"İran -
Azərbaycan münasibətlərində
qarşılıqlı şübhə
yaradan məqamlar var"
Əfşar Süleymani: "Tehran ABŞ, İsraillə
əlaqələrdən, Bakı isə Azərbaycanda dinin
siyasiləşdirilməsindən narahatdır"
Bir müddət öncə
İran Azərbaycan münasibətlərində yaxınlaşma
hiss olunsa da, son zamanlar, təəssüf ki, iki ölkə
arasında müəyyən gərginliklər
yaşanmaqdadır. Təbii ki, bu istər hökumətlərin,
istərsə də hər iki ölkə xalqlarının
maraqlarına cavab vermir, mehriban qonşuluq münasibətlərinə
ciddi zərbə vurur, nəticədə bundan bölgədə
maraqlı olan üçüncü qüvvələr
yararlanır.
Hələlik rəsmi
şəkildə olmasa da, tərəflər bir-birini müxtəlif
məsələlərdə ittihamlayır. Məsələn,
bəzi ekspertlər Azərbaycanda hicabla bağlı
yaranmış vəziyyəti İranla bağlayır. Bundan
başqa, İranın azərbaycanlıların
yaşadığı Təbriz şəhərinin üzərindən
Ermənistana qaz kəməri çəkməsi Azərbaycanda
birmənalı qarşılanmır. İranın "Səhər"
kanalında isə davamlı olaraq Azərbaycan əleyhinə
sanki bir cəbhə açılıb. Bəs yaranmış
durumu necə dəyişmək olar, tərəflər
arasında qarşılıqlı ittihamlar
dalğasını necə səngitmək olar?
İran və Orta Asiya
Araşdırmalar Mərkəzinin Elmi Şura üzvü,
politoloq Əfşar Süleymani ilə bu məsələlərdən
danışdıq, çıxış yollarını
araşdırdıq.
- Hazırkı İran - Azərbaycan münasibətləri
hansı səviyyədədir? Bu əlaqələrin
inkişafı üçün hansı addımlar
atılmalıdır?
- Hazırkı Tehran -
Bakı əlaqələri məni qane etmir. Baxmayaraq ki iki
ölkə arasında yüksək səviyyəli gediş-gəliş
var. Həmçinin bu əlaqələrin irəli
aparılması üçün çoxsaylı sənəd
də imzalanıb. Amma reallığa baxanda görürük
ki, müxtəlif səbəblərə görə bu əlaqələr
lazımi səviyyədə deyil. Ticarət nöqteyi-nəzərdən
idxal-ixrac azdır. 1992-95-ci illərdə İranın ticari əlaqələrində
Azərbaycan birinci yeri tuturdu. Amma indi 15-ci yerdədir. İran
Azərbaycana kapital qoyuluşu məsələsində isə
15-ci yerdə də deyil. Xəzər dənizi mövzusuna gəldikdə
də görürük ki, hələ də müəyyən
problemlər həll olunmamış qalır və
dondurulmuş vəziyyətdədir. Mədəniyyət sahəsində
də çatışmazlıqlar mövcuddur. Tarixi
müştərək nöqtələrdə də
inkişaf görünmür. Əlaqələrin inkişaf
etdirilməsinin və möhkəmlənməməsinin əsas
səbəbləri iki ölkənin bir-birinə qarşı
etimadının müəyyən səbəblər
üzündən azalmasıdır. Ölkə
başçıları və yüksək vəzifəli
şəxslər bu barədə gərək çox şəffaf,
açıq və səmimi müzakirələr
aparsınlar. Açığı, İran Azərbaycan
Respublikasının ABŞ, İsrail əlaqələrinə
şübhəylə yanaşır. Başqa tərəfdən
isə Tehran Bakıda Güney Azərbaycan məsələlərinin
qaldırılmasından, Azərbaycan prezidentinin 50 milyonluq
dünya azərbaycanlılarının rəhbəri kimi təqdim
olunmasından inciyir. Eləcə də Azərbaycan hesab edir
ki, İran islam dininin Azərbaycanda siyasiləşdirilməsinə
çalışır. Ona görə də tərəflər
təcili oturub bütün məsələlərə
aydınlıq gətirməlidirlər. Belə davam etsə, əlaqələr
daha da zəifləyə bilər.
- Bəzi ekspertlərə görə, Azərbaycanda
hicabla bağlı yaranmış vəziyyət İranla
bağlıdır. Sizin düşüncələriniz necədir?
- İranda bu məsələ
haqqında fərqli mövqelər var. Məncə, belə məsələləri
hər bir ölkənin öz xalqı həll etməlidir. Əlbəttə,
İranın Xarici İşlər Nazirliyinin
sözçüsü də hicab məsələsinin Azərbaycanın
daxili işi olduğunu bəyan edib.
- Ermənistanla əməkdaşlıq İrana nə
verə bilər? Bu əməkdaşlıqda həqiqətənmi
fayda var, yoxsa bu, Azərbaycan - İsrail əlaqələrinə
cavabdır?
- İranla Ermənistanın
münasibətləri, təbii ki, qonşuluq əlaqəsidir.
Sadaladığım qarşılıqlı etimada zərbə
vuran məsələlər Tehran - İrəvan münasibətlərinin
inkişafına öz təsirini göstərir, bunu danmaq
olmaz.
- İran Qarabağ probleminin həllində Azərbaycana
vasitəçilik təklif edib. Bunun üçün
İranın gücu varmı?
- Təbii ki,
İranın gücü var. İran Azərbaycan və Ermənistanla
qonşudur və hər iki ölkə ilə əlaqələri
mövcuddur. Məncə, Bakı Tehrana bir az yaxınlaşsa,
İran - Ermənistan münasibətlərinə təsir
göstərə bilər. Əlbəttə, ATƏT-in Minsk
Qrupu və xüsusilə ABŞ İranın vasitəçiliyinə
maneə törədir.
- Rəsmi Tehran Təbriz üzərindən Ermənistana
qaz kəməri çəkir, orada yaşayan azərilər
buna niyə etiraz etmirlər?
- Əslində bu
iqtisadi bir məsələdir və azərilər bu imkandan bəhrələnirlər.
Eyni zamanda İran vətəndaşları, o cümlədən
İran azərilərinin Ermənistanla ticarət əlaqələri
var. Onu da nəzərinizə çatdırım ki, Ermənistanda
oxuyan iranlı tələbələrin sayı Azərbaycanda
təhsil alan iranlı tələbələrin sayından
çoxdur.
- Güney Azərbaycanda yaşayan azərilərin
sayı barədə müxtəlif fikirlər səsləndirirlər.
Orada nə qədər soydaşımız yaşayır?
- İranda əhalinin
statistikası ancaq İran vətəndaşı kimi
hesablanır. Sadəcə, şəxsiyyət vəsiqəsində
doğum yeri yazılır, milli mənsubiyyət məsələsinə
baxılmır. Azərilərdən əlavə, İranda
başqa xalqlar, o cümlədən kürd, bəluc, ərəb,
türkman, lor və sair xalqlar yaşayır. Dediyim səbəbdən
onların da sayı dəqiq bilinmir. Sadəcə, vilayətlər
və şəhərlərdən hansı xalqın harada və
nə qədər yaşadığını təxminən
demək olar. Eyni zamanda bütün xalqlar başqa şəhərlərdə
də yaşayır. İran azərbaycanlılarının ən
azı 40 faizi Tehran şəhərində yaşayır.
Ümumiyyətlə, İranda maksimum 25 milyon azərbaycanlı
yaşayır və onlar özlərini İran vətəndaşı
olaraq təqdim edirlər.
- Onların milli dərki, milli şüuru hansı səviyyədədir?
- Ümumiyyətlə,
İran xalqının milli dərki və şüuru yüksək
səviyyədədir. O cümlədən də İran azərbaycanlılarının.
- Müxtəlif təşkilatların
yaydığı xəbərlərə görə,
İranda azərilərin milli hərəkatları var. Milli hərəkat
əsasən hansı bölgələrdədir?
- İranda qanuni olaraq
belə bir təşkilat yoxdur. Bəzi şəxslər tərəfindən
bəzi fikirlər deyilir, amma qarşısı alınır.
İranı parçalamaq ayrı, İran içərisində
siyasi, mədəni azadlıqdan bəhrələnmək isə
tamam fərqli məsələdir. Heç bir ölkə ərazi
bütövlüyünün sual altına düşməsinə
imkan verməz, belə problemlə üzləşmək istəməz.
İran azərbaycanlılarının əksəriyyəti
İran ərazisində yaşayaraq öz mədəni irslərinin
və dillərinin qorunmasının tərəfdarıdır.
İran Konstitusiyasında bu haqq nəzərdə tutulub və
indi də Azərbaycan dilində qəzetlər, kitablar nəşr
olunur. Azərbaycan dilində çoxlu şeir yazılır, telekanallarda
və radiolarda bu dildə verilişlər gedir.
Amma məktəblərdə Azərbaycan dilində təhsil,
eyni zamanda bu dildə özəl telekanal və radio yoxdur.
Əli Zülfüqaroğlu
Həftə içi.- 2011.- 28 yanvar.- S. 3.