20 Yanvar şəhidləri Qarsda anılıb      

 

Dünən 20 Yanvar faciəsinin 21-ci ildönümü Qardaş Türkiyə dövlətinin Qars şəhərində anılıb. "Zaman" qəzetinin məlumatına görə, Azərbaycanın Qarsdakı baş konsulluğu tərəfindən 20 Yanvar olayları zamanı qətlə yetirilən günahsız insanların xatirəsini anmaq üçün düzənlənən tədbirə başlamazdan öncə Azərbaycanın ümummilli lideri Heydər Əliyevin Qarsdakı abidəsi ziyarət olunub. "Böyük Qala" otelinin Qazi Qars iclas zalında təşkil olunmuş tədbirdə şəhidlər üçün 1 dəqiqəlik sayğı duruşunda duran iştirakçılar 21 il öncə Bakıda törədilmiş bu dəhşətli qətliamla bağlı çıxış etdilər. Anma tədbirinə Azərbaycanın Qarsdakı baş konsulu Ayxan Süleymanov, Qarsın bələdiyyə sədri Nevzat Bozquş, Qarsdan Böyük Millət Məclisinə seçilmiş millət vəkili Zəki Qarabayır, Milliyyətçi Hərəkat Partiyasının (MHP) Qars vilayəti üzrə şöbəsinin sədri Oqtay Aktaş, Azərbaycan Universitetindən Vaqif Məmmədov və digər dəvətli şəxslər qatılıblar.

Tədbirdə çıxış edən baş konsul Ayxan Süleymanov bildirib ki, Azərbaycan xalqının tarixinə qanlı Yanvar faciəsi kimi daxil olmuş 20 Yanvar olaylarının üzərindən 21 il keçsə də, millət bu dəhşətli qırğınları yaddaşından çıxarmayıb və heç vaxt da unutmayacaq: "21 il öncə Azərbaycan xalqı qorxulu günlərini yaşayırdı. Xalq təcavüzə uğradı, günahsız insanlar güllələndi, cəsədlər isə tankların tırtılları altında əzilərək torpağa qarışdı. Buna baxmayaraq, 20 Yanvar Azərbaycan xalqının tarixində, sadəcə, acılarla və matəmlə xatırlanmır, bu gün xalqımızın şan və şərəf günüdür. Biz istər Azərbaycanda, istərsə də Türkiyədə canını vətənə qurban edən şəhidləri həmişə hörmətlə xatırlayacağıq".

Azərbaycan Universitetini təmsil edən Vaqif Məmmədov isə tədbirin qayəsinə uyğun bir neçə şeir deyib və Azərbaycan xalqının acısını bu yolla tədbir iştirakçılarının diqqətinə çatdırıb. Bundan əlavə, o, 20 Yanvar günlərində canlı şahidi olduğu hadisələr barədə fikirlərini söyləyib.

 

 

Vüsal

 

Həftə içi.- 2011.- 20-21 yanvar.- S. 2.