2010-cu il Azərbaycan üçün
uğurlu olub
Bu ildə də sürətli iqtisadi və sosial
inkişaf gözlənilir
Azərbaycanın
bölgədə güclü iqtisadiyyata və sürətli
inkişafa malik olması prezident İlham Əliyevin sədri
ilə Nazirlər Kabinetinin 2010-cu ilin sosial-iqtisadi
inkişafının yekunlarına və 2011-ci ildə
qarşıda duran vəzifələrə həsr olunmuş
iclasda səsləndirilən rəqəmlər və fikirlərlə
bir daha təsdiqləndi. Dövlət
başçısının çıxışında da
bildirilib ki, 2010-cu il iqtisadi böhran ili olmasına baxmayaraq, Azərbaycan
iqtisadiyyatı uğurla inkişaf edib, aparılan islahatlar və
düzgün iqtisadi siyasət öz nəticəsini verib. Qarşıda
duran bütün vəzifələr icra edilib, sosial proqramlar həyata
keçirilib, çoxşaxəli iqtisadiyyatın
formalaşdırılması istiqamətində ardıcıl
tədbirlər görülüb. Azərbaycan iqtisadiyyatı
5 faiz artıb, makroiqtisadi vəziyyət sabit qalıb.
İnflyasiya 5,7 faiz təşkil edib, əhalinin pul gəlirləri
12,3 faiz artıb, gəlirlər inflyasiyanı iki dəfədən
çox üstələyib. Yoxsulluq səviyyəsi
11.2 faizdən 9,1 faizə
düşüb, ümumilikdə
son 7 ildə 4-5 dəfə azalıb. Ölkə iqtisadiyyatına
15,5 milyard dollar vəsait qoyulub, daxili investisiyalar xarici investisiyaları üstələyib. İnvestisiyaların
9,3 milyardı qeyri-neft
sektoruna yönəldilib.
2010-cu ildə Azərbaycanın
valyuta ehtiyatları artıb və 29,4 milyard dollara çatıb.
Əslində bu rəqəmlər
ilk baxışda sadə görünsə də, uğurla həyata
keçirilən iqtisadi siyasətin nəticəsidir. 2010-cu
ildə Avropvnın bir sıra güclü iqtisadiyyata malik
dövlətində yaşanan dərin böhranlar
bütün Avropanı çalxalasa da, Azərbaycan
yürüdülən müdrik iqtisadi siyasətin nəticəsində
bütün bu mənfi hallardan sığortalandı.
Keçən il əhalinin
sosial rifahının yüksəldilməsi də prioritet vəzifələrdən
biri olub, bu sahədə inamlı irəliləyiş
müşahidə edilib. Minimum əməkhaqqı və
pensiyanın baza hissəsi 75 manatdan 85 manata
qaldırılıb, 550 min nəfərə ünvanlı
sosial yardım verilib. Sosial infrastrukturun yaradılması sahəsində
böyük işlər görülüb, 40-dan çox tibb
müəssisəsi, 70-dən çox məktəb tikilib və
ya təmir edilib, 5 olimpiya mərkəzi istifadəyə
verilib. 70 mindən çox iş yeri açılıb,
onlardan 53 mini daimi iş yeridir.
Bütün həyata
keçirilən bu tədbirlər 2010-cu ildə əhalinin
sosial rifah səviyyəsinin daha da yüksəldilməsinin
prioritet məsələ olduğunu bir daha təsdiqləyir.
Ölkənin əsas gəlirlərinin
neft-qaz sektorundan əldə edilməsi bu sahəyə də
xüsusi diqqətin yönəldilməsini tələb edir. Dövlət
başçısının çıxışından da
göründüyü kimi, Azərbaycan energetika sahəsində
keçən il də bir çox uğurlara imza atıb. Neft-qaz
sektorunda bütün planlar yerinə yetirilib, 51 milyon ton neft,
27 milyard kubmetr qaz hasil edilib. "Ümid" yatağı
ölkənin qaz potensialını gücləndirib, Azərbaycanın
təsdiq edilmiş qaz ehtiyatları 2,2 trilyon kubmetrə
çatıb.
Keçən il həm
də "Ekologiya ili" elan olunmasıyla yadda qaldı. "Ekologiya
ili" çərçivəsində dövlət tərəfindən
böyük işlər görülüb, əhali bu təşəbbüsə
qoşulub, 6 milyondan artıq ağac əkilib. Çaylar
boyunca yerləşən kəndlərdə təmizləyici
qurğuların istifadəyə verilməsi nəticəsində
300 min Azərbaycan vətəndaşı Dünya Səhiyyə
Təşkilatının standartlarına uyğun içməli
su ilə təmin edilib. Oğuz - Qəbələ - Bakı su
kəmərinin istismara verilməsi nəticəsində
Bakının təmiz, keyfiyyətli içməli su ilə təmin
olunması üçün əlavə böyük imkanlar
yaranıb.
Keçən il həm
də Kür və Araz çaylarının daşması nəticəsində
Azərbaycanda təbii fəlakətlər yaşandı. Lakin
Azərbaycan təbiətin sınaqlarından uğurla
çıxıb. Kür və Araz çaylarının
daşması nəticəsində 70 min hektardan çox ərazini
su basıb, minlərcə ev uçub, yararsız vəziyyətə
düşüb. Azərbaycan heç bir dövlətdən
yardım almayıb, həyata keçirilən operativ və
çevik tədbirlər nəticəsində insan itkisinə
yol verilməyib, bütün insanlar vaxtında təhlükəsiz
yerlərə köçürülüb, onların müvəqqəti
məskunlaşdığı yerlərdə bütün
şərait yaradılıb. Təbii fəlakətdən əziyyət
çəkmiş insanlara kompensasiyalar verilmiş, 3 mindən
artıq ev təmir edilib, 1500 ev yenidən tikilib, 700-800 evin
tikintisi davam edir.
Keçən il Azərbaycanın
Dağlıq Qarabağ münaqişəsinin həlli ilə
bağlı aparılan danışıqlarla əlaqədar
beynəlxalq mövqeləri də güclənib. Dövlət
başçısının çıxışında da
vurğulandığı kimi, Ermənistan - Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin həll
olunmamasının əsas səbəbi Ermənistanın
qeyri-konstruktiv mövqeyi, onun danışıqları pozmaq istəyidir.
Ermənistan işğal olunmuş torpaqları azad etmək
istəmir, Dağlıq Qarabağın statusu ilə
bağlı onlara xeyir gətirən şərtlər əldə
etməyə cəhd göstərir. Dağlıq Qarabağ əzəli
Azərbaycan torpağıdır, beynəlxalq birlik tərəfindən
Azərbaycan torpağı kimi tanınır. Azərbaycan
dövləti heç vaxt imkan verməz ki, ikinci erməni
dövləti yenə də Azərbaycanın tarixi
torpaqlarında yaradılsın. Ermənistan öz
işğalçı qüvvələrini zəbt edilmiş
torpaqlardan çıxardıqdan sonra sülh yarana bilər. Azərbaycanı
Ermənistanla müqayisə etmək mümkün deyil. Azərbaycan
inkişaf edən, müasir, güclü, zəngin ölkədir.
Ermənistan isə tənəzzülə uğrayan,
kasıb, xarici yardımdan asılı ölkədir: "Ermənistandan
fərqli olaraq Azərbaycanın müstəqilliyi tamdır. Müstəqil
siyasət aparmaq üçün bizdə iqtisadi, siyasi imkanlar,
güclü iradə var".
Azərbaycan ordu
quruculuğuna böyük diqqət göstərir. Son illərdə
ordu quruculuğuna ayrılan vəsait artır, yeni müasir
silahlar, texnika alınır. Azərbaycanda istehsal olunan 500
növə qədər məhsul həm ordumuza xidmət edir,
həm də xarici bazarlara çıxarılır. 2011-ci ildə
müdafiə xərcləri 3,1 milyard dollar təşkil edərək
Ermənistanın dövlət büdcəsindən çox
olub. Azərbaycanın güclü ordusu Ermənistan - Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin həlli
üçün öz sözünü deməlidir və vaxt
gələndə deyəcək.
Azərbaycan prezidentinin
çıxışında 2011-ci ildə qarşıda duran
vəzifələr də konkret olaraq göstərildi. İ.Əliyevin
bu çıxışında gələn il
üçün aparılacaq sosial və iqtisadi siyasətin
konturları açıq şəkildə göstərilib. Dövlət
başçısının da vurğuladığı kimi,
2011-ci il üçün dövlət büdcəsinin xərcləri
16 milyard dollar, icmal büdcə isə 19 milyard dollar təşkil
edir.
Makroiqtisadi sabitlik
qorunmalı, inflyasiya birrəqəmli olmalıdır. İstehlak
bazarına nəzarət gücləndirilməlidir. Qiymətlərin
süni şəkildə şişirdilməsinə yol verilməməli,
azad rəqabət təmin edilməli, inhisarçılıq
meyillərinin qarşısı alınmalıdır. Lazımsız
yoxlamalara son qoyulmalı, sahibkarlığın
inkişafını əngəlləyən süni amillər
aradan qaldırılmalıdır. Bürokratik əngəllər
aradan qaldırılmalı, rüşvətxorluğa və
korrupsiyaya qarşı mübarizə daha ciddi
aparılmalı, ictimai nəzarət gücləndirilməlidir.
Vergilər bazası genişləndirməli, vergilərdən
yayınma halları ilə mübarizə gücləndirilməlidir.
Vergilər Nazirliyi və digər qurumlar tərəfindən
yığılan vəsait cari xərclərin
bağlanması üçün kifayət etməli, Neft
Fondundan transfertlər yalnız investisiya layihələrinə
sərf olunmalıdır. Kənd təsərrüfatının
inkişafını stimullaşdırmaq üçün əlavə
tədbirlər görülməli, subsidiyaların verilməsi
davam etdirilməlidir. Sahibkarlara yeni imkanlar yaradılmalı,
kreditlər ayrılmalıdır. Yerli icra orqanları
onları dəstəkləməlidir. Azərbaycanda ərzaq məhsullarının
istehsalı artırılmalı, idxaldan asılılıq
minimuma yendirilməlidir. Taxıl istehsalının
artırılması üçün əlavə tədbirlər
görülməlidir. 2011-ci ildə 2009-cu ilin səviyyəsi
əldə olunmalıdır: "İnvestisiya
yönümlü siyasətimiz, infrastruktur layihələrin həyata
keçirilməsi davam etdiriləcək. Görüləsi
işlər hələ çoxdur: yolların tikintisi, əhalinin
içməli su ilə təchizatı, kanalizasiya sisteminin bərpası,
yenidən qurulması, suvarma, meliorasiya işləri, sosial
infrastrukturun yaradılması, qazlaşdırma, elektrik xətlərinin
çəkilməsi və s. İnvestisiya proqramı təsdiq
edilməli və layihələrin icrasına
başlanmalıdır. Ekoloji tədbirlər - ağac əkilməsi,
içməli su layihələri, Xəzər dənizinin
suyunun şirinləşdirilməsinə dair layihə icra
edilməlidir. Samur - Abşeron kanalı, Taxtakörpü su
anbarının tikintisi 2012-ci ildə başa
çatdırılmalıdır". Ordu quruculuğu sahəsində
2011-ci ildə kifayət qədər işlər görüləcək.
Azərbaycanın müdafiə xərcləri Ermənistanın
dövlət büdcəsindən 30 faiz çoxdur. Müdafiə
sənayesi sahəsində yeni müəssisələrin
işə salınması gözlənilir. Ordumuzun və hərbi
qurumların ehtiyaclarını ödəmək
üçün istehsal müəssisələri işləməlidir.
Sosial infrastrukturun - məktəb, xəstəxanalar, idman
kompleksləri, mədəniyyət ocaqları - tikintisi davam
etdirilməlidir. 2011-ci il "Turizm ili" elan olunur:
"2011-ci ildə Bakıda 5 beşulduzlu mehmanxana
açılacaq. Bu, dünyada analoqu olmayan hadisədir. Azərbaycanda
turizmin inkişafı reallıqdır. "Şahdağ"
kurort mərkəzi dünya səviyyəli mərkəzə
çevriləcək. Azərbaycan kurortları dünyada
hazırda mövcud olan ən qabaqcıl, populyar kurort yerlərindən
geri qalmamalıdır. Azərbaycan turizm üçün
çox cəlbedici ölkəyə çevriləcək".
Azad Əliyev
Həftə içi.- 2011.- 18 yanvar.- S. 1-2.