"Öz pyeslərimə quruluş verə bilmirəm"

 

Robert Sturua: "Gürcüstan normal relsə düşə bilmir, bundan narahatam"

 

Dünyaşöhrətli gürcü rejissor Robert Sturua təkcə Azərbaycan və Gürcüstanda yox, eləcə də bütün dünyada tanınır. Maraqlı və fərqli yozumlu tamaşalarla Robert Sturua artıq uzun illərdir dünya miqyasında bilinən və tələb olunan rejissorlardandır. Gürcü rejissorla onun iş yerində - baş rejissoru olduğu Şota Rustaveli adına Gürcüstan Dövlət Teatrında görüşdük.

- Cənab Sturua, söhbətimizə istərdim quruluş verəcəyiniz yeni tamaşanızla başlayaq.

- Yunanıstan paytaxtı Afinada Vilyam Şekspirin "Şıltaq qızın yumşalması" pyesinin quruluşuna başlayacağam. Hazırlıq prosesi təxminən 6 ay çəkəcək. Əslində məşqlərə çoxdan başlanılmalı idi, ancaq səhhətimdə yaranmış problemlərdən dolayı təxirə salındı.

- Yaradıcılığınızda Şekspir dramaturgiyasına daha çox yer verirsiniz. Dramaturqun, demək olar ki, bütün pyeslərini hazırlamısınız, hətta eyni əsərə təkrar müraciətləriniz də olub. Şekspirə belə bağlılıq onun məşhur adı ilə bağlıdır, yoxsa dramaturqa duyduğunuz məhəbbətdən irəli gəlir?

- Şekspir universal olmağı ilə yanaşı, həm də insani hisslərin incəliklərini çox gözəl duymuş bir yazıçıdır. Onun pyeslərində sanki hər şey aydındır, qəhrəmanların ehtirasları, əməlləri, bu əməllərin səbəbləri və ən önəmlisi bütün bunlar müasir dövrümüzlə də dolayı yollarla olsa da, səsləşir. Digər tərəfdən bu, həm də poeziyadır. Mən şeir formasında yazılmış poeziyanı yox, teatrın poeziyasını nəzərdə tuturam. Şekspir əsərlərinin mahiyyəti sona qədər ancaq teatrda əyan olur. Əsəri səhnəyə gətirəndə sanki magiya baş verir və özünü Şekspirin qeyri-adi, çox qəddar, bəzən isə çox romantik dünyasında bulursan. Onun bütün əsərləri özündə psixoloqizmi, farsı, yüksək faciəni, traqikomediyanı birləşdirir, hətta deyərdim ki, böyük məhəbbətlə yanaşı, çox qəribə bir ədəbsizlik də var. Belə qəribə qarışıq hisslər toplusu yalnız böyük ədiblərdə ola bilər. Bu, insanları cəzb etməyə bilməz. Qısası, Şekspir dünyası sirlərlə doludur. Mənim də mütəmadi müraciətlərimin səbəbi onun böyüklüyünə duyduğum məhəbbətdən irəli gəlir. Ancaq məhəbbəti, birini niyə sevdiyini anlatmağa çalışsan, bütün izahlar sənin həqiqətdə hiss etdiklərinin yanında "primitiv" görünəcək.

- Bəs "Şıltaq qızın yumşalması"nda sizi nə cəlb etdi?

- Əsər sanki əhəmiyyətsiz bir şey, bir zarafatdır. Ancaq qəfil anladım ki, o əsərdə müasirlərə təqdim edə biləcəyim çox güclü bir zolaq var. Məsələn, Katarina niyə kişilərə nifrət edir? Qəhrəman nə səbbədən Katarina ilə belə davranır. Bütün bu suallara cavab vermək çox çətindir.

- Cavab tapa bildiniz?

- Təbii ki, müəyyən cavablar var. Ancaq hələ ki rüşeym halındadır.

- Sizin hazırlamaq iqtidarında olmadığınız bir əsər varmı? Yoxsa bəzi rejissorlar kimi "10 barmaqda 10 məharət sahibiyəm" deyirsiniz?..

- 10 barmaqda 10 məharət sahibi olmaq istərdim, təbii ki (gülür). Zənnimcə, Molyerlə "münasibətlərim" çox da yaxşı deyil. Hərçənd İsraildə "Tartüf"ü hazırlamışdım və heç də pis alınmamışdı. Ancaq yenə də mənə elə gəlir ki, hansısa "sirri" aça bilmədim. Gələcəkdə Molyerə təkrar müraciət etsəm, bu, yəqin ki, "Mizantrop" əsəri olacaq. Müxtəlif janrlı pyeslərə quruluşumda elə bilirəm ki, bir səhnə müəllifi kimi öz baxışımı, öz münasibətimi verə bilmişəm.

- Bəs özünüz pyes yazırsınız?

- Yazırdım, ancaq sonradan bu qrafomanlığımdan əl çəkdim.

- Uğursuz alınırdı, yoxsa kəskin tənqidlərə tuş gəldiniz?

- Yox, sadəcə, rejissor pyes yazanda rejissorsayağı yanaşır. Təkcə rejissor yox, məsələn, dramaturq da, elə siz özünüz də pyesi oxuyanda artıq təsəvvürünüzdə canlandırırsınız, bir növ səhnələşdirirsiniz beyninizdə. Ona görə də öz pyesimin quruluşuna başlayanda sanki əsas xüsusiyyət itir, pyesi fərqli formada təsvir edə bilmirəm. Mənim tərəfimdən yazılmış pyesi hazırlamağa artıq marağım qalmır.

- Siz öz teatrınızda çalışmaqla bahəm, həm Rusiya, həm də Qərb teatrlarında tamaşalar hazırlamaq üçün mütəmadi dəvətlər alırsınız. Çətin olmur ki, bu qədər işi bir araya sığışdırmaq?

- Bir mövsümdə mən 2 pyes tamaşaya qoymalıyamsa, digər rejissorlara da kömək hesabı ilə lazımından artıq qoyuram. Başqa teatrlarla da əməkdaşlığımı öz teatrım qarşısında borcumu verdiyim halda edirəm. Hərdən çox yorulsam da, istirahət etmək alınmır. Çünki bir həftə sonra yenidən işləmək istəyirəm. Sakit dayana bilmirəm, daim qeyri-sabit bir vəziyyətdəyəm.

- Teatr dili həmişə ən təsiredici, hətta bəzən ən təhlükəli sayılırdı. Çünki məhz teatr quruluşları insanların şüuruna təsir gücünə malik idi. Bəs müasir dövrdə şəxsən sizin tamaşalarınızın ictimai-siyasi fikrə təsiri varmı? Gürcüstan bu "təhlükə"ni hiss edirmi?

- Düşünürəm, hardasa hiss edir. Amma o dərəcədə də yox ki nələrinsə dəyişilməsində bilavasitə tamaşalarımın böyük rolu olsun. Mənim quruluşlarım əsasən xeyirxah insanlara ünvanlanıb. Bir növ normal düşüncəli insanlara müraciət edərək onları qorxmamağa çağırıram, şərin cəzalandırılacağı günün gələcəyinə, əsrlər öncə bizə vəsiyyət edilmiş ehkamların hər şeyə rəğmən qüvvədə olacağı ümidini verirəm.

- Robert Sturuanı bu gün daha çox düşündürən, narahat edən nədir?

- Ölkəmin problemləri məni çox narahat edir. Gürcüstan heç cür normal relsə düşə bilmir. Bu da, təbii ki, həm sadə, həm də bizə - yaradıcı insanlara mane olur.

- Keçən il Bakı səhnəsində "Biderman və təhrikçilər" tamaşanız göstərildi. Burada çox incə, eyni zamanda olduqca kəskin şəkildə Gürcüstanın ictimai-siyasi reallığını əks etdirmişdiniz. Bu tamaşanızla gürcü siyasətçiləri və ya sadə insanların şüuruna təsir göstərə bildinizmi?

- Təəssüf ki, yox, siyasətçilərə heç bir təsiri olmayıb, çünki onlar bizim teatra gəlmirlər.

- Zaman, yoxsa həvəs qıtlığındandır?

- Məncə, bilərəkdən gəlmirlər. Sadə insanlara isə sakitləşdirmək baxımından təsir edir. Ancaq bir çox gürcü seyriçiləri tamaşanın mahiyyətini, altqatını anlamadılar. Həmin tamaşa ilə Kiyevdə də olduq, orada da eyni halı yaşadıq. Ümumiyyətlə, Ukraynada "teatr dili" bir qədər geriləyib. Səhnədə göstərilənləri "oxuya" bilmirlər. Nədənsə, çoxlarına elə gəlir ki, əgər teatr, həyatı əks etdirirsə, deməli, onu anlamaq çox asandır. Səhnədə baş verənləri sabun operası, serial kimi qəbul edirlər. Gördüklərindən nəticə çıxarmaqsa, ya istəmirlər, ya da çox çətindir. Söhbət, təbii ki, teatr bilicilərindən yox, kütləvi auditoriyadan gedir.

- Bəs Azərbaycan seyrçisi necə "Biderman və təhrikçilər" tamaşasında ötürdüyünüz mesajı anlaya bildimi, sizcə?

- Həmin qastrol səfəri zamanı mən Bakıda olmamışdım, amma aktyorların sözlərinə görə, çox gözəl qarşılanıb.

- Sizin üçün teatrın fəlakəti nədədir?

- Teatrda, tamaşada darıxmaq elə fəlakət kimi bir şeydir. Mən teatrda darıxmamalıyam. Rejissor bir tamaşanı istədiyi kimi hazırlasın, lazım bildiyi bütün teatr vasitələrindən istifadə etsin, bir sözlə, nə istəyirsə, eləsin, ancaq tamaşaçını darıxdırmamalıdır. İndiki zamanda çox qəribə bir dalğa yaranıb. Darıxdırıcı olmayan tamaşa teatrşünaslar tərəfindən müsbət dəyərləndirilmir. Əksər teatrşünaslar hesab edir ki, müasir tamaşaların estetikası məhz süstlük, darıxdırıcılıqdır.

- Tənqidə münasibətinizi bilmək istərdim. Tez-tez tənqid olunursunuz?

- Tamaşadakı ideyaları gizlətməyə tənqid bəzən məcbur olur. Tamaşanın mövzusunu belə deməyi bacarmayan tənqidçilərlə yanaşı, normal düşünən tənqidçilər də var. Tənqid adı ilə təhqir edən "tənqidçilər" də az deyil. Düzdür, Rusiyada buna daha çox rast gəlinir, yəni resenziya adı ilə pamflet, hətta açıq şəkildə söyüş yazanların sayı orada daha çoxdur. Həqiqi tənqidçilər, illər öncə vardı. Onların tənqidi iradları, məsləhətləri üzərində düşünüb bir nəticəyə varırdım. Eyni zamanda mənim nə istədiyimi bilərək traktovkalarımdakı yanlışlıqdarı göstərirdilər. Mən ozamankı tənqidçilərdən öyrəndim ki, hər şeyin izahını "primitivcəsinə" açmamalıyam.

 

 

Sevda Babayeva

 

Həftə içi.- 2011.- 25 yanvar.- S. 7.