"Milli kitab" mükafatına əsərlərin təqdim
edilməsi başa çatıb
"Milli.Az" xəbər
portalının məlumatına görə, təqdim olunan əsərlərdən
27-si rus, 85 əsər isə Azərbaycan dilindədir.
Müraciət edənlərin 21%-ni qadın yazarlar, 79%-ni
kişilər təşkil edir. İştirak edənlərin
orta yaş həddi də cavanlaşıb. Belə ki, ən
yaşlı yazıçının 81, ən gənc
yazarın 19 yaşı var. MKM-in təsisçisi Nigar
Köçərli müraciət edənlər arasında gənclərin
çoxluq təşkil etməsini ədəbiyyatımızda
baş verən canlanma ilə əlaqələndirib: "Bir
çox gənc bundan ilhamlanaraq ya yazmağa başlayıb, ya
da yazdıqlarını ortaya çıxarıb. Ancaq
xüsusilə vurğulamaq istərdim ki, "Milli kitab"
mükafatı gənc yox, müasir yazarların müsabiqəsidir.
Bundan başqa, bu il "Milli kitab" mükafatına 100-dən
artıq əsərin təqdim olunması çox
böyük göstəricidir. Xatırladım ki, ötən
il təqdim olunan əsərlərin əksəriyyəti son
10 il ərzində yazılmış əsər idi. Bu il isə
təqdim olunmuş əsərlərin 99%-i 2010-cu ildə
yazılıb. 1 il ərzində 100-dən çox əsərin
yazılması ölkəmiz üçün çox gözəl
göstəricidir. Bu o deməkdir ki, MKM öz məqsədinə
nail olub - ədəbiyyatımızda canlanma yaranıb".
Qeyd edək ki, builki müsabiqədə iştirak edənlərin
coğrafiyası daha genişdir. Belə ki, İran, Türkiyə,
Gürcüstan, Almaniya, Rusiya, Ukrayna və İsraildə
yaşayan həmyerlilərimiz də öz əsərlərini
müsabiqəyə təqdim ediblər. Əsərlərin
Ekspertlər Şurasına təqdimatı isə yanvarın
16-da olacaq. Xatırladaq ki, şura üzvləri ictimaiyyətə
bəlli olan 6 nəfərdən ibarətdir: tənqidçi-filoloq
Elnarə Tofiqqızı; şair-tərcüməçi Mahir
Qarayev; filologiya elmləri doktoru, tənqidçi Tehran Əlişanoğlu;
yazıçı-tərçüməçi Yaşar;
köşə yazarı Qan Tural; yazar Zahir Əzəmət. Martın
20-dək ekspertlər bütün əsərləri qiymətləndirəcək
və 20 ən yaxşı əsər seçiləcək. Martın
27-də isə 20 əsərdən 10 ən yaxşı əsər
seçilib münsiflər heyətinə təqdim olunacaq. Xatırladaq
ki, mükafatın münsiflər heyətinə
yazıçı Afaq Məsud, yazıçı Çingiz
Abdullayev, dramaturq Rüstəm İbrahimbəyov,
"Ayna-Zerkalo" qəzetinin baş redaktoru Elçin
Şıxlı, kinorejissor Ramiz Fətəliyev, xalq şairi Vaqif
Səmədoğlu, millət vəkili, BDU-nun professoru Rəbiyyət
Aslanova, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid,
"Xəzər" universitetinin rektoru Hamlet İsaxanlı,
teleaparıcı Nərgiz Cəlilova, prodüser Balakişi
Qasımov, tarix elmləri doktoru, BDU-nun professoru Cəmil Həsənli,
AMEA-nın müxbir üzvü, professor Rafiq Əliyev, fəlsəfə
elmləri doktoru, Azərbycan Mədəniyyət və İncəsənət
Universitetinin professoru Niyazi Mehdi, "Qanun" nəşriyyatının
sahibi Şahbaz Xuduoğlu, kinoşünas Ayaz Salayev və rejissor
Mehriban Ələkbərzadə daxildir. Səsverməyə gəlincə,
münsiflər 10 ballıq sistem üzrə səs verəcəklər
və mayın 31-də 3 qalibin adı elan olunacaq. Bu il
münsif üzvləri səslərini açıq formada
bildirəcəklər. I yerin sahibi 3000 (üç min), II
yerin qalibi 2000 (iki min), III yerin qalibi 1000 (min) manat pul
mükafatı alacaq. İngilis dilindən Azərbaycan dilinə
ən yaxşı tərcüməyə görə 1000 manat
məbləğində mükafat isə ABŞ səfirliyi tərəfindən
veriləcək.
Həftə içi.- 2011.- 14 yanvar.- S. 7.