"Hüquqlarımı
çətinliklə qoruyuram..."
İradə Cavadova: "Mən yaşımı
gizlədən xanım deyiləm"
Azərbaycanda
vətəndaşların hüquq müdafiəsi
sistemində dövlət tərəfindən xeyli
işlər görülüb. İnsanların azad, rifah
halında yaşaması üçün hər gün
lazımi addımlar atılır. Ancaq problemlər də yox
deyil. Sevidnirici hal odur ki, bu problemləri hamıdan qabaq elə
rəsmi dövlət nümayəndələri deyir və
həlli yollarını göstərirlər.
Müsahibimiz hüquq
müdafiəçisi, İnsan Hüquqları üzrə
Maarifləndirmə İctimai Birliyinin sədri İradə
Cavadovadır. İradə xanımla ad günündə
görüşüb söhbət etdik. Fürsətdən
istifadə edib hüquq-müdafiə sistemindəki bəzi
qayğılı məqamlara da toxunduq. O da bəlli oldu ki,
İ.Cavadova bir xanım kimi yaşını gizlətməyi
sevmir. Neçə yaşının tamam olduğunu isə
özü sizə deyəcək...
- Əvvəlcə deyim ki, ad gününüz
mübarək! Belə günləri necə qeyd edirsiniz,
adi günlər kimi, yoxsa özəl hissləriniz olur?
Məsələn, düşünürsünüzmü ki,
arxada nələr qaldı, qarşıda sizi nələr
gözləyir...
- Yox, heç bu
qədər düşünməyə vaxtım da olmur. Prinsipcə
adi gün kimi keçirirəm. Amma deyim ki, mən çox
şanslı adamam. Hər dəfə ad günümdə
çoxlu zənglər olur, təbriklər qəbul
edirəm. Adətən təbriklər bir gün tez
başlayır. Bu, mənim üçün çox sevincli
haldır. Ona görə də nəsə
düşünməyə vaxtım olmur. Adətən
deyirlər ki, insan ad günündə kədərlənir ki,
1 il də qocaldı. Mən belə hisslər yaşamıram.
Əksinə, hər il dostlarımın sayı artır. Bu da
məni ruhlandırır.
- Dəbdəbəni xoşlayırsınız, yoxa
sakit ad günü keçirməyi?
- Yox,
dəbdəbəni xoşlamıram. Uşaqlıq, gənclik
dövrümdə ad günümü xüsusi qeyd etməyi
xoşlayırdım. Amma indi belə şeylər etmirəm.
Heç ad günümə hazırlaşmıram da.
Adətən ekspront olur. Kimlərsə yığılıb
gəlir ad günümü qeyd etməyə, onda süfrə
açırıq və ad günü keçiririk. Ancaq bu
özü də maraqlı olur.
- Doğrudur, dostların iştirakı
maraqlıdır və şən əhvali-ruhiyyə
yaradır. Ancaq yenə də hamı dağılandan
sonra insan tək qalır. Yola verdiyi ömür barədə
düşünür. İradə Cavadova bu ad
gününə kimi nələri edə bilib, nələri
nəzərdə tutsa belə, edə bilməyib?
- Mənim belə
düşünən vaxtlarım olur, ancaq təkcə ad
günlərində yox, demək olar ki, hər zaman. Ən
çox məhkəmə prosesini uduzanda bu barədə
düşünürəm və çox pis oluram. Elə
problemlər olur ki, bu barədə günlərlə
düşünürəm və özümün
gücsüz olduğumu hiss edirəm. Bu problemi
çözə bilmədiyimə görə çox pis
oluram. Düşünürəm ki, biz bir vətəndaş
cəmiyyəti, toplum olaraq bu problemləri çözə
bilmiriksə, deməli, çox zəifik. İctimai Birliyə
gələnə qədər yalnız öz karyeramı
düşünürdüm. Ancaq indi daha çox insanların
hüquqları uğrunda mübarizə aparıram. Onu da deyim
ki, mən uşaq vaxtından çox mübariz olmuşam.
- Bir vəkil kimi qələbəniz çox olub, yoxsa
məğlubiyyətiniz?
- Qələbəm
azdır. Bir qələbəni qazananda adam sevinir, ancaq
məğlubiyyətlər yadına düşəndə
məyus olur. Məni narahat edən əsas məsələ odur
ki, məhkəmələr ədalətsiz qərarlar çox
verir.
- Sizcə məğlubiyyətlərinizin əsas
səbəbi nədədir? İradə Cavadovanın
hüquqşünas kimi zəifliyinin, yoxsa məhkəmə
sistemindəki neqativ hallar?
- Yox, günah yalnız
məndə deyil. Əsas günah hüquq sistemində,
bu sistemdə kök salmış bürokratiyadadır.
Söhbət yalnız məndən getmir. Hüquqşünas
üçün hansısa işəin sonuna çıxmaq
elə də çətin deyil. Şübhəsiz ki, bu
işi son detalına qədər öyrənmisənsə. Ancaq
təəssüflə qeyd etməliyəm ki, biz çox vaxt
məhkəmə qarşısında aciz qalırıq.
Çünki səlahiyyət onun əlindədir və bəzən
qəbul edilən qərar da ədalətsiz olur. Bizim
gücümüz isə yalnız müxtəlif
vəsatətlər qaldırmağa çatır. Belə
olan halda vəkil məhkəmə qarşısında aciz
qalır. Başqa nə edə bilərik? Qanunvericilikdə xeyli
boşluq var. Əsasən hakimlər bu boşluqlardan
istifadə edir və ədalətsiz qərarlar qəbul edir.
- Çox maraqlıdır, bir vətəndaşın
mülklə bağlı problemi varsa, niyə
məhkəmə daha çox günahkar və imkanlı
tərəfin xeyrinə qərar çıxarır?
- Çünki
qanunvericiliyimiz tam mükəmməl deyil. İnsanlar
özləri də qanunun tələblərinə riayət
etmirlər. Yəni burda səbəb savadsızlıq və
məlumatlı olmamaqdır. Məsələn, 8-ci kilometr
bazarı yandı. O bazarda işləyən sahibkarlar heç
bir kompensasiya ala bilmədilər. Çünki
obyektlərə sahiblik hüquqları qanuni yolla
təsdiqlənməmişdi. Səbəb də odur ki, onlarla
müqavilə bağlayan olmayıb. İnsanlar isə məcburdurlar
sənədsiz olsa belə, işləsinlər. Hamı bir
tikə çörək qazanmalıdır. Müvafiq qurumlar
da bu işdə maraqlı olmur. Yoxlamalara rast gəlmirik. Daha
bir məqam "Cəfər Cabbarlı"
metrostansiyasının altında çalışan
sahibkarların işi ilə bağlıdır. Orada sahibkarlar
Əmlak Məsələləri Dövlət Komitəsi
ilə deyil, başqa bir özəl şirkətlə
müqavilə bağlayıblar. Bu da qanunsuzluqdur. İnsanlar
isə bu qanunsuluqlara görə məhkəmələrə
müraciət etmir. Bəziləri bilməzlikdən,
bəziləri isə məhkəmələrə olan
inamsızlıqdan. Burda həm də məmurların
maraqları var. Onların da məhkəmələrə
təsirləri, sifarişləri olur.
- Hüquqşünas və hüquq
müdafiəçisi İradə Cavadova bu gün öz
hüquqlarını qoruya bilirmi?
- Çətinliklə
qoruyuram.
- Siz öz hüquqlarınızı
çətinliklə qoruyursunuzsa, hüquq
müdafiəçisi işləməyiniz nə qədər
doğrudur?
- Amma qoruyuram axı!
Çətinliklə də olsa, qoruya bilirəm.
Mübarizə aparıram, qanunun tələblərini ortaya
qoyuram, hüquqlarımı tələb edirəm.
Artıq hansısa dövlət qurumuna gedəndə
məndən rüşvət istəmirlər. Bilirlər ki,
verməyəcəyəm.
- Bax, deyirsiniz ki, mübarizə aparırsınız
və hüquqlarınızı tələb edirsiniz. Hər
bir vətəndaş da bunu edə bilər. Sizcə, insanlar
niyə hüquqlarını tələb etmirlər,
bilmirlər, yoxsa başqa səbəblər var?
-
Düzdür, bürokratik əngəllər var. Ancaq etiraf
edək ki, vətəndaşlarımız da passivdir. Heç
kim öz hüquqlarını qorumaq istəmir. Bilirsiniz,
hüquqa münasibət və öz hüququnu qorumaq bir
mədəniyyət formasına keçməlidir.
Məsələn, Bakıda xeyli yeraltı və
yerüstü piyada keçidi tikilib. Ancaq insanlar bu
keçidlərdən istifadə etmirlər. Mən bunu
hətta aeroport yolunda da görmüşəm. Bir kişi
ailəsi ilə, qucağında körpə uşaq,
dəmirin üstündən atlanıb magistral yolu keçir.
Amma 20-30 metr aralıda olan keçidə getmir. Halbuki bu yolda
çox yüksək sürət var. Bax, bu
mədəniyyət yoxdur bizdə. Öz praktikamda da çox
olub. Şikayətçi gəlir, işi ilə tanış
oluram. Ona anladıram ki, bu işdə sən yüz faiz qalib
gələcəksən, qanun sənin tərəfindədir.
Amma o mənə məsləhət görür ki,
mümkünsə hakimlə danışığa gedim və
danışıqlar yolu ilə bu probelmi həll edim. Yəni
vətəndaş istəyir ki, dolayı yolla həll olsun bu
iş, amma tez olsun, onun xeyrinə olsun. Hətta bir çox
hallarda istəyirlər ki, vəkilə verilən pulu
hakimə versinlər, təki işi tez və müsbət
həll olunsun. Ali məktəblərdə də belədir.
Valideyn pul verir ki, müəllim rüşvətlə onun
övladına yüksək qiymət yazsın, ancaq
övladı əziyyət çəkib oxumasın.
Məncə, bu, mədəniyyətdir və insanların
maariflənməyə ehtiyacı var.
- Azərbaycan insanının qanuna olan bu ögey
münasibətinin kökündə nə durur?
- İnsanlar artıq
öz işlərini qeyri-qanuni yolla həll etməyə
öyrəniblər. Bu, bir növ vərdişə
çevrilib. Çox açıq və aydın
şəkildə insanlardan rüşvət alınır,
hamı da bunu görür. Ona görə də vətəndaşlar
düşünürlər ki, problemin başqa həlli yolu
yoxdur. Telekanallar ancaq şou-proqramlar və şou əhlinin
dəbdəbəli həyatını təbliğ edir.
Hamı da görür ki, bu insanlar necə yaxşı
yaşayırlar. Ancaq hər hansı mənəviyyata
müsbət təsir edən verilişləri görmürük
biz telekanallarda. Yəni onu demək istəyirəm ki, insanlar
ancaq belə şeyləri görürlər. Ədalətli
məqamlar və qərarlarla bağlı isə insanlara
hər hansı məlumat verilmir, süjetlər
göstərilmir. Bu da qanuna münasibəti yaradır. Bizim
qanunvericilikdə var ki, rüşvət verən də məsuliyyət
daşıyır, alan da. Bu, çox anormal yanaşmadır.
Çünki rüşvət verən məsuliyyət
daşıya bilməz. Ona görə ki,
vətəndaşı məmur elə günə salıb ki,
o işini görmək üçün rüşvət
verməyə məcbur olur. Ona görə də, məmur
cəzalandırılmalıdır. Bu halda isə
vətəndaş gedib şikayət edə bilmir.
Çünki məmur onu qorxudur ki, şikayət etsən,
sən də mənimlə bərabər gedəcəksən.
- Neçə ildir hüquq-müdafiə
təşkilatının rəhbərisiniz. Necə
düşünürsünüz, Azərbaycanda insan
haqları sahəsində vəziyyət çoxmu acınacaqlıdır?
- Onu deyim ki, bu
sahədə vəziyyət çox zəifdir. Əsasən
polis sistemində insanlar çox təzyiqlərə məruz
qalırlar. Qadınlarımız, uşaqlar çox
müdafiəsizdirlər. Baxmayaraq ki dövlət
tərəfindən uşaqların müdafiəsi çox
yüksək səviyyədə qorunur. Bunun üçün
vacib olan qanuni baza mövcuddur. Valideynlər
övladlarını döyür, incidir. Bunun
qarşısını almaq üçün
"Məişətdaxili zorakılıq haqqında" qanun
qəbul edildi. Ancaq gəlin baxaq, bütün uşaqlarmı
valideynlərindən şikayət edəcəklər. Əlbəttə,
yox. Qonşudan şikayət etmirlər. Çünki o adam
narahatdır ki, digər qonşular ona "demaqoq"
deyəcəklər. Bax bunlardan qurtulmaq lazımdır. Ən
böyük problem isə odur ki, vətəndaş
cəmiyyətləri qanunun qəbuluna cəlb edilmir. Çox
aktual olan qanunlar cəmiyyətin müzakirəsinə buraxılmır.
Bu, düzgün deyil.
- Sonda bir daha ad gününzlə
bağlı məqama toxunmaq istəyirəm. Belə bir
söz var, deyirlər: kişidən maaşını,
qadından yaşını soruşmazlar. Siz yaşını
gizlədən, yoxsa açıqlamağı bacaran
xanımlardansınız?
- Mən
yaşımı heç zaman gizlətmirəm. Bu
gün də sizə deyirəm ki, 46 yaşım tamam oldu.
Dostlar mənə deyirlər ki, sənə 46 yaş vermək
olmaz. Bu da məni çox sevindirir. Onu da deyim ki, hər
yaşın öz gözəlliyi var.
Ceyhun Nağı
Həftə içi.- 2011.- 22-24 yanvar.- S. 7.