"Ermənilər əleyhimizə bircə söz belə deyə bilmirlər"

 

Samir İmanov: "İstənilən məsələnin müsbət həll ediləcəyinə zəmanət verə bilərəm"

 

Birləşmiş Ərəb Əmirliklərində fəaliyyət göstərən "Azərbaycan" Cəmiyyəti öz fəallığı ilə seçilir. Azərbaycan diasporunun oradakı fəaliyyəti və digər məsələlərlə bağlı suallarımızı "Azərbaycan" Cəmiyyətinin sədri Samir İmanov cavablandırdı.

 

- Rəhbərlik etdiyim təşkilat həmişə öz şüarına sadiq qalaraq Azərbaycan xalqına və dövlətinə xidmət etməklə məşğuldur. Azərbaycanın siyasi, mədəni və digər mühüm sahələrdə maraqlarını Birləşmiş Ərəb Əmirliklərinin bütün dövlət və Qeyri-Hökumət Təşkilatlarının dəstəkləməsinə nail olmuşuq. Burada yaşayan yerli və gəlmə xalqların nümayəndələrinin Azərbaycana səfər etməsini və oraya investisiya qoymalarına sövq etmək üçün əlimizdən gələni edirik. Media əməkdaşlarının isə Azərbaycan haqqında dolğun və həqiqəti əks etdirən məqalə və kitablar yazmasına çalışırıq. Azərbaycanın milli, dovlət bayramlarını və tarixi hadisələrini yüksək səviyyədə qeyd edərək bu barədə Birləşmiş Ərəb Əmirlikləri Cəmiyyətini mümkün olan vasitələrlə məlumatlandırırıq. İstər burada yaşayan, istərsə də gəzinti və ya iş məqsədilə buraya gələn və müxtəlif problemlərlə üzləşən soydaşlarımıza tam köməklik göstərmək üçün əlimizdən gələni əsirgəmirik. Dəfələrlə Birləşmiş Ərəb Əmirliklərinə gəlmək istəyən insanlar yerli dövlət qurumları ilə viza problemləri ilə üzləşdikdə bizə müraciət ediblər və hər bir müraciət öz müsbət həllini tapıb. Tam qətiyyətlə deyə bilərəm ki, Azərbaycanın dövlət qurumları bu gün hər hansı bir məsələ ilə bağlı bizə müraciət edərsə, hər bir məsələnin müsbət həll ediləcəyinə zəmanət verə bilərəm.

- Orada erməni diasporunun fəaliyyəti varmı?

- Təbii ki, bütün ərəb dünyasında olduğu kimi, Birləşmiş Ərəb Əmirliklərində də ermənilər yaşayırlar. Cəmiyyətin bütün sahələrində fəaliyyət göstərirlər. Məndə olan məlumata görə, onların sayı hazırda təxminən 7000-ə yaxındır. Şarca Əmirliyində 20 ilə yaxındır kilsələri var və orada hər cümə günləri ibadətə yığılırlar. Fəaliyyətlərini də əsasən oradan idarə edirlər. Yalnız onların 90 faizi Ermənistan respublikasından gələnlər deyil, digər ərəb dövlətlərindən qazanc dalınca bura gələn ermənilərdir və ərəb dilini gözəl bilmələri onların üstünlüyüdür. Lakin biz işimizi elə qurmuşuq ki, onlar burada nəinki Azərbaycan, hətta Türkiyəyə qarşı 1 söz deyə bilmirlər. Öncə cəhdlər olub, ama təpkimizi görüb uzun illərdir səssiz həyatlarını yaşayırlar.

- Azərbaycanlılar diaspor işində fəaldırmı?

- Deyərdim ki, bəli. Hər bir soydaşımız istər iş sahibi, istərsə siravi işçi və ya tələbə, xalqına və dövlətinə xidmət etməyi öz borcu hesab edir, bacardığı qədər əlindən gələn köməyi əsirgəmir. Bir qədər əvvəl dediyim kimi, hər bir işin uğuru onun kim tərəfindən idarə edilməsindən asılıdır. Əgər Azərbaycana nəzər salsaq, bu gün orada da əldə edilən uğurlar dövləti idarə edən insanın bacarığının və bu işləri böyük həvəslə etməsinin nəticəsidir. İnanın, 20 ildən artıq vətəndən xaricdə yaşamış bir insan kimi deyə bilərəm ki, əgər diaspor nümayəndələrimiz dövlət və hökumətə hörmət etməsələr, fəal çalışmazlar. Təəssüf ki, bu gün bəzi ölkələrdə dövlətə pis münasibət bəsləyən insanlar öz vətənlərinə və xalqının adına da ləkə gətirən əməllər edirlər. Fikirləşirlər ki, atdıqları atdım nəticəsində dövlət rəhbərliyi üçün pis olacaq. Ancaq düşünmürlər ki, hər şeydən əvvəl onlar şəxsən özlərinə və xalqımızın adına ləkə gətirirlər.

 

 

Əli Zülfüqaroğlu

 

Ədalət.- 2011.- 25 yanvar.- S. 4.