Bakıda beynəlxalq kitab sərgisi keçirilir

 

Sərgidə xarici ölkələrdə nəşr olunmuş kitablar da nümayiş olunacaq

 

Çalışacağıq ki, Azərbaycanda kitab oxucularının sayına artıraq".

Əgər kitab olmasa, heç bir sahədə uğur əldə etmək olmazdı. Kitab bəşəriyyətin ən böyük kəşfidir.

Dünən Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Respublika Əl Oyunları Sarayında Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunmuş 2-ci Bakı beynəlxalq kitab sərgisinin açılış mərasimi olub. Sərgidə yerli nəşriyyatların çap etdikləri kitablarla yanaşı, xarici ölkələrin nəşriyyatlarının çap məhsulları da nümayiş olunacaq.

Ölkəmizdə təşkil olunan budəfəki kitab sərgisi xüsusilə fərqlənirdi. Sanki böyük bir bayramı xatırladan sərgiyə böyük insan axını var idi. Hamının gözündə sevinc, təbəssüm hiss olunurdu. Xüsusilə də kitabsevərlərin bayramı idi. Sərginin açılış mərasimində mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çıxış edərək tədbir iştirakçılarını, o cümlədən xalqımızı bu əlamətdar bayram günü münasibətilə təbrik etdi:

"Kitab sərgisi 3 gün davam edəcək. Siz sərgidə ayrı-ayrı nəşriyyatların çap etdikləri kitab nümunələri, bir sıra layihələri ilə tanış olacaqsınız. Bu il sərgi yarmarkaçı keçən illərə nisbətən fərqlənir. Xalqımız milli kitablarla yanaşı, dünya xalqlarının kitablarına da xüsusi diqqət yetirir. Bu sərgi yarmarkası 125 Azərbaycan və 31 xarici ölkə nəşrini əhatə edir. Bizim milli nəşriyyatlarla əməkdaşlıq edən xarici ölkələrinin də kitabları çap olunub. 20-dən çox müxtəlif beynəlxalq yarmarkalarda da bizim kitablarımız nümayiş etdirilib. Hətta mükafat alan kitablarımız da var. Çalışacağıq ki, Azərbaycanda kitab oxucularının sayına artıraq".

Baş nazirin müavini, xalq yazıçısı Elçin Əfəndiyev isə çıxışında bildirdi ki, müstəqillik əldə etdikdən sonra nə qədər yarmarkalar keçirilib. Bu uğurlar və nailiyyətlər ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasətinin nəticəsidir. Bu sərgilərin 1-cisi və ən əhəmiyyətlisi kitab sərgisidir. Ona görə ki, əgər kitab olmasa, heç bir sahədə uğur əldə etmək olmazdı. Kitab bəşəriyyətin ən böyük kəşfidir. Artıq bu sərgi ənənəvi hala keçib. Qonaqlar sərgidə Azərbaycan mədəniyyəti, tarixi, ənənəsi və durumu ilə tanış olacaqlar. Bu sərgi həmçinin milli ədəbiyyatımız, milli mədəniyyətimizlə bərabər dünya ədəbiyyatında da öz əksini tapıb. Sonra baş nazirin müavini E.Əfəndiyev, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev sərgiyə daxil olaraq ayrı-ayrı nəşriyyatlarının çap etdirdikləri kitab nümunələri ilə tanış oldular.

 

Nəhayət, nağıllarımız ingilis dilində!

 

Sərgidə Efendi Dizayn və çap nəşriyyatının ingilis dilində çap etdirdikləri Azərbaycanın uşaq nağılları kitabı diqqətimizi cəlb etdi. Nəşriyyatın direktoru Leyla Əfəndiyeva kitab haqqında məlumat verərək dedi ki, bu hələlik ilk kitabdır: "1000 tirajla çap etmişik. Və bu kitabı çap etməklə dünyaya göstəririk ki, nə qədər nağıllarımız, irsimiz var. Çalışacağıq ki, uşaq ədəbiyyatının nəşrinə daha çox önəm verək". Mədəniyyət naziri Ə.Qarayev "Həftə içi" qəzetinin müxbirinin də sualına cavab verib: "Uşaq Ədəbiyyatı ilə bağlı artıq xüsusi proqramımız hazırdır. Hələlik "Azərbaycan nağılları"nın ingilis dilində çapına nail olmuşuq". Baş nazirin müavini E.Əfəndiyev isə uşaq ədəbiyyatı ilə bağlı qəzetimizə bildirdi ki, uşaq ədəbiyyatının hazırda problemi çoxdur. Sərgidə nəşriyyatların nümayiş etdirdikləri kitabların bir qismi satışa çıxarılsa da, bir qismi ("Vektor kitabı evi"nin kitabları) iştirakçılara pulsuz paylanırdı. Sərgidə tanınmış ziyalılar, elm adamları da iştirak edirdilər. "Vektor kitab evi"nin direktoru, filologiya elmləri doktoru, professor Elçin İsgəndərzadə dedi ki, dünyanın 20-ə yaxın kitab sərgisində iştirak edib. "Arzumuz olub ki, ölkəmizdə də belə beynəlxalq sərgi keçirilsin. İndi çox şükür ki, artıq belə bir beynəlxalq kitab sərgisi keçirilir. Bu sərgidə 30 ölkənin təmsil etməsi bizi çox sevindirir".

"Ulduz" nəşriyyatının direktoru yazıçı Elçin Hüseynbəyli, xalq yazıçısı Sabir Rustəmxanlı, Mustafa Çəmənli bildirdilər ki, kitab bayramı əsasən yazıçıların bayramıdır: "Bu, kitabın gündəmə gətirilməsi, dəbə mindirilməsi deməkdir. Elektron dövrün inkişaf etdiyi bir zamanda kitabın ictimaiyyətə çıxarılması çox vacibdir.

Azərbaycanda kitab nəşri özəlləşəndən sonra sürətlə inkişaf edir. İldən-ilə keyfiyyət yaxşılaşır. Ədəbiyyatlarımızda dünya ədəbiyyatı sürətlə çap olunur. Poliqrafiyamız dünya standartlarına yaxınlaşır. Uşaq ədəbiyyatına dair gözəl kitablarımız da nəşr olunur".  

Sərgidə gənclər daha çox üstünlük təşkil edirdilər. Buradan da hiss olunurdu ki, kitablarımıza gənclərin marağı artıb. Nərgiz Tağıyeva "Turizm" institutunun 1-ci kurs tələbəsi olduğunu dedi: "Sərgi çox gözəl təşkil olunub. Sevinirik ki, mədəniyyətimiz dünyaya təmsil olunur.

Sərgi sabah başa çatacaq.

 

 

Qələndər Xaçınçaylı

 

Həftə içi.- 2011.- 29 sentyabr.- S. 8.