"Şou ulduzu yaradıcı adamdan yüksək tutulur"
Fərqanə Mehdiyeva: "Bəzi
qadınlarımız ərlərinə layiq olduğu qiyməti
verə bilmirlər"
Müsahibim "Ulduz" jurnalının poeziya
şöbəsinin müdiri, şairə Fərqanə
Mehdiyevadır. Müasir poeziyada özünəməxsus yaradıcılığı
olan Fərqanə xanımın sevgiyə, insanlara münasibəti
də çox fərqlidir.
- Fərqanə xanım, yəqin ki, siz də kişilərin
qadınlarımıza bir iradından xəbərdarsınız?
Kişilər bizim qadınların ərlərinə pul
dağarcığı kimi baxdığını deyir.
Hamısı olmasa da, çoxu belə iddia edir...
- Bu baxış
mənə aid deyil. Hətta mən kişilərin tərəfindən
çıxış edərək
belə bir şeir də yazmışdım:
Qadınlar, sıxmayın kişiləri siz,
Eşitsin səsimi qoy uzaq, yaxın.
Yox, yox
danlamayın, incitməyin
siz,
Köhnəni təp-təzə geyinib
çıxın.
Hər iki tərəf
bir-birini yaxşı anlamalı və dəyərləndirməlidir.
- Amma səbəbsiz nəticə yoxdur. Yəqin ki,
kişilərin bu fikrə düşməsinə də
qadınlarımız səbəb yaradıb.
- Qadınlarımız
məndən inciməsin, ən adi səbəbə görə
ailələr dağılır. Amma bir məqama da toxunum,
dünyanın heç bir qadını azəri qadınları
qədər kişiyə güzəştə gedə bilmir. Kişilər
də unutmasınlar ki, "Qadın elə incə məxluqdur
ki, onu çiçəklə də döymək olmaz".
- Amma Fərqanə xanım qırmızı sapı
nişan üzüyü kimi qəbul edir... Bundan böyük
dəyərləndirmə olar?
- Hə, bu tarixçəni
artıq hamı bilir. Tələbəlik illlərində rəhmətlik,
sevimli şairimiz Ağa Laçınlının bir şeiri
bütün həyatımı dəyişdi:
Qırmızı sap bağla sən barmağıma,
Mən onu
sayaram nişan
üzüyü.
Onun həyat
yoldaşına yazdığı şeir idi bu. Bax, mən həyatımı
bu şeirin üzərində qurdum. Deyirdim: mən elə bir
adamla ailə quracağam ki, o, mənim barmağıma
nişan üzüyü əvəzinə sap bağlasın,
ancaq məni duysun, yazdıqlarımı, özümü,
ruhumu dəyərləndirsin. Məndən "təzə nə
yazmısan" soruşsun. Mən də ondan heç vaxt "nə
almısan, evə nə gətirmisən"
soruşmayacağam. Onun əlinə baxmayacağam. Həyatımı
bu yanaşma ilə qurdum.
- Seçdiyiniz insan sizin hisslərinizi,
duyğularnızı, başqalarından fərqli
dünyanızı dəyərləndirə bildimi?
- İndi elə bir cəmiyyətdə yaşayırıq ki, kütlə yaradıcı
adamlara dəli kimi baxır. Yəni bir
şou ulduzuna istedadlı bir yazardan daha çox
önəm verirlər.
Kütlənin yanaşması fərdlərə
də təsir edir. Məsələn, bəzi məqamlar
olur, mən metroya qədər yolu piyada getməli
oluram.
- Aha, deməli, kişilərə də qadının
qazancı onun iç dünyansının zənginliyndən,
xarakterindən daha çox gərəklidir?
- Yox, mənim həyat
yoldaşım yaradıcılığımı qiymətləndirir.
Sadəcə, yoldaşım da işsiz olanda dilxor olur.
- Maraqlıdır, siz həyatınızı şair
Ağa Laçınlının bir şeiri üzərində
qurdunuz. Amma Ağa müəllim onu sovet dönəmində
yazmışdı. O zaman ziyalıya qiymət verilirdi. Sovet
dönəmində alimlərə, yazarlara paytaxtın ən
yaxşı yerlərində keyfiyyətli evlər verilirdi. Sabaha
ümidlə baxırdı insanlar. Bu dönəmin şairəsi
Fərqanə isə yazır:
Maaş gözləyirəm
mən üzüqara,
Maaşsa bir kisə un da eləmir.
Bu şeirin adı
"Ehtiyac"dır, xeyli zamandır yazmışam. Bizim
ölkəmiz müharibə şəraitində
yaşayır. Sosial problemlərin olması da, yəqin ki, bu
üzdəndir.
- Amma siz elə o sovet dönəmində yaşayan atanıza
yazdığınız şeirnizdə də sosial problemləri
qabartmısınız. Sovet dönəmində yaşayan ata
peçdə yandırmağa odun tapmır:
Yaman narahatdın odun sarıdan,
Söylə əllərini kəsirmi soyuq.
Əcəl boylanırmı uçuq barıdan,
Ata, oralarda ta nə var, nə yox?
- Bax, bu ölkədə ən adi problemlər 50 illərlə
öz həllini tapmır. Bu gün də kəndli adi
oduncağın dərdini çəkir. Gürcüstanın,
Ermənistanın ən ucqar kəndləri qazla təmin
olunduğu vaxtda biz paytaxtda hələ də
"qazımız kəsildi", "qaz o qədər zəifdir
ki, su da qızmır" kimi gileyləri eşidirik.
- Atam-anam
çətinlik çəkiblər.
Atam neftçi olub. 7 uşaq böyüdüb.
Amma bu gün həyat
yoldaşımla birgə
2 uşağın maddi
ehtiyaclarını ödəyə
bilmirik.
- Deyirlər: zaman bütün yaraların məlhəmidir.
Amma Mirzə Fətəli Axundovun, Mirzə Cəlilin
qabartdığı problemlərmizi aradan keçən bu qədər
böyük zaman məsafəsi də dəf edə bilmədi...
- Yəqin
ki, yaxşı olar, inşallah. Ümidlərim böyükdür. Ali məktəbdə oxuyanda təqaüd alırdım və çalışırdım ki,
atamın qabarlı əlinin qazancını xərcləməyim. Amma indiki
nəsil çox tələbkardır. Qızım ərə
gedəndə məndən
cehiz üçün
lazım olan hər şeyi tələb etdi.
- Maraqlıdır, əslində bu indiki tələbkar
nəsil analarından gündə bir geyim, ən son model
telefon tələb edir. Amma məktəbdə müəllimdən
daha yaxşı dərs və ya daha keyfiyyətli dərslik tələb
etmir...
- Oğlum tez-tez mənə
"sən məni dünyaya gətirdiyin kimi, müəyyən
yaşa qədər də hər şeylə təmin etməlisən"
deyir.
- Xarici dövlətlərdə 18 yaşına qədər
gənclərin tibb və təhsil xərclərini dövlət
çəkir, üstəlik, dolanışıq üçün
aylıq pul verir. 18 yaşına çatanda isə ayrıca
evlə təmin edir. Amma burda uşaqlar bütün bunları
az maaşla, min bir problemlə yaşayan valideynindən tələb
edir.
- Bizim
dövrümüzdə bugünkü seriallar göstərilmirdi.
Uşaqlarım mənə deyirlər ki, sənin yaşında
olanda övladımın bütün ehtiyaclarını təmin
edəcəyəm.
- Sizin uşağınız işləsə də,
onun aldığı cüzi maaş, bugünkü bazarın
ağırlığı ilə duruş gətirə bilməyəcək.
Ancaq "şou-biznes"ə qatılıb bunları əldə
etmək olar. Yeri gəlmişkən, bizim ən vacib işimiz
şüurlarda inqilab etməkdir. Tükəzbanla Novruzəlinin
fikirlərində dəyişiklik
etmək gərəkdir...
- Təbii
ki, zehinlərdə də inqilab etmək gərəkdir. Maddi ehtiyac, sosial problemlər də asanlıqla aşılan deyil. Mən ötən il
300 manat prezident təqaüdü alırdım,
üstəlik, bu maaşımla üst-üstə
düşəndə rahat
yaşayırdıq. Onda bizim
ailəmiz rahat dolanırdı. Çünki ehtiyaclarmızı təmin
edə bilirdim. Mənim də fikirm daha çox yaradıcılıqla məşğul
idi. Bu gün
işıqpulunu ödəyə
bilmirəmsə, kəsilən
işıq mənim doğulacaq şerimi bətnindəcə boğur.
- Bir şeiriniz var:
Yesin ürəyini, ölsün acından,
Tək "sözə" söykənsin
ehtiyacından.
Edam kötüyündən, dar ağacından,
Gərək ayılmasın şairin başı!
Amma bizim şairlərin
başı nə edam kötüyündə, nə də dar
ağacında görünür...
- 2 ali təhsilim var, amma 152 manat maaş alıram. Bundan böyük
- Siz 2 diplomla bu gün
152 manat maaş
alırsınız. Əslində siz müsahibəyə başlamazdan şərt kəsdiniz ki, siyasətə toxunmayaq.
Amma belə bir aforizm var:
"Sən siyasətə
qarışmasan da, siyasət sənə qarışacaq".
- Əslində elə siyasətdən kənar ədəbiyyat yoxdur.
- Bəzən deyirlər:
yazar ehtiyac içində yaşamalıdır
ki, yansın, qovrulsun və yazsın. Sizcə, yazmaq üçün
bu "yanma" prosesi çox vacibdir? Söhbət maddi ehtiyacdan
gedir.
- Yox, razı deyiləm bu fikirlə. Mənim maddi imkanlarım yaxşı olsa, ehtiyac şeiri yazmaram. Başqa mövzulara toxunaram.
Axı həyatda "ehtiyac" sözündən başqa
da sözlər var, özü də daha şirin,
daha səlis. "Şairin başı"
şeirim sizin sualınıza konkret cavab idi.
- Bütün zamanların
ən böyük yazarı Lev Tolstoy çox
zəngin yaşayıb
və böyük söz xəzinəsi qoyub gedib. Tolstoyun yaradıcılığında
insan obrazı çox dərindir. Bu dərinlikdə oxucu itib-batır. Çünki bu dahinin düşünməyə daha
çox vaxtı var idi.
- Ehtiyacın
da qədəri var...
- Bu gün ədəbi
tənqidimizin durumu bir yaradıcı insan kimi sizi
qane edirmi?
- Qane edir. İndi görürsən ki, bəzi məqamlar
olur, üz-üzdən
utanır. Amma ümumilikdə
durum məni qane edir.
- Demək istəyirsiniz
ki, ədəbi tənqidimiz var, amma Azərbaycansayağıdır?
-Yox, bizim ədəbiyyatımızda
səviyyəli ədəbi tənqid həmişə olub,
indi də var.
- Fərqanə xanım, gəlin etiraf edək: Azərbaycanda
ədəbi tənqid yox, ədəbi tərif var.
- Vaqif Yusufli, Əsəd
Cahangir və başqa yaxşı tənqidçilərimiz
var.
- İndiyə qədər sizin
yaradıclığınıza əsl tənqidçi kimi hərtərəfli
işıq salıb, araşdıran, tənqid edən olubmu?
- Olub. Vaqif Yusifli mənim
yaradıcılğımı çox geniş şəkildə
tənqid edib. Maraqlı, izahlı bir məqalə yazıb. Mən
də onun haqlı tənqidlərindən, iradından inciməmişəm.
- Bu gün, bütün dövrlərdə və ədəbiyyatlarda
olduğu kimi, bizim ədəbiyatda da gənc və
yaşlı nəsil arasında anlaşmazlıq var, bəyənməmək
və qəbul etməmək var. Əslində valideynlə
övlad arasında da fikir ayrılğı olur. Amma bizdə
buna qərəzlə, aqressiv yanaşırlar.
- Baxır
hansı gəncliyə.
Elələri var ki, bir cümlə yazmayıb, gəlib kimə gəldi ağzına gələni
qoşur, biabır edir. İstedadı heç kim
dana bilməz axı. İstedad insana doğulanda
verilir.
- Sizin yaradıcılığınız
başqa şairə qadınlardan çox fərqlidir. Yəqin ki, sizin ədəbi
gəncliyə də münasibətiniz fərqlidir?
Sizcə,
bu gün ədəbiyyatmızda ümid
doğuran gənclər
varmı?
- Var. Yazar
Rəşad Məcidin
rəhbərliyi altında
"Gənc ədiblər"
qurumu yaradıldı.
İki dəfə "Ulduz" dərgisi onların yaradıcılğna həsr
olundu. Onların arasında güclüləri
kifayət qədərdir.
İndiki gənclər yaşlı
nəsildən modern üslubuyla
fərqlənir. Qismətin,
Şəhriyarın, Elnaz
Eyvazlının, Şahinə
Könülün, Günel
Şamilqızının, Hafiz Hacıxalılın, Orxan
Zamanın, Vüsal Nurunun, Cavid Zeynallının, Feyziyyənin
və başqalarının
yaddaqalan qələmi
var. Bu gənclər çox
istedadlıdırlar. Şəhla Könül
Qazaxda yaşayır.Özünəməxsus
yaradıclığı var. Günel Şamilqızında
Ramiz Rövşən
ruhu duyuram.
- Mütailə ilə aranız necədir?
- Axır vaxtlar nəsrdə
Elçin Hüseynbəylini oxuyuram. Hazırda onun "Yol
ayrıcında qaçış" romanının hələ
də təsirindən çıxmamışam...
- Eşitdim ki, təzə kitabınız çapdan
çıxacaq...
- İnşallah,
kitabımı hazırlamışam, yaza qədər
çıxarmaq fikrim var. Görüm imkanım olsa, baharda
oxucularımı yenə də sevindirmək fikrindəyəm.
Arzu Abdulla
Həftə içi.- 2011.-
22-24 yanvar.- S. 14.