Şəkillərlə tarix yazanlar
"Elə fotolar var ki, onlar yalnız bizim gözlərimizdə
qalıb"
Bu gün
respublikamızın hər yerində şəhidlərin
anım mərasimləri təntənəli şəkildə
qeyd olunur. İllər öz sürətli axını ilə
bizi o qanlı gecədən ayırsa da, hər il yanvarın
20-də xalqımız həmin günün
sarsıntısını, ağrılarını bir daha
yaşayır.
Belələrinin
arasında bu hadisənin şahidi olanlar da az deyil. Hansı ki
onlar daha çox acı çəkib, daha çox iztirab
yaşayır. Məhz Oqtay Məmmədov kimi. Ötən ilin
"20 Yanvar" günündə ürək dayanmasından
dünyasını dəyişən Oqtay artıq 1 ildir yoldaşlarının
arasında yoxdur. O, fotoqraf idi. 20 yanvar 1990-cı ildə şəhid
olanların şəkillərini çəkmişdi.
Oqtayı dostları ilə
yad etdik". 20 Yanvar" hadisələrini
fotoqraflar belə xatırladı.
Rəssam-fotoqraf Tahir Cəfərov
həmin günün şahidlərindəndir: "Hərdən
deyirlər ki, "20 Yanvar" Xocalı soyqırımından
fərqlidir. Lakin mən belə deməzdim. Orada rus əsgərlərinin
xanımlarımıza qarşı etdiklərinin şahidi
olmuşam. O dövr indikindən çox fərqli idi. Olimpiya
mərkəzinin yanında, xəstəxanalarda və hadisə
olan yerlərin bir çoxunda mən şəkillər çəkmişəm.
Hətta xəstəxanada cərrahiyyə zamanı bir şəkil
də çəkmişəm ki, onu indi də saxlayıram. Xəstəxana
güllələrə qərq olmuşdu. Bayırdan leysan kimi
yağan güllələr tavanı deşik-deşik edirdi.
Yenicə cərrahiyyə olunmuş cavan bir oğlan da
vardı. Tibb bacılarından biri gördü ki, atılan
güllələrdən sınan kafel
qırıntıları onun üstünə
tökülür. O dərhal yaralının sinəsinə
uzanıb, onu xilas etdi. Mən o dəhşətli kafel
qırıntılarının davamlılığından
qarşıya bir addım da ata bilmədim. Lakin çəkməyi
bacardım. 20 ildən çoxdur çəkdiyim kadrları
qoruyub-saxlayıram. O vaxt çox dəyərli bir
materialımı "KQB" əməkdaşları məndən
aldı, sonra verəcəklərini dedi. Amma şəkilləri
qaytarmadılar. Sonradan bildirdilər ki, ruslar aparıb. "20
Yanvar"dan sonra ürək ağrısı tapdım. Həmin
gecə atılan güllələr sanki ürəyimə dəydi.
O vaxt məndən başqa digər fotoqraflar da bu işlə
məşğul olurdu. Lakin çəkilişdə elələri
oldu ki, onlara deyirdim dayanın, daha çəkməyin.
Çünki onlar təcrübəsiz idi, vurula bilərdilər.
Professional bilir ki, nə vaxt güllə atıla bilər.
Çəkib-qaçırdıq ki, gülləyə tuş
gəlməyək".
Asim Oqtayla bağlı
xatirələrindən də söz açdı: "Ötən
ilin "20 Yanvar" günündə dünyasını dəyişdi.
Həmin gün o, şəkillər çəkib gətirib
ki, kompüterdə çıxartdırsın. Şəkilləri
verib, və deyib ki, elə bil havam çatmır. Havaya
çıxanda elə ürəyi orada da dayandı.
Onu da qeyd edim ki, ən
böyük haqsızlıq elə çörəyimizi yeyən
rusların bizə qarşı olan qəddarlığı
idi. O vaxt "Salyanski kazarma"da şəkillər çəkmişdim.
Bir qadın beşikdə uşaqla gedirdi. Plyonkanı
çıxarıb, beşikdə uşağın döşəkçəsinin
altına qoyduq. Sonradan həmin plyonkanı da tapa bilmədik. Həmin
vaxt o qədər əsəbi idim ki, nə çəkdiyimi
belə bilmirdim. Çox çəkmişəm. Lakin...
(Göz yaşlarını saxlaya bilmədi. P.İ.) Gecələr
yata bilmirdim. Yuxularım onlarla başlayıb, onlarla da
qurtarırdı. Şəhidləri hər gün yuxumda
görürdüm".
"Bakı fəhləsi"
qəzetində şöbə müdiri işləyən
Mehdi Abbasov isə yanvarın 19-dan 20-nə keçən gecəni
belə xatırlayır: "Bəzən fotoqraflar yada
düşmürlər. Bir şeyi diqqətdə saxlamaq
lazımdır ki, axı bu tarixi şəkilləri çəkənlər
var! İlk qəzetdir bizdən bununla bağlı müsahibə
alır. 19-20 yanvarda mən də orada idim. Biz eyni zamanda
Qarabağ hadisələrində cəbhədə olmuşuq.
Hər zaman o ağrı-acıları
yaşamışıq. Deyirlər: göz ən yaxşı
fotoaparatdır. Elə fotoşəkillər var ki, onlar
yalnız bizim gözlərimizdə qalıb. Onları çəkməyə
macal tapmamışıq. Ancaq şahidi olmuşuq. O vaxt Nemət
Pənahlı bizə dedi ki, dağılmayın, dayanın
burada. Hava çox soyuq idi. "Salyanski kazarma"nın
qarşısını kəsmişdilər. Saat 10:00 radələrində
evə getdim. Təxminən saat 12-də göyə 1 güllə
atıldı. Camaat çox sadəlövh idi. Ona görə
də başa düşmədilər nə baş verir. Qəfildən
rus əsgərləri töküldülər şəhərin
canına. Dayanacaqda tanklar maşınların üstündən
keçdi. Hamıya göstəriş verdilər ki, yerə
uzansınlar. Əgər kim başını qaldırsa,
güllələyəcəkdilər. Səhər saat 6-ya qədər
camaatı elə saxladılar. Onların ayaq səsləri hələ
də qulaqlarımdadır. Səhər
uşaqlarımızdan bəzilərini evlərinə
apardım. Soyuqdan donmuşdular. Sonra "Semaşko"da morqa
getdim. Şəkillər çəkdim. 20 nəfər
olardı. Qollarında nömrələri vardı. Mən
onların şəkillərini də çəkmişdim. O
vaxt Moskvada sərgi keçirildi. Şəkilləri
şokolad qutularında apardım. Yoxlamada icazə vermirdilər.
O vaxt bir hadisənin də şahidi oldum. "Moskva"
mehmanxanasında Azərbaycan qızları boyunlarına qərənfildən
düzəldilmiş çələngə bənzər
plakat asmışdılar. Yas saxlayırdılar ki,
xalqımızın başına açılan bu müsibətləri
başqa xalqlar da görsün. Sonradan həmin şəkillər
it-bata düşdü".
Pərvin İsmayılova
Həftə içi.- 2011.- 20-21 yanvar.- S. 5.