Azərbaycanın beynəlxalq münasibətlərində insan
hüquqları
Azərbaycanın
müstəqil dövlət kimi mövcudluğunun 20 ili tamam
olur. Bu müddətdə dövlətimiz həm iqtisadi, həm
də siyasi baxımdan uzun inkişaf yolu seçib. Təbii
ki, ölkəmizdə demokratik islahatların aparılması,
insan hüquq və azadlıqlarının müdafiəsi ilə
bağlı müvafiq qanunvericilik bazasının
hazırlanması prosesinin davamlı olaraq həyata
keçirilməsi, Azərbaycanda hüquqi dövlət quruculuğunun
əsasının qoyulması ümummilli lider Heydər Əliyevin
adı ilə bağlıdır.
Azərbaycan insan
hüquqları sahəsində əsas beynəlxalq sənədlərə
qoşulmaqla yanaşı, onlardan irəli gələn müddəaların
həyata keçirilməsi istiqamətində beynəlxalq təşkilatlarla
da sıx əməkdaşlıq edir. Bu təşkilatların
sırasında BMT-nin insan hüquqlarının təşviqi
və müdafiəsi sahəsində fəaliyyət göstərən
müxtəlif qurumları - ATƏT , Avropa Şurası və
Avropa İttifaqı mühüm yer tutur.
BMT
Azərbaycanın bu sahədə
sıx münasibətlər saxladığı beynəlxalq təşkilatlardan
biri məhz BMT-dir. İnsan hüquqlarının təşviqi
və müdafiəsi sahəsində Azərbaycan hökuməti
ilə BMT-nin İnsan Hüquqları üzrə Ali
Komissarlığı arasında səmərəli əməkdaşlıq
qurulub. Bu əməkdaşlıq ilkin olaraq 1998-ci ildə
imzalanmış və müddəti 2000-ci ilədək müəyyən
edilmiş "İnsan hüquqlarının təşviqi və
müdafiəsi üçün imkanların və
infrastrukturun gücləndirilməsi" (Strengthening Capacities
and Infrastructure for the Protection and Promotion of Human Rights in
Azerbaijan) adlı texniki əməkdaşlıq sənədinə
əsasən həyata keçirilib. Məsələnin
aktuallığı nəzərə alınaraq keçirilən
proqramların davam etdirilməsi məqsədilə 2001-ci ilin
dekabrında ofislə Azərbaycan hökuməti arasında
yeni layihə sənədi imzalanıb. Layihə çərçivəsində
insan hüquqları sahəsində müxtəlif tədbirlər
(seminar, treninq, təcrübə mübadiləsi, hüquqi ədəbiyyatın
nəşri və s.) keçirilib. Layihənin həyata
keçirilməsində Azərbaycan tərəfindən əlaqələndirici
qurum kimi Ədliyyə Nazirliyi çıxış edib.
Layihənin 3-cü mərhələsi
2005-ci ildə imzalanmış razılığa əsasən
həyata keçirilib. Bu mərhələdə 2005-ci il
dekabrın 5-7-də Bakıda müqavilələrin
implementasiyası üzrə nəzarət qurumlarına
dövrü hesabatların təqdim edilməsi mövzusuna həsr
edilmiş seminar uğurla təşkil olunub. 2006-cı ildə
isə layihə çərçivəsində hakimlər və
prokurorlar üçün ikinci seminar təşkil olunub. Azərbaycanın
insan hüquqları sahəsində əldə etdiyi
uğurlar, apardığı islahatlar beynəlxalq səviyyədə
layiqli qiymətini tapıb. 2006-cı ildə Azərbaycanın
insan hüquqları sahəsində əldə etdiyi
mühüm nailiyyətlərdən biri ölkəmizin BMT-nin
yeni yaradılmış İnsan Hüquqları
Şurasına üzv seçilməsidir. 2006-cı il
martın 15-də BMT Baş Assambleyası tərəfindən
qəbul edilmiş A/60/L.48 saylı qətnaməyə əsasən,
İnsan Hüquqları Komissiyasının əvəzinə
BMT Baş Assambleyasının köməkçi orqanı
olan İnsan Hüquqları Şurası (İHŞ)
yaradılıb. İHŞ-nin üzvlərinin sayı 47-dir.
BMT-yə üzv olan 65 dövlət şuraya öz namizədliyini
irəli sürüb, Azərbaycanın aid olduğu Şərqi
Avropa qrupu namizədlərin sayının (13)
ayrılmış yerlərin sayı (6) ilə müqayisədə
çoxluğuna görə rəqabətin ən güclü
olduğu qrup olub.
Buna baxmayaraq 2006-cı
il mayın 9-da BMT Baş Assambleyasında keçirilən
seçkilərin nəticəsində Azərbaycan bu quruma
seçilmiş ilk 47 ölkədən biri olub. Şura
2006-cı ilin iyunun 19-da fəaliyyətə başlayıb,
onun ilk sessiyasının yüksəksəviyyəli seqmentində
Azərbaycan Respublikasının xarici işlər nazirinin
müavini Mahmud Məmmədquliyev iştirak edərək
İHŞ-nin üzvü kimi ölkəmizin bu qurumun gələcək
fəaliyyəti ilə bağlı mövqeyini
açıqlayıb.
ATƏT
İnsan
hüquqlarının təşviqi və müdafiəsi sahəsində
Azərbaycanın əməkdaşlıq etdiyi təşkilatlardan
biri də ATƏT-dir. 1998-ci il noyabr ayının 26-da Azərbaycan
prezidenti və ATƏT-in fəaliyyətdə olan sədri tərəfindən
Azərbaycan hökuməti və ATƏT-in Demokratik Təsisatlar
və İnsan Hüquqları Bürosu arasında qarşılıqlı
anlaşma memorandumu imzalanıb. Memorandumun əlavəsində
ölkədə insan hüquqları sahəsində demokratik
islahatların həyata keçirilməsi istiqamətində
sıx əməkdaşlıq nəzərdə tutulub.
ATƏT-in Demokratik Təsisatlar
və İnsan Hüquqları Bürosu və Bakı ofisinin dəstəyi
ilə Azərbaycanda vətəndaş cəmiyyətinin
inkişafı, fikir və ifadə azadlığının təşviqi,
gender bərabərsizliyi və qadınlara qarşı
zorakılıqla mübarizə, işgəncələrin
qarşısının alınması, insan hüquqları
üzrə maarifləndirmə, azad və ədalətli
seçkilər sahələrində mühüm layihələr
və tədbirlər həyata keçirilib. 2002-2005-ci illərdə
ATƏT DTİHB Avropa Komissiyası ilə birlikdə Cənubi
Qafqaz ölkələrində 3 illik "Münaqişələrin
qarşısının alınması və insan
hüquqları sahəsində imkan quruculuğu" adlı
proqram həyata keçirib. Proqram penitensiar sistemin islahatı
və penitensiar sistem işçilərinin treninqi, insan
hüquqları sahəsində yerli QHT-lərin treninqi, insan
alverinə qarşı mübarizə sahəsində QHT-lərə
dəstək göstərilməsini əhatə edib.
ATƏT insan
hüquqları sahəsində maarifləndirmə istiqamətində
də ölkəmizdə əhəmiyyətli tədbirlər
görüb. 2005-ci ilin sentyabr-dekabr aylarında ATƏT sədrliyi
çərçivəsində Uşaq Hüquqları
Konvensiyasına əsaslanan 10-12 yaşlı uşaqlar
üçün nəzərdə tutulmuş "İnsan
hüquqlarının tədrisi üzrə" xüsusi pilot
layihə həyata keçirilib. Layihənin tətbiqinə
başlamazdan öncə Sloveniya xarici işlər nazirinin
müşaviri, ATƏT məsələlərinə məsul
Blanka Yamnişek 2005-ci il sentyabrın 20-22-də ölkəmizdə
səfərdə olub. Səfər çərçivəsində
B.Yamnişek bir sıra dövlət rəsmisi, beynəlxalq təşkilatların
və yerli QHT-lərin nümayəndələri ilə
görüşlər keçirib. 2005-ci il dekabrın sonunda
bitən layihə 5 məktəb, 14 müəllim və 476
şagirdi əhatə edib.
Avropa Birliyi
İnsan hüquqları
məsələlərinə Avropa İttifaqı ilə genişlənməkdə
olan əməkdaşlıq kontekstində ayrıca diqqət
yetirilir. Bu baxımdan xüsusilə 2006-cı il noyabrın
14-də qəbul olunmuş Avropa "Qonşuluq siyasəti
" çərçivəsində Avropa İttifaqı və
Azərbaycan arasında fəaliyyət planına
demokratiyanın inkişaf etdirilməsi, insan hüquqları və
əsas azadlıqların təmin edilməsi və eləcə
də qanunun aliliyinin gücləndirilməsinə dair tədbirlərin
daxil edilməsini göstərmək olar. Digər tərəfdən
Avropa İttifaqının bu fəaliyyət planının
icrasının dəstəklənməsinə yönələn
2007-2010-ci illər üçün Azərbaycan üzrə
"Milli indikativ" proqramında insan hüquqları sahəsində
konkret əməkdaşlıq fəaliyyətləri müəyyən
edilib. Xatırladaq ki, bu qurumlarla insan haqları sahəsində
əməkdaşlığa dair statistik məlumatlar Xarici
İşlər Nazirliyinin saytına istinadən verilir.
Demokratik cəmiyyətdə
insan hüquqlarının qorunması və demokratikləşdirmə
sahəsində fəaliyyət göstərən təsisatların
imkan quruculuğuna, aidiyyəti problemlərin həllinə və
zorakılığın qarşısının
alınmasına yönəlmiş davamlı bir prosesdir.
İnsan hüquqlarının müdafiəsi və demokratikləşdirmə
spontan şəkildə həyata keçirilə və bu sahədə
mövcud standartlar tətbiq olunmayana qədər lazımi səmərə
verə bilməz.
İnsan
hüquqlarının təşviqi və müdafiəsi sahəsində
beynəlxalq təşkilatlar qarşısında Azərbaycan
tərəfindən götürülmüş geniş
miqyaslı və spesifik öhdəliklər ölkədə
yeni bir mühit yaradıb və hökumətin gündəliyinə
yeni vəzifələr daxil edib. Bu baxımdan öhdəliklərin
yerinə yetirilməsinə nəzarət və implementasiya tədbirlərinin
birləşdirilməsi prosesi siyasi öhdəliklərin
hüquqi qaydalara və dövlətçilik təcrübəsinə
çevrilməsinə töhfə verib.
Müstəqillik
qazandıqdan sonra qısa bir müddətdə demokratik
institutların yaradılması və möhkəmləndirilməsi,
insan hüquqları dəyərlərinin müdafiəsi və
təşviqi daxili və xarici siyasətin əsas komponentlərinə
çevrilərək cəmiyyətin şüuruna təsir
göstərib, vətəndaşlar üçün yeni
imkanlar və dövlət qurumları üçün isə
ciddi öhdəliklər yaradıb. Beynəlxalq təşkilatlarla
əməkdaşlığın əsas istiqamətlərindən
biri də Azərbaycan qanunvericiliyinin beynəlxalq konvensiyalara
və müasir standartlara
uyğunlaşdırılmasıdır. Bu prosesdə rəsmi
Bakı qeyd olunan beynəlxalq təşkilatlarla yaxından əməkdaşlıq
edir. İnsan haqları sahəsində aparılan davamlı
demokratik islahatların məntiqi nəticəsi kimi son illərdə
ən müasir standartlara cavab verən etiqad
azadlığı, sərbəst toplaşmaq hüququ,
seçki sahəsində normativ hüquqi aktların,
qanunların qəbulu prosesi həyata keçirilib. Demokratik
sahədə əldə edilən uğurlar özünü
beynəlxalq təşkilatların xüsusi hesabatlarında da
büruzə verir.
Həftə içi.- 2011.- 29 yanvar.- S. 3.