Azərbaycan - Avropa Şurası:
10 illik əməkdaşlıq
Hazırda dünyada insan
hüquq və azadlıqlarının qorunması, bu sahədə
mövcud beynəlxalq konvensiyaların daha da təkmilləşdirilməsi
işi ilə məşğul olan ən mötəbər təşkilatlardan
biri Avropa Şurası sayılır. 2011-ci il Azərbaycan
- Avropa Şurası əlaqələrində mühüm yer
tutur. Belə ki, məhz bu ilin yanvarında Azərbaycanın
Avropa Şurasına daxil olmasının 10 ili tamam olur. Bu
müddətdə Azərbaycanın bu mötəbər beynəlxalq
təşkilatla münasibətləri uzun, uğurlu həm də
mürəkkəb bir yol keçib. İlk olaraq Avropa
Şurasının yaranmasının qısa tarixi barədə.
1949-cu ildə təsis
olunan Avropa Şurası özündə 46 üzv dövləti
birləşdirən və insan hüquqlarının əsas
prinsiplərini təmin edən Avropanın ən qədim və
möhtəşəm təşkilatlarından biridir. Təşkilat
özünün 62 illik fəaliyyəti zamanı öz fəaliyyət
sahəsini daha da genişləndirib və bütün qitəyə
yayılıb. Avropanın tarixində baş verən qlobal dəyişikliklər
- Sovet İttifaqının dağılması, Berlin
divarının uçurulması və soyuq müharibənin
başa çatması Avropa Şurasına ünvanlanan
üzvlük ərizələrinin sayının artmasına və
yeni prioritetlərin o cümlədən müvafiq
strategiyanın işlənib-hazırlanmasına gətirib-çıxartdı.
1949-cu il Mayın 5-də Londonun Müqəddəs Ceyms
Sarayında Avropa Şurasının nizamnaməsinin əsasını
qoyan müqavilə 10 dövlət tərəfindən
imzalandı: Belçika, Fransa, Lüksemburq, Niderland,
Böyük Britaniya, İrlandiya, İtaliya, Danimarka,
Norveç və İsveç. Avropa Şurası bu andan
öz fəaliyyətinə başladı. Təşkilatın
ilk sessiyaları Strasburqda keçirilib, sonradan isə qərargah
da bu şəhərdə yerləşdirildi. Təşkilatın
təsis olunmasından bir neçə il keçdikdən
sonra ilk mühüm konvensiya hazırlandı: Avropa İnsan
Hüquqları Konvensiyası 1950-ci il noyabrın 4-də Romada
imzalanıb, 1953-cü il sentyabrın 3-də isə qüvvəyə
minib.
Yeni yaranan təşkilat
ictimai fikrin diqqətini cəlb edirdi. Geniş ictimaiyyət bu
təşkilatı Avropa xalqlarının müxtəlif siyasi
yanaşmalarını və zəruri niyyətlərini ifadə
etmək üçün bir məkan kimi qəbul edirdi. Təşkilat
isə öz növbəsində, nizamnamənin 1-ci fəslində
qeyd olunduğu kimi, aşağıdakı məqsədi
güdür: "Avropa Şurasının məqsədi
üzv dövlətlər arasında, onların ümumi irsi
üzrə ideya və prinsiplərini həyata keçirmək
və qorumaq, o cümlədən iqtisadi və sosial tərəqqini
təmin etmək məqsədilə üzv dövlətlər
arasında birlik yaratmaqdan ibarətdir".
Məqsədlərə
nail olmaq məqsədilə Avropa Şurasına müəyyən
vasitələr tətbiq olundu ki, onlar da öz növbəsində
təşkilatın nizamnaməsində öz əksini
tapıb: bu məqsəd qarşılıqlı maraq kəsb
edən məsələlərin müzakirəsi, iqtisadi,
sosial, mədəni, elmi, hüquqi və inzibati məsələlər
ilə bağlı müqavilələr və o cümlədən
insan hüquqları və əsas azadlıqların təmin
olunması və həyata keçirilməsi yolu ilə Avropa
Şurasının orqanları tərəfindən həyata
keçirilməli idi. 1949-1970-ci illər arasında 8 yeni
dövlət Avropa Şurasına üzv oldu: üzv olmaq tarixi
qaydası ilə əvvəl Yunanıstan, sonra isə
İslandiya, Türkiyə, Almaniya, Avstriya, Kipr, İsveçrə
və Malta. Təşkilat bu zaman öz strukturunu və əsas
institutlarını genişləndirdi. Beləliklə,
1960-cı ildə Avropa İnsan Hüquqları Məhkəməsinin
ilk ictimai dinləməsi keçirildi. Bu illər həmçinin
ilk ixtisaslaşmış nazirlər konfranslarının
keçirilməsi ilə yadda qaldı.
Azərbaycanın bu
mötəbər təşkilatla ilk təmasları müstəqilliyin
ilk illərinə təsadüf edir. Məhz 24 yanvar 1992-ci ildə
Azərbaycan parlamenti "xüsusi dəvət edilmiş
qonaq" statusu almaq üçün Avropa Şurasına
müraciət edib. Azərbaycanın AŞ-a qəbul olunana
kimi ikitərəfli münasibətlərin inkişafı ilə
bağlı önəmli hadisələri oxucularımıza təqdim
edirik.
3 fevral 1995-ci il - AŞ PA Bürosu 1994-cü ildə qəbul
edilmiş və 3 Cənubi Qafqaz dövlətinin Avropa
Şurasına üzv qəbul edilmək üçün
müraciət hüququnu nəzərdə tutan 1247 saylı
tövsiyəyə uyğun olaraq Azərbaycanın
"xüsusi dəvət edilmiş qonaq" statusu almaq barədə
müraciətinin nəzərdən keçirilməsi təşəbbüsü
ilə çıxış edib.
17- 18 mart 1996-cı il - Avropa Şurasının
Demokratiya uğrunda Venesiya Komissiyasının iclasında Azərbaycan
bu komissiyaya üzv qəbul edilib.
28 iyun 1996-cı il - Avropa Şurası Parlament
Assambleyasının Bürosu Azərbaycana "xüsusi dəvət
edilmiş qonaq" statusunun verilməsi barədə qərar
qəbul edib.
13 iyul 1996-cı il - Azərbaycan prezidenti H.Əliyev
Avropa Şurası baş katibinin adına məktub göndərərək
Azərbaycanın Avropa Şurasına tamhüquqlu üzv qəbul
olunmaq və digər üzv dövlətlər kimi insan
hüquqları və azadlıqları haqda Avropa
Konvensiyasına qoşulmaq arzusunda olduğunu bildirib.
25 aprel 1997-ci il - Azərbaycan Respublikası Avropa Mədəniyyət
Konvensiyasına qoşulub.
20 yanvar 1998-ci il - Azərbaycan Respublikasının prezidenti Heydər Əliyev
"Azərbaycan Respublikası ilə Avropa Şurası
arasında əməkdaşlığın dərinləşdirilməsi
və Azərbaycanın Avropada mənafelərinin müdafiə
edilməsi sahəsində tədbirlər haqqında" sərəncam
imzalayıb.
21 oktyabr 1999-cu il - Azərbaycan prezidenti "Avropa Şurasında Azərbaycan
Respublikasının təmsilçiliyinin təşkilati təminatı
haqqında" sərəncam verib.
18 mart 2000-ci il - Azərbaycan prezidenti "Avropa Şurasının fəaliyyətinə
və Azərbaycan Respublikası ilə Avropa Şurası
arasındakı əməkdaşlığa dair məlumatların
yayılması barədə" sərəncam imzalayıb.
12-13 iyun 2000-ci il - AŞ Siyasi Komitəsinin Romada
növbəti iclası keçirilib və Azərbaycanın
Avropa Şurasına tamhüquqlu üzv qəbul edilməsi ilə
bağlı müsbət rəy verilib.
17 yanvar 2001-ci il - Avropa Şurası Nazirlər Komitəsinin nümayəndələr
səviyyəsində keçirilmiş iclasında Azərbaycanın
Avropa Şurasına tamhüquqlu üzv qəbul edilməsinə
dair qərar qəbul edilib.
Azərbaycanın Avropa
Şurasına tamhüquqlu üzv qəbul olunması ilə
bağlı rəsmi mərasim isə yanvarın 25-də
Strasburqda təşkil edilib. Bu mərasimdə ümummilli
lider Heydər Əliyevin başçılıq etdiyi
geniştərkibli nümayəndə heyəti də
iştirak edib. Avropa Şurası Azərbaycanın insan
hüquq və azadlıqlarının müdafiəsinin daha da
gücləndirilməsi, demokratik islahatların
aparılması, qanunvericiliyin təkmilləşdirilməsi
sahəsində tədbirləri həyata keçirməsində
mühüm rol oynayıb.
24-27 aprel 2001-ci il - Avropa
Şurası Parlament Assambleyasının (AŞPA) plenar
sessiyası keçirilib. Azərbaycanın AŞPA-da nümayəndə
heyəti ilk dəfə olaraq bu qurumun iclasında tamhüquqlu
üzv kimi iştirak edib. Sessiya zamanı 9 ölkə və
AŞPA-da fəaliyyət göstərən 5 siyasi qrupu təmsil
edən 29 nümayəndə tərəfindən
imzalanmış "Ermənilər tərəfindən Azərbaycanlı
əhaliyə qarşı törədilmiş
soyqırımın tanınması" adlı yazılı
bəyanat və 14 ölkəni təmsil edən 20 nümayəndə
tərəfindən imzalanmış "Ermənistan və
Dağlıq Qarabağda saxlanılan müharibə əsirləri
və girovları" adlı tövsiyə üçün
təklif AŞPA-nın rəsmi sənədləri qismində
yayılıb. Göstərilən sənədlərdə ermənilər
tərəfindən Xocalı əhalisinin tamamilə qətlə
yetirilməsi, Ermənistan tərəfindən Azərbaycan ərazisinin
20%-nin işğal edilməsi, Ermənistan və işğal
edilmiş Azərbaycan torpaqlarında uşaq, qadın və
yaşlı insanların da daxil olduğu 783 azərbaycanlı
girovun saxlanılması faktı və digər vacib məsələlər
xüsusi vurğulanıb. Azərbaycanın AŞPA-dakı
nümayəndə heyətinin bu qurumdakı fəaliyyəti
ilk günlərdən avropalı parlamentarilərin diqətini
cəlb edib. Bu məsələdə əsas amil nümayəndə
heyətinə rəhbərliyi məhz o zaman millət vəkili
olan, hazırkı prezident İlham Əliyevin rəhbərlik
etməsidir. Məhz onun beynəlxalq münasibətlər sahəsində
böyük təcrübəyə malik olması Azərbaycanın
bu qurumda maraqlarının ən yüksək səviyyədə
qorunması, Ermənistanın işğalçılıq
siyasətinin ifşası, qaçqın və məcburi
köçünlərin pozulmuş hüquqlarının
dünya ictimaiyyətinin diqqətinə
çatdırılmasında mühüm rol oynayıb. Bunun məntiqi
nəticəsi kimi 27 yanvar 2003-cü ildə Avropa
Şurası Parlament Assambleyası Bürosunun keçirilən
iclasında Azərbaycanın AŞPA-dakı nümayəndə
heyətinin rəhbəri, millət vəkili İ.Əliyev
büronun üzvü və AŞPA daxili prosedurasına əsasən,
eyni zamanda assambleya prezidentinin müavini seçildi.
Avropa
Şurasının Azərbaycandakı ofisi Azərbaycan
hökuməti və Avropa Şurası arasında 4 noyabr
2002-ci il tarixində imzalanmış anlaşma memorandumu əsasında
təsis edilib. Avropa Şurasının Azərbaycan
Respublikasındakı ofisinin əsas vəzifəsi Avropa
Şurasının fəaliyyəti, təşkilatın məqsəd
və fəaliyyəti haqqında geniş ictimaiyyəti məlumatlandırmaq
və bunu Avropa standartlarına, xüsusilə də qurumun fəaliyyətinin
əsasını təşkil edən insan haqları məsələlərinə
dair təfsilati izahatlar verməklə təmin etməkdir.
Azərbaycanın 2001-ci
ildə Avropa Şurasına üzv olmasından sonra ölkədə
insan hüquqlarının təmin edilməsi, qanunun aliliyinin
gücləndirilməsi və demokratikləşdirmə məsələlərinə
istər hökumətin, istər vətəndaş cəmiyyətinin,
istərsə də dünya ictimaiyyətinin diqqəti
artıb. Bu, bir tərəfdən ölkəmizin öz iradəsi
ilə Avropa Şurası qarşısında üzərinə
müvafiq öhdəliklər götürməsindən irəli
gəlirsə, digər tərəfdən həyatın
müxtəlif sahələrinə aid daim təkmilləşən
və özünü müxtəlif sənədlərdə əks
etdirən Avropa standartlarına uyğunlaşma tələbi
ilə bağlıdır.
Azərbaycan Avropa
Şurası ilə demokratik dövlət quruculuğu, insan
hüquqlarına hörmət və ölkədə qanunun
aliliyinin tam təmin edilməsi sahəsində hərtərəfli
əməkdaşlığa böyük önəm verir və
bu əməkdaşlığın inkişaf etdirilməsində
maraqlıdır. Avropa Şurası ilə əməkdaşlıq
çərçivəsində Azərbaycan məhkəmə
sisteminin islahatı, vəkillik fəaliyyətinin təkmilləşdirilməsi,
korrupsiyaya qarşı mübarizə, ictimai televiziyanın fəaliyyətə
başlaması istiqamətində mühüm tədbirlər
görüb.
Həftə içi.- 2011.- 29 yanvar.- S. 2.