Azərbaycanda sahibkarların hüquqlarına həssas yanaşılır

 

Nazim Məmmədov: "İqtisadi sektorda çalışanlar həmişə dövlət başçısının qayğısı əhatəsindədir"

 

Azərbaycanda sahibkarlıq fəaliyyəti böyük inkişaf yolu keçib. Bu gün dövlət həm yerli, həm də xarici sahibkarlara geniş meydan verib. Məhz Azərbaycanda yaradılan iqtisadi şərait xarici investorların ölkəyə marağını artırmaqdadır.

Qeyd edək ki, mərhum prezident Heydər Əliyev tərəfindən müəyyənləşdirilən, hazırda onun davamçısı, prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən sosial-iqtisadi inkişaf strategiyasının mühüm istiqamətlərindən biri də elə ölkədə sahibkarlığın dirçəldilməsi və bu sektorda fəaliyyət göstərənlərin hüquqlarının müdafiəsidir.

 

Qanunvericilik nə deyir?

 

Bu sahədə biznes mühitinin daha da yaxşılaşdırılması, qanunvericilik bazasının təkmilləşdirilməsi, eləcə də yerli və xarici investisiyaların, müasir texnologiyaların, idarəetmə təcrübəsinin cəlb edilməsi və bu yolla yüksəkkeyfiyyətli, rəqabət qabiliyyətli məhsulların istehsalı Azərbaycan iqtisadiyyatının digər əsas prioritetlərindəndir. Dövlət - sahibkar münasibətlərinin tənzimlənməsi istiqamətində görülən işlər nəticəsində isə sahibkarların hüquqlarının müdafiəsinin işlək mexanizmləri yaradılıb, onların tətbiqi nəticəsində müdaxilə halları azalıb. Bundan başqa, sahibkarlığa dövlət maliyyə dəstəyi mexanizmi yaradılıb ki, bu struktur kiçik və orta sahibkarların maliyyə vəsaitlərinə olan tələbatının ödənilməsinin real mənbəyi kimi çıxış edir. Azərbaycanda sahibkarların fəaliyyəti "Sahibkarlıq fəaliyyəti haqqında" qanunla tənzimlənir ki, həmin sənəddə də onların hüquq və vəzifələri aydın şəkildə göstərilir. Mövcud qanunvericiliyə əsasən, sahibkarların istənilən müəssisə yaratmaq, onların idarəetmə orqanlarında vəzifə tutmaq və bu orqanların işində iştirak etmək, dövlət və digər mülkiyyət formalarına əsaslanan müəssisələrin əmlak hüququnu tamamilə və ya qismən əldə etmək, başqa müəssisələrin fəaliyyətində öz sərəncamında olan əmlakla iştirak etmək, öz məhsulları üçün qiymətlər müəyyənləşdirmək, işçiləri işə götürmək və azad etmək, işçilərin əməyinin ödənilməsi məsələsini müəyyənləşdirmək, təsərrüfat - maliyyə fəaliyyətini müstəqil həyata keçirmək kimi hüquqları var.

 

"Kənar müdaxilələr aradan qaldırılıb"

 

İqtisadçı-ekspert Nazim Məmmədov da Azərbaycanda sahibkarların hüquqlarının müdafiəsi yönündə ciddi addımlar atıldığını deyir. Onun sözlərinə görə, "Sahibkarlığın inkişafına mane olan müdaxilələrin qarşısının alınması haqqında" qanunun qəbulundan sonra bu məsələ xeyli sürətlənib: "Məlum olduğu kimi, sənədə əsasən, bir sıra mərkəzi və yerli icra hakimiyyəti orqanının nəzarət və yoxlama funksiyalarını yerinə yetirən müxtəlif qurumlar ləğv edilib və hüquq-mühafizə orqanlarının sahibkarlıq subyektlərinə müdaxiləsi qadağan olunub. Yəni dövlət orqanları tərəfindən (vergi orqanları istisna olmaqla) sahibkarlıq subyektlərində yoxlamalar qanunvericiliklə müəyyən edilən qaydada və hallarda yalnız İqtisadi İnkişaf Nazirliyinin nümayəndəsinin iştirakı ilə həyata keçirilə bilər. Təbii ki, buna qədər sahibkarların hüquqları müxtəlif formada pozulur və ayrı-ayrı qurumlar onlara işləməyə imkan vermirdi. Digər tərəfdən ölkə başçısının ötən il imzaladığı "Ədliyyə Nazirliyi yanında Vahid Reystrin Yaradılması haqqında " sərəcamın da bu sektorda böyük əhəmiyyəti var. Ümumilikdə isə biz hazırda ölkə prezidentinin sahibkarlara həm maddi, həm də mənəvi dəstəyini müşahidə edirik".

   N.Məmmədov öz açıqlamasında millət vəkili olduğu dövrdə də sahibkarların hüquqlarının müdafiəsi istiqamətində bir neçə məsələ qaldırdığını da vurğulayır: "Həmişə iş adamlarına dəstək olmağa çalışmışam. Sahibkarlıq subyektlərində yersiz yoxlamalara, rəqabət mühitinin zəifliyinə, bazardakı inhisarçı meyillərin iş adamlarının fəaliyyətini məhdudlaşdırmasına dəfələrlə toxunmuşuq. Digər tərəfdən millət vəkili olduğum dövrdə "Hesablama Palatası haqqında" qanuna əlavə və dəyişiklər edilməsi barədə sənəd, eləcə də "Reiltor fəaliyyəti haqqında" qanun layihəsini Milli Məclisə təqdim etmişəm. Bundan başqa, parlamentdə iş adamlarının Sahibkarlığa Kömək Milli Fondu vasitəsilə maliyyələşməsinin daha da sürətləndirilməsi, o cümlədən "Mərkəzi Bank haqqında" qanuna dəyişiklik edilməsi və birbaşa adıçəkilən qurumun rezervlərinin depozit şəklində Azərbaycanda saxlanılması təklifini də vermişdim. Çox şadam ki, bununla bağlı artıq müvafiq qərar qəbul olunub".

 

Bu yaz "Rəqabət Məcəlləsi"nin qəbulu reallaşa bilər

 

Amma bununla belə, N.Məmmədov düşünür ki, sahibkarların hüquqlarının müdafiəsi istiqamətində digər səmərəli addımların atılması da mümkündür: "Hesab edirəm ki, ilk növbədə "Rəqabət Məcəlləsi haqqında" qanun qəbul edilməli və antiinhisar qurumu yaradılmalıdır. Düşünürəm ki, həmin orqan birbaşa ölkə başçısına tabe olmalıdır. Əgər sözügedən qanunvericilik bazası hazırlanarsa, bu, Azərbaycanda rəqabət mühitinin yaxşılaşdırılmasını, habelə inhisarçılığın aradan qaldırılmasını şərtləndirə bilər. Eyni zamanda səhmdar cəmiyyətlərin daha da çevik idarə olunması və minlərcə səhmdarın dvidend almaması səbəblərini aradan qaldırması üçün vasitəyə çevrilməsi mümkündür. Düzdür, bu gün səhmdar cəmiyyətlərin üzərində nəzarət funksiyasını Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi həyata keçirir. Amma adıçəkilən quruma əlavə səlahiyyətlərin tanınmasına ehtiyac var. Bu gün səhmdar cəmiyyətlərdə dvidend vermə ənənəsinin formalaşdırılması zərurəti yaranıb. Eyni zamanda qiymətli kağızlar bazarı klassik prinsiplərə uyğun fəaliyyət göstərmir. Yəni səhmlər alınıb-satılmır. Bunun inkişafı istiqamətində ciddi tədbirlər həyata keçirilməlidir. Digər sahələr üzrə, təbii ki, kapitalizasiya olmalıdır və insanlar Azərbaycanda milyonçu, milyarder şirkətlər barədə məlumatlandırılmalıdırlar. Təəssüflər olsun ki, bəzən ayrı-ayrı şirkətləri müxtəlif insanlarla, o cümlədən vəzifəli şəxslərlə bağlayır. Bu addımlar Azərbaycanın beynəlxalq imicinə, inkişaf azadlığına, iqtisadi azadlığına mənfi təsir göstərən faktorlardır. Eyni zamanda hazırda mülkiyyət hüquqlarının qorunması ilə bağlı addımlar davam etdirilməli, sahibkarlıq subyektlərinin müxtəlif orqanlara məhkəmə çəkişmələri azad və ədalətli aparılmalıdır. Əfsuslar olsun ki, məhkəmələrin iqtisadi mübahisələrə baxması məsələsi Azərbaycanda ən ağrılı problem olaraq qalmaqdadır. Hesab edirəm ki, bu istiqamətdə köklü islahatların aparılmasına ehtiyac var".

"Rəqabət Məcəlləsi haqqında" qanunvericilik bazasının hazırlanması işinin yubanmasına gəlincə isə ekspert bunu müxtəlif səbəblərlə əlaqələndirir: "Açığı, qanunların qəbulu yalnız Milli Məclisdən asılı deyil. Məsələn, sözügedən qanunvericilik bazasının formalaşdırılması üçün işçi qrup yaradılıb ki, orada İqtisadi İnkişaf Nazirliyinin də nümayəndələri təmsil olunur. Amma son illərdə bu nazirliyin rəhbərliyinin bir neçə dəfə dəyişməsi səbəbindən işçi qrupu da yeniləndiyindən, qanunun qəbulu gecikdi. Güman edirəm ki, parlamentin yaz sessiyasında "Rəqabət Məcəlləsi"nin qəbulunu gözləniləndir. Amma qanun qəbul etməklə iş bitmir, əsas odur ki, bu sənədin işlək mexanizmə çevrilməsi təmin edilsin".

Hazırda sahibkarların öz sosial məsuliyyətini dərk edib-etməməsi məsələsinə də münasibət bildirən N.Məmmədov bu yöndə çoxlu sual olduğunu söyləyir: "Hər halda, sahibkarların əsas vəzifəsi dövlət qarşısında olan vergisini tam həcmdə və vaxtında ödəməkdir. O ki qaldı sahibkarların maarifləndirilməsinə, bu işi müvafiq qurumlarla yanaşı, Azərbaycan Sahibkarlar Konfederasiyası da həyata keçirir. Düzdür, hazırda adıçəkilən qurumun fəaliyyəti ictimaiyyəti və iş adamlarının əksəriyyətini qane etmir. Amma bununla yanaşı, hesab edirəm ki, sahibkarların hüquqlarını müdafiə etməsi üçün bir qurumda birləşməsi zəruridir. Digər tərəfdən hazırda ölkənin iri vergi ödəyiciləri təbii inhisarçılar olduğundan bu qurumlarda sosial islahatların həyata keçirilməsinə ehtiyac var. Yəni onların müxtəlif funksiyaları yerli icra hakimiyyəti orqanları və bələdiyyələrə verilərək vergiyə cəlbetmə mexanizmi tam olaraq işlənilməlidir. Güman edirəm ki, iri vergi ödəyicilərinin nizamlı olacağı təqdirdə, digər sahibkarlarla aparılan iş effektli alınacaq".

  

  

Sevinc

 

Həftə içi.- 2011.- 29 yanvar.- S. 5.