Sosial Müdafiə Fondunda şəhidlər anılıb

 

Dünən Dövlət Sosial Müdafiə Fondunda (DSMF) "20 Yanvar" faciəsinin 21-ci ildönümünə həsr olunmuş anım mərasimi keçirilib. Şəhidlərin ruhu 1 dəqiqəlik sükutla yad edildikdən sonra fondun sədri Səlim Müslümov çıxış edərək vurğulayıb ki, "20 Yanvar" hadisələri Azərbaycan tarixinin parlaq qəhrəmanlıq səhifəsi, müstəqillik uğrunda aparılan mübarizənin zirvəsi idi: "21 il bundan əvvəl Bakıda törədilən qırğın Azərbaycan xalqının milli azadlıq mübarizəsini boğmaq məqsədi daşısa da, bu qanlı hadisə xalqımızın müstəqillik əzmini, azadlıq mücadiləsini qıra bilməyib. Azərbaycan xalqının başına gətirilən bu qanlı faciəyə ilk siyasi-hüquqi qiyməti verən ümummilli lider Heydər Əliyev oldu. Ulu öndər Heydər Əliyev 1990-cı il yanvarın 21-də sovet rejiminin qadağalarına baxmayaraq, həyatını təhlükə qarşısında qoyaraq Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəldi qanlı faciənin təşkilatçılarını dünya ictimaiyyəti qarşısında ittiham etdi".

DSMF sədri deyib ki, H.Əliyev yenidən siyasi rəhbərliyə qayıtdıqdan sonra 1994-cü ildə qanlı yanvar hadisələrinə tam siyasi-hüquqi qiymət verilib, eyni zamanda faciənin günahkarlarının adları açıq şəkildə göstərilib. S.Müslümov "20 Yanvar" hadisələrində şəhid olmuş şəxslərin ailələrinin, bu hadisələr zamanı əlil olmuş vətəndaşların dövlətin hərtərəfli qayğısı ilə əhatə olunduğunu vurğulayıb: "Ulu öndərimiz tərəfindən xalqımızın 1990-cı ilin "20 Yanvar" faciəsinə əsl hüquqi qiymət verilməsi ilə yanaşı, "20 Yanvar şəhidi" fəxri adı təsis edilib və bu faciənin qurbanlarının sosial müdafiəsi xususi nəzarətə götürülüb, şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında, həlak olanların ailələrinə yardım edilməsi istiqamətində müxtəlif fərman və sərəncamlar verilib. Bu faciənin qurbanlarının sosial müdafiəsi ilə bağlı dövlət siyasəti prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Son illər bu istiqamətdə həyata keçirilən davamlı tədbirlərin hamımız əyani şahidiyik". Daha sonra anım mərasimində "20 Yanvar" hadisələrində əlil olmuş vətəndaşlar öz xatirələrini bölüşüblər. Tədbirdə xalq artisti Laləzar Mustafayevanın ifasında bədii kompozisiya səsləndirilib. Sonda bir qrup şəhid ailəsinə və əlillərə yardımlar verilib.

  

 

Təbriz Vəfalı

 

Həftə içi.- 2011.- 20-21 yanvar.- S. 5.