Azərbaycan "Şərq Tərəfdaşlığı"na böyük ümidlə baxır

 

Prezident İlham Əliyev: "Ölkəmiz Avropa İttifaqının enerji təhlükəsizliyinə töhfə verməyə hazırdır"

 

Prezident İlham Əliyev Latviyada rəsmi səfərdədir. Ölkə başçısının rəsmi qarşılanma mərasimindən sonra İ.Əliyevlə latviyalı həmkarı Valdis Zatlersin təkbətək görüşü olub. Görüşdə ölkələrimiz arasında əlaqələrin müxtəlif sahələrdə uğurla inkişafından məmnunluq ifadə olunub, əməkdaşlığın genişləndirilməsi üçün yaxşı perspektivlərin mövcudluğu bildirilib. Söhbət zamanı Azərbaycan ilə Latviya arasında əlaqələrin Avropa İttifaqı çərçivəsində əməkdaşlığının genişləndirilməsi baxımından əhəmiyyəti vurğulanıb, ikitərəfli münasibətlər və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Daha sonra müzakirələr nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə davam edib.

Prezident İlham Əliyevin Latviyaya rəsmi səfəri çərçivəsində iki ölkə arasında bir sıra sənədlərin imzalanma mərasimi olub. İlham Əliyev və Valdis Zatlers "Azərbaycan Respublikası Prezidentinin və Latviya Respublikası Prezidentinin Birgə bəyannaməsi"ni imzalayıblar.

"Azərbaycan Respublikasının Hökuməti ilə Latviya Respublikasının Hökuməti arasında fövqəladə halların xəbərdar edilməsi və aradan qaldırılması sahəsində əməkdaşlıq haqqında saziş"i Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərov və Latviyanın daxili işlər naziri xanım Linda Murniese imzalayıblar. "Azərbaycan Respublikasının Vergilər Nazirliyi və Latviya Respublikasının Dövlət Gəlirlər Xidməti arasında vergi qanunvericiliyinə əməl edilməsi məsələləri üzrə qarşılıqlı inzibati yardım və informasiya mübadiləsi haqqında saziş"i Azərbaycanın vergilər naziri Fazil Məmmədov və Latviyanın Gəlirlər üzrə Dövlət Agentliyinin baş direktoru xanım Nelija Jezdakova imzalayıblar. Sənədlərin imzalanması mərasimindən sonra Azərbaycan və Latviya prezidentləri İlham Əliyevin və Valdis Zatlersin birgə mətbuat konfransı keçirilib.

Latviya prezidenti bildirib ki, gələcəkdə iki ölkə arasındakı iqtisadi və mədəni əlaqələr daha da möhkəmlənəcək: "Bizim ikitərəfli münasibətlərimiz çox müsbətdir. Son illərdə dünyada iqtisadi böhranın yaşanmasına baxmayaraq bizim ölkələrimiz arasında iqtisadi əməkdaşlıq on faiz artıb". Latviya prezidenti biznesforumların ölkələrimiz arasındakı iqtisadi əlaqələrin genişləndirilməsi baxımından mühüm addım olduğunu bildirib. Onun sözlərinə görə, Latviya-Azərbaycan işçi Şurası da yaradılacaq. Bundan əlavə, iki ölkə arasındakı münasibətlər avropa İttifaqı ilə əlaqələrin genişləndirilməsi baxımından da mühüm əhəmiyyət daşıyır.

Prezident İlham Əliyev isə imzalanan sənədlərin, xüsusilə də birgə bəyannamənin əhəmiyyətinə toxunub. Onun sözlərinə görə, ölkələrimiz arasında siyasi, iqtisadi və mədəni sahələrdə əlaqələrin perspektivləri böyükdür. "Bizim ölkələrmiz dost ölkələrdir" - deyə prezident İlham Əliyev keçiriləcək Latviya-Azərbaycan biznes forumunun böyük əhəmiyyətə malik olduğunu diqqətə çatdırdı. Bildirib ki, bu forumda iştirak etmək üçün Azərbaycan tərəfdən 50-dən çox iş Adamı gəlib: "Azərbaycan Avropa İttifaqı ilə enerji sahəsində yüksək səviyyədə əməkdaşlıq edir. Ölkəmiz Avropa İttifaqının enerji təhlükəsizliyinə töhfə verməyə hazırdır". Prezident Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı aparılan danışıqlar barədə də məlumat verib. Onun sözlərinə görə, bu münaqişə yalnız beynəlxalq hüquq normaları və Azərbaycanın ərazi bütövlüyü əsasında həll edilməlidir. Prezident "Şərq tərəfdaşlığı" proqramının icrasına Azərbaycanın böyük ümidlərlə baxdığını deyib.

"Azərbaycanla Latviya arasında mövcud olan iqtisadi əməkdaşlıq potensialından hələlik tam istifadə olunmur" bu fikirləri Riqada keçirilən mətbuat konfransında Azərbaycan və Latviya prezidentləri bəyan ediblər. Prezident İlham Əliyev bildirib ki, siyasi münasibətlərin yüksək səviyyədə olmasına baxmayaraq, iqtisadi və mədəni sahədə görüləsi çox işlər var. Prezidentlər informasiya texnologiyaları, nəqliyyat, energetika və linqvistika sahəsində əməkdaşlıq perspektivlərini müzakirə ediblər.

Latviya Prezidentinin rəsmi saytı isə dövlət başçıları səviyyəsində imzalanan birgə bəyannamənin mətnini açıqlayıb. Bəyannamənin mətnində deyildiyinə görə, tərəflər müxtəlif sahələrdə və ikitərəfli münasibətlərin bütün aspektləri, o cümlədən qarşılıqlı maraq doğuran beynəlxalq və regional məsələlər üzrə siyasi dialoqu fəal surətdə inkişaf etdirmək barədə razılığa gəliblər. "Tərəflər münasibətlərin irəliləməsində və iki ölkə arasında siyasi, ticari, hərbi və hərbi-texniki sahələrdə, eləcə də rabitə, nəqliyyat və logistika, mülki aviasiya, turizm, səhiyyə, elm, təhsil, gənclər, ətraf mühitin müdafiəsi və humanitar sahələrdə əməkdaşlıq münasibətlərinin hərtərəfli inkişafında öz qətiyyətlərini bildirərək, mövcud hüquqi bazanın genişləndirilməsinin zəruriliyinə diqqət yetiriblər", - sənəddə deyilir.

Bundan başqa, bütün uzunsürən münaqişələrin sülh yolu ilə həllinə dair təşəbbüslərin təşviqinin əhəmiyyəti də qeyd edilib. Bəyannamədə bildirildiyinə görə, tərəflər Dağlıq Qarabağ münaqişəsinin ümumi qəbul edilmiş prinsiplər və beynəlxalq hüquqi normalara, xüsusilə BMT Təhlükəsizlik Şurasının qətnamələrinə və ATƏT-in Lissabon sammitinin üç prinsipinə uyğun olaraq suverenlik, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı prinsipləri əsasında tezliklə həllinə tərəfdardırlar. Tərəflər ATƏT çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə yönələn səylərə istinad edərək, bu istiqamətdə daha effektiv və qətiyyətli addımların atılmasının zəruriliyini qeyd edirlər, bəyannamədə vurğulanıb.

  

 

Azad Əliyev

 

Həftə içi.- 2011.- 18 yanvar.- S. 1-2.