Ermənistan əsir vətəndaşlarımızın hüququnu tapdalayır
Beynəlxalq təşkilatlar isə susmaqda davam edir
Ermənistan əsir və
girov vətəndaşlarımızın
hüquqlarını pozmaqda davam edir. Bu məsələ beynəlxalq
təşkilatlar qarşısında dəfələrlə
qaldırılsa da, dünya ictimaiyyəti ikili standartlardan əl
çəkmək istəmir.
Hətta Azərbaycana
qarşı ikili yanaşma humanitar təşkilat sayılan
Qızıl Xaç Komitəsinin fəaliyyətində də
özünü göstərir. Əsir və itkin
düşmüş, girov götürülmüş vətəndaşlarla
əlaqədar Dövlət Komissiyasının
açıqladığı hesabatda göstərilir ki,
ötən il dekabrın 1-nə olan məlumata görə, bu
qurumda 4048 nəfər itkin düşmüş, 1399 nəfər
əsir və girovluqdan azad olunmuş şəxs kimi
qeydiyyatdadır.
İtkin düşmüş 200 nəfərin
"şəxsi iş"i yaradılıb
Araşdırmalar nəticəsində
Dövlət Komissiyasında itkin düşmüş şəxs
kimi qeydiyyata alınmış 10 nəfərin Ermənistan
silahlı qüvvələri tərəfindən işğal
olunmuş ərazilərdə sağ-salamat qalması və əsir-girov
götürülməsinin ehtimal olunduğu müəyyənləşdirilib.
Bu faktlar, o cümlədən itkin düşmüş şəxslərlə
bağlı aparılmış axtarış-araşdırma
tədbirlərinin nəticəsi olaraq 80 nəfər barədə
ümumiləşdirilmiş arayışlar tərtib edilib. Dövlət
Komissiyasında olan məlumatların dəqiqləşdirilməsi
və itkin düşmüş şəxslərin
axtarışı ilə əlaqədar müxtəlif
dövlət orqanlarına və beynəlxalq təşkilatlara
923 nəfər barədə 1412 sorğu göndərilib. Bu
kateqoriyadan olan 200 nəfərin "şəxsi iş"i
yaradılıb, 1500-dən artıq itkin barədə
toplanmış əlavə məlumat və materiallar
onların "şəxsi iş"lərinə əlavə
olunub.
Dövlət
Komissiyasında və Beynəlxalq Qızıl Xaç Komitəsində
itkin düşmüş şəxs kimi qeydiyyata
alınmış 588 şəxslə bağlı verilmiş
sorğulara əsasən, daxil olmuş cavablar, əldə
olunmuş digər məlumatlar (o cümlədən anket məlumatlar)
təhlil edilib və sistemləşdirilərək müvafiq
bazalara əlavə olunub.
Maliyyə Nazirliyindən
daxil olmuş sorğuya əsasən, itkin
düşmüş hərbçilərin ailələrinin gələcəkdə
sosial müdafiəsinin gücləndirilməsi məqsədilə
tədbirlərin görülməsi üçün Dövlət
Komissiyasında qeydiyyatda olan bu kateqoriyadan olan şəxslər
barədə məlumatlar sistemləşdirilərək quruma
göndərilib. İtkin düşmüş 57 vətəndaşın
valideynləri tərəfindən Respublika prezidentinə, Heydər
Əliyev Fonduna, Dövlət Komissiyasının sədrinə
və digər dövlət orqanlarına ünvanlanmış
ərizələrə baxılıb,
qaldırılmış məsələlər
araşdırılaraq əlaqədar qurumlara məlumatlar
verilib.
Ötən il itkin
düşmüş və əsirlikdən azad olunmuş
şəxslərlə bağlı müxtəlif dövlət
orqanlarından və beynəlxalq təşkilatlardan daxil olan
110 sorğu icra olunub. Dövlət Komissiyasına müraciət
etmiş 50-dən artıq itkin şəxsin yaxın qohumu
işçi qrupunda qəbul olunub, onlara yaxınlarının
axtarışı ilə əlaqədar
görülmüş işlər barədə ətraflı
məlumatlar verilib, itkin düşmə şəraitləri
barədə əlavə məlumatlar alınaraq sənədləşdirilib,
anket vərəqələri doldurulub.
Qızıl Xaç Komitəsi ilə 30-a yaxın
görüş olub
Keçən il həmçinin
Dövlət Komissiyası tərəfindən Beynəlxalq
Qızıl Xaç Komitəsi (BQXK) ilə 30-a yaxın
görüş keçirilib, "Ermənistan - Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsi ilə
bağlı itkin düşmüş şəxslər
haqqında Ante-Mortem məlumatların toplanması və mərkəzləşdirilmiş
şəkildə idarə olunması üzrə" çərçivə
sazişindən irəli gələn öhdəliklərin
yerinə yetirilməsi ilə bağlı məsələlər,
itkinlərin siyahıları arasındakı fərqin aradan
qaldırılması, əməkdaşlığın daha da
səmərəli qurulması üçün təkliflər
müzakirə olunub, o cümlədən il ərzində əsir
və girov götürülmüş azərbaycanlıların
və ermənilərin azad olunması, həmçinin meyitlərin
qaytarılması istiqamətində danışıqlar
aparılıb.
Komissiyanın beynəlxalq
təşkilatlarla apardığı səmərəli
danışıqlar nəticəsində ötən il
martın 2-3-də gecə vaxtı yolu azaraq Ermənistan ərazisinə
keçmiş və bu ölkə hərbçilərinin atəşi
nəticəsində həlak olmuş Qazax rayon sakinləri -
1982-ci il təvəllüdlü Hüseynov Həsən
Hüseyn oğlu və 1983-cü il təvəllüdlü
Namazov Sakit Şərif oğlunun meyitləri ötən il
aprelin 3-də qarşı tərəfdən alınıb. Meyitlər
elə həmin gün təyyarə ilə Bakı şəhərinə
yola salınıb və Səhiyyə Nazirliyinin Məhkəmə
Tibbi-Ekspertiza və Patoloji Anatomiya birliyində ekspertizadan
keçirildikdən sonra dəfn edilmək üçün
yaxın qohumlarına təhvil verilib. Qazax rayonu istiqamətində
2008-ci il oktyabrın 8-də əsir
götürülmüş Azərbaycan Ordusunun əsgəri
1989-cu il təvəllüdlü Həsənov Rafiq Rəhman
oğlu ötən il aprelin 7-də azad edilərək
Müdafiə Nazirliyinə təhvil verilib. Hər iki proses Ermənistanla
Naxçıvan Muxtar Respublikası Sədərək rayonu ilə
sərhəd ərazisində BQXK-nın vasitəçiliyi ilə
həyata keçirilib.
Ötən il həmçinin
Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin
Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə
dair 27 oktyabr 2010-cu il tarixli birgə bəyanatına uyğun
olaraq, eyni zamanda komissiyanın beynəlxalq təşkilatlarla
apardığı müntəzəm və səmərəli
danışıqların nəticəsində tərəflər
qarşılıqlı olaraq 4 meyidin qaytarılmasını və
bir nəfər mülki şəxsin azad olunmasını həyata
keçiriblər. Proseslər keçən il noyabrın
4-ü və 6-sı tarixlərində Ermənistan - Azərbaycan
qoşunlarının təmas xəttində, cəbhənin
Qazax və Ağdam rayonu istiqamətlərində həyata
keçirilib. Birinci prosesdə Azərbaycan tərəfi Ermənistana
ötən il sentyabrın 11-də ölkə ərazisində
saxlanılan və oktyabrın 5-də saxlandığı
kamerada özünü asaraq intihar etmiş Ermənistan vətəndaşı,
1990-cı il təvəllüdlü Sarıbekyan Manvel
Mamikonoviçin meyidini, Ermənistan isə Azərbaycana
2009-cu ilin dekabrın 28-də girov götürülmüş
Azərbaycan vətəndaşı, Tovuz rayon sakini, 1963-cü
il təvəllüdlü Tağıyev Eldar Heydər
oğlunu qaytarıb. İkinci prosesdə isə Ermənistan
Azərbaycanın Tərtər rayonu istiqamətində Ermənistan
hərbçilərinin hücumunu dəf edərkən 2010-cu
il iyunun 18-də və həmin il sentyabrın 4-də şəhid
olmuş Azərbaycan hərbçiləri - İbrahimov
Mübariz Ağakərim oğlu və Əhmədov Fərid
Güloğlan oğlunun meyitlərini, Azərbaycan isə
ötən il mayın 15-də itkin düşdüyü
bildirilən və iyunun 18-də meyidi Tərtər
çayından tapılmış 1924-cü il təvəllüdlü
Arustamyan Qavruşa Xaçaturoviçin meyidini qaytarıb.
91 itkinin taleyi müəyyənləşdirilib
Qurumun hesabatında o da
bildirilir ki, hazırda Azərbaycan ərazisində 6 Ermənistan
hərbçisi, 5 nəfərdən ibarət bir erməni ailəsi
və bir erməni mülki şəxs (cəmi 12 nəfər)
saxlanılır. Həmin şəxslər BQXK-nın
qeydiyyatındadırlar və mandatına uyğun olaraq bu təşkilat
onlara istənilən vaxt baş çəkə bilir. Eyni
zamanda qarşı tərəfdə saxlanılan iki Azərbaycan
hərbçisi - 2009-cu il mayın 10-da Füzuli rayonu ərazisində
əsir götürülmüş 1990-cı il təvəllüdlü
Hacıyev Anar Xanbaba oğlu və 2010-cu il avqustun 22-də
Daşkəsən rayonu ərazisində əsir
götürülmüş 1985-ci il təvəllüdlü
Hüseynov Roman Novruz oğlunun azad olunması istiqamətində
BQXK-nın vasitəçiliyi ilə müvafiq tədbirlər
davam etdirilir. Hər iki şəxs Ermənistan
Respublikasının İrəvan şəhərində
saxlanılır. BQXK-nın məlumatına görə,
onlardan biri vətənə qayıtmaq arzusunu ifadə edib. Araşdırma
zamanı 6 nəfərin döyüşlərin gedişində
itkin düşməsi faktı aşkar edilərək adı
müvafiq siyahıya salııb, 91 itkinin isə taleyi müəyyənləşdirildiyi
üçün adları siyahıdan
çıxarılıb. 91 nəfərdən 30 nəfərin
həlak olduğu, 21 nəfərin itkin düşmədiyi, 34
nəfərin adının siyahıda təkrar keçdiyi, 6
nəfərin isə münaqişə bölgəsindən kənarda
itkin düşməsi faktı müəyyənləşdirilib.
Ermənistan
məlumatları gizlədir
Qeyd edək ki,
komissiyanın apardığı araşdırmaların nəticəsində
hazırda itkin düşmüş şəxs kimi qeydiyyata
alınmış Azərbaycan vətəndaşlarının
böyük bir hissəsinin hərbi əməliyyatların
gedişində əsir və girov götürülməsi
faktları müəyyənləşdirilib. Bu şəxslərin
sonrakı taleyi barədə məlumatların verilməsi Ermənistandan
tələb edilir. Lakin Ermənistan tərəfi hələ də
bu şəxslər barədə məlumatları israrla gizlətməkdə
davam edir. Son 4 ildə aparılmış araşdırmalar nəticəsində
intensiv hərbi əməliyyatların gedişində əsir
və girov götürülməsi faktı məlum olmuş
200-dən artıq şəxsdən 125-i barədə
materiallar sistemləşdirilərək yeni - "QSM-7" təsdiq
edir" adlı kitab və kitabın DVD versiyası olaraq Azərbaycan
və ingilis dillərində nəşr edilib. Kitabda
onların əsir və girov götürülməsini, eyni
zamanda Ermənistanın hərbi hakimiyyət dairələri tərəfindən
öldürülməsinə əmr verilməsini təsdiq edən
faktlar əksini tapıb. Bu faktlar 1993-cü ildə Ermənistan
silahlı birləşmələri tərəfindən Kəlbəcərin
işğalı zamanı Milli Təhlükəsizlik
Nazirliyinin aidiyyəti xidməti tərəfindən əldə
edilib.
Sevinc
Həftə içi.- 2011.- 28 yanvar.- S. 6.