"AŞ PA Azərbaycanın
ərazi bütövlüyünü
dəstəkləyir"
Mövlud Çavuşoğlu: "Xüsusi qətnamədə
işğalçı Ermənistan qoşunlarının Azərbaycan
ərazilərindən çıxarılması tələb
olunur"
Dünən AŞ
PA-nın qış sessiyasında Azərbaycanda
keçirilmiş parlament seçkisi ilə bağlı
hesabat təqdim olunub. Hesabatı AŞ PA-nın Azərbaycanda
parlament seçkisində müşahidə missiyasının
üzvü Tadeuş İvinski təqdim edib. Tadeuş
İvinski çıxışı zamanı bildirib ki, bu,
olduqca tarazlaşdırılmış hesabatdır. Qurum
nümayəndəsinin sözlərinə görə, onlar
seçki zamanı irəliləyişin olduğunu
müşahidə ediblər. AŞ PA müşahidəçilərinin
fikrincə, seçki uğurlu keçib. Lakin AŞ PA hesab
edir ki, Azərbaycan bu istiqamətdə daha çox səy
göstərməlidir ki, seçki sahəsində konsensus əldə
olunsun. Tadeuş İvinski əminliklə bildirib ki, AŞ PA
bundan sonra da ümumilikdə bu sahədə Azərbaycanla əməkdaşlıq
əlaqələrini davam etdirəcək və ölkəmizdə
demokratiya sisteminin möhkəmləndirməyə yardım
etməyə hazıdır: "Bəzi həmkarlarımız
bizim seçki ilə bağlı hesabatımızı bəyənmir
və bunun qeyri-obyektiv olduğunu və 7 noyabr seçkilərinin
düzgün keçirilmədiyini bildirir. Bizim müşahidə
missiyamızın üzvləri də irəliləyişlərin
olduğunu qeyd edirlər. Lakin AŞ PA hesab edir ki, Azərbaycan
bu istiqamətdə daha çox səy göstərməlidir
ki, seçki sahəsində konsensus əldə olunsun".
Qurum prezidenti Mövlud
Çavuşoğlu isə keçirdiyi mətbuat
konfransında bildirib ki, Dağlıq Qarabağ münaqişəsi
təkcə Avropa Şurası üçün deyil, həm də
Avropa üçün önəmlidir və həllini gözləyən
bir məsələdir. Onun sözlərinə görə,
AŞ PA Ermənistan - Azərbaycan,
Dağlıq Qarabağ
münaqişəsinin sülh
yolu ilə həllini istəyir və bu istiqamətdə
müəyyən səylər
göstərir. "Azərbaycanın
Avropa Şurasına üzvlüyünün 10 illiyini
salamlayıram. Bu 10 il ərzində, şübhə yoxdur ki, Avropa Şurası,
Avropa Şurası Parlament Assambleyası Azərbaycanda demokratiyanın,
təşkilatın təməl
prinsiplərinin təşviqi
və möhkəmlənməsinə
böyük töhfə
verib. Lakin vəziyyəti daha da yaxşılaşdırmaq
imkanları var. Ümid edirəm ki, gələcəkdə
irəliləyişlər əldə
ediləcək. Biz tərəfdaş kimi işləyirik və daha da yaxşı
nəticələr əldə
etməyə şübhə
etmirik". Qeyd edək ki, qurumun
qış sessiyası
çərçivəsində AŞ PA-nın Dağlıq Qarabağ üzrə Alt Komitəsinin uzun müddətdir keçirilməyən iclası
da təşkil olunacaq. Çavuşoğlu
bu komitənin iclasının baş tutmasını istədiklərini
bildirib. O hesab edir ki, Avropa
Şurasının iki
üzvü, Ermənistan
və Azərbaycan arasında münaqişənin
olması AŞ-nın
özü üçün
böyük bir problemdir: "AŞ PA-nın
2005-ci ildə xüsusi
qətnamə qəbul
edib və həmin sənəddə
Ermənistan işğalçı
dövlət kimi göstərilir, eyni zamanda işğalçı
Ermənistan qoşunlarının
Azərbaycan ərazilərindən
çıxarılması tələb
olunur. AŞ PA münaqişə ilə bağlı öz mövqeyini əsla dəyişməyəcək. İki
ölkənin nümayəndə
heyətləri arasında
danışıqlar da
məhz bunun əsasında aparılır
və qurum Azərbaycanın ərazi
bütövlüyünü dəstəkləyir və
bunu davam etdirəcək". Çavuşoğlu
Azərbaycanda keçirilən
parlament seçkisinə
də toxunub: "Bu seçkilərdə
AŞ PA-nın xüsusi
nümayəndə heyəti
olub. Bu sessiya çərçivəsində
həmin nümayəndə
heyətinin müşahidələri
bir hesabat şəklində məruzə
ediləcək və müzakirə olunacaq".
Çavuşoğlunun
sonda toxunduğu məsələlərdən biri də, Azərbaycanın
Avropa Şurasına üzvlüyünün 10 illiyinin qeyd
olunması ilə bağlı məsələ olub. O bu məsələnin
sessiya çərçivəsində
yüksək səviyyədə
qeyd olunacağını,
xüsusi mərasimlərin
keçiriləcəyini, sessiyada
nümayəndə heyəti
ilə yanaşı, Avropa Şurasının əsas simalarının da məhz bu
məsələ ilə
bağlı öz fikirlərini bildirəcəyini,
quruma Azərbaycanın
üzv olmasından sonra Azərbaycanın qazandıqları və onun inkişafına təsir edən amillərin də müzakirə predmetinə
çevriləcəyini bildirib.
M.Çavuşoğlu təəssüflə
vurğulayıb ki, Ermənistanda bəzi siyasi rəhbərlər bu məsələnin
AŞ PA sədrinin şəxsi
layihəsi olduğunu
bildirirlər: "Bu,
səhv fikirdir. Məsələyə Ermənistana
rəsmi səfərim
zamanı aydınlıq
gətirmişəm. Bu,
şəxsi bir layihə deyil, AŞ PA-nın qəbul etdiyi qərardır.
AŞ PA sədrinin bu
məsələni Büroya
təqdim etmək öhdəliyi var. Bu, AŞ PA sədri kimi mənim vəzifəmdir. Məsələ
büronun cümə
günü keçiriləcək
iclasında müzakirə
olunacaq. Alt Komitənin sədri postuna hələ namizədlər irəli sürülməyib".
Əli Zülfüqaroğlu
Həftə içi.- 2011.- 25 yanvar.- S. 1-2.