Azərbaycanda insan alveri qurbanlarının sayı azalıb

 

Ekspertlər hesab edirlər ki, bu statusu daşıyanlara dövlət qayğısının artırılması insan hüquqlarına hörmət kimi qiymətləndirilməlidir

 

Cari il Azərbaycanda aşkar edilən insan alveri qurbanları arasında 14 yaşlı yeniyetmə qız da olub. Bu barədə Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Araz Babayev insan alveri ilə mübarizəyə həsr olunmuş tədbirdə bildirib. O qeyd edib ki, 2010-cu ildə insan alveri ilə bağlı Azərbaycanda 70 fakt aşkar edilmişdisə, 2011-ci ilin ilk altı ayında isə 63 cinayət faktı aşkar olunub. Qurbanların əksəriyyəti qadınlar olub.

Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin 2010-cu ilin yekunları ilə bağlı açıqlamasına görə, insan alveri cinayəti ilə bağlı qeydə alınan 70 fakt üzrə 39 şəxs cinayət məsuliyyətinə cəlb edilib və insan alveri qurbanı olan 34 nəfər müəyyən olunub. 34 qurbandan 27-si sığınacağa yerləşdirilib, onların əksəriyyəti cəmiyyətə reinteqrasiya olunub, qurbanların hamısına hüquqi, tibbi və psixoloji yardımlar göstərilib. İnsan alveri qurbanlarının uşaqlarından 2-si internat məktəbinə, 5-i isə uşaq bağçasına yerləşdirilib. Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, insan alverindən zərərçəkmiş 30 nəfərə reinteqrasiya dövründə birdəfəlik müavinətlər, 5 nəfərə isə İnsan alveri qurbanlarına Kömək Fondundan yardımlar verilib.

Qeyd edək ki, insan alveri qurbanlarının sosial göstəricilərinə gəldikdə, onlar arasında savadsız, natamam təhsilli insanlar 82 faiz təşkil edir. Qurbanların 10,2%-i kimsəsiz, 23%-i subay, 14,3%-i dul, 52 %-i isə boşanmış qadınlardır. İnsan alveri qurbanlarının sayına görə ən yüksək göstərici Azərbaycanın şərq bölgəsindədir. Bura Bakı, Abşeron yarımadası, Sumqayıt, Siyəzən və Xaçmaz daxildir. II yerdə Qərb bölgəsi gəlir. Aldadılaraq seksual məqsədlərlə xaricə aparılanların 30 faizi bu ərazinin payına düşür.

 

"Onlarla mütəmadi söhbətlər aparırıq"

 

"Təmiz Dünya" İctimai Birliyinin sədri Mehriban Zeynalova isə insan alveri ilə məşğul olan şəxslərin öz qurbanlarını daha çox savadsız, kasıblıqdan əziyyət çəkən, iradəsi zəif olan şəxslərin arasından seçmələrinin heç də təsadüfü olmadığını bildirib: "Ən yadda qalan hadisələrdən biri 51 yaşında qadının bacısı tərəfindən aldadılaraq, cinsi istismara məruz qalması olub. Bundan başqa, 2 il bundan əvvəl bir qadın əri tərəfindən aldadılaraq İrana aparılıb. Orada onun böyrəyi çıxarılıb və satılıb. Ana iki uşağını 8 aylıq və 5 yaşında uşaqlarını satarkən tutulub. Təbii ki, qurbanlar kateqoriyasında olan insanların çoxu savadsız, kimsəsiz, kasıb olduqlarından daha tez aldanırlar".

M.Zeynalova deyir ki, əvvəlki illərlə müqayisədə aparılan qadınların sayı azalıb, amma faktlar yenə də var. Qadınlar çox vaxt ailədə zorakılığa məruz qaldıqdan sonra çıxılmaz vəziyyətdə olurlar və belə olan halda insan alverçilərinin tələsinə düşürlər.

Təşkilat rəhbərinin sözlərinə görə, birlik olaraq indiyə qədər 29 nəfər insan alveri qurbanının reinteqrasiyası ilə məşğul olublar: "Biz təşkilat olaraq 29 nəfər qurbanın reinteqrasiya prosesi ilə məşğul olmuşuq. Onların sağlamlıq problemlərinə yardım etmişik, sənədləri olmayanlara sənədlərlə bağlı kömək etmişik. 41 nəfərin şəxsiyyət vəsiqəsinin geri alınmasına, 4 nəfərin uşaqlarının xüsusi məktəblərə yerləşdirilməsinə yardım etmişik. Qurbanları müvəqqəti yaşayış evləri ilə təmin edib, iş tapmalarına kömək etmişik. Həmçinin dövlət proqramlarından faydalanmaları üçün də məsləhətlər vermişik".  

Ekspert İnsan Alverinə qarşı Mübarizə Günü ilə bağlı hər il müxtəlif tədbirlər təşkil etdiklərini də xatırlatdı: "Biz belə aksiyalara daha çox ictimaiyyət üzvlərinin qoşulmasını zəruri hesab edirik. Əgər belə olsa bununla vətəndaşlar ən azı özlərini qoruya bilər, cinayətkarların əl-ayağını bağlamağa öz töhfəsini verərlər. Məsələn, biz bu il keçirdiyimiz aksiya barədə 4 mindən çox insana internetdə məlumat vermişdik. Kampaniyanın elementləri "Mavi ürək" və gözlərə bağlanmış "Mavi lent" idi. "Mavi ürək" Birləşmiş Millətlər Təşkilatının Narkotik və Cinayətkarlığa qarşı Mübarizə ofisi tərəfindən ictimai məlumatlığın səviyyəsini artırmaq üçün yaradılıb. "Mavi ürək" eyni zamanda, insan alverçilərinin daşlaşmış ürəyidir. Təşkilat "Mavi lent " kampaniyasını milyonlarla istismara məruz qalmış insanlara bu acını unutdurmaq, onlara yardım və dəstək ola bilmək üçün düşünülmüş ən yaxşı rəmz hesab etdi. "Bağlı gözlər" isə bizim məlumatsızlığımızın rəmzidir. Çünki biz ətrafda nə baş verdiyini görməmək üçün gözlərimizi yumur və baş verən insan alveri cinayətinə qarşı "görməzlik" nümayiş etdiririk. Onu da qeyd edim ki, biz insan alveri qurbanlarına ünvanlanan ən yaxşı mesajları kitab şəklində çap edəcəyik".

M.Zeynalova öz açıqlamasında insan alveri qurbanlarına dövlət tərəfindən müavinətlərin verilməsini, onların sığınacaqlarla təmin olunmasını insan hüquqlarına hörmət kimi qiymətləndirib: "Bu gün Azərbaycanda sözügedən problemlə bağlı ciddi addımlar atılır. Qurbanlara müxtəlif yardımlar göstərilir. Eyni zamanda, insan alveri qurbanları üçün ölkədə müvəqqəti və daimi sığınacaqlar fəaliyyət göstərir. Bu sığnacaqlar Bakı ilə yanaşı, Mingəçevirdə də yaradılıb. Bütün bunlar göstərir ki, Azərbaycanda insan hüquqlarına hörmətlə yanaşılır".

 

Bəzi ölkələr insan alverinə qarşı mübarizəyə qoşulsa da...

 

Məsələyə münasibət açıqlayan hüquqşünas Rəşad Səfərov bildirir ki, bu məsələ ümumbəşəri problem olduğundan tam kökü çətindir: "Məsələn, indi Azərbaycan insan alverinə qarşı mübarizədə bir çox dövlətlərlə əməkdaşlıq edir. Amma etiraf etmək lazımdır ki, bəzi ölkələr bu məsələyə ciddi yanaşmadığından görülən işlərin effekti böyük olmur. Bir məqamı da vurğulayım ki, gizli cinayət olan insan alverinin qurbanları arasında yalnız qadınlar, uşaqlar deyil, kişilər də var. İnsan alverçiləri əsasən 19 yaşından 55 yaşınadək olan kişilərin əməyini istismar edirlər. Onların etibarından sui-istifadə edərək xarici ölkələrə aparır və qul vəziyyətinə salırlar. İnsan ticarətilə məşğul olanlar daha çox qazanc əldə etmək üçün qadınlara üstünlük verirlər. Qurbanlar əsasən 22-45 yaş arasında olur. Çox az hallarda yaşlı qadınlara rast gəlinir". 

Həmsöhbətimiz onu da vurğulayır ki, ən çox qurbana çevrilənlər uğursuz ailələrdən çıxanlardır: "Statistikaya görə, insan alverçilərinin 99 faizi qadınlardır. Qurbanlar arasında uşaqlar da olur. Onlar öz valideynləri tərəfindən satılarkən yaxalanırlar. Düzdür, belə cinayətlər xaricdə olduğundan, onlar haqda maddi sübut toplamaq çətin olur. Qurbanların zinət əşyalarını da oğurlayıb, onları istismar edirlər. Buna qarşı Cinayət Məcəlləsində 141.2 maddəsi var. Burada da 8 ildən 15 ilədək cəza nəzərdə tutulur. Amma bəziləri üçün bu vərdiş halını aldığından azadlığa çıxdıqdan sonra təkrar eyni fəaliyyətlə məşğul olurlar".

Həmsöhbətimiz həmçinin bildirir ki, cinayətkar dəstələr insan ticarəti yolu ilə böyük həcmdə mala, mülkə sahib olurlar: "Hesablamalara əsasən, hər il dünyada bu alverdən 42 milyard dollardan çox gəlir götürülür. Bu, silah və narkotika biznesindən sonra ən gəlirli sahə sayılır. Ümumilikdə isə hər il dünyada 800 minədək insan alınıb-satılır. Onun da 80 faizini qadın və uşaqlar təşkil edir". 

Hüquqşünas insan tacirlərinin toruna düşməmək üçün müəyyən tövsiyələri də xatırladır: "Əgər hansısa vətəndaşımıza xarici ölkədə yüksək məvacibli iş və ya təhsil almaq təklif olunursa, onda tələsməsinlər. Belə təklif firmadan gəlibsə, o zaman həmin firmanın xususi icazəsinin, yəni lisenziyasının olub-olmaması ilə maraqlanmaq lazımdır. Eyni zamanda, mütləq rəsmi qaydada müqavilə bağlanılmalıdır. Müqavilənin qanuni olub-olmamasını müəyyən etmək üçün isə həmin xarici ölkənin Azərbaycandakı səfirliyinə müraciət olunmalıdır. Bütün bunları ilk növbədə insanlar özlərini qorumaq, həm də genefonda, demoqrafik vəziyyətə, milli və informasiya təhlükəsizliyinə təhlükələr yaratmamaq, eyni zamanda, ölkəmizin beynəlxalq nüfuzuna xələl gətirməmək üçün etməlidirlər. Yəni, vətəndaşlarımız nə qədər ayıq-sayıq olarsa, onda belə problemlə rastlaşmazlar". 

Mütəxəssis həmçinin son illər ölkəmizdə insan alveri qurbanlarının sosial reabilitasiyası məqsədilə ciddi addımlar atıldığını da vurğuladı: "Məsələn, həmin insanlar dövlət tərəfindən mühafizə olunan xüsusi sığınacaqda yerləşdirilirlər. Burada onlara psixoloji və hüquqi yardım edilir. Eyni zamanda, bu vətəndaşların cəmiyyətə inteqrasiyası daha da sürətləndirilir".

 

 

Sevinc

 

Həftə içi.- 2011.- 29 sentyabr.- S. 5.