"Bu hadisə xalqın qəhrəmanlıq səhifəsi
idi"
Cəmil Həsənli: "Müstəqilliyimizə
gedən yol 1990-cı il 20 Yanvar hadisələrindən
keçir"
Yaxın günlərdə
20 Yanvar hadisələrinin 21-ci ildönümünü qeyd edəcəyik.
Bu qanlı yanvar hadisələrinə biz də tarixçilərin
gözü ilə yanaşıb, XX əsirin ən qanlı
olayının tarixi yükünü tarixçi alim, sabiq millət
vəkili Cəmil Həsənli ilə aydınlaşdırmaq
istədik. Bir növ tarixdə qaranlıq qalan məqamları
üzə çıxarmağa cəhd etdik.
- Əlbəttə,
tarix üçün qaranlıq məqamlar dünən də
olub, bu gün də var, sabah da olacaq. 20 Yanvar elə hadisələrdəndir
ki, onu törədən səbəblər, rəsmiləşdirən
sənədlər tarixçilər üçün hələ
də bəlli deyil. Bundan başqa, bu elə bir hadisə idi
ki, təkcə ölkə içində yox, ölkə
xaricində də ictimai rəyi buna hazırlamaq lazımıydı.
O cümlədən dünyanın taleyini həll və idarəçiliyində
iştirak edən böyük dövlətlərin ictimai
fikrini buna hazırlamaq lazım idi. Azərbaycanda islam
fundamentalizminin olması, islam dəyərlərinin guya cəmiyyətdə
inqilabi bir prosesə çevrildiyini dünyanı inandırmaq
gərək idi.
Mən əminliklə
deyirəm ki, böyük dövlətlərin
başçıları 20 Yanvar hadisəsinin
olacağından əvvəlcədən xəbərdar idilər,
yəni sovet rəhbərliyi bu böyük hadisə ilə
bağlı onları xəbərdar etmişdi. Yanvar hadisələrindən
bir neçə gün sonra, səhv etmirəmsə,
yanvarın 26-da Siyasi Büronun iclası oldu. Mixail
Qorbaçovun orada bir çıxışı var və o
deyir ki, indi Azərbaycanda vəziyyətimiz Almaniyada
olduğumuz kimidir. Söhbət hələ o zaman mövcud olan Almaniya Demokratik Respublikasından gedirdi. O deyirdi
ki, Almaniyadakı kimi, Azərbaycanda da vəzifəyə gətirilməli adam
tapa bilmirik. Bu, bütövlükdə siyasi bir böhran
idi. Baxmayaraq ki bizdən
əvvəl
- 20 Yanvar hadisəsindən sonra ilk illərdə
tarixçilər deyirdilər ki, bir çox məqamların
aydınlaşması üçün zaman lazımdır.
Artıq 21 il keçib. Həmin zaman gəlib çatıb,
yoxsa yenə də zaman lazımdır?
- 21 il keçməsinə
baxmayaraq, tarixçilərin həmin hadisəni lazımi dərəcədə
qiymətləndirməsi üçün vacib sənədlər
açılmayıb. Bu, bəlkə də çox nadir hadisələrdəndir
ki, tarixçilər ilk zamanlar bu hadisəyə daha yaxın
idilər, nəinki sonra. Ölkə daxilində bu, yeganə
hadisə idi ki, əməliyyata birbaşa müdafiə naziri
özü rəhbərlik edirdi və Yazov özü
Bakıya gəlmişdi. SSRİ daxilində hələ belə
bir hadisə olmamışdı ki, müdafiə naziri
birbaşa özü hərbi əməliyyat keçirilən
əraziyə gəlsin. Normalda hamı bu hadisədən sonra
öz evinə girməli idi və şəhidlərin meyitləri
ortalıqda qalmalıydı. Bütün proses buna
hesablanmışdı. Amma səhəri gün nə oldu? Dəstə-dəstə
insan partiya-sovet orqanlarının qarşısına
axışır və sovetlərin başlıca mənəvi
siyasi simvolu olan partiya biletlərini cırıb atırdı. Əməliyyatın
keçirilməsinə sərəncam verən insan
haqqında, yəni Qorbaçov haqqında şəhərin
müxtəlif yerlərində "cəllad" deyə
yazırdılar, "rədd olsun sovet höküməti".
Bu, böyük bir tarixi hadisə idi.
- Yəqin ki, Rusiya arxivlərində bu hadisə ilə
bağlı çoxlu sənəd var. Necə
düşünürsünüz, onların
açılması tam mənzərəni
aydınlaşdırarmı?
- Təəssüf ki,
Rusiya arxivlərində bu tip sənədlər hələ də
açılmayıb və hazırda bu sənədlər
Federal Təhlükəsizlik Xidmətinin arxivində yerləşir.
Böyük mənada SSRİ DTK-nın
hazırladığı bir əməliyyat idi. Necə ki
1988-ci ildə Sumqayıt hadisələrini SSRİ DTK-nın əməkdaşları
bilavasitə hazırlamışdılar, 20 Yanvar hadisələrini
də onlar hazırlamışdılar. Bu hadisə ərəfəsində
DTK, demək olar ki, bütün şəbəkəsini hərəkətə
gətirmişdi. Meydanda dar ağacları qurmaq, islam
qaydası ilə edam etmək həmin şəbəkənin
hazırladığı bir qurma idi. Və ya yanvarın 19-da
Azərbaycan televiziyasının enerji blokunun
partladılması hərbi kəşfiyyatın işi idi. O
zaman Azərbaycan televiziyası ərazimizdə yeganə
telekanal idi və onun vasitəsilə əhalini məlumatlandırmaq
olardı.
Nahid Canbaxışlı
Həftə içi.- 2011.- 18 yanvar.- S. 1, 4.