Abdullah Gül Avropanı ədalətli olmağa çağırdı

 

"Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı BMT qətnamələrində göstərilib və tanınır"

 

Türkiyə prezidenti Abdullah Gül Avropa Şurası Parlament Assambleyasındakı çıxışı zamanı Dağlıq Qarabağ münaqişəsi, qondarma erməni soyqırımının tanınması, Ermənistanla münasibətlərin normallaşdırılması kimi məsələlərə toxunub. Türkiyə mətbuatının məlumatına görə, Gül 1915-ci il olaylarının "soyqırım" sözü ilə ifadə olunmasına qarşı çıxıb: "Tariximizdə soyqırım həyata keçirildiyini qəbul etmirik. Əgər bunu qəbul və iddia edənlər varsa - təbii ki var - onlara çox açıq bir mesaj göndəririk. Gəlin ortaq bir komissiya quraq. Soyqırım olduğunu deyən elm adamları bir araya gəlsinlər, sona qədər sivill, hərbi arxivlərimizi açaq. Bu komissiya fəaliyyət göstərsin, onun nə nəticəyə gələcəyini qəbul edək.

Hətta üçüncü bir tərəf varsa, onlar da gəlsinlər və birgə çalışaq. Sonra nəticəni açıqlayaq. 100 il əvvəl baş verənlər 1 Dünya müharibəsi zamanı cərəyan edib. Həmin vaxt çox acı olaylar yaşanıb və biz də təbii ki, bundan üzülürük. Osmanlı torpaqları üzərində türk dövləti 4 cəbhədə müharibə apardığı bir vaxtda bəzi vətəndaşlarımızın təhrik edilməsiylə bağlı onların yeri dəyişdirildi. Bu o zamanın şərtləri ilə həyata keçirilib. Toqquşmalar zamanı həyatını itirən insanlar olub. Bunlar üzüləsi olaylardır. Soyqırımın baş verməsi üçün bir din və ya irqə mənsub olanları davamlı öldürməmiz lazım idi. O zaman isə erməni vətəndaşlarımız Osmanlı dövlətinin yüksək məhkəmələrinin üzvləri, rəhbərləri olublar. Hətta bəzi paytaxtlarda Osmanlını təmsil edən səfir kimi də fəaliyyət göstəriblər. İstambuldakı bütün erməni kilsələri açıqdır. Buna soyqırım desəniz qəbul edilməz". Gül onu da deyib ki, başda Atatürk olmaq üzrə Türkiyə dövlətini quranlar yeni nəsillərə düşmənçilik və nifrət yeritməmək üçün uzun illər təbliğat aparıblar. Halbuki həmin müharibələr zamanı Balkanlarda yaşayan milyonlarla türk Türkiyəyə qayıdarkən 3 milyonundan artığı həlak olub. İndiki nəsillərdə qonşularına nifrət oyatmamaq üçün bunların heç biri uzun illər açıqlanmadı və daima irəli baxıldı: "Tarixlə birgə yaşasaq Avropada heç kim bir-birinin üzünə baxa bilməz. Hamımız bərabər gələcəyə baxmalıyıq." A.Gül Türkiyənin bütün qonşu ölkələrlə yaxşı münasibətlərin qurulmasının tərəfdarı olduğunu da bildirib: "Türkiyənin son vaxtlar tətbiq etdiyi xarici siyasətdən xəbəriniz var. Türkiyə qonşuları ilə sıfır probleminə söykənən xarici siyasət kursu həyata keçirir. Ermənistan da bizim qonşumuzdur və biz 1-ci Dünya müharibəsində acı hadisələrin yaşandığı bir neçə ili çıxmaq şərti ilə min illər birgə yaşamışıq. Bunun xaricində, bizim ortaq mədəniyyətimiz, ortaq anlayışlarımız var. Ermənistanla da münasibətlərimizi yaxşılaşdırmağı çox arzu edirik. Ermənistana ilk səfər edən Türkiyə prezidenti mən oldum, Ermənistan prezidentinə yazdığım məktubda da münasibətlərin normallaşdırılması yönündə cəsarətli addımların atılmasının vacibliyini qeyd etmişdim". Abdullah Gül bildirib ki, əsas məqsəd münasibətləri normallaşdırmaqdır, siyasi iradəmiz də bu istiqamətə yönəlib: "Bildiyiniz kimi, iki ölkə arasında protokollar imzalandı. Bunların ratifikasiya olunmasını arzu edirik. Lakin Azərbaycan torpaqlarının 20%-nin Ermənistan tərəfindən işğalı faktı BMT Təhlükəsizlik Şurasının qətnamələrində təsbit olunub və tanınır. Bu işğala son verilməsi tələb olunur. Bunu gərəksiz bir hadisə kimi bir kənara qoymaq olmaz. Siz sualınızda "Azərbaycanın torpaqları işğal olunduğu üçün bu protokolları ratifikasiya etmirsiniz" deyirsinizsə, o zaman siz də sanki bu işğal faktını əhəmiyyətsiz bir şey kimi dəyərləndirirsiniz. Bu isə Avropa Şurasının da, BMT-nin də prinsiplərinə tamamilə ziddir. Azərbaycanın ərazi bütövlüyü hamı tərəfindən tanınır, hətta Ermənistan da işğal etdiyi torpaqların Azərbaycana aid olduğunu bilir. Qafqazın təhlükəsiz əməkdaşlığa dayanan regiona çevrilməsi vacibdir. Türkiyə, Azərbaycan, Gürcüstan, Ermənistan, Rusiya da daxil olmaqla bu coğrafiyanı təhlükəsiz əməkdaşlığa dayanan region halına gətirmək lazımdır. Bu problemlərin olduğu halda, Qafqaz regionu Avropa ilə Asiya arasında divar olaraq qalacaq. Amma burada təhlükəsizlik təmin olunsa, problemlər həll edilsə, o zaman Qafqaz Avropa ilə Asiya arasında çox böyük bir qapıya çevrilər, bütün Qafqazın rifahı, iqtisadiyyatı sürətlə inkişaf edər. Buna görə, hamımızın birgə bu problemləri həll etmək üçün səy göstərməyimiz lazımdır. Bizim bu istiqamətdə çox böyük siyasi iradəmiz var. Ümid edirik ki, regiondakı problemlər həllini tapacaq".

  

 

Azad

 

Həftə içi.- 2011.- 26 yanvar.- S. 1-2.