Üzünü Tanrıya tutan şairə
Sözün özü
də İlahi fikirdir. Mən deyərdim ki, şair və yazıçılarımız eləcə də yaradıcı söz sahibləri özlərindən
heç nə uydurmurlar. Onlar sanki Tanrısı ilə söhbət edir və qələmə
aldıqları da Tanrı pıçıltılarıdır.
Hər bir sözün
özünün dəyəri,
hikməti var. Sözün özü də dünyanın açılmamış sirrlərinə
bənzəyir. O sirlər
ki, zamna-zaman keçdikcə söz sahiblərimiz öz istedadlarına söykənərək
açacaqlar. Söz həm də mənəviyyatın güzgüsüdür.
O güzgünü biz
görə-görə, dərk
edə-edə, o güzgüdə görünə-görünə
ruhən saflaşır,
kamilləşir, müdrikləşirik,
böyük şairimiz
M.Füzuli kimi. Füzulinin uzaqgörənliyi,
böyüklüyü də
elə sözünün
qüdrətindədir. O, böyüklüyün,
kamilliyin nəticəsidir
ki, ulu şair
sözə böyük
dəyər verib:
Söz candır,
əgər bilirsə
insan,
Sözdür əgər derlər
özgədir can.
Bu misraları təhlil etməyə ehtiyac yoxdur. Füzulinin, sözə verdiyi
eyhamdan böyük dəyər yoxdur. Kəşfə söykənən həqiqətlərdən biri
də odur ki, zamanından, dövranından asılı
olmayaraq, bütün istedadlılar Füzuli bulağından "su"
içib. Vəfa
Həsənova da gənc olmasına baxmayaraq, özünü Füzuli kimi böyük söz sahiblərinə bənzədir,
onların söz bulağından içə-içə
təmizlənib, saflaşıb,
bir sözlə, sözün mahiyyətini,
ilahi gücünü
dərk edərək onu zərif, kövrək duyğularla misralara çevirib. Düzü V.Həsənovanı
həyatda görməmişəm
və onun imzası ilə
Füzuli "Leyli və Məcnun"
əsərində məhəbbətin
saflığını, ucalığını
qoruyub-saxladığı kimi
Vəfa da çalışır ki,
öz yaradıcılığı
ilə təmiz, büllur sevgisini qoruyub saxlasın. Gedib Füzuli
ucalığına, söz-sənət
ucalığına çata
bilsin. Bir şair kimi
Vəfanın xoşbəxtliyi
ondadır ki, heç kəsin təsirinə düşməyib,
öz çığırı
ilə gedir. Hər bir şeirində yeni fikir, yeni
nəfəs duyulur.
Hər kəlməsində bir məna, fəlsəfi duyum var. Vəfa kimi gənclərimizin yaradıcılığını oxuduqca sevinməyə bilirmirsən. Ona görə
ki, ölkəmizdə
o cür istedadlı gənclər yetişir və zamanı, dövrü qabaqlayan əsərlərilə könülləri
fəth edir, tarixin kitabında, ədəbiyyat aləmində
yeni səhifələr
açır.
V.Həsənovanın poetik müşahidə qabiliyyəti olduqca güclüdür. Sözün məntiqi çalarları
yadda qalandı. Baxıb təsəvvür edirsən
ki, şairin həm dərdi boy atır, həm də onun bütün
dərdləri bir qəmli simin üstə köklənib.
Şairənin "Nə
olar Allahım, çox görmə mənə" şeirindəki
sözlərdə nə
qədər ülvi duyğular, nə qədər inci duyumlar var:
Qəlbim təlaşlıdır, gözlərim yaşlı,
Ya Rəbbim üzümü tutmuşam
sənə.
Səndən tək istəyim,
təkcə diləyim,
Nə olar
Allahım, çox görmə mənə.
Sən onu
çox görmə,
çox görmə mənə.
Vəfanın "Səsini
eşitmək həsrətindəyəm"
şeiri də təzə deyim, yeni məna baxımdan təsirlidir:
Telefon zəngləri
ömrümə bahar,
Təkliyi qılınclar, təkliyi
yıxar.
Elə bil
ömrümə təzə
gün çıxar,
Səsini eşitmək həsrətindəyəm.
Yaradıcılığından göründüyü kimi
Vəfa çalışqandır. Öz üzərində
çox işləməyi
xoşlayır. Bədii əsərlərə,
dünya ədəbiyyatına
üz tutur, ondan qaynaqlanmağa çalışaraq, daha çox mütaliə etməyə üstünlük
verir. Bir şair kimi
Vəfa sözçülükdən,
boyalıqdan qaçır.
Sözü yerində işlətməklə
onun mənasını,
fəlsəfi gücünü
artırmağa çalışır.
Bir sözlə, fikrini sadə, poetik dildə oxucularına çatdırır:
Kədərimə qısılmışam,
Uçub dünyam, uçub
dünyam.
Sən məni
yalqız qoymusan,
Bu dünyadan köçüb
dünyam!
Misralardan görünür ki, gənc şair bu şeirin necə də ustalıqla qələmə
alıb. "Kədərinə
qısılmışam" deməklə bu fani dünyada keçirdiyi iztirabları,
ağrıları göstərdi.
Dünyanın kədərinə sığınaraq içində
pünhan qalmış
acı taleyini yaşayır və dərdini öz dünyasına söyləyir.
O dünya ki, onun içində olan saf qəlbinin
dünyasıdır.
V.Həsənovanın şeirlərindən göründüyü
kimi o, yersiz danışmaqdan, qərəzçilikdən,
qeybətdən xoşlanmır. O, hər
zaman haqqı deməyə üstünlük
verir. Elə bu səbəbdən də dilinin başına bəla olduğundan şikayətlənir:
Dilimdir başıma
açan bəlanı,
Olmayanı demir, deyir olanı.
Saxlamaq istəmir
bu ağ
yalanı,
Söyləyir, faş edir, fikir dünyanı,-
deməklə bu dünyanın haqsızlığına
qarşı çıxır,
onu kövrək misralarına çevirərək
insanları ağ yalanlardan uzaq olmağa çağırır.
Lakin V.Həsənovanın şeirlərində
zəif bəndlərə,
qafiyəsi yerinə düşməyən misralara
da rast gəlmək
olur. Biz inanırıq V.Həsənova bir şairə kimi getdikcə püxtələşəcək
və poeziyamızın
söz zirvəsində
öz layiqli yerini tutacaq.
Qələndər Xaçınçaylı
Həftə içi.- 2011.- 22-24 yanvar.- S. 15.