"Mən elə Yaqut Qarabağlı olmaq istəyirəm"

 

Dünyanın düz vaxtı idi. Bir gün yolum Qarabağın toy evi olan Ağdam şəhər "Pioner və məktəblilər" evindən düşdü. Respublika və SSRİ-nin maarif xadimi, "Beynəlxalq festivallar" laueratı Murad Rzayevin rəhbərliyi ilə "Qarabağ bülbülləri" ansamblı məşq edirdi. Moskva şəhərinə səfərə hazırlaşırdılar. Balaca bülbüllərin bir-birindən gözəl və ecazkar səsi şəhəri bürümüşdü. Onların arasında Yaqut Qarabağlı da var idi.

Uzun illərdir Yaqut xanımı görmürdüm. Ancaq səsini radio dalğalarından, efirlərdən eşidərdim. Onunla "Atatürk" mərkəzində keçirilən tədbirlərin birində görüşdük. Yaqut xanımdan müsahibə almaq qərarına gəldim. Əvvəla, razı olmayıb dedi ki, düzü reklamdan xoşum gəlmir. "Jurnalistlər mənə çox müraciət edib, qəlblərini qırmamışam. Müsahibə alıblar, dediklərim qalıb kənarda, özləri bildiklərini yazıblar. Özümə söz vermişəm ki, heç bir qəzetə müsahibə verməyim". Uzun çək-çevirdən sonra Yaqut xanım axır ki, razılığa gəldi.

Redaksiyamızın qonağı olan müğənni öz sənət yolunun çətinliklərindən söz açdı: "Ağdam rayonunun Çəmənli kəndində doğulmuşam. Səs bizdə gendən gəlir. Nənəmin və bibimin gözəl səsləri olub, amma oxumayıblar. 5 yaşımdan səsimin olduğunu hiss etmişəm. 1976-cı ildə 1-ci sinifdə oxuyurdum. Sinif müəlliməmiz Maniya Məmmədova keçdiyi dərslərin birində şagirdləri yoxlayıb dedi ki, kim nəyi bacarır? Uşaqlardan kimisi şeir və nağıl söylədi, kimisi də hekayə danışdı. Hərə öz məharətini göstərdi. Mən dedim ki, oxumağı bacarıram. Müəllimə razı oldu. O vaxtlar "Qəşəngdir" mahnısı çox dəbdə idi. Əməkdar artist Nisə Qasımova ifa edərdi. Həmin mahnını oxudum. İfam Maniya müəllimənin çox xoşuna gəldi. O gündən məktəbin bütün tədbirlərində iştirak etdim. Yaşımın az olmasına baxmayaraq, rayon tədbirlərinə dəvət olunardım. Səsim tədbir iştirakçılarının xoşuna gəlirdi və hər dəfə səhnəyə çıxanda alqışlarla qarşılanardım. Artıq 4-cü sinifdə təhsil alırdım. Musiqiyə həvəsim günbəgün artırdı. Özümü böyük sənətkarımız, SSRİ xalq artisti Zeynəb Xanlarovaya bənzədirdim. Onun kimi sənətkar olmağı arzulayırdım. Mən səhnə mədəniyyətini Zeynəb xanımdan öyrənərdim. Çünki onun hər dəfə çıxışı səhnəyə böyük bir sevinc, təravət gətirərdi. Sonsuz məhəbbətlə, sevgilərlə qarşılanardı Zeynəb xanım.

- "Qarabağ bülbülləri" ansamblında oxumaq çox çətin idi. Ona görə ki, ansambla əsl bülbülləri qəbul edərdilər. Necə oldu ki sizi adıçəkilən ansambla götürdülər?

- Təxminən 1978-ci il olardı. Tale elə gətirdi ki, həmin ili "Qarabağ bülbülləri" ansamblında respublika yeniyetmələri arasında keçirilən müsabiqəyə mən də qatıldım. Münsiflər heyətində karifey sənətçilərimiz xalq artistləri Arif Babayev, Sara Qədimova başqaları əyləşmişdilər. Onların qarşısında ilk dəfə idi çıxış edirdim. Çox çətin idi. Bu mənim ilk sınaq imtahanım idi. "Ay bülbüllər" mahnısını ifa etdim. İfamı münsiflər heyəti bəyəndi 1-ci yerə çıxdım. Böyük sevinclə evə qayıtdım. Amma üzümün sevinc çöhrəsi üzün çəkmədi. Atam məni qəzəbli qarşılayıb, acıqlı-acıqlı dedi ki, qız nədir, müğənnilik nədir?! Get dərslərini oxu, həkimdən, müəllimdən özünə peşə tap. Lakin babam mənə dəstək oldu. Məni çox istəyirdi. Səsimdən çox xoşu gəlirdi. Hərdən mütəkkəyə dirsəklənib mənə deyərdi, bala, bir şey oxu. Oxuduqca babam şirin yuxuya gedərdi. Babamın sayəsində bu sənətə gəldim. O illərdən "Qarabağ bülbülləri" ansamblına üzv yazıldım. Ansamblın tərkibində xalq artisti Aygün Bayramova əməkdar artist Feyruz Səxavət vardı. Bu ansamblın tərkibindər respublikada keçirilən dövlət tədbirlərində çıxışlar edərdik. Səsimiz SSRİ-nin, Kremlin Qurultaylar Sarayından gələrdi. Moskvada keçirilən festivallarda uğurla çıxışlar edərdik. Dünyanın çox ölkələrini gəzərdik, hər yerdə sürəkli alqışlarla qarşılanardıq. Artıq "Qarabağ bülbülləri"nin şöhrəti dünyaya yayılmışdı. Dövlət tədbirlərində iştirak etdiyim üçün orta məktəbi bitirdikdən sonra Ağdam rayon Mədəniyyət şöbəsinin göndərişi ilə Ü.Hacıbəyov adına Ağdam Musiqi Texnikumunun muğam şöbəsinə daxil oldum. Xalq artisti Qədir Rüstəmov xanəndə Şahmalı Küroğlundan, Sədi Məmmədovdan muğamın sirlərini öyrəndim.

Musiqi məktəbini bitirdikdən sonra ailə həyatı qurdum və bir müddət Moskva şəhərində yaşadıq. Yenidən sənətə qayıtdım. Vaxtaşırı konsertlərim olur. "Qızıl fond"un arxivində bir sıra muğam və xalq mahnım saxlanılır.

- Televiziya verilişlərinə sizi dəvət edirlərmi? Bir çox sənətçi televiziyalardan şikayətlənir, siz necə?

- Televiziyada çıxış etmək mənim üçün heç vaxt problem olmayıb. "AzTV" mənim üçün doğma kanaldır. "Qarabağ bülbülləri" ansamblının tərkibində oxuyanda bizi çox təbliğ edib. Bu gün belədir. Bütün kanallar məni verilişlərinə dəvət edir.

- Səfərlərdə olmusunuzmu? Bir sözlə, qastrollara kimlərlə gedərdiniz?

- Çox qastrollarda olmuşam. Saymaqla qurtaran deyil. Sovetlər dönəmində karifey sənətkarlarla Respublika Sarayında, Kremlin Qurultaylar Sarayında, bir çox xarici ölkədə olmuşuq. Həmçinin bölgələrə, qastrollara gedərdik. SSRİ xalq artistləri Lütfiyar İmanov, Zeynəb Xanlarova, xalq artistləri Sara Qədimova, Alim Qasımov, Səkinə İsmayılova başqaları ilə Moskva şəhərində qastrollarda olmuşuq. Polad Bülbüloğlunun iştirakı ilə "Şur" ansamblında Arif Babayev, Səkinə İsmayılova ilə birlikdə "Cıdır düzü"ndə keçirilən "Xarı bülbül" fevtivalında iştirak etdik. Festivalın qalibi oldum, fəxri diplom aldım.

- Siz həm dünyaşöhrətli Ağdam "Şur" ansamblında solist olmusunuz. Ansambl haqqında deyə bilərsiniz?

- 1980-ci ildə bu ansamblın solisti oldum. "Şur"un tərkibində bir çox ölkələri fəth etdim, ən çox "Şahnaz" muğamını, "Qarabağ şikəstəsi"ni, "Heyratı", xalq mahnılarını ifa edərdim. "Qarabağ bülbülləri" ansamblında "Qarabağ şikəstəsi" ilə "Şur" ansamblında "Şahnaz" muğamı ilə yadda qaldım. Xarici ölkələrdə qastrollarda olarkən muğamlarımızı, xalq mahnılarımızı, bir sözlə, Azərbaycan musiqisini mədəniyyətini layiqincə təbliğ edərdik. Xaricilər bizim muğamları çox sevirdilər. "Şur" ansamblın bədii rəhbəri Fərhad Paşayev idi. O, hazırda Təbrizdə Musiqi Akademiyasının müəllimidir. Qarabağ müharibəsindən sonra "Şur" da öz ağır günlərini yaşadı.

Artıq "Qarabağ" ansamblını yaratmışam, rəhbərlik etdiyim ansamblın tərkibində yetərincə bülbüllər, istedadlar var. Ağdam Şuşa muğam məktəblərində gənc istedadlara muğamdan dərs deyirəm.

- əcəb, bu günə kimi siz "ulduz" olmamısınız?

- Ulduz göydə olur. Mən Yaqut Qarabağlı olmaq istəyirəm. Çünki xalqım məni Yaqut Qarabağlı kimi tanıyır. Xalqın sevgisi mənə bəsdir. Bu mənim mükafatımdır. Uşaqlıq illərimdən bu günə kimi çox dövlət tədbirlərində iştirak etmişəm. Ən çox xeyriyyə konsertlərinə üstünlük verirəm. İl ərzində 40-50 xeyriyyə konsertlərim olur. Əlillər, kimsəsizlər, qocalar evində, habelə cəbhə bölgələrində əsgərlərimiz qarşısında verdiyim konsertlərdən məmnun oluram. Çunki onda mənim ruhum dincəlir.

  

 

Qələndər Xaçınçaylı

 

Həftə içi.- 2011.- 22-24 yanvar.- S. 13.