İranla Azərbaycan arasında qaz sazişi imzalandı
Rövnəq Abdullayev: "İrana qaz nəql etmək
üçün Azərbaycan kifayət qədər qaz həcmlərinə
malikdir"
Dünən Bakıda Azərbaycan Dövlət Neft
Şirkəti (ARDNŞ) və İranın Milli Qaz
İxracı Şirkəti arasında təbii qazın
alğı-satqısına dair sazişin əsas şərtləri
imzalanıb.
Müqaviləni
ARDNŞ prezidenti Rövnəq Abdullayev və İranın neft
sənayesi naziri, Neft İxracatçısı Ölkələri
Təşkilatı (OPEC) konfransının sədri Seyyid Məsud
Mirkazimi imzalayıb. "Bu, 5 illik müqavilədir. Bu
müqaviləyə görə hələlik 1 ildə 1
milyard kubmetr qaz verilməsi nəzərdə tutulub. Növbəti
illərdə bu həcm artacaq. Fevralın 1-dən qaz nəql
olunmağa başlayacaq", - deyə R.Abdullayev jurnalistlərə
açıqlamasında bildirib. Onun sözlərinə görə,
hər il nəql ediləcək qazın həcmi ayrıca
müəyyənləşdiriləcək. Yeri gəlmişkən,
nazir S.M.Mirkazimi artıq gələn il İrana nəql edilən
qazın həcminin 2 mlrd. kubmetrə
çatdırılacağını bildirib. R.Abdullayev bildirib
ki, İran tərəfinə ARDNŞ qazı nəql ediləcək:
"İrana qaz nəql etmək üçün Azərbaycan
kifayət qədər qaz həcmlərinə malikdir. Bu, bizə
imkan verir ki, Rusiya, Gürcüstan və Türkiyə ilə
eyni vaxtda artıq İrana da qaz nəqlinə başlayaq".
ARDNŞ prezidenti əlavə edib ki, İrana ixrac olunan qazın
qiyməti Azərbaycanın Türkiyəyə və Rusiyaya
satdığı qazın qiymətindən aşağı
deyil və iqtisadi baxımdan tamamilə sərfəlidir:
"Bizim qaz ixracı ilə bağlı siyasətimiz məlumdur,
o da qazı yüksək qiymətə satmaqdır və biz bu
siyasəti həyata keçiririk". R.Abdullayev qeyd edib ki,
bunun üçün lazım olan bütün texniki məsələlər
həll olunub. Qazın İrana nəqli üçün
müvafiq infrastruktur yenilənib, o cümlədən Astara qaz
kompressor stansiyasının tikintisi başa çatıb:
"Astara qaz kompressor stansiyası artıq hazırdır və
ona görə, artıq fevralın 1-dən biz ixraca
başlayacağıq". Qeyd edək ki, Azərbaycanla
İran arasında qaz sahəsində əməkdaşlığın
genişləndirilməsi İran prezidenti Mahmud Əhmədinejatın
Bakıya səfəri zamanı iki ölkənin prezidentləri
arasında danışıqlarda qərara alınıb.
Həm də OPEK neft
kartelinin rəhbəri olan Seyyid Məsud Mirkazimi
imzalanmış qaz müqaviləsini yüksək qiymətləndirib.
"Qaz müqaviləsinin imzalanması yeni və böyük
addımdır", - deyə o bildirib. Mirkazıminin sözlərinə
görə, onun Bakıya səfəri zamanı çərşənbə
günü İran qazının Azərbaycanın qaz
anbarlarında saxlanılması məsələsi də
müzakirə olunub. "Azərbaycanla İran arasında
Enerji Bankının təsis olunması iki ölkə tərəfindən
yaradılan komitə tərəfindən müzakirə
olunacaq", - deyə Seyyid Məsud Mirkazimi
Azərbaycana səfərinin yekunlarına dair keçirdiyi mətbuat
konfransı deyib. Onun sözlərinə görə, hər
iki ölkədə neft və qaz sahəsinə yatırmaq
üçün investisiya imkanları var: "Bu ölkələrdə
fəaliyyət göstərən neft və qaz şirkətləri
maraqlı olarsa, Enerji Bankının yaradılması baş
tuta bilər. Bu istiqamətdə araşdırmalar
aparılacaq. Şirkətlər öz sərmayələrini
bu banka etibar edə bilər. Bank isə həm Azərbaycanda,
həm İranda, həm də üçüncü ölkədə
birgə layihələri maliyyələşdirə bilər".
Nazir qeyd edib ki, Enerji Bankının yaradılmasına dair
danışıqların növbəti raundu və müzakirələr
komitə çərçivəsində Tehranda aparılacaq.
İranlı nazir onu da bildirib ki, səfərin əsas məqsədi
iki ölkə arasında enerji sahəsində əməkdaşlığın
inkişaf etdirilməsidir: "Danışıqlar çərçivəsində
neft və qaz ixracı, yeraltı qaz anbarları, elektrik
enerjisi, kadr mübadiləsi və digər məsələlər
ətrafında fikir mübadiləsi yaradılıb". Nazir
qeyd edib ki, iki ölkə arasında yaradılan müştərək
komitə 6 aydan bir görüşlər keçirəcək,
ayı-ayrı sahələrdə əməkdaşlıq
imkanları araşdırılacaq: "Görüşlər
zamanı həmçinin Azərbaycanla İranın
üçüncü ölkədə birgə layihələr
icra etmək imkanları da müzakirə olundu".
Dünən sənaye və
energetika naziri Natiq Əliyev İran İslam
Respublikasının energetika naziri, həmçinin OPEK-in sədri
Seyid Maqsud Mirkaziminin başçılıq etdiyi nümayəndə
heyəti ilə görüşüb. Nazirliyin mətbuat
katibi Azər Məsimlinin verdiyi məlumata görə,
görüşdə iki ölkə arasında neft və qaz,
energetika sahəsində əməkdaşlıq məsələləri,
neft və qaz yataqlarının birgə işlənməsi,
birgə hasilat, neft və qazın emalı, nəqli,
satışı, mübadiləsi məsələləri
geniş müzakirə edilib.
Onun sözlərinə
görə, görüş zamanı eyni zamanda Neft Kimya
Kompleksində əməkdaşlıq imkanları barədə
fikir mübadiləsi aparılıb, bu sahədə birgə layihənin
həyata keçirilməsi zərurəti vurğulanıb. Bundan
əlavə, görüş zamanı iki ölkə
arasında neftə, qaza, energetikaya dair birgə layihələrin
maliyyələşdirilməsinin nəzərdə tutacaq
enerji bankının yaradılması ilə bağlı ətraflı
müzakirələr aparılıb və belə bir bankın
yaradılması ideyası irəli sürülüb. "Belə
bir bank yaradılarsa, həmin bank gələcəkdə iki
ölkə arasında energetika, neftə, qaza aid birgə layihənin
həyata keçirilməsini maliyyələşdirə bilər.
Bundan başqa, görüşdə iki ölkə arasında
alternativ enerji mənbələri ilə əməkdaşlıq
məsələləri və bu sahədə imkanların
ödənilməsində təcrübə mübadiləsi
geniş müzakirə olunub. Görüşdə Azərbaycan
Respublikası Dövlət Neft Şirkətinin prezidenti
Rövnəq Abdullayev də iştirak edib", - deyə mətbuat
katibi əlavə edib.
Azad Əliyev
Həftə içi.- 2011.- 13 yanvar.- S. 2.