"Xoşbəxtlikdən sağ qaldım"

 

Svetlana Zeynalova: "Bizi güllələyənlər saqqallılar idi"

 

"20 Yanvar" faciəsindən 21 il ötür. Bu faciədə ölənlərlə yanaşı, əlil olanlar da var. Hadisə zamanı 16 yaşı olan Svetlana Zeynalova da belələrindəndir. O, həmin gecəni belə xatırlayır: "Evimiz aeroport yolunun yaxınlığında yerləşirdi. Qardaşım da hadisə yerində idi. Atam Lazer Zeynalov isə azadlıq uğrunda mücadiləyə qalxmış insanlara çay, isti geyim aparırdı. Qeyd edim ki, atam çox mərd adam olub, heç nədən qorxmazdı. Axşam saat 20 radələrində telestudiyanın partladılması xəbərini eşitdik. Xəbərdən dilxor olan atam hiss etdi ki, bu hadisənin axırı heç yaxşı olmayacaq. Sonra aeroport yoluna gəldi. Hamı nümayişə çıxmışdı. Onda mən də tez-tez həyətə düşüb nümayişə çıxanlara baxırdım. Gecə saat 1-ə 10 dəqiqə işləmişdi. Əvvəlcə elektrik dirəkləri və naqillər sındırıldı. Hər yanda işıqlar söndü. Dərhal atamgil olan tərəfə getdik".

Həmin gün qorxu hiss etmədiyini bildirən Svetlana xanım gözləri dolaraq sözünə davam edir: "Belə bir hadisənin baş verəcəyini heç ağlımıza da gətirməzdik. İnanmazdıq ki, "sülhsevər" sovet ordusu öz xalqını atəşə tuta bilər. Əvvəlcə bir hərbi maşın onun arxasınca "BTR"lər və avtobuslar gəlirdi. Hərbi maşından mikrofonla əhaliyə "yolu azad edin" dedilər. Artıq onlar şəhərdə qırğın törətmişdilər. Aeroporta gəlməklə izi itirmək istəyirdilər. Bir dəfə xəbərdarlıqdan sonra mikrofonla danışan hərbçi göyə atəş açan kimi dərhal xüsusi geyimli saqqallılar avtobusun şüşələrini sındıraraq yerə tökülüşdülər və çox qəddarlıqla dinc əhalini atəşə tutdular. Mən onları gözlərimlə gördüm. İnsan sifətindən çıxmışdılar. Güllələr üstümüzə leysan kimi yağırdı. Ölən və yaralananlar çox idi. Təsadüfən atam və qardaşım sağ qalmışdı. Amma güllə qardaşımın paltosunun qol tərəfindən dəlib keçmişdi. Tanklar yol qırağındakı avtomobilləri ayaqlayıb gedirdi. Atamın "Jiquli" markalı avtomobilini də əzmişdi. Güllələr mənim sol çiynimə dəymişdi. Xoşbəxtlikdən ürəyimə toxunmamışdı. Evimizə tərəf qaçanda çoxlu qan itirdiyimdən taqətdən düşüb yerə yıxıldım. Hadisənin üstündən 4 saat keçəndən sonra atamgil maşın tapıb məni Sabunçu qəsəbəsindəki 3 saylı Mərkəzi Klinik Xəstəxanaya gətirdilər. Xəstəxanaya 100 metr qalmış yenidən ölümlə üz-üzə gəldik. Silahlı hərbçilər qabağımızı kəsib atamgili maşından düşürdüb əllərini yuxarı qaldırmağı və üzlərini divara tərəf tutmağı əmr etdilər. Səbrimi cilovlaya bilməyən atam onların üstünə qışqırıb dedi ki, körpə qız uşağını güllələmisiniz. Büründüyüm ağ yorğan büsbütün qana boyanmışdı. Əsgərlərdən biri qapını açıb içəri baxarkən məni və anamı gördü. Bizi güllələyə bilərdilər. Deyəsən, Allahdan əlimiz üzülməyibmiş. Bir neçə dəqiqədən sonra bizi buraxdılar. Xəstəxanaya gəlib çatdıq. Həyətdə meyidlərdən tərpənmək olmurdu. Bu qanlı gecədə həlak olmuş yaralılar çox idi. Sağ qalacağıma əsla inam qalmamışdı. Çünki çoxlu qan itirmişdim. Bir saat keçəndən sonra növbə mənə çatdı və həkimlər üzərimdə təcili cərrahiyyə əməliyyatı apardılar. 4 ay orada müalicə aldım. Artıq ikinci qrup əliləm".

S.Zeynalova onu da dedi ki, "20 Yanvar" faciəsindən sonra atası dözməyərək dünyasını dəyişib: "Elə bilirəm hadisə bu gün olub. Yadıma düşdükcə yaralarım sızlayır. Amma mən bunu tək faciə kimi yox, həm də xalqımızın qələbəsi kimi başa düşürəm. Müstəqilliyimiz "20 Yanvar"dan keçir. Çünki həmin gün biz ağı qaradan seçdik, bir daha düşmənlərimizi tanıdıq. Çox cəfalar çəkdik. Çəkdik ki, bu günümüzə qovuşaq. Qapalı yolları, tikanlı məftilləri köksümüzlə yardıq və qanımızla qələbəmizə nail olduq".

S.Zeynalova həmçinin vurğuladı ki, "20 Yanvar" faciəsi qaçılmaz idi: "Hətta insanlar evlərində olsaydı da, qırğın törədiləcəkdi. Bu bizim bəxtimizə yazılmışdı. Qanlı "20 Yanvar" günü alın yazımız idi. Çünki sovet qoşunu düşünülmüş, planlı şəkildə Bakıya gəlmişdi. SSRİ-nin rəhbəri M.S.Qorbaçovun əli günahsız xalqımızın qanına batdı. Hadisədən 21 il vaxt keçməsinə baxmayaraq, "20 Yanvar" qətliamını törədənlər azadlıqda gəzirlər".

S.Zeynalova "20 Yanvar" hadisəsini belə qiymətləndirdi: "20 Yanvar" faciəsi XX əsrdə xalqımıza qarşı yeridilən düşünülmüş mənfur siyasətin növbəti təzahürü idi. Bu qırğın nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini, azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi. Həmin müdhiş gecədə həlak olan oğul və qızlarımız öz qanları ilə Azərbaycan tarixinə parlaq səhifə yazdılar, müstəqilliyimiz üçün yol açdılar".

S.Zeynalova üzləşdiyi çətinliklərdən də danışdı: "20 Yanvar Cəmiyyətinin sədrinin üzünü ildə bir dəfə görürük. Adıçəkilən qurumun fəaliyyəti görünmür. Yəni cəmiyyətə ildə bir dəfə gəlirik. Ancaq Qurban bayramı günü 1 kiloqram ətlə anılırıq. Türklərin Azərbaycanda fəaliyyət göstərən Gənclərə Yardım Fondu sağ olsun, bizi ildə bir dəfə yada salıb bir bağlama ərzaq məhsulu ilə yardım edir. Amma 20 Yanvar Əlillərinin Yardım Fondunun səsi-sorağı yoxdur. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi də ancaq hər il yanvarın 19-da biz əlillərə 50 manat yardım edərdi. Bir sözlə, 20 Yanvar Cəmiyyətinin fəaliyyəti bizi qane etmir. Bağlasalar, daha yaxşı olardı. Heç bir iş görmür. Biz əlillərin hüquqlarını müdafiə edə bilmir. Onu da qeyd edim ki, biz əlillərə heç bir güzəşt olunmur. Demirik ki, bizə kimsə yardım etsin. Müəyyən imtiyazlar, nəqliyyatda, kommunal xərclərdə güzəşt etsələr, yaxşı olardı. Hər il yanvarın 20-də bununla bağlı aidiyyəti qurumlar söz verib deyirlər ki, sizin imtiyazlarınızı bərpa edəcəyik. Amma vəd elə söz olaraq qalır. Hər il "20 Yanvar" əlillərinin sayı azalır. Yaşlılar dünyasını dəyişir. Yaşadığım Suraxanı rayonunda 22 əlil var idi. Keçən il 2-si dünyasını dəyişib. Şəhid ailələrinə status verilib, hər ay şəhid ailəsi 300 manat təqaüd alır. Amma əlillərin statusuna hələ baxılmayıb. Suraxanı rayon İcra Hakimiyyəti də hər il "20 Yanvar" günündə bir bağlama ilə bizi yada salır. İşsizəm, mənzilimdə istilik sistemi işləmir. Soyuqdan uşaqlarım donur. Kommunal xərclər yüksək olduğundan ödəyə bilmirəm. Dövlətdən 110 manat təqaüd alıram, onu da gecikdirirlər. Artıq yanvarın 19-dur, hələ pensiya verilmir. Həyat yoldaşım rəhmətə gedib. İşləyənimiz yoxdur. İxtisasca hüquqşünasam. Yaxşı olardı məni işlə təmin edəydilər, uşaqlarımı böyüdə bilim".

  

 

Qələndər Xaçınçaylı

 

Həftə içi.- 2011.- 20-21 yanvar.- S. 7.