Gəncədə Cavad xanın xatirəsinə həsr edilmiş "Meydan" tamaşası nümayiş olunub

 

Gəncədə Cavad xanın anım mərasimlərinə yekun vurulub. "SİA"nın bölgə müxbiri xəbər verir ki, yekun tədbirdə şəhər icra hakimiyyətinin başçısı Eldar Əzizov, millət vəkilləri, minlərlə şəhər sakini iştirak edib.

Gəncə xanlığının sonuncu xanı Cavad xan Ziyad xan oğlu Qacarın qəbirüstü abidəsinin önündə təşkil olunan anım mərasimində şair Məmməd Alimin "Cavad xan" əsəri əsasında hazırlanan "Meydan" tamaşası oynanılıb.

Əsərdə göstərilir ki, Cavad xan çar Rusiyası ilə mübarizədə ətraf bölgələrin xanlarını Gəncəyə dəvət edir və imperiyanın işğalçı siyasətinə qarşı birləşməyi təklif edir. Lakin bu baş tutmur. Cavad xan daxili çəkişmələr nəticəsində Rusiya imperiyası ilə tək mübarizə aparmaq məcburiyyətində qalır. Qeyd edək ki, tamaşa Gəncə Dövlət Dram Teatrının kollektivi tərəfindən hazırlanıb. Əsər özlüyündə bir daha Azərbaycanın necə parçalanmasından, xanlıqların hissə-hissə bölünməsindən bəhs edir. Tamaşada müxtəlif döyüş səhnələri də yer alıb.

Tamaşadan sonra hərbi marş sədaları altında simvolik Cavad xan ordusunun, "N" saylı hərbi hissə əsgərlərinin və hərbi texnikanın təntənəli keçidi olub.

 

 

Həftə içi.- 2011.- 13 yanvar.- S. 7.