Ramiz Mehdiyev Sarksyanın payını verdi

 

Azərbaycanlıları "köçəri tayfalar" adlandıran işğalçı ölkənin Prezidenti layiqli cavabını aldı

 

1828-ci il martın 21-də, Azərbaycan türklərinin qeyd etdikləri Novruz bayramı günündə, imperator I Nikolay öz fərmanı ilə əsrlər boyu mövcud olmuş İrəvan və Naxçıvan xanlıqlarını ləğv etdi və bu ərazilərdə İrandan və Türkiyədən köçürülmüş ermənilər üçün qondarma "Erməni vilayəti" yaratdı. Bununla da, köçürülmüş ermənilər üçün Azərbaycan torpaqları olan İrəvan və Naxçıvan xanlıqlarında yeni vətən yaratmaq yolunda ilk addım atıldı. Lakin köçəri həyatı barədə xatirələrdən başqa heç nəyi olmayan bu gəlmə xalq (ermənilərin köçəri xalq olmasını görkəmli rus şərqşünası İ.M.Dyakonov da qeyd etmişdir) getdikcə həyasızlaşaraq başqasının torpağını, onun tarixini, mədəniyyətini, dəyərlərini hissə-hissə mənimsəyərək, "qədim" xalqa xas olan bütün zəruri atributikaya yiyələnmiş "başıbəlalı" ermənilər bu gün də "qədimlik" iddiasında olmaqla bütün dünya birliyinin zəhləsini töküblər. Ən başlıcası isə sən demə, Ermənistan prezidentinin yaxın vaxtlarda bəyan etdiyi "kəşfinə" görə, onların dilinin nə az, nə çox - 8 min illik tarixi varmış. Serj Sarkisyanın bu həyasız çıxışları ermənilərin sayıqlamalarına əslində artıq vərdiş etmiş dünya tarixçiləri arasında homersayağı qəhqəhə olmasa da, ən azı anlaşılmazlıq doğurmaya bilməzdi.

Azərbaycan cəmiyyətində isə bu məsələ qəzəbdən çox istehzaya səbəb oldu. Çünki Ermənistan prezidentinin bu çıxışı bir daha təsdiq etdi ki, Ermənistan cəmiyyətində ciddi bir xəstəlik yayılıb. Bu xəstəliyin adı isə adi faşizmdir. Bütün bunlar barədə Prezident Administrasiyanın rəhbəri, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, görkəmli filosof alim Ramiz Mehdiyevin bu yaxınlarda Tbilisidə "Universal" çap evində ingilis və rus dillərində nəşr olunmuş kitabında bəhs edilir.

Kitabın müəllifi materialı sərt istehza formasında quraraq, sarkazmla Ermənistan dövlətinin indiki başçısının istinad etdiyi bütün əsas "tarixi dəlilləri" alt-üst edir.

R.Mehdiyev yazır ki, Ermənistan prezidenti "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həlli barədə danışıqlar prosesinin davam etdiyi və bu münaqişənin təqsirkarı olan Ermənistanın 1975-ci il Helsinki Yekun Aktının müddəalarına əsaslanan yenilənmiş Madrid prinsiplərini qəbul etməsini hamının səbirlə gözlədiyi bir vaxtda", beynəlxalq təşkilatlar və dünyanın aparıcı ölkələrinin parlamentləri bir-birinin ardınca Azərbaycanın ərazi bütövlüyünü, Dağlıq Qarabağın Azərbaycana mənsub olmasını, millətlərin öz müqəddəratını təyin etməsi prinsipinin özbaşına interpretasiya edilməsinin yolverilməzliyini, Ermənistanın işğal etdiyi əraziləri azad etməsinin və məcburi köçkünlərin öz evlərinə qaytarılmasının zəruriliyini təsdiq edən qətnamələr qəbul etdiyi bir vaxtda bütün bu sənədləri inadkarcasına görmədən və beynəlxalq birliyin mövqeyinə məhəl qoymadan diaspordan olan qonaqlarına məsləhət görür ki, onlar öz səylərini "ikinci erməni dövlətinin, Dağlıq Qarabağ respublikasının təşəkkülünə, möhkəmlənməsinə, inkişafına və beynəlxalq aləmdə tanınmasına" yönəltsinlər.

Müəllif haqlı olaraq yazır ki, illüziyalardan yaxa qurtarmağın vaxtı çatıb və bu nə qədər tez edilsə, bir o qədər yaxşı olar. Ona görə ki, bu məsələdə ləngimək ölümə bərabərdir - gələcək nəsillər bunu bağışlamayacaqlar.

Vaxtilə çiçəklənən bir diyar olmuş Cənubi Qafqaz regionunu mənasız bir avantüraya cəlb etmiş qaniçən erməni cəlladlarının bu hərəkətlərinə qiymət verən akademik Ermənistan rəhbərlərinin "miatsum" utopiyasının, bu faciəli səhvin mənasız və perspektivsiz olması barədə düşünməyə çağırır. Axı "onlar mənasız müharibədən, minlərlə taleyin qırılmasından, milyondan çox qaçqın-köçkünün yaranmasından, dağıntılardan, geniş sahələrin becərilmək əvəzinə minalanmasından, sosial xərclər əvəzinə hərbi xərclərin artırılmasından başqa heç nəyə nail olmayıblar : Dağlıq Qarabağı Ermənistana birləşdirmək mümkün olmayıb və heç vaxt da mümkün olmayacaq - nə 20 il bundan əvvəl, nə bu gün, nə də 100 ildən sonra. Nə birbaşa, nə də qondarma "müstəqillik" vasitəsilə.

Ümumiyyətlə, bu kitab Ermənistan prezidenti Serj Sarkisyanın istedadsız spiçrayterlərinin səmərəsiz bayağı cəhdlərinə Azərbaycan aliminin vaxtında və layiqli şəkildə verilmiş cavabıdır. Şübhə yoxdur ki, bu cür "nokaut"dan sonra erməni təbliğatının özünə gəlməsi üçün hələ xeyli vaxt tələb olunacaq.

Prezident Administrasiyanın rəhbəri, akademik Ramiz Mehdiyevin elmi faktlar və sanballı dəlillərlə zəngin olan kitabında Azərbaycanın qədim və müasir xəritələri də verilib. Bu xəritələr əyani şəkildə göstərir ki, Ermənistan dövləti əzəli Azərbaycan torpaqlarında yaradılıb. Nəfis poliqrafik tərtibatı ilə seçilən bu kitabın tarixçilər, politoloqlar, beynəlxalq məsələlər üzrə mütəxəssislər və geniş oxucu auditoriyası üçün maraqlı olacağı şübhə doğurmur.

 

 

Həftə içi.- 2011.- 13 yanvar.- S. 1,3.