Azərbaycanda turizm inkişaf edir
Nizami Cəfərov: "Tarixi yerlərlə
bağlı silsilə qanunların qəbuluna ehtiyac var"
Bu günlərdə
prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər
Kabinetinin 2010-cu ilin sosial-iqtisadi yekunlarına və 2011-ci ildə
qarşıda duran vəzifələrə həsr olunan iclasda
2011-ci ilin "Turizm ili" elan olunması qərara
alınıb.
Belə olan halda, görəsən,
parlamentin qarşıdan gələn yaz sessiyasında
"Turizm ili" ilə bağlı hansı qanun layihələrinin
hazırlanması, müzakirələrə
çıxarılması nəzərdə tutulur?
Bununla bağlı mətbuat
nümayəndələrinin suallarını cavablandıran
Milli Məclisin (MM) mədəniyyət komitəsinin sədri
Nizami Cəfərov bildirdi ki, turizm dünyanın həm
maddi-maliyyə, həm də insan həyatının mənalılığı
baxımından təkcə perspektivli yox, eyni zamanda
böyük əhəmiyyətli bir məsələsidir. N.Cəfərovun
sözlərinə görə, qarşımızda Türkiyənin
vaxtilə geri qalmış regionlarının turizm sayəsində
nə qədər böyük inkişaf yolu keçməsi
nümunəsi var. Komitə sədrinin sözlərinə
görə, turizm həm ölkəyə, həm bölgəyə
gəlir gətirir, həm də insanlar özləri çox
maraqlıdırlar ki, həyatlarını səmərəli
keçirə bilsinlər: "İndi Azərbaycanın bu
gün bu sahədə xüsusi bir mövqe qazanmağa
çalışması və cənab prezidentin də bu barədə
birinci dəfə deyil, dəfələrlə mövqe ortaya
qoyması çox əhəmiyyətli bir hadisədir. Azərbaycanda
bu yöndə çox böyük layihələr həyata
keçirilib, çox işlər görülüb və
görülməkdədir. Eyni zamanda əgər bu il
"Turizm ili" kimi elan olunursa, deməli, biz buna
hazırıq və sözün həqiqi mənasında buna
bir debüt ili kimi başlaya bilərik. Turizmin olması Azərbaycanın
mədəniyyət abidələrinin bərpa olunması, Azərbaycanın
dünya üçün maraqlılığının
artırılması, Azərbaycanın dünyaya
inteqrasiyası deməkdir ki, bu da çoxdan
başlayıb". N.Cəfərovun qeyd etdiyinə görə,
indi bunun əsas tərəfi ondan ibarətdir ki, Azərbaycan
dünya turizmi üçün maraqlı olsun, başqa bir tərəfi
də ondan ibarətdir ki, azərbaycanlılar dünyanın
müxtəlif turizm məkanlarına daha həvəslə,
maraqla getsinlər. Çünki artıq azərbaycanlıların
da maddi-rifahı elədir ki, bayramları, hətta Yeni ili
dünyanın isti ölkələrində keçirmək
imkanına malikdirlər: "Bu mənada bu elə bir
böyük spektrli məsələdir ki, burada ümumi ictimai
maraq və dövlətin bu maraqları təmin etməsi məsələsi
ilə yanaşı, həm də bizim Milli Məclisin,
xüsusilə mədəniyyət komitəsinin üzərinə
məsuliyyət qoyur. Hansı ki bu sahədə müəyyən
qanunvericilik işlərini həyata keçirək və
keçirməliyik. Doğrudur, turizmlə bağlı
müxtəlif komitələrin işləri əlaqələndirilməlidir.
Burada iqtisadi, maliyyə, təsərrüfat məsələləri
və sair var. Amma bununla yanaşı, turizm həm də bir mədəniyyət
hadisəsidir. Ona görə biz bu məsələyə hələ
komitəmizin payız sessiyasının iclasında
yüngülvari şəkildə toxunmuşduq. Yəni mədəniyyət
abidələrinin, memorial abidələrin bərpası və
onların qorunması ilə bağlı müəyyən
prinsiplərin işlənilib-hazırlanması, sonra Azərbaycanda
təsviri sənətin, eləcə də bir sıra
yaradıcılıq sahəsinin inkişafı
üçün qanunların qəbul olunması çox vacib
məsələdir".
Komitə sədri onu da
deyib ki, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın
sayəsində Qobustanla, İçərişəhərlə
bağlı xeyli işlər görülüb: "İndi
burada bir məsələ var, görülən işlər o
qədər böyük işlərdir ki, başqa digər
işləri də ortaya çıxarır. Məsələn,
biz əgər Abşeron kəndləri ilə bir qanun qəbul
etsək, təbii ki, burada bir komponent də muğamdır. Qərb
regionlarında turizmin inkişafı, incəsənətin, mədəniyyətin,
tarixi abidələrin qorunması ilə bağlı qanun qəbul
etsək, orada mütləq aşıq sənəti də diqqətə
alınmalıdır. Yəni bizim coğrafiyanın
landşaftında tək təbiət deyil, bir mədəniyyət
landşaftı da var ki, onlar bir-birilə əlaqədədir.
Bu baxımdan elə bilirəm ki, bu qanunları müxtəlif
komitələrlə hazırlamalı, müzakirələrə
təqdim etməliyik. Amma mən də belə
düşünürəm ki, bu yöndə silsilə qanunlara
ehtiyac var. Belə demək mümkünsə, gələcəkdə
həmin regionların inkişafı, onların turizm
üçün maraqlı olması ilə bağlı silsilə
qanunların qəbuluna ehtiyac var".
Nahid Canbaxışlı
Həftə içi.- 2011.- 20-21 yanvar.- S. 3.