Tarixi xalq yaradır
Şəhidlər xiyabanının yerini seçənlər
əməkdaşımıza maraqlı faktlar dedilər
"20 Yanvar" faciəsindən
21 il ötür. Hər il bu gün minlərcə insan şəhidləri
yad etmək üçün Şəhidlər xiyabanına
yollanır. Artıq ziyarətgaha çevrilmiş xiyabanın
məhz dağüstü parkda seçilməsi dəfələrlə
ulu öndər Heydər Əliyev, ziyalılar, xarici qonaqlar tərəfindən
uğurlu seçim kimi qiymətləndirilib.
Faciənin
ildönümü ərəfəsində hadisə baş verən
dövrdə Şəhidlər xiyabanının
salınmasında iştirak edən dəfn
komissiyasının üzvləri ilə yerin seçilməsi
ilə bağlı kim tərəfindən qərar verildiyi, dəfn
prosesinin necə aparıldığı barədə söhbət
etdik. Həmçinin o ağrılı-acılı günləri
bir daha xatırladıq.
Qeyd edək ki, həmin
dövrdə Şəhidlər xiyabanının yerinin
seçilməsi ilə bağlı fikir
ayrılıqları, hətta mane olanlar olub. Həmsöhbətlərimiz
dəfn komissiyasının üzvləri, o zaman BDU-nun müəllimi
işləyən Azər Nəbiyev, Arxitektura
İttifaqının vitse-prezidenti Nəriman Əliyev və
Arxitektura İttifaqının üzvü İslam
Göyüşovdur.
İlham və Fərizə 7-ci sıradan 1-ci
sıraya gətirilib
Texniki elmlər namizədi
İslam Göyüşov hadisə zamanı "Bərpaçı"
baş idarəsində baş mühəndis işlədiyini
dedi: "İşlədiyim idarəyə 30-dan çox idarə
tabe idi. 1989-cu ilin noyabr ayından Milli Oyanış Hərəkatı
ilə əlaqədar şəhərdə mitinqlər
başladığından iş dayanmışdı. Ancaq gecələr
idarədə növbətçilik çəkirdik ki,
hansısa bir hadisə baş verdikdə xəbərdar olaq. 1990-cı
il yanvarın 19-dan 20-nə keçən gecə mənim
növbəm olsa da, hadisələr gərgin olduğundan
növbətçilik təxirə salındı və məlum
yanvar hadisəsi baş verdi. Səhər işə gedəndə
dəhşətli bir mənzərəylə üzləşdim
- yüzlərcə əzilmiş, parçalanmış insan
meyidləri. Hamı təlaş, kədər, həyacanla
küçələrə axışır, nə baş
verdiyini anlamağa çalışırdı. Mərkəzi
Komitənin qarşısında mitinq gözlənildiyi
üçün mən də oraya getdim və "Dəfn
komissiyası" yaradılması üçün 23 nəfərin
lazım olması ilə bağlı məlumat aldım. Məqsəd
meyidləri ümumu bir məkanda basdırmaq idi. Təbii ki, qəbirlərin
qazılması üçün canlı işçi qüvvəsi,
texnika, avadanlıq, tikinti materialları lazım idi. Həmin
dövrdə tarix, memarlıq, arxeoloji və mədəniyyət
abidələrinin bərpası ilə məşğul olan
"Bərpaçı" baş idarəsinin rəisi Malik
Mehdiyev və idarənin baş mühəndisi kimi mən bu
işi öhdəmə götürdüm. Ən
başlıca məsələ şəhidlərin basdırılması
üçün yerin seçilməsi idi. Ancaq bu məsələ
böyük mübahisəyə səbəb olmuşdu. Komissiya
üzvlərindən biri dəmiryolu vağzalının
qarşısını, digəri S.Vurğun bağını
və ya o zamankı "26-lar" bağını təklif
edirdilər. Ancaq Memarlıq və İncəsənət
İnstitutunda şöbə müdiri işləyən Nəriman
Əliyevin şəhidləri dəfn etmək
üçün 1918-ci il mart şəhidlərinin də dəfn
edildiyi Çəmbərəkənd qəbiristanlığını,
daha sonra dağüstü park kimi tanınan Bakının ən
yüksək nöqtəsini təklif etdi. Bura həm rəmzi
mənada yaxşı qarşılandı, həm də sel,
yağış sularının yuya bilmədiyi ərazi
olduğu üçün komissiya üzvləri tərəfindən
təklif qəbul edildi. Gecə-gündüz işləyirdik.
Çox ağır olsa da, bir-bir şəhidlərimizi dəfn
etməyə başladıq. Heç yadımdan
çıxmaz, siyahıda İlham və Fərizənin
adı 7-ci idi. Ancaq ölümləri ilə əsl məhəbbət
dastanı yaradan bu cütlüyü xiyabanın ən birinci
sırasında dəfn etməyi qərara aldıq. O zaman bu
cütlüyün qəbrinin yeni qurulan ailələrin müqəddəs
ziyarətgahına çevriləcəyini ağlıma belə
gətirməzdim. Qəbirlərin ortasında qalan boş yerlərdə
isə küçələrdən
yığdığımız insan əzalarını kisələrə
doldurub basdırdıq. Düz 40 gün aparılan fasiləsiz
işlərə 2 milyona yaxın vəsait sərf olundu. Həmin
dövr üçün bu böyük bir risk idi.
Çünki 50 mindən artıq pulu xərcləmək cinayət
hesab edilirdi. Buna görə də məsələylə
bağlı Respublika Prokurorluğu yoxlamalara başladı.
Ancaq o zamankı baş prokuror İsmət Qayıbov bizi
müdafiə edərək həbsdən qurtardı. Bununla belə,
yenə də gizlənməyə məcbur idik. Nəhayət,
10 ildən sonra 2000-ci ildə ulu öndər Heydər Əliyev
əməyimizi qiymətləndirdi və biz sərbəst
şəkildə ortaya çıxa bildik".
"Dağüstü parkı mən təklif
etdim"
Şəhidlər
xiyabanının yerini təklif edən, Dəfn
Komissiyasının digər bir üzvü, AMEA-nın
Memarlıq və İncəsənət İnstitutunun
şöbə müdiri, əməkdar memar Nəriman Əliyev
isə həmin günləri belə xatırladı: "Dəfn
komissiyasının təşkil olunduğunu görüb
adımın siyahıya yazılmasını xahiş etdim. Birinci
işimiz məzarlığın yerinin müəyyənləşdirilməsi
idi. Peşəkar bir memar kimi dağüstü parkı məsləhət
gördüm və fikrim bəyənildi. Ancaq əlaqəli
qurumlar buna mane olmaq istəyirdilər. Belə ki, Bakı şəhər
Partiya Komitəsinin katibi Qaraqaşlının yanına getdik.
O bizim təklifi qəbul etmək istəmədi. Məcbur olub
o vaxt birinci katib işləyən Vəli Məmmədova
müraciət etdik. O isə möhür və ştampı
ruslar aldığı üçün heç nə edə
bilməyəcəyini dedi. Ancaq nə fikirləşdisə,
sonradan möhür-ştampın hələ ruslara təhvil
verilmədiyini deyib iclas çağırdı. 25 nəfərin
imzası ilə, nəhayət, sənədlər
hazırlandı və bizə icazə sənədi verildi. Sonra
tabutların üzərinə salmaq üçün
qırmızı rəngli parçalardan örtüklər
alındı, Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri
Hacı Allahşükür Paşazadə və məscid
işçiləri isə meyidlərin müsəlman
qaydasında yuyulub kəfənlənməsini öz üzərlərinə
götürdülər. Şəhidlər xiyabanına şəhidlərin
qanını əks etdirən minlərcə qələnfil gətirildi".
"Deputatlar bizi dinləmək istəmirdilər"
Dəfn
Komissiyasının başqa bir üzvü, o dövrdə Təhsil
Nazirliyinin əməkdaşı işləyən Azər Nəbiyev:
"Həmin dövrdə Milli Məclisdə deputatlarla mən
görüşdüm. Bəxtiyar Vahabzadə və
İsmayıl Şıxlı ilə Milli Məclisə getdik
və "Dəfn komissiyası"nın gördüyü
işlər barədə məlumat verdik. Milli Məclisə qəbirləri
qazarkən üzə çıxardığımız
1918-ci il şəhidlərinin sümüklərini də
aparmışdıq ki, vəziyyət haqda tam təsəvvür
yarada bilək. Ancaq məclisdə mənzərə tam fərqli
idi. Deputatlar, rayon partiya komitələrinin katibləri özlərini
faciə ilə üzləşən bir xalqın nümayəndələri
kimi aparmırdılar. Çoxu soyuqqanlı və qorxaq
mövqedə idi. Hətta bəziləri bizə qulaq asmaq belə
istəmirdi. Çox əsəbi və emosional
çıxışımdan sonra "Müəllimsən,
get müəllimliyini et, bu işlərlə məşğul
olmaq nəyinə lazımdır?", - deyə mənə
irad tutanlar da tapıldı. Həmin iclasda Bəxtiyar müəllim
bərk sarsıntı keçirdi və onlara cavab olaraq
söylədi ki, o müəllim olduğu halda bu işləri
görür, bəs sizin əlinizdə səlahiyyət ola-ola
nə etmisiniz? Sabir Rüstəmxanlının
çıxışı zamanı isə bəziləri getmək
istəyirdi. Ancaq iclas səhərə qədər davam etdi. Vətənpərvər
deputatların təkidi ilə işimizi davam etdirməklə
bağlı icazə aldıq. Bəxtiyar Vahabzadə ilə
İsmayıl Şıxlının təkidi ilə isə
"Komendant saatı"nda rahat hərəkət etmək
üçün bizə buraxılış vərəqəsi
verildi. Bir hadisəni də xatırlatmaq istəyirəm. Həmin
dövrdə Zeynəb Xanlarova dəfn mərasimlərinin
çəkilişini aparmaq üçün öz
videokamerasını bizə verdi ki, bu görüntüləri
tarixə köçürə bilək. Çünki o
dövrdə Azərbaycan televiziyasına hücum olduğu
üçün bütün kameralar ya
sındırılmışdı, ya da rus əsgərlərinin
əlinə keçmişdi".
Bu acı xatirələrin
sonunda hadisələrin canlı şahidləri bir diləklərini
də dilə gətirdilər: "Biz istəyirik ki, Şəhidlər
xiyabanında bütün azərbaycanlı şəhidlərin
həyatını, faciəsini və hadisələri əks
etdirən bir muzey yaradılsın. Şəhidlər
xiyabanına gələnlər bu muzeydə qanlı faciə
ilə bağlı ətraflı məlumat ala bilsinlər".
Mirvari
Həftə içi.- 2011.- 21 yanvar.- S. 5.