İran Azərbaycanın
daxili işlərinə
qarışmağa son
qoymalıdır
Asim Mollazadə: "Cavanları edam, qadınları
daşqalaq edənlərin belə bəyanatlar səsləndirməyə
əsası yoxdur
Azərbaycanın son illərdə
daha da güclənməsi, bölgənin aparıcı
dövlətinə çevrilməsi və beynəlxalq
imicinin yüksəlməsi bəzi qüvvələr tərəfindən
böyük qısqanclıqla qarşılanır. Bəzi
qüvvələr ölkə daxilində baş verən hər
hansısa bir olayı çox geniş bir şəkildə
şişirdərək təxribatçı niyyətlər
üçün istifadəyə çalışır. Lakin
Azərbaycan bu gün beynəlxalq səviyyədə
hüquqi, dünyəvi, demokratik dövlət kimi
tanınır, ölkədə insan hüquq və
azadlıqları tam təmin edilir. O da faktdır ki, bu məsələdə
İranla Azərbaycanı heç müqayisə də etmək
olmaz. Dini etiqad və vicdan azadlığına təminat
verilmiş, beynəlxalq standartlara uyğun mövcud
qanunvericilik çərçivəsində dini fəaliyyətə
heç bir məhdudiyyət tətbiq olunmur. Son illər Azərbaycanda
onlarca məscid, ibadətgah dövlət vəsaiti hesabına
təmir edilib və ya yenidən qurulub. Çoxsaylı dini
icmasının fəaliyyətinə şərait yaradılıb,
insanların öz dini ehtiyaclarını yerinə yetirməsi
üçün zəruri tədbirlər görülüb.
Son zamanlar müxtəlif
xarici dairələr Azərbaycanda sabitliyi pozmaq, ölkəmizdə
guya dini azadlıqların
sıxışdırıldığı haqqında rəy
formalaşdırmaq, dindarlarla dövlət arasında ziddiyyət
yaratmaq, radikal dindarları fəallaşdırmaq məqsədilə
tədbirlər həyata keçirməyə cəhd göstərir.
Bu istiqamətdə İranın müəyyən dairələri,
din xadimləri Azərbaycanda baş vermiş bu və ya digər
hadisəni qərəzli şərh edir, təhdid və
şantaj xarakterli bəyanatlar verir, ölkəmizin daxili
işlərinə kobud şəkildə qarışır. Azərbaycan
tam müstəqil, heç kimdən asılı olmayan,
regionda mehriban qonşuluq siyasəti yürüdən, beynəlxalq
birliklə sıx əlaqələr qurmuş və bu əlaqələri
inkişaf etdirən ölkədir. Azərbaycan heç bir
dövlətin daxili işlərinə qarışmır,
ayrı-ayrı ölkələrdə baş verən hadisələrin
qərəzli şəkildə şərhinə yol vermir.
Politoloq Leyla Əliyeva
da bildirir ki, İranın dini xadimlərinin, ayrı-ayrı
şəxslərinin Azərbaycana qarşı
çıxışları, ölkəmizin daxili işlərinə
kobud müdaxilələri yolverilməzdir və Azərbaycan
ictimaiyyəti tərəfindən birmənalı şəkildə
etirazla qarşılanır. Onun sözlərinə görə,
İran rəsmi səviyyədə ehtiyatlı siyasət
apararaq qonşuları, xüsusilə də Azərbaycanla
körpüləri yandırmamağa çalışır. Bununla
belə, iki ölkə arasındakı münasibətlərdə
müəyyən ciddi amillər var: "İranlı din
xadimlərinin Azərbaycanın daxili işlərinə
müdaxilə edən bəyanatlar səsləndirməsinin
arxasında 2 amil dayanır. Bunlardan biri din, digəri isə Azərbaycanın
müstəqil dövlət kimi mövcudluğudur". Politoloq
bizimlə söhbətində bildirib ki, Azərbaycanda din
dövlətdən ayrıdır. Lakin dünyəvi bir Azərbaycanın
mövcudluğunu İran özü üçün təhdid
sayır: "Bu məsələdə də 2 yanaşma var. Birincisi,
İranın Azərbaycana qarşı etibarsızlığı
təhlükəsiz olmayan maraqları ilə
bağlıdır. İkincisi isə İran öz siyasəti
ilə İran üçün təhlükə
yaradır". L.Əliyevanın sözlərinə görə,
birinci iddia tamamilə əsassızdır. Çünki Azərbaycan
rəsmi və digər səviyyələrdə heç bir
zaman İranın daxili işlərinə müdaxilə etməyib.
Əksinə, Azərbaycan bu gün çox ehtiyatlı və
balanslaşdırılmış bir siyasət
yürüdür: "Azərbaycanın ABŞ və
İsraillə münasibətləri İranda narahatlıq
yarada bilər. Lakin bu artıq daxili məsələ deyil. Onda
bizdə İranın Ermənistanla sıx münasibətlərini
ön plana çıxartmalıyıq". Onun sözhlərinə
görə, İran qonşuları ilə münasibətlərin
normal olmasını istəyirsə, onda özünü daha məsuliyyətli
aparmalıdır: "Lakin İranda yaşayan azərbaycanlıların
üzləşdikləri problemlər, onların
hüquqları tam təmin edilmədikcə
qarşılıqlı münasibətlər istənilən
səviyyədə olmayacaq". Qeyd edək ki, Azərbaycanın
tanınmış ictimaiyyət nümayəndələri,
ziyalılar, sıravi vətəndaşlar İran dini xadimlərinin
və bu ölkənin ayrı-ayrı vətəndaşlarının
qərəzli çıxışlarını birmənalı
şəkildə qəbul etmir, buna son qoymağa
çağırırlar. Ekspertlər də bildirirlər ki,
onların öz ölkələrində mövcud olan
dözülməz şəraitdən, insan hüquq və
azadlıqlarının məhdudlaşdırılmasından,
son zamanlar İranın qarşılaşdığı digər
problemlərdən danışaraq nöqsanları aradan
qaldırmağa çalışması daha yaxşı
olardı. Bu xüsusda bütün dünya ictimaiyyətinin
ciddi etirazla qarşıladığı Səkinə
Aştiani olayını xatırlatmaq yerinə düşərdi.
Belə kobud və qərəzli münasibət iki qonşu
ölkə arasında münasibətlərə heç də
yaxşı təsir göstərmir, qarşılıqlı
etimadı zəiflədir, səmərəli əməkdaşlıq
mühitinə ciddi zərbə vurur. İran din xadimlərinin,
ayrı-ayrı dairələrin belə
çıxışlarının qarşısı
alınmalı, Azərbaycana qarşı təhdid və
şantaj ritorikasına son qoyulmalıdır. Əks təqdirdə
bu cür mövqe iki ölkə arasındakı münasibətlərə
ciddi zərər vura bilər. Məsələ ilə
bağlı millət vəkili, parlamentin beynəlxalq əlaqələr
komitəsinin üzvü Asim Mollazadənin də fikirləri
maraqlıdır. O, son zamanlar orta məktəblərdə
hicabın qadağan olunması və İslam Partiyasının
üzvlərinin həbsi ilə bağlı İran tərəfindən
səslənən bəyanatlara münasibət bildirib:
"İslam Partiyası üzvlərinin 1996-cı ildə
keçirilən məhkəməsində onlar İran
xüsusi xidmət orqanlarına işlədiklərini etiraf
etmişdilər. İranın bu məsələlərə
münasibətinə gəlincə isə deyə bilərəm
ki, mən milyondan artıq soydaşımızın
qovulduğu, ermənilər tərəfindən işğal
olunmuş ərazilərimizdə İrana məxsus
TİR-ların və yanacaqdaşıyan
maşınlarının necə işlədiyini
görmüşəm. Necə olur ki, İran mollaları bunu
görmür, minlərcə müsəlmanı qıran
Ohanyanı Tehrana dəvət edirlər? Ermənilərin
İranda məktəbləri var, hüquqları qorunur, amma
milyonlarca soydaşımızın hüquqları məhdudlaşdırılır.
Cavanları edam, qadınları daşqalaq edən
İranın belə bəyanatlar səsləndirməsinin əsası
yoxdur".
Azad
Həftə içi.- 2011.- 22-24 yanvar.- S. 1,6.