Qarabağ və Cənubi Sudan reallıqları
Əli Həsənov: "Bu referendum Azərbaycana
nümunə göstərilə bilməz"
Bir neçə gün əvvəl Cənubi Sudanda
referendum keçirildi və xalq müstəqilliyin lehinə səs
verdi. Bununla da Sudan dövləti iki hissəyə
parçalandı. Elə ermənilər də bu faktdan
ruhlanaraq hər yerdə, hər bir tədbirdə bəyan
edirlər ki, Cənubi Sudanda keçirilən referendum
Dağlıq Qarabağda da tətbiq olunmalıdır. Elə
götürək Ermənistan prezidenti Serj Sarkisyanın geridə
buraxdığımız günlərdə Kiprdə və
Yunanıstanda bildirdiyi fikirləri. O demişdi ki, Sudanın
parçalanması dünya birliyini sevindirdi və
bütün dövlətlər səsvermənin sakit və
qanunauyğun formada keçməsindən məmnun qalıb.
O zaman Dağlıq
Qarabağda da müstəqillik məsələsini həll etmək
üçün referendum keçirilməlidir. Hətta o, Cənubi
Sudanın uğurunun Azərbaycana gözdağı
olacağını da demişdi. Amma özünə siyasətçi
deyən Ermənistan prezidenti Cənubi Sudan və
Dağlıq Qarabağ problemlərinin nəinki bir-birinə
oxşamadığını, hətta onların müqayisə
edilməsinin belə mümkün olmamasını bilmir. Elə
isə biz bu fərqliliyi açıqlayaq.
Dağlıq Qarabağ
heç bir muxtariyyətə malik deyil. Keçmiş muxtariyyətini
nəzərə alsaq, sahəsi 4,4 min kvadratkilometr, əhalisinin
sayı 90 min nəfərdir. Dağlıq Qarabağ Azərbaycanın
tarixi bölgəsidir və göründüyü kimi,
adı da Azərbaycan dilindədir. Tarixçilər sübut
edirlər ki, ermənilər Qarabağa 1828-ci ildə
"Türkmənçay" sülh müqaviləsi əsasında
köçürülüb. Onlara muxtariyyət isə sovet
dönəmində - 1923-cü ildə verilib. Yəni bu vaxtdan
ərazidə nəinki erməni muxtariyyətinin, heç
onların adi toplum şəklində
yaşadıqlarını göstərən sənədlər
də mövcud deyil. Buradan belə çıxır ki,
SSRİ rəhbərliyinin əmrinə əsasən, tarixi Azərbaycan
torpaqlarında, belə demək mümkündürsə,
miqrant ermənilər üçün qondarma muxtariyyət
yaradılıb. 1988-ci ildən başlayaraq isə Rusiya və
Ermənistan hərbi birləşmələrinin birbaşa
iştirakı ilə Dağlıq Qarabağda etnik təmizləmə
aparılıb, orada yaşayan 70 minədək azərbaycanlı
Qarabağ ərazisindən çıxarılıb, bir qismi
isə qətlə yetirilib. Nəhayət, Ermənistan
parlamenti Dağlıq Qarabağı bu ölkənin ərazisinə
birləşdirmək haqda qərar qəbul edib. Yəni
Qarabağ münaqişəsində Azərbaycanla
Dağlıq Qarabağ deyil, birbaşa müstəqil bir
dövlət - Ermənistan iştirak edib və Azərbaycan
torpaqlarında separatçı qurum yaradıb.
Cənubi Sudanda isə vəziyyət
tamam fərqlidir. Bu ölkədə heç kim cənubluların
gəlmə olduğunu demir və hətta əksinə,
onların tarixinə hörmət də edir. Ərazisi 600 min
kvadratkilometr, əhalisinin sayı 2,5 milyon nəfər olan Cənubi
Sudanda şimalla problemlər XIX əsrdən başlayır.
Sudan dövlətindən ayrılma prosesinə isə bu
ölkə suverenlik qazandığı 1956-cı ildə start
verilib. Həmin ildən başlayaraq şimalla cənub
arasında mütəmadi vətəndaş müharibəsi
gedib və bu proses 1972-ci ilədək uzanıb. Yəni Sudan
dövləti müstəqillik qazananda Cənubi Sudan "de
fakto" ayrıca dövlət kimi fəaliyyətə
başlayıb və Şimal da bununla bir növ
razılaşıb. Elə bunun nəticəsi olub ki, 1972-ci
ildə Efiopiyanın paytaxtı Əddis-Əbəbə şəhərində
tərəflər arasında saziş bağlandı və Cənubi
Sudana muxtariyyət verildi. Amma 1983-cü ildə Sudan hökumətinin
Cənubi Sudanın ərazisində inzibati dəyişiklik etməsi
ilə silahlı münaqişə yenidən başladı. Nəhayət,
2005-ci ildə tərəflər Keniyanın paytaxtı Nayrobi
şəhərində bir müqavilə bağladılar. Həmin
sazişə əsasən, 5 il sonra, yəni bu ilin əvvəlində
Cənubi Sudanda müstəqil olub-olmamaq barədə səsvermənin
keçirilməsi qərara alınıb (yanvarın 9-15 tarixlərində
keçirilən referendum nəzərdə tutulur). Onu da deyək
ki, Cənubi Sudan Qarabağdan fərqli olaraq bir millətin
nümayəndələrinin əlində girov deyil. 10
milli-inzibati vilayətdən ibarət olan Cənubi Sudanda
çox sayda iri xalq yaşayır və onların Şimalla
münasibəti heç də üst-üstə
düşmür. Bundan əlavə, Cənubi Sudanda problem
milli-dini mahiyyət daşımır, yəni buradakı
xalqların böyük hissəsi müsəlmandır.
İndi də Cənubi
Sudan və Dağlıq Qarabağ problemlərinin bənzər
cəhətləri barədə. Hansı ki erməni siyasətçilər
heç vaxt bu barədə bir kəlmə də olsun
danışmırlar.
1. Dağlıq
Qarabağın kiçik ərazisində neft yataqları olmasa
da, qızıl, polimetal, miss, dəmir, hər cür tikinti
materialları, o cümlədən mərmər var. Qarabağ
ərazisində Azərbaycan geoloqlarının təsdiqlədiyi
qızılla zəngin 24 geoloji damar mövcuddur. Bölgədə
yerləşən mərmərlər də çox keyfiyyətlidir.
Mineral bulaqlar, zəngin meşələr (meşə sənayesi
üçün qiymətli oduncaq) və ən əsası,
turizm sənayesini inkişaf etdirmək üçün əvəzsiz
təbii gözəllik Qarabağın dəyərini
böyük dövlətlərin nəzərində
artırır. Elə münaqişə başlayanda da
Rusiyanın prosesdə açıq-aşkar iştirakı,
sonradan vasitəçi adı altında ABŞ və
Fransanın da məsələyə qarışması bu
münaqişənin böyük dövlətlərin ssenarisi
əsasında başladığını göstərdi. Ermənistan
isə burada, sadəcə, idarəolunan oyunçudur.
2. Cənubi Sudan ərazisi
neft və qaz kimi müasir dünya siyasətini müəyyənləşdirən
sərvətlərlə zəngindir. Sudan ərazisində kəşf
olunmuş karbohidrogen ehtiyatlarının 90 faizi məhz
buradadır. Elə buna görə də Qərb dövlətləri
həmişə Cənubi Sudanda vəziyyəti qəlizləşdirmək,
ərazidə müstəqil dövlət qurmaq
üçün çalışıb. Səbəb isə
aydındır: ölkənin islamçı qüvvələrinin
də dəstəklədiyi və ciddi təsir altında
saxladığı prezident əl-Bəşir Sudanın 2,5
milyon kvadratkilometr ərazisini son 20 ildə Qərb dövlətlərinin
üzünə bağlayıb. Qərb alimlərinin kosmosdan
çəkdikləri şəkillərə əsasən gəldiyi
qənaətə görə, Sudan "neft okeanında üzən
gəmidir". Yəni Sudan ərazisi dünyanın ən iri
potensial neft yataqları ilə zəngindir. Amma hakimiyyətdə
olan hərbi xunta Qərb iş adamlarını ölkəyə
buraxmamaqla həmin sərvətlərdən istifadəyə
imkan vermir. Buna görə də ölkəni iki yerə
parçalamaqla Cənubi Sudanda mövcud olan milyardlarla ton həcmində
neftə sahib olmaq niyyətindədirlər. Yeri gəlmişkən,
Cənubi Sudandakı ölkənin parçalanmasına
çalışan qüvvələri tarix boyu qonşu
Efiopiya, Uqanda, eləcə də İngiltərə, ABŞ və
Fransa cidd-cəhdlə dəstəkləyib. Hətta iş o
yerə çatıb ki, bir vaxtlar mərhum Roma papası II
İohan Pavel Uqanda və Uandaya səfəri zamanı Sudan
hökumətinin icazəsi olmadan Cənubi Sudana gedərək
yerli separatçı qüvvələrin rəhbərləri
ilə bir araya gəlmişdi. Əslində müsəlman qəbilələrin
yaratmaq istədiyi bir ərazidə papanın görüşlər
keçirməsi Qərbi Sudanın parçalanmasında
maraqlı olduğunu göstərirdi.
Yeri gəlmişkən,
Sudanın cənubunda müstəqil dövlətin
yaradılması ilə bağlı keçirilən referendumun
Azərbaycan üçün nümunə ola bilməməsinə
dair Prezident Administrasiyasının ictimai-siyasi məsələlər
şöbəsinin müdiri Əli Həsənov da
açıqlama verib: "Bu, Sudan xalqının qəbul
etdiyi qərardır, Dağlıq Qarabağ isə Azərbaycanın
tərkib hissəsidir, Dağlıq Qarabağdakı əsas əhali
oradan didərgin salınıb, orada yalnız erməni əhalisi
qalıb. Bu səbəbdən Dağlıq Qarabağın
taleyinin müəyyən olunması referenduma
çıxarıla bilməz". Ə.Həsənov qeyd edib
ki, bu məsələ o halda referenduma çıxarıla bilər
ki, Dağlıq Qarabağın bütün əhalisi yerinə
qayıtsın, onların əksəriyyətinin rəyi nəzərə
alınaraq gələcəkdə bu ərazinin taleyi müəyyən
olunsun.
Dünən
ABŞ-ın tanınmış siyasi icmalçısı,
"İrs" fondunun Avrasiya üzrə eksperti Ariel Koen də
Cənubi Sudanın Dağlıq Qarabağa nümunə olacağı
barədə ermənilərin yaydığı məlumatlara
şərh verib. O bildirib ki, Cənubi Sudanda vəziyyət Cənubi
Qafqaz hadisələrindən köklü şəkildə fərqlənir
və Dağlıq Qarabağ münaqişəsi ilə
müqayisə edilə və ya bu ərazi mübahisəsinin
həlli üçün model kimi istifadə oluna bilməz.
Koenin sözlərinə görə, BMT Dağlıq
Qarabağ münaqişəsinin davam etdiyi uzun illər ərzində
4 qətnamə qəbul edib və Dağlıq Qarabağ ətrafında
münaqişənin nizamlanması yolları barədə ATƏT
Minsk Qrupunun həmsədrləri kimi, öz fikrini dəqiq ifadə
edib. Ekspertin sözlərinə görə, Cənubi
Sudandakı vəziyyətlə Dağlıq Qarabağ
münaqişəsi arasında paralellər aparmaq və ya bu
xalqların öz müqəddəratlarını təyin etməsindən
Ermənistan - Azərbaycan ərazi mübahisəsinin həlli
üçün model kimi istifadə etmək olmaz.
Vüsal Tağıbəyli
Həftə içi.- 2011.- 20-21 yanvar.- S. 4.