Əlyar Səfərli: "İranda Azərbaycana qarşı mükəmməl təxribat maşını formalaşıb"  

 

İran yenə təxribatlarını davam etdirir. Bu dəfə rəsmi Tehran Azərbaycanı içəridən qarışdırmaq üçün rəsmi dövlət qeydiyyatı olmayan Azərbaycan İslam Partiyasından (AİP) yararlanmağa cəhd edir.

Amma fars molla rejiminin bu planı baş tutmadı. Azərbaycanın təhlükəsizliyinə birbaşa məsul olan dövlət orqanları cənub qonşumuzun arzusunu ürəyində qoydu.

Buna nail olmadığını görən İran müxtəlif yollarla, xüsusən "Səhər" "Kompas" kanalları vasitəsilə Azərbaycana qarşı illərdən bəri apardığı "primitiv" (ibtidai) təbliğatı daha da gücləndirdi. Tehranda yaradılan internet portalı vasitəsilə indi 20-ci əsrin ən dəhşətli soyqırımı hesab olunan Xocalı faciəsi ətrafında siyasi alverə start verilib. Erməni dəyirmanına su tökən sayt hesab edir ki, guya qətliamı azərbaycanlıların özləri törədib.

Azərbaycanın İran İslam Respublikasındakı (Cümhuriyyət) eks-səfiri, akademik Əlyar Səfərli bu cür antiazərbaycan təbliğat maşınının yeni olmadığını, tarix boyu xalqımıza qarşı düşmənçilik siyasətinin yürüdüldüyünü deyir. "Həftə içi"nin suallarını cavablandırarkən eks-diplomat qeyd etdi ki, Azərbaycan və Türkiyə demokratikləşdikcə İran daha da qıcıqlanır. Çünki İslam inqilabından sonra İranda yaşayan xalqlara qarşı farslar bir asimlyasiya (asimilasyon) siyasəti həyata keçirməklə yanaşı, eyni zamanda xalqların dilini, mədəniyyətini, tarixini də silməyə çalışıblar. Onun sözlərinə görə, farslar əsasən ölkənin 30 milyondan yuxarı əhalisi olan və İran ərazisinin əsas hissəsində yaşayan azərbaycanlılara qarşı bu siyasəti indi də həyata keçirir: "Baxmayaraq ki bu ölkədə müəyyən müddətlərdə rəhbərlər azərbaycanlılar, yaxud da azərbaycan əsilli olublar. Yenə də bu siyasət dəyişməyib. Rəsmi Tehran üçün, xüsusilə də ayətullalar üçün ölkə sərhədlərində demokratik, insan haqlarının qorunmasına dayanan bir dövlətin yaranması qorxulu bir amil olaraq qəbul olunub. Rejim hesab edir ki, əgər belə ölkələrin sayı artarsa, o zaman onların xalqları üzərində hökümranlıq edən dini dövlət çökə bilər, yaxud da rejim ölkədaxilindəki müxalif qüvvələrin əli ilə yıxıla bilər. Bu onlar üçün ən qorxulu amildir. Ona görə də müstəqil Azərbaycan dövlətini daim bu cür təhdidlər altında saxlamağa çalışırlar. Bu baş vermədikdə isə başqa yollarla Azərbaycana təsir etmək istəyirlər. İran Azərbaycana dost olmayan ölkədir və heç bir zaman da dost olmayacaq".

Keçmiş səfir İranın müsəlman bir ölkə olmasına baxmayaraq, müsəlman Azərbaycan dövlətinin ərazilərinin 20 faizini işğal edən 1 milyona yaxın insanı yurdsuz-yuvasız qoyan Ermənistanla münasibətlərinə də toxundu. Eks-diplomat qeyd etdi ki, İranın Azərbaycana nə dərəcədə dost və qardaş ölkə olduğunu Ermənistanla qurduğu iqtisadi-siyasi və diplomatik münasibətlər çox aydınca ortaya qoyur: "Təbii ki, rəsmi Bakı qonşuları ilə problemsiz münasibətlərin formalaşmasında maraqlıdır. Amma çox təəssüflər olsun ki, Azərbaycanın yerləşdiyi bölgədə qonşu olduğu dövlətlər bizim ortaya qoyduğumuz münasibətlərə cavab verə biləcək siyasət yürütmür. Onlar daim ikili oyunlar mexanizmindən istifadə edir. Rusiya və İran bu məsələdə ortaq fəaliyyət göstərir. Baxmayaraq ki bəzi məsələlərdə mövqeləri üst-üstə düşmür.

İran Ermənistanla münasibətlərinin qurulması ilə bağlı məsələlər gündəmə gələndə bizə deyir ki, siz də İsraillə münasibətlər qurmusunuz. İsrail Fələstində müsəlmanları qırır. Adamdan soruşarlar: bəyəm Qarabağda və ətraf rayonlarda ermənilər tərəfindən qanına qəltan olunanlar müsəlman deyil? Xocalıda ən ağır işgəncələrlə soyqırıma məruz qalan insanlar qeyri-dindəndir? Əgər doğrudan da, İran əsl İslam Respublikası olsaydı, Ermənistanla münasibətləri özü kəsərdi. Amma o sözdə belə edir, əməldə isə bu gün Ermənistanı qazla təmin etməklə yanaşı, bu işğalçı ölkənin iqtisadi baxımdan ayaqda durmasında ciddi rol oynayır. Ona necə inanasan?! Doğrudur, rəsmi Bakının da Təl-Əvivlə münasibətələri var, amma yəhudilərə Naxçıvanda, Gəncədə konsulluq açmağa izin veribmi? Amma İrandakı hazırkı rejim bizə gözdağı olsun deyə bütöv Azərbaycan dövlətinin paytaxtı olan Təbrizdə işğalçı Ermənistana konsulluq açmağa imkan verib. Molla rejiminin bu hərəkəti eyni zamanda Azərbaycan tarixini, mədəniyyətini silməyə də yönəlib. Gedin, baxın Ermənistanla sərhəddə İran necə böyük qaz təsisatı mərkəzi, su elektrik stansiyası tikib. Bunu edən zaman da min illər babalarımızın üzərindən keçdiyi, tarixləşən Xudafərin körpüsünü dağıdır. Budur İranın bizə və dövlətimizə qarşı münasibəti. İşğal altında olan ərazilərdəki evləri ermənilər dağıtsalar da, oranın daha da viranələşməsinə səbəb verən İran idi. O topraqların işğalı başlananda da İran Ermənistana sərt mövqe göstərmədi. Çünki fars-molla rejiminə bu sərf edirdi".

 

 

Nahid Canbaxışlı

 

Həftə içi.- 2011.-28 yanvar.- S. 3.