"20 yanvar"la bağlı
istintaq davam etdirilir"
Respublika Baş Prokurorluğu 20 yanvar hadisələri ilə bağlı cinayət işinin istintaqını davam etdirir. Baş Prokurorluğun
mətbuat xidmətindən
verilən məlumata görə, 20 yanvar faciəsi ilə bağlı ilkin araşdırma SSRİ Baş
Prokurorluğu tərəfindən
aparılıb və baş verən hadisələrlə əlaqədar
hərbçilərin hərəkətlərində
cinayət tərkibi olmaması nəticəsinə
gəlinərək, 20 dekabr
1990-cı il tarixli qərarla cinayət işinin icraatına xitam verilib. Azərbaycan Respublikası
Baş Prokurorluğu tərəfindən 14 fevral
1992-ci ildə xitam qərarı ləğv edilərək, həmin dövrdə qüvvədə
olan Cinayət Məcəlləsinin 94-cü maddəsinin
4 və 6-cı bəndləri
(ağırlaşdırıcı hallarda qəsdən adam öldürmə,
149-cu (əmlakı qəsdən
məhv etmə və ya zədələmə,
168-ci (hakimiyyəti və
ya qulluq səlahiyyətlərini aşma)
və 255-ci (hakimiyyətdən
sui-istifadə, hakimiyyət
həddini aşma) maddələri ilə cinayət işi başlanılıb, istintaq
aparılır. İstintaqla
müəyyən edilib
ki, törədilən
cinayət nəticəsində
132 nəfər şəxs
qətlə yetirilib,
612 nəfər yaralanıb,
841 nəfər qanunsuz
həbs olunub, yüzlərlə bina dağıdılaraq dövlətə
və vətəndaşlara
külli miqdarda ziyan dəyib. Hadisə baş verən zaman Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi olmuş Əbdürrəhman Vəzirov,
Nazirlər Sovetinin sədri Ayaz Mütəllibov və digərlərinin cinayət
məsuliyyətinə cəlb
olunması barədə
qərarlar qəbul edilib. Onlar istintaqdan qaçıb
gizləndikləri üçün
barələrində həbs
qətimkan tədbiri seçilərək axtarış
elan edilib. Cinayətdə təqsirli
bilinən, həmin dövrdə Ali Sovetin sədri olmuş Elmira Qafarova və Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin ikinci katibi Viktor Polyaniçko vəfat etdikləri üçün barələrindəki
cinayət işinə
xitam verilib. Cinayət işi SSRİ-nin Baş Prokurorluğunda başlandığından 68 cildlik
cinayət işinin materialları Moskvaya aparılıb. Həmin materialların
Azərbaycan Respublikasının
Baş Prokurorluğuna
qaytarılması üçün
sorğular və təqsiləndirilən şəxslərin
tutulub istintaqa verilməsi üçün
qanunla müəyyən
edilmiş zəruri sənədlər Rusiya Federasiyasının hüquq-mühafizə
orqanlarına təqdim
olunub. Lakin həmin
sorğulara indiyədək müsbət cavab verilməyib.
Əli Zülfüqaroğlu
Həftə içi.- 2011.- 20-21 yanvar.- S. 1.