İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyası

 

Avropa Şurasının üzvü olub, bu Konvensiyanı imzalayan hökumətlər 10 dekabr 1948-ci ildə BMT Baş Məclisi tərəfindən bəyan edilmiş İnsan hüquqları haqqında Ümumi Bəyannaməni nəzərə alaraq;

bu Bəyannamənin məqsədinin, bəyan etdiyi hüquqların hamılıqla və səmərəli tanınmasının və həyata keçirilməsinin təmin edilməsi olduğunu nəzərə alaraq;

Avropa Şurasının məqsədinin onun üzvləri arasında böyük birliyə nail olmaqdan ibarət olduğunu və bu məqsədlərə nail olmanın əsas vasitələrindən birinin insan hüquqları və əsas azadlıqlarının dəstəklənməsi və gələcək reallaşdırılması olduğunu hesab edərək;

Dünyada ədalətin və sülhün əsası olan və riayət olunması daha yaxşı qaydada, bir tərəfdən həqiqi demokratik siyasi rejim, digər tərəfdən ümumi anlaşma və onların sadiq qaldığı insan hüquqlarına riayət etməklə təmin olunan əsas azadlıqlara öz dərin sadiqliklərini təsdiq edərək;

Vahid səylərlə hərəkət edən və siyasi ənənələrin, idealların, azadlığın və hüququn aliliyinin ümumi irsinə malik olan Avropa ölkələrinin hökumətləri kimi Ümumi Bəyannamədə təsbit olunmuş bəzi hüquqların kollektiv həyata keçirilməsinin təmin edilməsi yolunda ilk addımlar atmaq üçün qətiyyət göstərərək aşağıdakılar barədə razılığa gəldilər:

 

Maddə 1. İnsan hüquqlarına hörmət olunması öhdəliyi

 

Razılığa gələn Yüksək Tərəflər onların yurisdiksiyası altında olan hər kəs üçün bu Konvensiyanın 2 bölməsində müəyyən olunmuş hüquq və azadlıqları təmin edirlər.

  

   I BÖLMƏ. HÜQUQLAR VƏ AZADLIQLAR

 

Maddə 2. Yaşamaq hüququ

 

1. Hər kəsin yaşamaq hüququ qanunla qorunur. Heç kəs qanunla ölüm cəzası nəzərdə tutulmuş cinayət törətməyə görə, məhkəmə tərəfindən çıxarılmış belə hökmün icrasından başqa həyatından məhrum edilə bilməz.

2. Həyatdan məhrum etmə, güc tətbiqində mütləq zərurətin nəticəsi olduqda bu maddənin pozulması kimi nəzərdən keçirilmir:

a) istənilən şəxsin hüquqa zidd zorakılıqdan qorunması üçün;

b) qanuni həbsi həyata keçirmək və ya qanuni əsaslarla həbsdə olan şəxsin qaçmasının qarşısını almaq üçün;

c) qanuna müvafiq olaraq çevriliş və ya qiyamın yatırılması üçün.

 

Maddə 3. İşgəncələrin qadağan olunması

  

Heç kəs işgəncəyə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara və ya cəzaya məruz qalmamalıdır.

 

Maddə 4. Köləliyin və məcburi əməyin qadağan olunması

 

1. Heç kəs köləlikdə və ya asılılıqda saxlanmamalıdır.

2. Heç kəs məcburi və ya icbari əməyə cəlb olunmamalıdır.

3. Bu maddənin məqsədləri üçün "məcburi və ya icbari əmək" termini aşağıdakıları özünə daxil etmir:

a) bu Konvensiyanın 5-ci maddəsinin müddəalarına müvafiq olaraq həbsdə olan və ya belə həbsdən şərti azad edilmiş şəxsin adətən yerinə yetirməli olduğu hər hansı iş;

b) hərbi xarakterli hər hansı xidmət və ya hərbi xidmətdən əqidəyə görə imtina etmənin qanuni hesab edildiyi ölkələrdə məcburi hərbi xidmətin əvəzinə müəyyən edilmiş xidmət;

c) fövqəladə vəziyyət və ya əhalinin həyatı və rifahı üçün təhlükə yaradan fəlakət hallarında hər hansı məcburi xidmət;

d) adi vətəndaşlıq vəzifələrinin bir hissəsi olan iş və ya xidmət.

 

Maddə 5. Azadlıq və toxunulmazlıq hüququ

 

1. Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ var. Heç kəs qanunla müəyyən olunmuş aşağıdakı hallardan və qaydadan başqa azadlığından məhrum edilə bilməz:

a) səlahiyyətli məhkəmə tərəfindən məhkum olunduqdan sonra, şəxsi qanuni həbsə almaq;

b) məhkəmənin qanuni çıxardığı qərarı icra etməməyə görə və ya qanunla nəzərdə tutulmuş hər hansı öhdəliyin icra olunmasını təmin etmək məqsədilə şəxsin qanuni tutulması və ya həbsə alınması;

c) hüquq pozuntusunun törədilməsində əsaslı şübhə ilə bağlı şəxsin səlahiyyətli məhkəmə orqanı qarşısında durmasından irəli gələn və ya onun tərəfindən törədilən hüquq pozuntusunun, yaxud törətdikdən sonra onun gizlənməsinin qarşısını almaq üçün kifayət qədər zəruri əsasların olduğunun hesab edildiyi hallarda şəxsin qanuni tutulması və ya həbsə alınması;

d) yetkinlik yaşına çatmamış şəxsin tərbiyə nəzarəti üçün qanuni qərar əsasında həbsə alınması və ya onun səlahiyyətli məhkəmə orqanı qarşısında durmasından irəli gələn qanuni həbsə alınması;

e) yoluxucu xəstəliklərin yayılmasının qarşısını almaq üçün şəxslərin, ruhi xəstələrin, alkoqolizmə və narkomaniyaya mübtəla olanların, səfillərin qanuni həbsə alınması;

f) şəxsin ölkəyə qanunsuz gəlməsinin qarşısını almaq məqsədilə və ya barəsində deportasiya, yaxud ekstradisiya tədbirləri tətbiq olunan şəxsin qanuni tutulması və ya həbsə alınması.

2. Tutulmuş hər bir kəsə ona aydın olan dildə onun tutulmasının səbəbləri və ona qarşı irəli sürülən istənilən ittiham barədə dərhal məlumat verilir.

3. Bu maddənin I bəndinin "s" alt bəndinə müvafiq olaraq tutulmuş və ya həbsə alınmış hər kəs, dərhal hakimin və ya qanunla məhkəmə hakimiyyətini həyata keçirmək səlahiyyəti verilmiş vəzifəli şəxsin yanına gətirilir və ağlabatan müddət ərzində məhkəmə araşdırması və ya məhkəməyə qədər azad edilmək hüququna malikdir. Azad edilmək məhkəmədə iştirak etmə təminatlarının təqdim edilməsilə şərtləndirilə bilər.

4. Tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılmaq hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir.

5. Bu maddənin müddəalarının pozulması ilə tutulmadan və ya həbsə almadan zərər çəkmiş hər kəsin iddia ilə təmin olunan kompensasiya hüququ var.

 

Maddə 6. Ədalətli məhkəmə hüququ

 

1. Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə qərarı açıq elan edilir, lakin demokratik cəmiyyətdə əxlaq, ictimai qayda və ya milli təhlükəsizlik maraqları naminə, həmçinin yetkinlik yaşına çatmayanların maraqları və ya tərəflərin şəxsi həyatının müdafiəsi bunu tələb etdikdə, yaxud məhkəmənin fikrincə, aşkarlığın ədalət mühakiməsinin maraqlarını poza biləcəyi xüsusi hallar zamanı ciddi zərurət olduqda mətbuat və ictimaiyyət bütün proses boyu və ya onun bir hissəsində məhkəmə iclasına buraxılmaya bilər.

2. Cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir.

3. Cinayət törətməkdə ittiham olunan hər kəs, ən azı aşağıdakı hüquqlara malikdir:

a) ona qarşı irəli sürülmüş ittihamın xarakteri və əsasları haqqında onun başa düşdüyü dildə dərhal və ətraflı məlumatlandırılmaq;

b) öz müdafiəsini hazırlamaq üçün kifayət qədər vaxta və imkana malik olmaq;

c) şəxsən və ya özünün seçdiyi müdafiəçi vasitəsilə özünü müdafiə etmək və ya müdafiəçinin xidmətini ödəmək üçün vəsaiti kifayət etmədiyi zaman, ədalət mühakiməsinin maraqları tələb etdikdə belə müdafiədən pulsuz istifadə etmək;

d) onun əleyhinə ifadə vermiş şahidləri dindirmək və ya bu şahidlərin dindirilməsinə nail olmaq və onun əleyhinə ifadə vermiş şahidlər üçün eyni olan şərtlərlə onun lehinə olan şahidlər çağırmaq və dindirməyə nail olmaq;

e) məhkəmədə istifadə olunan dili başa düşmürsə və ya bu dildə danışa bilmirsə tərcüməçinin pulsuz köməyindən istifadə etmək.

 

Maddə 7. Qanunsuz cəzalandırılmamaq

 

1. Heç kəs törədildiyi zaman milli və ya beynəlxalq hüquqa görə cinayət sayılmayan hər hansı hərəkət və ya hərəkətsizliyə görə cinayət törətməkdə təqsirli hesab edilə bilməz. Habelə, cinayət əməlinin törədildiyi zaman tətbiq olunandan daha ağır cəza verilə bilməz.

2. Bu maddə törədildiyi zaman sivil ölkələrin tanıdığı əsas hüquq prinsiplərinə müvafiq olaraq cinayət hesab edilən hər hansı hərəkət və ya hərəkətsizlik törətməyə görə istənilən şəxsin mühakimə edilməsinə və ya cəzalandırılmasına mane olmur.

 

Maddə 8. Şəxsi və ailə həyatına hörmət hüququ

 

1. Hər kəs öz şəxsi və ailə həyatına, mənzilinə və yazışma sirrinə hörmət hüququna malikdir.

2. Milli təhlükəsizlik və ictimai asayiş, ölkənin iqtisadi rifah maraqları naminə, iğtişaşın və ya cinayətin qarşısını almaq üçün sağlamlığı, yaxud mənəviyyatı mühafizə etmək üçün və ya digər şəxslərin hüquq və azadlıqlarını müdafiə etmək üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan hallar istisna olmaqla, dövlət hakimiyyəti orqanları tərəfindən bu hüququn həyata keçirilməsinə mane olmağa yol verilmir.

 

Maddə 9. Fikir, vicdan və din azadlığı

 

1. Hər kəsin fikir, vicdan və din azadlığı hüququ var; bu hüquqa öz dinini və ya əqidəsini dəyişmək azadlığı, öz dininə və ya əqidəsinə həm təkbaşına, həm də başqaları ilə birlikdə etiqad etmək və açıq, yaxud şəxsi qaydada ibadəti, təlimləri, dini və mərasim ayinlərini yerinə yetirmək azadlığı daxildir.

2. Öz dininə və baxışlarına etiqad etmək azadlığı yalnız ictimai asayiş maraqları naminə, ictimai qaydanı, sağlamlığı, yaxud mənəviyyatı qorumaq üçün və ya digər şəxslərin hüquq və azadlıqlarını müdafiə etmək üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan məhdudiyyətlərə məruz qala bilər.

 

Maddə 10. İfadə etmək (ekspression) azadlığı

 

1. Hər kəs (öz fikrini - tərc.) ifadə etmək azadlığı hüququna malikdir. Bu hüquqa öz rəyində qalmaq azadlığı, dövlət hakimiyyəti orqanları tərəfindən hər hansı maneçilik olmadan və dövlət sərhədlərindən asılı olmayaraq, məlumat və ideyaları almaq və yaymaq azadlığı daxildir. Bu maddə dövlətlərin radioyayım, televiziya və kinematoqrafiya müəssisələrinə lisenziya tələbi qoymasına mane olmur.

2. Bu azadlıqların həyata keçirilməsi milli təhlükəsizlik, ərazi bütövlüyü və ya ictimai asayiş maraqları naminə, iğtişaşın və ya cinayətin qarşısını almaq üçün, sağlamlığın, yaxud mənəviyyatın mühafizəsi üçün, digər şəxslərin nüfuzu və hüquqlarının müdafiəsi üçün gizli əldə edilmiş məlumatların açıqlanmasının qarşısını almaq üçün və ya ədalət mühakiməsinin nüfuz və qərəzsizliyini təmin etmək üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan müəyyən formallıqlara, şərtlərə, məhdudiyyətlərə və ya sanksiyalara məruz qala bilər.

 

Maddə 11. Yığıncaqlar və birləşmək azadlığı

 

1. Hər kəsin dinc toplaşmaq azadlığı və öz maraqlarını müdafiə etmək üçün həmkarlar ittifaqları yaratmaq və onlara qoşulmaq hüququ da daxil olmaqla başqaları ilə birləşmək azadlığı hüququ var.

2. Bu hüquqların həyata keçirilməsinə milli təhlükəsizlik və ictimai asayiş maraqları naminə, iğtişaşın və cinayətin qarşısını almaq üçün, sağlamlığın və mənəviyyatın mühafizəsi üçün və ya digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olanlardan başqa heç bir məhdudiyyətlər qoyula bilməz. Bu maddə silahlı qüvvələr, polis və ya inzibati dövlət orqanları üzvlərinin belə hüquqlarının həyata keçirilməsinə qanuni məhdudiyyətlər qoyulmasına mane olmur.

 

Maddə 12. Nikah hüququ

 

Nikah yaşına çatmış kişilər və qadınlar bu hüququn həyata keçirilməsini tənzimləyən milli qanunvericiliyə müvafiq olaraq, nikaha daxil olmaq və ailə qurmaq hüququna malikdirlər.

 

Maddə 13. Səmərəli hüquqi müdafiə vasitələri hüququ

 

Bu Konvensiyada təsbit olunmuş hüquq və azadlıqları pozulan hər kəs, hətta bu pozulma rəsmi fəaliyyət göstərən şəxslər tərəfindən törədildikdə belə, dövlət orqanları qarşısında səmərəli hüquqi müdafiə vasitələrinə malikdir.

 

Maddə14. Ayrı-seçkiliyin qadağan olunması

 

Bu Konvensiyada təsbit olunmuş hüquq və azadlıqlardan istifadə cins, irq, rəng, dil, din, siyasi və digər baxışlar, milli və ya sosial mənşə, milli azlıqlara mənsubiyyət, əmlak vəziyyəti, doğum və ya digər status kimi hər hansı əlamətlərinə görə ayrı-seçkilik olmadan təmin olunmalıdır.

 

 

(ardı növbəti xüsusi buraxılışda)

 

Həftə içi.- 2011.- 29 yanvar.- S. 8.