı, XIV əsr övdanı "Şah Səfi" karvansarayı "Hacı Şahlar" məscidi bu kəndin qədim tarixindən xəbər verir. Balaxanıda vaxtilə 18 hamam olub, hər məhəllədə inşa edilən hamamlar sakinlərin tələbatını ödəyərmiş. Balaxanıda inşa edilən hamamlar həm adları, həm də arxitektura üslubuna görə bir-birindən fərqlənib. "Xan" qızı və ya El hamamı əsasən şirin su bulağı ilə əhatələnib. Digər hamamlar isə duzlu su ilə təchiz olunub. Bu hamamların əksəriyyəti dağıdılaraq yalnız bəziləri günümüzədək salamat qalıb.

Tarixçi alim M.İsmayılov "İki od arasında" əsərində yazır: "Bakıdan gəlmiş adamlardan biri Bakı yaxınlığında Balaxanıda təzə hamamın işə düşməsinin şahidi olub. O, hamamın üstündəki yazının köçürüb gətirib. Bu yazıda Şirvanşah hökmdarı Şeyx İbrahimin Bakıdakı əmri xatırladılır. Yazılır ki, bu hamam Xaçə Zeynəddinin əmri ilə tikilib. "O sənin fərmanının əsasında əmr edib ki, Bakının hamam olmayan kəndlərində hamam tikilsin". Torpağın altında tikilən Balaxanıda nadir hamamlardan sayılan Qum hamamını da böyükdən kiçiyə kimi hamı yaxşı tanıyır. Bu qədim sərvətimiz bir zamanlar qorunurdusa, artıq uzun illərdir ki, baxımsızlıq ucbatından sökülüb dağılıb. Ərazisi dəmir dirəklərlə əhatələnərək xüsusi mülkiyyətə çevrilib.

Qum hamamı ilə üzbəüz yol kənarında olan su övdanı da keçmişin yadigarıdır. Şirvanşah əmiri Xaçə Zeynəddinin göstərişi ilə XIV əsrdə tikilib. O dövrdə ümumiyyətlə, Şərqdə Azərbaycanda su övladlarının tikilməsi böyük xeyriyyəçilik işi hesab olunurdu. Balaxanıdakı 40 pilləkanlı su övdanı insanların suya olan tələbatına görə insa edilib. Bələdçinin dediyinə görə, su quyusunun ortasında olan çarxa sakinlər at bağlayaraq suyu çəkiblər. Su arxlara, eləcə də Qum hamamına da gedərdi. Kənd sakini Əkbər Hüseynov deyir ki, uzun illər su övdanı zibilliklərin içərisində olub. Kənd sakinlərinin köməkliyi sayəsində su övdanı təmizlənib və ondan XIV əsrdən XIX əsrin sonuna qədər, eləcə də 1920-ci ilin aprel inqilabına qədər istifadə olunub.

Balaxanı tarixən qədim İpək yolunun üstündə yerləşdiyi üçün iqtisadi baxımdan böyük əhəmiyyət kəsb edib. İpək yolunun üstündə tikilən "Şah Səfi" karvansarayı kəndin mərkəzində yerləşir. Hər gün bu karvansaranın önündən yüzlərlə gənc ötüb keçir. Maraqlıdır ki, yaşlı adamların az-çox bələd olduğu bu karvansaranın tarixi haqqında bu gün gənc nəsil görəsən nə bilir? Təəssüf doğuran fakt elə budur ki, üzərində heç bir lövhə olmayan qapısı illər uzunu bağlı qalan bu karvansara qədim abidə kimi artıq unudulur.

Bələdçimin dediyinə görə, uzun illər bu karvansaradan anbar kimi istifadə ediblər. Amma sonradan kənd sakinlərinin səyi nəticəsində karvansaranın içi təmizlənərək ətrafında abadlıq işləri aparılıb. Bu karvansara ilə bağlı tarix elmləri doktoru, professor M.Nemətova yazır: "Haca Ruhulla tikilisi, yerli sakinlərin Şah Səfi karvansarayı adlandırdığı bina Balaxanı qəsəbəsində yerləşir. Yerli əhəngdaşı materiallarından tikilmiş bina çatma tavanlı, dördbucaq şəklindədir. Oxvarı qapıların üstündə vaxtilə yazı olub. Qapı tağı söküldüyündən həmin yazı olan daş kitabə itmişdir". Haca Ruhulla tikilisində o yazı əhəng daşında çızılmış 3 sətirli ərəb dilində, nəxs xəttiylə yazılmış daş kitabə qapının üstündə olub. Yazılı daş saxlanılmayıb, neqativi isə AMEA-nın Tarix İnstitutunun Milli arxivində 68-14 saylı invertar kimi saxlanılır. Bu kitabə belə oxunur:

1. Bu binanı inşa etməyi əmr etdi. Əzəmətli sultanım, şöhrətli şahanşahımızın hakimiyyəti günlərində:

2. Şah Səfi əd-Din-əl-Hüseyn, əl-Bahadır - Xan tanınmış Haca Ruhullanın dayağı:

3. Mövlanə Hikmət Allah Badu-Kubeyi, Rəcəb ayı - min qırx beşinçi Hicri ilində, ustad - Burhan, Sərkar Behdud düzəldib.

Bəli, bu gün Balaxanı ərazisində Qum hamamı XIV əsrin yadigarı olan "Şakir Ağa" türbəsi, Şah Səfi karvansarayı kimi onlarca abidələrimiz uzun illərdir ki, yerli əhali tərəfindən qorunub saxlanılıb, amma necə deyərlər tək əldən səs çıxmaz. Keçmişimizin yadigarı olan bu abidələrin bu gün dövlət qayğısına böyük ehtiyacı var.

Balaxanıda məscidlərin tikilmə tarixi VIII əsrə təsadüf edir. Kəndin Aşağı məhəlləsində Həmşəri məscidi yerləşir. "Həmşəri" sözü dilimizdə XIX-XX əsrlərdə Cənubi Azərbaycandan Bakıya neft-mədənlərində işləməyə gələnlərə deyilirdi. Məsciddən uzun illərdir ki, kənd sakinləri tərəfindən toxuçuluq sexi kimi istifadə olunur. Həyətə daxil olarkən məscidin daş kitabəsini ağac budaqlarının arxasında görmək olar. Bu məscid tarixi abidə kimi xalqın mülkiyyətidir. İçərisindəki minbər, eyni zamanda, insanların məsciddən ibadət etməsi üçün geniş otağı var, bu, inşasına sərmayə qoyan şəxsin yerli sakinlərə böyük töhfəsi hesab olunub. Balaxanıda 1936-cı ilə qədər Böyük məsciddən dindarlar istifadə ediblər. 1936-cı ildən başlayaraq məscid mədəniyyət evi kimi istifadə olunub. 1990-cı il sentyabrın 10-da Balaxanı məscidi dindarların üzünə açılıb. O vaxtdan da yerli sakinlər məscidin təmirində böyük rol oynayıblar. Hündürlüyü 27 metr olan minarə XX əsrin əvvəllərində yeganə məscid minarəsi hesab olunub. Burada pilləkənlərin 114 sayda olması "Qurani-Kərim"in surələrinə işarədir. Məscidin günbəzi sonradan inşa edilib. Həmin məscid 1998-ci ildə Balaxanı Cümə məscidi adlandırılaraq, tam təmir olunmuş vəziyyətdə xalqın ixtiyarına verilib. Bəli abidələr xalqın danışan dilidir. Hər bir tikili özündə bu xalqın böyük bir tarixin irsini yaşadır. Keçmişimizin yadigarı olan bu sərvətlər dünənimiz, bü günümüz və sabahımızdır. Odur ki, daş yaddaşımız olan abidələri qoruyub saxlamaq, onları gələcək nəsillərə çatdırmaq ən mühüm və vacib məsələdir. Çünki vətənpərvərlik hissi də qan yaddaşımız olan abidələrdən başlayır.

 

 

İradə Cavadova

 

Həftə içi.-2011.- 28 sentyabr.- S. 1; 8.