"Gorus-2010 absurd
teatr mövsümü"
düşmənə layiqli
cavabdır
Prezident
Administrasiyasının rəhbəri, Azərbaycan Milli Elmlər
Akademiyasının həqiqi üzvü, görkəmli filosof
alim Ramiz Mehdiyevin bu yaxınlarda Tbilisidə "Universal"
çap evində ingilis və rus dillərində nəşr
olunmuş kitabı Azərbaycan tarixinə ən mükəmməl
töhfələrdən biridir. İstər tarixçilərimiz,
istərsə də başqa sahələrdə fəaliyyət
göstərən Azərbaycan ziyalıları hörmətli
akademikimizin böyük zəhmətlər sayəsində ərsəyə
gətirdiyi bu əsəri təkcə son zamanlar Azərbaycan
xalqına və dövlətinə qarşı sərsəm
bəyanatlar verən işğalçı Ermənistanın
prezidenti Serj Sarkisyana tutarlı cavab olaraq deyil, eyni zamanda
tariximizin daha da dərindən öyrənilməsi,
araşdırılıb gənc nəsillərə
çatırılması yolunda mühüm ədəbiyyat
kimi də dəyərləndirirlər. Əsərin siyasi
müstəvidə Sarkisyana tərs şapalaq olaraq dəyməsinə
səbəb isə hörmətli akademik Ramiz Mehdiyevin bir
müəllif kimi materialı sərt istehza formasında quraraq
sarkazmla Ermənistan dövlətinin indiki başçısının
istinad etdiyi bütün əsas "tarixi dəlilləri"
alt-üst etməsidir. 1828-ci ildə baş verən hadisələrin
geniş şəkildə şərhi əsəri gənc nəslin
tarixdə baş verən olaylara doğru-dürüst
yanaşmaları yönündə də qiymətləndirməmək
olmaz. Hörmətli akademik 1828-ci il martın 21-də, Azərbaycan
türklərinin Novruz bayramı günündə, imperator I
Nikolayın öz fərmanı ilə əsrlər boyu
mövcud olmuş İrəvan və Naxçıvan
xanlıqlarını ləğv edib və bu ərazilərdə
İrandan və Türkiyədən
köçürülmüş ermənilər
üçün qondarma "Erməni vilayəti"
yaradılmasını mükəmməl şəkildə açmaqla
göstərir ki, ermənilər Azərbaycan torpaqları olan
İrəvan və Naxçıvan xanlıqlarına məhz
çar Rusiyası tərəfindən
köçürülüblər. Yəni heç vaxt bu
torpaqlarda erməni adlı xalq mövcud olmayıb. Ermənilərin
I Nikolay vasitəsilə Azərbaycan torpaqları üzərində
yeni vətən yaratmaq yolunda ilk addımlar atmasını
geniş şəkildə verməsi göstərir ki, bu
gün Ermənistan adlanan dövlətin sahib olduğu ərazilər
məhz tarixi Azərbaycan əraziləridir. O torpaqlar zorən
xalqımızdan alınaraq erməniləşdirilib. Hörmətli
akademikimizin ermənilərə layiqli və tutarlı
cavablarından biri də onların köçəri həyat
sürən bir xalq olduqlarını tarixi faktlar və sənədlərlə
üzlərinə vurmasıdır. Son dövrlər Azərbaycan
tarixi, xüsusən də Qərbi Azərbaycan torpaqları ilə
bağlı kitablar oxumaq və bir daha o illəri gözdən
keçirmək qədər Azərbaycan gəncliyinin istədiyi
bir şey ola bilməz. İrəvan, Göyçə,
Basarkeçər, Vedi, neçə-neçə adını
çəkmədiyim ellərimizin tarixinin
araşdırılmasına, doğrudan da, ehtiyac var.
Çünki müasir Azərbaycan gəncliyi bu tarixi bilməlidir.
Hörmətli Ramiz Mehdiyev cənablarının "Gorus-2010
absurd teatr mövsümü" əsəri bu mənada yeni
bir ədəbiyyatdır. Bizlərin hər biri bu tarixi faktlara
dayanan, erməni lobbisinin məkrli siyasəti nəticəsində
Azərbaycana qarşı düşmən mövqedə duran
insanların məhz bu əsəri oxumalarını tövsiyə
edə bilərik. Məni sevindirən bir başqa məqam isə
əsərin təkcə Azərbaycan dilində deyil, eyni
zamanda rus və ingilis dillərində də çap edilməsidir.
Yəni Azərbaycan təkcə öz dili ilə deyil, eyni
zamanda başqa dillərdə də tarixini tanıda biləcək.
Mənə elə gəlir ki, müasir dünyada informasiya
texnologiyalarının belə sürətlə inkişaf
etdiyi bir dövrdə hər bir Azərbaycan gənci Azərbaycan
tarixi ilə bağlı bütün bilgiləri dünya ilə
bölüşməlidir. Hansı ki gerçəkdən də,
həqiqət carçısının yanında yer alır.
Onsuz da bu günə kimi şər və böhtan üzərində
yaşamağı özünə həyat tərzi edənlər
bunu anlamayacaqlar. Biz bizi anlamaq istəyənlərə öz
tariximizi öyrətməliyik. Özü də belə
möhtəşəm əsərlər sayəsində.
Prezident yanında Dövlət İdarəçilik
Akademiyasının tələbəsi olaraq mənim
üçün hörmətli akademikimizin bu əsəri
çox qiymətli bir əsər olmaqla yanaşı, eyni
zamanda tariximizi daha da dərindən bilməyimiz
üçün yeni bir ədəbiyyatdır.
Sevinc Babayeva
Həftə içi.- 2011.- 14 yanvar.- S. 3.