Səhiyyə sahəsində
hüquqi maarifləndirməyə
ehtiyac var
Aytən Mustafayeva: "Bu sahənin inkişafı həm
də huquqi bazanın mövcudluğundan keçir"
Azərbaycanda insan
hüquq və azadlıqlarının müdafiəsi sahəsində
fəaliyyət göstərən qurumlardan biri də Azərbaycan
Milli Elmlər Akademiyasının İnsan Hüquqları
İnstitutudur. 13 il bundan öncə ulu öndər Heydər Əliyevin
sərəncamı ilə yaradılan və mərhum professor
Rövşən Mustafayevin rəhbərliyi ilə fəaliyyətə
başlayan institutda adınauyğun olaraq insan haqlarının
qorunması məsələsi hər zaman prioritet olub.
Bu sahədə beynəlxalq
təşkilatlarla sıx əlaqələrin qurulması, Azərbaycan
həqiqətlərinin, erməni terrorizminin dünyada
tanıdılması qurumun diqqətçəkən fəaliyyətinin
əsas istiqamətini təşkil edib. İnstitutun direktoru,
millət vəkili Aytən Mustafayeva ilə də elə bu sahədə
görülən işlər, perspektivdəki layihələr
barədə söhbətləşdik.
- Son zamanlar daha çox sosialyönümlü və
tibbi hüquqla bağlı layihələri, tədbirləri
gündəmə gətirməklə diqqət çəkirsiniz...
- Bu bizim ölkənin məntiqi
inkişafının növbəti mərhələsidir.
Ölkə başçısı İlham Əliyev də
çıxışlarında dəfələrlə
vurğulayır ki, biz artıq sosial problemlərin həllində
gördüyümüz işlərin miqyasını
genişləndirməyə çalışmalıyıq. Azərbaycan
bir çox sahələrdə kifayət qədər nailiyyətlər
əldə edib və dövlətin bu istiqamətdə
gördüyü işlər əhalinin rifahının
yaxşılaşdırılmasına xidmət edir. Odur ki biz
də öz növbəmizdə çalışırıq
ki, daha çox əhalinin sosial durumunun
yaxşılaşdırılmasına istiqamətlənən
layihələri reallaşdıraq.
- Azərbaycanda daha çox hansı sahədə insan
hüquqlarının qorunması istiqamətində maarifləndirmənin
aparılmasına ehtiyac görürsünüz?
- Bizim elə son
zamanlardakı fəaliyyətimizdən də bu hiss olunur ki, səhiyyə
sahəsində hüquqi maarifləndirmənin
aparılmasına daha çox ehtiyac var. Səhiyyənin
inkişafı təkcə yeni avadanlıqların,
aparatların alınması, yeni binaların tikilməsi ilə
yekunlaşmamalıdır. Bu sahənin inkişafı həm də huquqi bazanın
mövcudluğu, insanların öz hüquqlarından
doğru-düzgun istifadə etməsindən keçir. Əhali
bilməlidir ki, pasiyent olaraq onların hüquqları və
ondan istifadə etmək haqqları var. Buna xaricdə tibbi
hüquq deyilir və bu sahədə mütəxəssislər
əhaliyə yardım göstərir. Ancaq bizdə belə
mütəxəssislər yoxdur. Odur ki hazırda xaricdən tədris
proqramları gətirmək üçün işlər aparırıq
və həmin proqramlara uyğun elmi-tədqiqat mərkəzlərində,
aidiyyəti yerlərdə tədris üçün danışıqlar
aparılır.
Bu həm də
YUNESKO-nun bioetika və tibbi hüququn bütün ölkələrdə
tədris olunmsı üçün prioritet sahələrdən
biridir. Düşünürəm ki, pasiyentlərin hüquqları
mükəmməl olmalıdır və biz də, xarici
ölkələrdə olduğu kimi, qanunvericilikdə bu məsələyə
diqqət yetirməliyik. Eləcə də tibb işçiləri
özlərinə aid olan hüquq və vəzifələr
barədə məlumatlı olmalıdırlar ki, onlara aid
olmayan hər hansı əməllərinə görə məsuliyyət
daşımasınlar. İnanıram ki, biz bu istiqamətdə
qanunların qəbuluna nail ola biləcəyik və bundan sonra
vətəndaşların maarifləndirilməsinə
çalışacağıq. Məqsədimiz vətəndaş
olaraq hər birimizin səhiyyəmizin inkişaf konsepsiyasının
araya-ərsəyə gətirilməsinə
yardımçı olmaq və bunu öz həyatımızda
görməkdir. Bəzən deyirlər ki, siz insan
hüquqları ilə məşğul olan bir qurumsunuz, amma
tibblə də maraqlanırsınız. Mən demək istəyirəm
ki, biz əsla tibblə məşğul olmuruq, sadəcə,
səhiyyənin hüquqi bazasının mükəmməl
olmasına çalışırıq. Hesab edirəm ki, maddi
tərəfdən bazası olan bütün sahələrdə
hüquqi baza da qaydasında olmalıdır. İnsanların
hüquqi maarifləndirilməsi, hüquqi cəhətdən
biliklərinin çoxluğu cəmiyyətin inkişafı
deməkdir.
- İnsan Hüquqları İnstitutunun ərzaq təhlükəsizliyi,
xüsusilə geni dəyişdirilmiş məhsullarla
bağlı geniş araşdırmaları var. Hazırda bu
istiqamətdə vəziyyət necədir?
- Təkcə Azərbaycan
üçün deyil, eləcə də dünyanın bir
çox ölkələri üçün hazırda genetik
modifikasiya olunmuş məhsulların satışının və
istehsalının artması problemi var. Amma əksər ölkədə
belə məhsulların üzərinə onun geninin dəyişdirilməsi
barədə məlumat yazılır və əhali bu barədə
məlumatlı olur. Bizdə isə bu sahəni tənzimləyəcək
hər hansı qərar yoxdur. Ölkə qanunvericiliyində
qida məhsullarının təhlükəsizliyi ilə
bağlı qanun mövcud olsa da, sənəddə genetik
modifikasiya olunmuş məhsullarla bağlı maddə yoxdur. Biz
istəyirik ki, həmin qanuna əlavə və dəyişikliklər
olunması ilə bağlı təkliflərimizi verək. Çünki
qanunvericilikdə olan boşluqdan irəli gələrək
hazırda bu cür məhsulların ölkəyə gətirilməsində
və aparılmasında heç bir məhdudiyyət yoxdur. Bizi
əhalinin sağlamlığı, genefondumuzu qorumaq daha
çox düşündürməlidir. Bu işlə isə
təkcə aqrar, iqtisadi qurumlar deyil, insan haqları ilə məşğul
olanlar da düşünməlidir. İlk dəfə mən
xaricdə elmi konfransda iştirak edəndə gördüm ki,
genetikası dəyişdirilmiş məhsullardan istifadə edən
iqtisadi cəhətdən zəif ölkələr
sırasında Azərbaycanın da adı hallanır. Bu məni
çox mütəəssir etdi və belə qərara gəldim
ki, məsələni aktual problem kimi fəaliyyətimizin əsas
istiqamətinə çevirək. Çünki biz istər
iqtisadi cəhətdən, istər iqlim şəraiti
baxımından belə məhsullara ehtiyacı olan ölkələrdən
deyilik. Genetikanın inkişafı o demək deyil ki, insan
süni şəkildə yaradılan bütün nemətlərdən
istifadə etməlidir.
- Fəaliyyətinizin əsas istiqamətinin xarici təcrübədən
əldə olunan biliklər üzərində qurulduğu
görünür. Ümumiyyətlə, xarici təcrübə
deyəndə nəyi nəzərdə tutursunuz və daha
çox hansı sahə üzrə öyrəndiklərinizi
işinizdə tətbiq edirsiniz?
- Mən son 1 il ərzində
10-a yaxın beynəlxalq konfranslarda iştirak etmişəm.
Xaricdə toxunulan mövzulara fərqli baxış
mövcuddur. Məsələn, Xorvatiyada keçirilən tədbirlərdən
birində iştirak edən bu ölkənin prezidenti bildirdi
ki, ölkədə tibbi hüququn inkişaf səviyyəsi
ölkənin demokratiya səviyyəsinin göstəricisidir.
Həqiqətən, dövlət vətəndaşının
sağlamlığını nə dərəcədə
düşünürsə, deməli, o qədər də onun
hüququnu düşünür. Beynəlxalq təcrübədə
alimlərin məsələlərə fərqli münasibəti,
istifadə etdikləri tədris proqramları bizim işimizə
də öz təsirini göstərir və Azərbaycana
qayıtdıqdan sonra inkişaf etmiş ölkələr
üçün böyük əhəmiyyət kəsb edən
məsələlərin öz ölkəmizdə tətbiqinə
çalışırıq. Buna misal olaraq deyim ki, bioetikanın
ali məktəblərdə tədrisi ilə bağlı bir
neçə proqramı artıq çap olunub və yaxın
günlərdə təqdimatını edəcəyik.
Yaxın gələcəkdə isə ali məktəblərdən
birində bioetika kafedrasının açılması və
36 saatlıq proqramın orada tədrisini nəzərdə
tuturuq. Artıq Ali Attestasiya Komissiyasında bioetika və tibbi
hüquq elmini yeni istiqamət kimi qeydiyyatdan keçirmişik
və bu istiqamətdə yeni elmi işlər yetişəcək
ki, sonradan tədris prosesində peşəkar kadr kimi bu insanların
əməyindən faydalana biləcəyik.
- Qaçqın və məcburi köçkünlərin
problemləri həm də Azərbaycan vətəndaşının
hüququnun pozulması deməkdir və 20 ilə
yaxındır bu davam edir. Fəaliyyətinizin əsas istiqamətini
də məhz bu problem təşkil edir. Bəs nəticə?
- Bu məsələ erməni
terrorizmi kontekstində tərəfimizdən
araşdırılıb və daim gündəlikdədir.
Bundan əlavə, elə məsələlər var ki, onlar
bizim institut üçün daim aktualdır. Bunlar
qaçqın və məcburi köçkünlər, erməni
terrorizmi və Xocalı soyqırımı ilə
bağlı olan məsələlərdir.
Düşünürəm ki, Azərbaycan üçün hər
zaman aktual olan bu mövzulara beynəlxalq sənədlərə
uyğun olaraq lazımi qiymət verilməyincə daim
müzakirə mövzusu olaraq qalacaq. Həqiqətən də,
Qarabağ mövzusu bizim yaralı yerimizdir və dəfələrlə
bu məsələni xarici ölkələrdə
qaldırmışıq. Amma nədənsə, bir milyon
insanın tapdanan hüquqları demokratiya, insan haqları
mövzusunu başının üstündə bayraq edənlər
üçün maraqlı görünmür. Onlar bu məsələyə
formal yanaşırlar. Dövlətimiz bu insanların problemlərini
həll edir, onlar üçün evlər tikilir, sosial vəziyyətlərinin
yaxşılaşdırılması yönündə
davamlı işlər görülür. Amma fakt odur ki, bu
insanlar öz evlərində deyillər və fikirləşirlər
ki, biz nə vaxtsa evimizə qayıtmalıyıq. Bu barədə
xarici təşkilatları məlumatlandırırıq, onlar
özləri də etiraf edirlər ki, biz bu qədər
insanın hüququnun tapdanmaması üçün, həqiqətən
də, mövqeyimizi dəyişməliyik. Onlar indi-indi hələ
bu barədə məlumatlandırılıblar. Çünki
artıq dövlət səviyyəsində böyük
işlər görülür.
- Konkret olaraq nəyə nail olunub?
- Təəssüflər
olsun ki, hələ Qarabağ münaqişəsinin həlli,
qaçqın və məcburi köçkünlərin
hüquqlarının bərpası
istiqamətində nəyəsə
nail olmaqdan danışmaq
bir az
yersiz görünə
bilər. Problemin həllində göstərdiyimiz
mövqe bizə heç nə gətirmədi və mən inanmıram da hansısa nəticə ola.
Çünki ermənilər artıq
neçənci dəfədir
hər hansı nəticəyə yaxınlaşdıqda
müxtəlif bəhanələrlə kənara
çəkilirlər. Artıq bizə məlumdur ki, bu məsələdə
təkcə Ermənistan
qərar vermir. Qazandığımız beynəlxalq
arenada Azərbaycana artan hörmətdir.
Artıq
bir çox beynəlxalq təşkilatlar
Azərbaycanla hesablaşmamağın
fərqindədir. Biz dünya dövlətlərinə
iqtisadi, hərbi, siyasi cəhətdən, xüsusilə enerji təhlükəsizliyi məsələsində
aparıcı dövlət
olduğumuzu sübut edə bilmişik. Dünya bizi bu cür
tanıyır. Beynəlxalq sənədlərdə
Azərbaycanın düzgün
mövqedə olduğunu
qəbul edirlər.
Amma təəssüflər olsun
ki, beynəlxalq hüququn işləmə
mexanizmlərini görmürük.
Qarabağ münaqişəsinə münasibətdə ikili standartlar mövcuddur.
- İnsan Hüquqları İnstitutunun fəaliyyəti
cəmiyyət üçün əhəmiyyət kəsb edən
bir məsələni araşdırmaq və onun hüquqi
aspektlərini ictimaiyyətə çatdırmaqdan ibarətdir.
Növbəti layihədə hansı sahənin problemlərini qaldıracaqsınız?
- Azərbaycanda vəkilliyin
inkişafı ilə bağlı geniş bir dövrü əhatə
edən layihə üzərində işləyirik və
yaxın gələcəkdə bu sahənin problemlərindən
bəhs edən məsələləri gündəliyə
çıxarmaq niyyətindəyik. Hazırda bu sahədə
müəyyən problemlər var. Vəkillərin
maaşından tutmuş, onların nüfuz məsələsinə
qədər bir çox məqamlara aydınlıq gətirəcəyik.
İnsan hüquqlarının müdafiəsi ilə məşğul
olan peşə sahiblərinin fəaliyyəti bizim
üçün çox önəmlidir. Elə bu səbəbdən
vəkilliyin inkişafı ilə bağlı müəyyən
təkliflərimiz var və bu sahə bizim üçün
prioritetdir.
Naibə Qurbanova
Həftə içi.- 2011.- 29 yanvar.- S. 4.