"Azərbaycanda gömrük sistemi inkişaf edir"

 

Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyevin "Həftə içi"nə müsahibəsi

 

Yanvarın 30-u Azərbaycan gömrükçülərinin peşə bayramıdır. Əslində bu tarixin gömrük işçilərinin peşə bayramı kimi qeyd edilməsi məhz mərhum prezident Heydər Əliyevin adı ilə bağlıdır. Çünki Gömrük Komitəsinin 19 il öncə yaradılmasına baxmayaraq, ozamankı ictimai-siyasi vəziyyət adıçəkilən qurumun formalaşmasına imkan vermədi. Yalnız mərhum prezident Heydər Əliyevin hakimiyyətə yenidən qayıdışından sonra, bütün sahələrdə olduğu kimi, gömrük sistemində də islahatlar aparılaraq komitənin fəaliyyətində ciddi dönüş yarandı. Artıq danılmaz faktdır ki, bu gün Azərbaycan Gömrük Xidməti mükəmməl hüquqi bazaya, inkişaf etmiş infrastruktura malik olmaqla ölkənin quru, hava və dəniz yollarında respublikanın iqtisadi mənafeyini və təhlükəsizliyini qoruyur.

- Aydın müəllim, "Həftə içi" qəzeti adından sizin timsalınızda bütün gömrük əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edir, işlərinizdə uğurlar arzulayırıq. Maraqlıdır, indiki gömrük sisteminin inkişaf dinamikasını necə qiymətləndirirsiniz?

- Bu gün Heydər Əliyev siyasi kursunun layiqli davamçısı prezident İlham Əliyev Azərbaycan gömrüyünün öz ənənələrini qoruyub-saxlaması və daha da təkmilləşdirilməsi işini daim diqqət mərkəzində saxlayır. İlbəil uğurlara imza atan Dövlət Gömrük Komitəsi və onun yerli orqanları ötən il ərzində də öz fəaliyyətini Azərbaycan Respublikasının Konstitusiyasına, Gömrük Məcəlləsinə, "Gömrük tarifi haqqında" Azərbaycan Respublikasının qanununa, Azərbaycan Respublikası prezidentinin müvafiq fərman və sərəncamlarına, Nazirlər Kabinetinin qərarlarına və gömrük işini tənzimləyən digər normativ-hüquqi aktlara uygun qurub.

Qloballaşan dünya təsərrüfat sisteminə ölkəmizin sürətlə inteqrasiyası, hər il olduğu kimi, 2010-cu ildə də iqtisadi inkişaf göstəriciləri ilə müşaiyət edilib. Dövlət Gömrük Komitəsi və onun yerli strukturları tərəfindən ötən dövr ərzində idxal-ixrac əməliyyatları üzrə gömrük nəzarətinin təkmilləşdirilməsi işi uğurla həyata keçirilib. Xarici-iqtisadi fəaliyyətdə gömrük tarif tənzimlənməsinin və gömrük orqanlarında maliyyə-vergi mexanizminin təkmilləşdirilməsi, Gömrük Məcəlləsinin yeni layihəsinin hazırlanması və gömrük-vergi qanunvericiliyinə dair normativ-hüquqi bazanın möhkəmləndirilməsi istiqamətində müvafiq işlər görülüb. Bundan başqa, "2010-cu il dövlət büdcəsi haqqında" Azərbaycan Respublikasının qanununa uyğun olaraq Dövlət Gömrük Komitəsi üçün nəzərdə tutulan 1 100 mln. manat illik büdcə proqnozuna qarşı 1 101,73 mln. manat gömrük vergi və rüsumlarının toplanıb dövlət büdcəsinə köçürülməsi təmin edilib və keçən il proqnoza 100,16 faiz əməl olunub.

- Məlumdur ki, hansısa sistemin mükəmməl qurulması işi həm də normativ-hüquqi bazanın formalaşmasından asılıdır. Bəs ötən il bu yöndə hansı addımlar atılıb?

- Təbii ki, bu məsələ həmişə fəaliyyət istiqamətimizin tərkib hissəsi olub. Belə ki, gömrük işinə dair qanunvericiliyin təkmilləşdirilməsi, gömrük işi ilə bağlı beynəlxalq standartların öyrənilməsi və onların tətbiqi istiqamətində xeyli uğurlar əldə edilib. Bununla bağlı olaraq "Gömrük prosedurlarının sadələşdirilməsi və uzlaşdırılması haqqında" Kioto Konvensiyasının müddəalarının milli gömrük qanunvericiliyində əks olunması məqsədilə Dövlət Gömrük Komitəsində Avropa İttifaqı və BMT-nin İnkişaf Proqramı tərəfindən "Azərbaycan gömrük xidmətinin təkmilləşdirilməsi" layihəsi çərçivəsində hazırlanmış Azərbaycan Respublikasının yeni Gömrük Məcəlləsi layihəsinin Milli Məclisində müzakirəyə çıxarılmasını qeyd etmək olar.

Prezidentin "Azərbaycan Respublikası dövlət sərhədinin buraxılış məntəqələrindən keçirilən malların və nəqliyyat vasitələrinin yoxlanılmasında "bir pəncərə" prinsipinin tətbiqi haqqında" fərmanından irəli gələn prosedurlara uyğun olaraq xarici dövlətlərin avtonəqliyyat vasitələrinin Azərbaycan ərazisinə daxil olması və bu ərazidən sərnişin və yük daşınması üçün istifadə etməsinə görə yol vergilərinin hesablanaraq tutulması prosesi daha da təkmilləşdirilib. Habelə şəffaflığın təmin edilməsi məqsədilə hazırlanmış "Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əlavələr və dəyişikliklər edilməsi haqqında" qanun layihələri müvafiq qaydada baxılması üçün Nazirlər Kabinetinə təqdim edilib. Eyni zamanda bu fərmanın 4.3-cü bəndinə müvafiq olaraq "Azərbaycan Respublikası ərazisində beynəlxalq avtomobil daşımalarını tənzimləyən "İcazə sistemi" haqqında" əsasnaməyə əlavələr və dəyişikliklər edilməsi haqqında" qərar və "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının qanununa dəyişiklik edilməsi barədə" qanun layihələri Nazirlər Kabinetinə təqdim edilib.

- Bildiyimiz qədər ötən il gömrük əməkdaşları qaçaqmalçılıq və digər hüquqpozmalara qarşı mübarizə yönündə də ciddi işlər görüb. Statistikaya nəzər salsaq, hansı faktlar aşkarlanıb?

- Məlumat üçün deyim ki, hesabat dövrü ərzində həyata keçirilən kompleks tədbirlər nəticəsində 17 min 215 hüquqpozma faktı aşkar edilib ki, onlardan 264-ü cinayət xarakterli olub. Həmin faktlar üzrə tutulan qaçaqmalçılıq əşyalarının və digər predmetlərin dəyəri 3 milyon 42 min 375 manat təşkil edib. Bundan başqa, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar 147 fakt aşkar olunub və nəticədə 319 kq 098 qram narkotik, o cümlədən 224 kq 288 qram həşiş, 42 kq 850 qram heroin, 34 kq 047 qram tiryək, 28,6 qrama yaxın marixuana, 574 qram psixotrop maddə (ampul, kapsul və həb şəklində), 7,6 qram metadon, 17 kq 272 qram metamfetamin maddəsi tutulub. Bu faktlar üzrə ümumilikdə 158 nəfər məsuliyyətə cəlb olunub. Saxlanılan şəxslərin 123-ü Azərbaycan, 32-si İran, 7-si Rusiya və 1-i Gürcüstan vətəndaşıdır.

Eyni zamanda ötən il narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 11 mütəşəkkil cinayətkar dəstə və narkoqrup da zərərsizləşdirilib. Bundan başqa, hesabat dövründə 16 min 951 gömrük qaydaları əleyhinə inzibati xəta faktları aşkarlanıb ki, nəticədə 509 hüquqi şəxs (o cümlədən 153 xarici hüquqi şəxs) və 16 min 471 fiziki şəxs (o cümlədən, 10 min 569 xarici) inzibati məsuliyyətə cəlb olunub. Bu şəxslərə qarşı 1 milyon 342 min manatdan çox cərimə, 179 min 143 manat dəyərində isə müsadirə tətbiq edilib.

Habelə valyuta qanunvericiliyinin pozulmasına qarşı gömrük orqanları tərəfindən görülən tədbirlər nəticəsində 1 milyon 556min 192 dollar, 210 min 100 avro, 16 milyon 611 min 717 rus rublu, 7min 470 Azərbaycan manatı, külçə və zinət əşyaları şəklində 2 kq 805 qram qızıl, 14 kq 275 qram gümüş, 2 min 633 karat brilyant daşlar tutulub. Aksiz markasız və ya digər qanunsuz yollarla keçirilməsinə cəhd göstərilən 1 milyon 592 min ədəddən çox xaricdə istehsal olunan siqaret və 7 min 963 ədəd spirtli içki saxlanılıb.

- Bu gün Azərbaycanda müasir informasiya texnologiyalarının tətbiqi istiqamətində ciddi islahatlar aparılır və ayrı-ayrı qurumlar öz xidmətlərini elektronlaşdırırlar. Hazırda gömrük sektorunda bununla bağlı hansı yeniliklər var?

- Biz artıq gömrük xidmətinin vahid avtomatlaşdırılmış idarəetmə sisteminin (VAİS) yaradılması, məlumatların yoxlanılması, emalı, yeni proqram təminatlarının formalaşdırılması, korporativ şəbəkənin genişləndirilməsi, ölkəmizin xarici ticarətinin təhlilinin aparılması və gömrük statistikasının təkmilləşdirilməsi sahəsində mühüm işlər həyata keçirmişik. Tovuz Gömrük İdarəsi, Şirvan Gömrük İdarəsi, Şirvan Gömrük İdarəsinin "Kürdəmir" gömrük postu, Bakı Baş Gömrük İdarəsinin "Keşlə" və "Səngəçal" gömrük postları, Enerji Gömrük İdarəsinin "Güzdək" gömrük postu və Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsi birbaşa optik rabitə vasitəsilə DGK-nın kooperativ şəbəkəsinə qoşulub. Bundan başqa, Bakı Baş Gömrük İdarəsinin "Qaradağ" gömrük postu Wi-Max rabitə vasitəsilə gömrük sisteminin ümumi şəbəkəsinə daxil edilib. VAİS-in ilkin mərhələsi olan dövlət sərhədinin buraxılış məntəqələrindən keçirilən malların və nəqliyyat vasitələrinin yoxlanılması və çatdırılmaya elektron nəzarət sisteminin bütün gömrük orqanlarında sənaye istismarı təmin edilib, sistemin yeni versiyası hazırlanaraq test variantında istifadəyə verilib.

"Bir pəncərə" sisteminin tətbiqi ilə Səhiyyə Nazirliyi nəzdində Sanitariya-Karantin Müfəttişliyi və Kənd Təsərrüfatı Nazirliyinin yanında Dövlət Baytarlıq və Dövlət Fitosanitar Nəzarəti xidmətləri arasında VAİS vasitəsi ilə məlumat mübadiləsinin həyata keçirilməsi də təmin olunub. Bundan başqa, gömrük rəsmiləşdirilməsi və nəzarətinin avtomatlaşdırılmış sisteminin yeni variantı hazırlanaraq pilot variantında tətbiq edilir.

Ümumiyyətlə isə bu sistemin 2011-ci ildən sənaye istismarına verilməsi planlaşdırılır. Gömrük mədaxil orderləri vasitəsi ilə rəsmiləşdirilən malların qeydiyyatı və nəzarəti üçün yeni proqram təminatı da hazırlanaraq istismara verilib, eləcə də gömrük orqanlarında işə qəbul və müxtəlif attestasiyaların keçirilməsi üçün metodika hazırlanıb, test bankı yaradılıb. Komitənin yeni internet səhifəsi hazırlanıb və bu versiyada biznes qurumları, respublika vətəndaşları üçün müxtəlif elektron xidmətlər yerləşdirilib. Məhz ötən il komitənin elektron poçt ünvanına fiziki və hüquqi şəxslər tərəfindən 447 müraciət ünvanlanıb ki, onlar da operativ şəkildə cavablandırılıb.

Digər tərəfdən Astara Gömrük İdarəsində, Tovuz Gömrük İdarəsinin "Sınıq körpü", Biləsuvar Gömrük İdarəsinin "Biləsuvar" və Balakən Gömrük İdarəsinin "Mazımçay", Xaçmaz Gömrük İdarəsinin "Samur" gömrük postlarında inzibati binaların və infrastrukturun yenidən qurulması ilə əlaqədar informasiya-kommunikasiya sistemləri layihələndirilərək həyata keçirilib.

- Ötən il Azərbaycan Gömrük Komitəsinin təşkilatçılığı ilə bir neçə beynəlxalq əhəmiyyətli tədbirlərə ev sahibliyi etdi. Bu məsələni beynəlxalq təşkilatlarla əməkdaşlığınızın uğurlu nəticəsi kimi qiymətləndirmək olarmı?

- Əslində belə tədbirlərin Azərbaycanda təşkil edilməsi ölkədə həyata keçirilən uğurlu siyasətin nəticəsidir. Biz bu gün də beynəlxalq miqyasda əməkdaşlığımızı davam etdiririk. Məsələn, ötən il "Azərbaycan Respublikası höküməti və Finlandiya Respublikası hökuməti arasında gömrük işi sahəsində əməkdaşlıq və qarşılıqlı yardım haqqında" saziş, "Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi və Makedoniya Respublikası Gömrük İdarəsi arasında kadrların peşəkarlığının artırılması və təkmilləşdirilməsi sahəsində əməkdaşlıq haqqında" saziş, "Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi və Avstriya Respublikası Federal Maliyyə Nazirliyi arasında gömrük hüquqpozmalarına qarşı mübarizə sahəsində əməkdaşlıq haqqında" anlaşma memorandumu və "Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi və Monqolustan Baş Gömrük İdarəsi arasında kadrların peşəkar hazırlığı və ixtisasının artırılması sahəsində əməkdaşlıq haqqında" protokol imzalanıb.

Bununla yanaşı, "2010-2011-ci illər üzrə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi və Gürcüstan Maliyyə Nazirliyi arasında gömrük hüquqpozmaları ilə mübarizə sahəsində əməkdaşlığın effektivliyinin artırılmasına yönəlmiş" tədbirlər planı, "Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi və İran İslam Respublikası Gömrük İdarəsi arasında 2010-2012-ci illərdə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə, habelə digər hüquqpozmalara qarşı mübarizədə qarşılıqlı əməkdaşlığın və yardımın səmərəliliyinin yüksəldilməsinə yönəlmiş" tədbirlər planı, "Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında gömrük orqanlarının 2010-2011-ci illərdə gömrük cinayətləri və hüquqpozmalarına qarşı mübarizə sahəsində əməkdaşlığın səmərəliliyinin yüksəldilməsinə yönəlmiş" tədbirlər planı və "2011-2012-ci illərdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi və Rusiya Federal Gömrük Xidməti arasında gömrük hüquqpozmaları ilə mübarizə üzrə birgə fəaliyyət" planı da imzalanıb.

Ötən il Azərbaycanda və dünyanın bir çox ölkələrində keçirilmiş mühüm tədbirlərdə də gömrükçülər yaxından iştirak edib. Məsələn, Bakı şəhərində "Harmonik sistemin əsas şərhetmə qaydaları"na dair Ümumdünya Gömrük Təşkilatının regional seminarı, "bir pəncərə" prinsipinin tətbiqi ilə bağlı Azərbaycan nümunəsinin öyrənilməsinə həsr olunmuş və Asiya İnkişaf Bankının maliyyə dəstəyi ilə Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq (CAREC) proqramı çərçivəsində təşkil edilmiş seminar, eləcə də BMT-nin Avropa üzrə İqtisadi Komissiyası, BMT-nin Asiya və Sakit Okean regionu ölkələri üçün İqtisadi və Sosial Komissiyası və Asiya İnkişaf Bankı tərəfindən keçirilən "bir pəncərə" prinsipi və biznes prosesinin təhlili üzrə potensialın gücləndirilməsinə dair seminar Dövlət Gömrük Komitəsinin aidiyyəti qurumlarla birgə təşkil etdiyi uğurlu tədbirlərdən olub. Türkiyədə keçirilən Ümumdünya Gömrük Forumunu, Rusiyada təşkil edilən XI Beynəlxalq "Gömrük xidməti-2010" sərgisini və digər tədbirləri də gömrük işi sahəsində beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi və genişləndirilməsi baxımdan əlamətdar sayırıq.

- Gömrük Komitəsinin və onun yerli orqanlarının maddi-texniki bazasının təkmilləşdirilməsi yönündə görülən işlər barədə nə deyə bilərsiniz?

- Biz bunu həmişə prioritet məsələ kimi gündəmdə saxlayırıq. Bu baxımdan Astara Gömrük İdarəsinin, Biləsuvar Gömrük İdarəsinin "Biləsuvar" sərhəd-keçid məntəqəsinin və Tovuz Gömrük İdarəsinin "Sınıq körpü", Balakən Gömrük İdarəsinin "Mazımçay", Xaçmaz Gömrük İdarəsinin "Samur" gömrük postlarının beynəlxalq standartlara uyğun yeni inzibati binaları tikilərək müasir tipli avadanlıqlarla təchiz edilib. Hazırda Azərbaycan prezidentinin "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı dövlət proqramının təsdiq edilməsi haqqında" fərmanına uyğun olaraq Xudat sərhəd-keçid məntəqəsinin əsaslı tikintisi, eyni zamanda Biləsuvar, Tovuz və Balakən rayonlarında gömrük terminalı və anbarların inşasına başlanılması üçün müvafiq tədbirlər həyata keçirilir.

İnanıram ki, gələcəkdə də gömrük xidməti respublikamızın iqtisadi inkişafına təkan verməklə ölkənin iqtisadi qüdrətinin artırılmasında, əhalinin sosial vəziyyətinin yaxşılaşdırılmasında, möhtərəm prezidentimiz İlham Əliyevin həyata keçirdiyi siyasi kursun reallaşmasında mühüm rol oynayacaq, gömrük əməkdaşları bu vəzifələrin reallığa çevrilməsinin təminatçısı olacaq. Sevinirik ki, ölkəmizdə müasir tələblərə cavab verən gömrük sisteminin yaradılması işi dövlət və hökumət tərəfindən bu gün də dəstəklənir, gömrük sahəsində əldə olunan nailiyyətlər layiqincə dəyərləndirilir. Məhz möhtərəm prezidentimiz İlham Əliyev tərəfindən bu günlərdə bir sıra gömrük əməkdaşlarının xüsusi rütbələr və medallarla təltif edilməsi də bunun əyani sübutudur.

Çoxsaylı gömrük işçisi adından bu diqqət və qayğıya görə möhtərəm İlham Əliyev cənablarına sonsuz təşəkkürümü bildirməklə yanaşı, dövlət başçımızı, eləcə də hökumətimizi əmin edirəm ki, müstəqil Azərbaycanın beynəlxalq nüfuzunun daha da artırılması, xalqımızın firavan gələcəyinin təmin edilməsi uğrunda apardığı mübarizədə yaxından iştirak edəcək, qarşımızda qoyulan təxirəsalınmaz vəzifələrin müvəffəqiyyətlə yerinə yetirilməsi üçün bütün bacarığımızı sərf edəcəyik.

 

 

Sevinc Osmanova

 

Həftə içi.- 2011.- 29-31 yanvar.- S. 3-4.