"20 Yanvar"
faciəsindən 21 il
ötür
Dünən 180 şəhid və əlil ailəsinə
yardım edildi
Dünən Azərbaycan
Respublikası Beynəlxalq Humanitar Yardım üzrə
Respublika Komissiyası, Azərbaycan Respublikası 20 Yanvar Fondu,
Azərbaycan Respublikası Gəncliyə Yardım Fondu və
Türkiyənin "İstanbul beynəlxalq qardaşlıq və
yardımlaşma dərnəyi"nin Azərbaycan Nümayəndəliyinin
birgə 20 Yanvar "Ümumxalq hüzn günü"
adı altında tədbir keçirildi.
Tədbirdə şəhid ailələri və əlillər
iştirak edirdi. İlk olaraq şəhidlərin ruhu 1 dəqiqəlik
sükutla yad edildi, daha sonra dövlət himni səsləndi.
Gəncliyə Yardım
Fondunun prezidenti Ahmet Təcimin bu cür tədbirin artıq
uzun illərdir təşkil olunduğunu dedi: "Hər
xalqın tarixində azad, müstəqil yaşamaq
üçün hüzünlü günlər, dönüm
nöqtələri var. Azərbaycan və türk tarixində
də 20 Yanvar belə bir gündür. Bizi bu gün bir araya gətirən
ortaq hisslərimiz və əziz şəhidlərə olan
hörmətimiz, ehtiramımızdır. Hər şeydən əziz
olan canlarını vətən uğrunda fəda edən
şəhidlərin əziz xatirəsini anmaq üçün
hər il onların xatirəsini yad edirik. Şəhid olmaq
ölmək demək deyil, şəhid olmaq ruhun
ölümsüzlüyə yüksəlməsi deməkdir.
Bütün şəhidlərin ruhu şad olsun".
Xalqın arxalandığı ordu ona güllə
atdı
Prezident Administrasiyasının ictimai-siyasi
şöbəsinin baş məsləhətçisi Rasim Mirzəyev
tədbirin 20 Yanvar faciəsinin, eyni zamanda xalqımızın
qəhramanlıq səhifəsinin 21-ci il dönümü ilə
bağlı təşkil edildiyini dedi: "Bu cür tədbirlər
hər il yüksək səviyyədə təşkil olunur və
bütün ölkə boyunca keçirilir. 20 Yanvar ona görə
faciədir ki, həmin dövrdə xalqın
arxalandığı ordu ona qarşı çıxdı və
ona güllə atdı. Qəhramanlıq səhifəsidir ona
görə ki, Azərbaycan xalqı müstəqilliyini, qəhramanlığını
sübut etmək üçün öz iradəsini ortaya qoydu
və əli silahsız tankların, güllələrin
qarşısına çıxmağa iradə, qüvvə
tapdı. Buna görə də borcumuzdur ki, ən yüksək
səviyyədə xalqımızın milli müstəqillik
və azadlığı uğrunda şəhid olan vətəndaşlarımızın
ruhunu şad edək və onların ruhlarının
anılması üçün hər bir iş görək.
Hələ o zaman 20 Yanvar faciəsinə ümummilli liderimiz
H.Əliyev Moskvada öz ehtirazını bildirdi. İndi isə
cənab prezident İlham Əliyev tərəfindən də
bu siyasət davam etdirilir. Vətənin azadlığı və
müstəqqilliyi uğrunda canından keçən
insanların dövlət tərəfindən
qayğısı təmin olunur. Bu gün Azərbaycan qüdrətli
dövlətə çevrilib. Ona görə də hesab edirəm
ki, şəhidlər nahaq qurban getməyiblər. Onların
xatirələri daim bizim qəlbimizdə yaşayacaq, uca
tutulacaq".
Şəhidlər azadlığa gedən yolun təməlini
qoydular
Gənclər və
idman nazirinin müavini İntiqam Babayev dedi ki, 21 il
öncə yüzlərcə qəhraman oğul və
qızımız Azərbaycanın sabahı naminə şəhid
olmaqla bütün dünyaya xalqımızın azadlıq uğrunda
mübarizədə lazım gəlsə, canlarından da
keçməyə hazır olduğunu sübut etdi: "Şəhidlər
azadlığa gedən yolun bir növ təməlini qoydular.
Bu hadisələr tarix boyu Azərbaycan xalqına qarşı
yönəlmiş soyqırım siyasətinin növbəti mərhələsi
idi və dünya səviyyəsində olan cinayət
işidir. Şəhidlərimizin əksəriyyəti gənc
idi və əminəm ki, əgər onlar yaşasaydılar ən
layiqli vətəndaşlardan biri olacaqdılar. Fəqət
onlar bu azadlıq uğrunda canlarını fəda etdilər.
İndi bizim borcumuzdur ki, onların qanları bahasına əldə
olunan müstəqilliyin, azadlığın dəyərini bilək.
Gənclərə elə tərbiyə verək ki, onlar və
onlardan sonrakı nəsillər bu yolda canlarını qurban
verən insanları daim uca tutsunlar.
İlhamlar, Fərizələr, İlqarlar, Ülvilər və
onlarla belə adlar var ki, bu adlar hər bir ailədə
anılmalı, gələcək nəsillərə öyrədilməlidir".
Şəhid anaları
şəhidlərin adının daim uca
tutulduğu, şəhid ailələrinin diqqət və
qayğı ilə əhatə olunduqları üçün
ölkə başçısına, eyni zamanda hər il bu
gün tədbirlər təşkil edən Gəncliyə
Yardım Fonduna təşəkkür etdilər. Görüşün
sonunda 180 şəhid və əlil ailəsinə ərzaq
yardımı edildi.
Mirvari
Həftə içi.- 2011.- 18 yanvar.- S. 5.