Qafqaz Universitetində "20 Yanvar" şəhidləri anılıb

 

Dünən Qafqaz Universitetində "20 Yanvar" faciəsinin 21-ci ildönümünə həsr olunan anım mərasimi keçirilib. Tədbirdə çıxış edən universitetin rektoru, professor Ahmet Sanic deyib ki, Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olan 1990-cı ilin 20 yanvarında baş verənlər ölkəmizə qarşı ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkar hərəkətlərindən və keçmiş SSRİ rəhbərliyinin onlara havadarlığından qaynaqlanır. Bu hadisələrdən hiddətlənən insanlar Bakının küçələrinə və meydanlarına çıxaraq öz qəti etirazını bildirdi. Geniş xalq kütləsinin üzərinə sovet ordusunun döyüş hissələrinin yeridilməsi Azərbaycanda misli görünməmiş faciəyə gətirib çıxardı: "Həmin faciəli günlərdə öz ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar". 149 saylı Ağdam köçkün məktəbinin direktoru Arzu Mövsumova bildirib ki, "20 Yanvar" faciəsi Azərbaycan xalqını qorxutmaq, onun milli oyanışını, torpaq uğrunda mübarizliyini məhv edib sındırmaq məqsədi daşıyan mənfur planın tərkib hissəsi idi: "1990-cı ilin 20 yanvarından ötən illəri bir qayda olaraq yalnız kədər, hüzn, matəm kimi qeyd etmişik, şəhidlərimizin ruhunu ağı və sızıntı ilə anmışıq. Ümumxalq hüzn günü bu əhval təbiidir. Amma bir şeyi unutmamalıyıq ki, "20 Yanvar" Azərbaycan xalqının tarixində, sadəcə, ağı və acı ilə xatırlanacaq gün deyil. "20 Yanvar" həm də xalqımızın şan və şərəf günüdür. Unutmamalıyıq ki, həmin gün küçələri boyamış al şəhid qanları bir anlamda milli məfkurəmizin oyanan günəşinin qırmızı şəfəqini simvolizə edirdi. Xalqımız həmin gün üstünə şığıyan dəhşətli kabusa, sovet hərbiyyəsinin qorxunc qaragüruhuna qarşı sinəsini verməyi və deməli, özünün mənliyini və mətinliyini nümayiş etdirməyi bacardı. Məhz həmin hadisələr bilavasitə nümayiş etdirdi ki, Azərbaycan xalqı özgürlük mübarizəsinə qalxmaq, pozulmuş hüquqlarının, suverenliyinin bərpa olunması uğrunda savaşmaq əzminə sahibdir". Dilçi alim Gültəkin Hacıbəyli qeyd edib ki, "20 Yanvar" Azərbaycanın istiqlaliyyət yolunun ilk şəhidlik zirvəsidir. Ötən illər ərzində "Qanlı yanvar"ın tarixi, mənəvi, siyasi və s. aspektləri analiz edilib, hadisəyə Azərbaycan dövləti tərəfindən hüquqi qiymət verilib. Millət vəkili Musa Qasımlı vurğulayıb ki, bir vətəndaş olaraq Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə, beynəlxalq təşkilatlara çatdırılması, gələcək nəsillərin tarixi düşmənimiz olan ermənilərin kimliyini dəqiq, aydın bilməsi üçün əlimizdən gələni əsirgəməməliyik. Tədbirdə 149 saylı Ağdam orta məktəbin şagirdləri şairlərimizin şəhidlərə həsr etdiyi şeirlərdən parçalar oxuyublar.

 

 

Bəhruz

 

Həftə içi.- 2011.- 20-21 yanvar.- S. 8.