Mehriban Əliyeva Qafqaz xanımları arasında liderdir

 

Dünən "Exo Kavkaza" saytında rusiyalı jurnalist Oleq Kusovun "Qafqazın "birinci xanımları" başlıqlı məqaləsi yerləşdirilib. Sayta görə, "Qafqazın müsəlman Şərqi" sayılan Azərbaycanda prezidentin xanımı ən fəal və ən müasir birinci xanım sayılmalıdır. Müəllif yazır ki, çoxları məhz Mehriban Əliyevanı Cənubi Qafqazda ən nüfuzlu avropalı qadın adlandırır.

O.Kusovun yazdığına görə, M.Əliyeva təkcə Azərbaycanda deyil, ölkə hüdudlarından çox-çox uzaqlarda da böyük hörmət qazanıb və insanlar ona səmimi rəğbət bəsləyirlər. Materialda bakılı politoloq Yevgeni Kriştalyovun da fikrinə istinad edilir. O hesab edir ki, M.Əliyeva "Mahiyyət etibarilə lider qadındır, özünün qəti və aydın vətəndaş mövqeyi ilə seçilən bir xanımdır. O, birinci xanım titulunun yükünü, sadəcə, daşımır, ölkə parlamentinin deputatı, Heydər Əliyev Fondunun rəhbəri, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri kimi ölkənin ictimai-siyasi həyatında baş verən hadisələrdə bilavasitə iştirak edir. O, həmin vəzifələri, sadəcə, zərurət xatirinə, Azərbaycan prezidentinin xanımı olduğuna görə deyil, səmimi qəlbdən, düşünülmüş şəkildə yerinə yetirir. Mehriban xanımın insani keyfiyyətləri ona dünyanın güclü simalarının çoxu ilə dil tapmağında da ciddi kömək edib".

  

 

Vüsal

 

Həftə içi.- 2011.- 26 yanvar.- S. 1.