Bosniya Azərbaycanın
ərazi bütövlüyünü
birmənalı dəstəkləyir
Xarici işlər naziri
Elmar Məmmədyarov Azərbaycanda rəsmi səfərdə
olan Bosniya və Herseqovinanın xarici işlər naziri Sven
Alkala ilə görüşüb. XİN mətbuat xidmətindən
aldığımız məlumata görə, görüşdə
Azərbaycan ilə Bosniya arasında əməkdaşlığın
inkişafı və regional məsələlər müzakirə
olunub. Nazir E.Məmmədyarov ölkələr arasında
siyasi sahədə əlaqələrin yüksək səviyyədə,
lakin iqtisadi və digər sahələrdə əməkdaşlığın
genişləndirilməsi üçün böyük potensialın
olduğunu bildirərək bu istiqamətdə fəallığın
artırılmasına ehtiyac olduğunu deyib. Öz növbəsində
nazir S.Alkalay Azərbaycanda ilk dəfə olduğundan məmnunluq
hisslərini keçirdiyini bildirərək ölkələr
arasında mövcud dostluq münasibətlərini yüksək
qiymətləndirib. Qonaq Azərbaycan ilə Bosniya-Herseqovina
arasında əlaqələri daha da möhkəmləndirmək
üçün dövlət rəsmilərinin
qarşılıqlı səfərlərinin intensivləşdirilməsinin,
iş və incəsənət adamlarının gediş-gəlişinin
təşkil edilməsinin vacibliyini vurğulayıb. Bosniya rəsmisi
bir sıra sahələrdə əməkdaşlıq
imkanlarının genişləndirilməsinin mühüm əhəmiyyət
kəsb etdiyini bildirərək bunun üçün ölkələr
arasında münasibətləri tənzimləyən
hüquqi bazanın genişləndirilməsinin zəruriliyini
ön plana çəkib. Ermənistan - Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsi məsələsinə
toxunan S.Alkalay ölkəsinin Azərbaycanın ərazi
bütövlüyünü və suverenliyinin birmənalı
olaraq dəstəklədiyini vurğulayıb. Həmçinin
görüş zamanı bir sıra qarşılıqlı
maraq doğuran mövzular ətrafında fikir mübadiləsi
aparılıb. Görüşün sonunda nazirlər "Azərbaycan
Respublikasının Xarici İşlər Nazirliyi və Bosniya
və Herseqovinanın Xarici İşlər Nazirliyi arasında
əməkdaşlıq haqqında" protokol imzalayıblar.
Azad
Həftə içi.- 2011.- 13 yanvar.- S. 1.