Qərbi Azərbaycan Mühacirət Hökumətinin
yaradılması bizə
nə verə bilər?
Ziyalılar ideyanı birmənalı
qarşılamırlar
Bir müddət öncə sabiq millət vəkili
Gültəkin Hacıbəyli Qərbi Azərbaycan Mühacirət
Hökumətinin yaradılmasını təklif etmişdi. O bildirmişdi
ki, mühacirət hökumətinin yaradılması Qərbi
Azərbaycan torpaqlarının unudulmaması və oradan
qovulan soydaşlarımızın hüquqlarının bərpası
üçün müsbət rol oynaya bilər. Amma
üstündən xeyli vaxt keçsə də, ideya ətrafında
müzakirələr aparılmadı və gündəmdən
çıxdı.
Xatırladaq ki, bu ideya əvvəldən
də olub, amma uğur qazanmayıb. Uğur qazana bilməməsinin
səbəbi bundan daxili siyasətdə istifadə
olunmasıdır. Maraqlıdır, mühacir hökuməti
yaranacağı təqdirdə əvvəlki qüsurların
təkrarlanmayacağına kim zəmanət verəcək?
Məsələylə
bağlı "Həftə içi"nə
açıqlama verən G.Hacıbəyli diqqətə
çatdırdı ki, Qarabağ danışıqları elə
bir mərhələdir ki, Azərbaycan tərəfi hər
hansı bir addım atmazdan öncə bunun sülh
danışıqları prosesinə hansısa formada ziyan vurub
vurmayacağını hesablayır: "İndiyə qədər
Azərbaycan özünü etibarlı tərəf kimi təqdim
edib. Təbii ki, Azərbaycan əbədi olaraq Minsk Qrupunun fəaliyyəti
nəticəsində torpaqlarının işğal altında
qalmasına razı olmayacaq. Bu baxımdan
düşünürəm ki, artıq Qərbi Azərbaycan Mühacir
Hökumətinin yaranması üçün zaman yetişib.
Yaxın günlərdə bu ideyanın yenidən gündəmə
gətirilməsi zərurəti yaranacaq".
Məsələyə
münasibətini açıqlayan Milli QHT Forumunun prezidenti
Rauf Zeyni diqqətə çatdırır ki, son 15 il ərzində
Qərbi Azərbaycan Mühacir Hökumətinin
yaradılması ilə bağlı bir neçə dəfə
uğursuz cəhdlər olub. Onun sözlərinə görə,
bunun üçün əvvəlcə beynəlxalq mühit
öyrənilməlidir: "Yalnız bundan sonra və ehtiyac
olduğu halda bu addımı atmalıyıq. Onsuz da İrəvan
məsələsi ilə bağlı daimi fəaliyyət
göstərilir, təbliğat aparılır. Əvvəllər
mühacirət hökumətinin yaradılması xüsusi məsələ
olduğuna görə, bunun əleyhinə olmuşuq.
"10 dəfə təşkilat yaradıb,
özümüzü biabır edirik"
Hesab edirdim ki, o vaxt
buna hazır deyildik. İndi Azərbaycanın kifayət qədər beynəlxalq nüfuzu var, iqtisadi və
öz sözünü
demək imkanları artıb. Sözdə "Qərbi Azərbaycan
Mühacir Hökuməti
qurulsun" demək asandır. Təşkilatın ciddi fəaliyyətini
qurmaq çətin məsələdir. Bunun üçün
ciddi araşdırmalar
aparılmalı, görüşlər
keçirilməli, çoxsaylı
müzakirədən sonra
qərar qəbul olunmalıdır. Təşkilatı beynəlxalq səviyyədə
qura biləcəyiksə,
onda bu addımı
atmalıyıq". R.Zeyni
həmçinin əlavə
etdi ki, mühacirət hökumətinin
yaradılmasının mənfi
tərəfləri də
var: "Bir təşkilatı 10 dəfə
yaradırıq, özümüzü
dünyada biabır edirik, bunun da
nəticəsi olmur. Burada hamının günahı
var. Hanı Zəngəzur
təşkilatları, İrəvan
Mühacirət Hökuməti?
Bu məsələyə ölkə ziyalıları
tərəfindən ciddi
münasibət olmalıdır".
"Hər yarağımız düzəlib, bir saqqal
darağımız qalıb"
"Hər
yarağımız düzəlib, bir saqqal darağımız
qalıb" deyən Azərbaycan Ziyalılar Birliyinin (AZB) sədri
Eldəniz Quliyev vurğuladı ki, əgər divident
qazanacaqsa, onda bu təşkilatı yaratmaq lazımdır:
"Amma mən bu təklifi qeyri-ciddi hesab edirəm. Biz bu
gün Qərbi Azərbaycan və Qarabağ məsələsində
qətiyyət nümayiş etdirməliyik. Bu ilk növbədə
yuxarıdan aşağı gələn prinsiplə
olmalıdır. Şüarla deyilən sözlər
reallaşdırılmalıdır".
Millət vəkili Ana Vətən
Partiyasının sədr müavini Zahid Oruc isə bildirdi ki,
bu məsələ Azərbaycanın müstəqillik
dövründə hər zaman gündəmə gəlib. Hətta
ilk dövrlər nəinki hökumətin, mühacir parlamentin
yaradılması üçün real addımlar da
atılıb: "Qədim türk yurdu olan İrəvandan
deportasiya edilmiş azərbaycanlılar müxtəlif siyasi-ictimai
təşkilatlarda birləşməyə
çalışıblar. Onların kompakt birliklərindən
belə modellərdə istifadə etmək və bununla da Ermənistanın
mövqeyinə təsir göstərmək istəyi həmişə
düşünülüb. Bu ideyanın başqa bir nümunəsi
yaranmışdı. Təşkilatı Fələstinin
mühacir qurumu ilə eyniləşdirənlər var idi.
Başqa ölkələrdə də bu taktikanın əlverişli
işlədiyini vurğulayırdılar. İlk dövrlər
həmin qurumlar vasitəsilə Ermənistanın diplomatik
müharibədə və Azərbaycan əleyhinə
apardığı propoqandada həmin qrupların öz tarixi
torpaqlarına qayıdış səsini qaldırmaq,
onları ölkəmizə təşrif buyuran beynəlxalq
qurum təmsilçilərinə təqdim etmək də
mümkün idi". Sonrakı dönəmlərdə
baş verənlərdən təəssüflənən millət
vəkili diqqətə çatdırdı ki, həmin qrupun
nümayəndələri bir sıra hallarda daxili siyasi
maraqlara yönəlmək, ayrı-ayrı partiyaların
çevrəsində qərar tutmaq, hansısa bölgəni
bu partiyalara qatmaq və beləliklə də mübarizəni
regional aspektə çıxarmaq yönündə səhvlər
baş verdi: "Əslində xaricə yönəlməli
olan bu xətti ölkədaxili situasiyada hansısa partiya
qrupları öz maraqları istiqamətində istismar etməyə
başladı. Bundan sonra onlar mühüm
ictimai-siyasi həyatdan
silindilər və proses sona çatdı.
Hazırki situasiya fərqlidir.
Azərbaycanın dövlət rəhbəri
bir neçə dəfə çıxışında,
xarici medialar və beyin mərkəzlərində
mövqelərini açıqlayarkən
Ermənisatnın paytaxtı
və ərazisinin tarixi torpaqlarımız olduğunu vurğulayıb.
Bu amil o deməkdir
ki, Azərbaycan Ermənistana nəinki Qarabağ uğrunda mübarizəni, eyni zamanda bütün tarixi ərazilərinin iddia hüququnu özündə saxladığını
göstərməyə çalışır".
Əli Zülfüqaroğlu
Həftə içi.- 2011.- 15-17 yanvar.- S. 8.