"Qarabağda
müharibə risqi olduqca böyükdür"
MQİMO-nun Qafqaz və təhlükəsizlik Mərkəzinin
baş elmi işçisi Vadim Muxanovun "Həftə
içi"nə eksklüziv açıqlaması
Son günlərdə
Dağlıq Qarabağ münaqişəsinin həlli ilə
bağlı aparılan danışıqların iflasa
uğraması və bölgədə hərbi əməliyyatların
başlanmasından başqa çıxış yolu
qalmamasına dair müxtəlif fikirlər səsləndirilir.
Dağlıq Qarabağ problemi, 2010-cu ilin yekunları, bölgədə
müharibənin yenidən başlaması ehtimalı və
digər bu kimi suallarla Rusiya Xarici İşlər Nazirliyinin
Beynəlxalq Münasibətlər üzrə Moskva Dövlət
Universitetinin Qafqaz və Regional Təhlükəsizlik Mərkəzinin
baş elmi əməkdaşı, rusiyalı ekspert Vadim
Muxanova müraciət etdik. Onun sözlərinə görə,
münaqişə bölgəsində hərbi əməliyyatların
yenidən başlanması ehtimalı, həqiqətən də,
artıb. Yaxın illərdə müharibənin
başlanması təhlükəsi də realdır: "Bəzi
həmkarlarım münaqişənin 2014-2015-ci illərdə
donmuş vəziyyətdən çıxacağını
düşünür, bəziləri isə pessimistdir. Onlar hərbi
əməliyyatların 2012-ci il və ya bu il
başlayacağını düşünürlər".
V.Muxanov onu da bildirib ki, bəziləri hətta təmas olmadan
müharibənin aparıldığını
söyləyir.
Bunu isə tərəflərin
malik olduqları zenit-raket komplekslərinin mövcudluğu ilə
izah edirlər. Müharibənin başlayacağı halda yaranacaq
dəhşət isə başqadır. Yeni hərbi
toqquşmaların nəticəsi kimin qalib gəlməsindən
asılı olmayaraq bölgə üçün faciəvi
sonluqla bitə bilər. Bu müharibə nəticəsində
iki qonşu xalq arasındakı münasibətlərdəki dərinlik
daha da böyüyəcək və onu aşmaq mümkün
olmayacaq. 2010 - cu ildə aparılan danışıqların yekununa
gəldikdə isə ekspert vurğulayıb ki, başa
çatan il daha çox keçirilən görüşlərin
zənginliyi ilə yadda qaldı. Lakin gözləntilərin
heç biri özünü doğrultmadı. Yəni
keçən il aparılan danışıqlarda heç bir
irəliləyiş əldə edilmədi: "Lakin keçən
ilin bir sıra pozitiv məqamı da olub. Tərəflərin
kəskin hərbi bəyanatlarına baxmayaraq, müharibə
baş verməyib və bunu müəyyən uğur saymaq
mümkündür".
V.Muxanov münaqişənin
həllində vasitəçilərin rolu və onların son
zamanlar sərgilədikləri mövqelərinə də
toxunub. Onun sözlərinə görə, Moskva, ABŞ və
Fransa ilə müqayisədə münaqişənin həlli
prosesində əvvəlcədən fəal rol oynayıb.
Çünki Rusiya, həqiqətən də, Qafqazda sülh
və sabitliyin olmasında maraqlıdır. Bundan əlavə,
Rusiya hər iki dövlətlə qonşudur və Qafqaz
dövləti sayılır: "Hazırda ABŞ və Fransa
özünün ağrılı problemləri ilə məşğuldur.
Bu gün Fransada ciddi daxili siyasi böhran, qeyri-sabit iqtisadi vəziyyət
hökm sürür. Həmçinin Avropa Birliyi daxilində də
vəziyyət yaxşı deyil. ABŞ üçün isə
hazırda prioritet məsələ Əfqanıstan və
İraq problemləri, həmçinin daxili iqtisadi vəziyyətdir.
Hazırda Dövlət Departamentinin diqqəti Əfqanıstan
problemi və oradakı qoşunlarının
ağrısız bir şəkildə
çıxarılmasına yönəlib. Bundan əlavə,
İranın nüvə problemi də var. Bu isə o deməkdir
ki, Obama administrasiyası üçün Qafqaz bir və ya iki
nömrəli prioritet məsələ deyil". Ekspert
vurğulayır ki, Rusiya isə fərqlidir. Moskvanın
bölgə ilə bağlı zəngin təcrübəsi və
biliyi var. Kreml Azərbaycan və Ermənistanla yaxşı və
sıx münasibətlərə malikdir. Rusiya bu əlaqələrin
möhkəmlənməsi və dərinləşməsində
maraqlıdır. Bunun üçün isə təhlükəsizliyin
səviyyəsi artırılmalıdır. Rusiyada
böyük erməni və azərbaycanlı diasporunun
yaşaması və fəaliyyət göstərməsi də
unudulmamalıdır.
Azad Əliyev
Həftə içi.- 2011.- 20-21 yanvar.- S. 1-2.