Züleyxa Qabıssandan Misirə gəlin köçüb

 

Ə.Caminin Yusif və Züleyxa əsərinə istinad etdikdə diqqətimi bir beyt özünə cəlb etdi. Belə ki, peyğəmbərlərdən söhbət açan şair İbrahim peyğəmbərin nəvəsi Yaqub peyğəmbərdən söhbət açarkən incə bir məsələyə toxunar ki, bu da yazacağım ana mövzuya geniş bir yol açır.

 

İsak da aləmi tərk edən zaman,

Yaqub səs qaldırdı Hünda dağından.

O daha bir geniş süfrə açaraq,

Şamdan Kəyanədək qaldırdı bayraq.

 

Bəli, bu iki beyt çox qədim gizli tariximizdən xəbər verir.

1-ci beytdə Hüda dağı dedikdə dağ burada həqiqi dağ yox, məcazi formada mənəvi dağdan söhbət gedir.

Hüda - 1) doğru yol; 2) rəhbərlik, rəhbər tutma (bax.ə.f.lüğ.138.). Demək, İsakdan sonra İbrahimin davamçısı, onun dininin ardıcılı İsakın əkiz oğlanlarından olan (Yaqub və Üveys) Yəqub olmuşdur. İbrahim dininin rəhbəri olmuşdur. Üveys isə əmisi İsmayılın yanında olmaq üçün Azərbaycana getmişdir ki, bu haqda da əsərlərimdə məlumat vermişəm (Yusif p.ə. isə Yaqubun 12 övladından biri idi).

2-ci beytdə isə:

 

O daha bir geniş süfrə açaraq,

Şamdan Kəyanədək qaldırdı bayraq.

 

Məhz bu beyt mənim mövzumun şah notudur ki, ideoloji tənliklər əsasında Züleyxanı məhz qədim Şamdan (Azərbaycandan) Misirə gəlin aparacaq.

İncildə və Quranda qeyd edilir: o cümlədən Avestada İbrahimə Allahdan vəh gəldi sən çıx get Kəyana orada sənə böyük nəsil və var-dövlət verəcəyəm. Həqiqətən də, belə oldu İbrahim Şamı tərk edib gedəndən sonra onun böyük nəsli və var-dövləti oldu ki, şair bunu çox qabarıq şəkildə işıqlandırır:

 

Kəyanda salınca daimi məkan,

Sərvəti, övladı artdı durmadan.

Qoyunun, qızının yox idi sanı,

Tutdu qarışqa tək sürü səhranı.

 

Yaqubun sürüləri o qədər çox olmuşdur ki, qarışqanı saymaq olurdu, sürünü yox. Kəyan qədim Azərbaycanın şahlıq məkanı, müqəddəs din məkanı olmuşdur. Qədim Alban adı bunu tam təsdiq edir.

Al - ocaq, nəsil, sülalə, bir nəsildən olan adamlar.

Al (i) Nəbi - peyğəmbər övladı, nəsli (bax.ə.f.lüğ.səh.18.). Bani - onu quran, səbəbkar (bax.ə.f.luğ.səh.35.).

İbrahim p.ə. Məryəm surəsinə görə "Şama" (Günəşə) üz tutduqdan, məşəqqətli bir yol keçdikdən, bütpərəstlərə qalib gəldikdən sonra onun vətəni "Şam" xalqı isə azərilər (yəni atəşpərəstlər, oda sitayiş edənlər) oldu. Qabıssanda qədim qəbirlərdə də mixi yazılar ilə baş daşında "Şam" adına rast gəlmək olur. Şamın haraya, hansı əraziyə vurğulanmağı da qədim xalq mahnılarında da aydın vurğulanır.

 

Əzizim dam da mələr,

Urumda, Şamda mələr.

Aşiqin göz yaşları,

Mərmərə arsa dələr.

 

Bu bayatıda aşiq, təbii ki, İbrahim, onun ilkin dini məkanı Rum və Şam olmuşdur.

Rumi - vizantiyalı, anadolu, kiçik asiyalı rumlu. Bax.ə.f.lüğ.səh.527.

Şam isə Azərbaycan olmuşdur. Başqa bir bayatıda:

 

Əziziyəm Şama gəl,

Pərvanətək şama gəl.

Günorta vədəliyəm,

Get dolan axşama gəl.

 

Söhbət ulduz sisteminin vəsfindən gedir.

 

Əzizim, hara gəlsin,

Şama nahara gəlsin.

Qışı zəhlə tökəndi,

Deyin bahara gəlsin.

 

Sonuncu bayatı məgər qədim Qabıssana Daş Oğuza) işarə deyilmi?! Suriyanın Şamının zəhlə tökən qışı yoxdur axı?! Mən bu haqda kitablarımda oxuculara geniş məlumat vermişəm. Şam Qabıssanın ilkin adı olmuşdur. Şam əxi dedikdə məhz bu Şamın əxisi, yəni qardaşı ocağı isə sarı torpaqda (sarı - Günəş deməkdir). Dədə - Günəş ocağıdır. Dədə ilk dəfə Günəşə deyilmişdir. (İbrahimin Günəşə üz tutmasının mahiyyəti). Beləliklə, qədim Şamın qismən də olsa, məkanını ilkin olaraq təyin etdik. Şam qədim azərilərin (oda sitayiş edənlərin) vətəni olmuş, sonralar bu yer Zənd, Gərd, Ziyarilər, nəhayət, Qabbısan olmuşdur. Qabıssan (Qobustan), Şamın beşinci adı olmuşdur. Kəyandan Şama qədər olan ərazi bu yerlər nəzərdə tutulmalıdır. Məhz bu təhlildən sonra Zülexanın Misirə gəlin köçməsinin ardınca gedək. Yusif qardaşlarının xəyanətinin əsirinə çevrilir. Qardaşları onu quyuya sallayıb, ipi kəsirlər. Çox keçmir ki, Misir tacirləri onu quyudan çıxarıb, Misirdə qul kimi satırlar. Yusif gənc olsa da, yaşından çox ağır mərhumiyyətlərə tab gətirir. Bunun səbəbi onun ilahi eşqə bağlılığındandır. Ona görə ki, bu mənəvi məsələ Quranda əks olduğu üçün məhz Allahın sevib yaratdığı bir yol idi bu. Yusif adının özü bunu təsdiq edir.

Yusif (gözəllik və səadət rəmzi). Yusifi-Ruz (günün Yusifi) Günəş (demək, atəşpərəstlərə bağlanan ad). Züleyxa - ikimənalı sözdür.

1. Saf, şirin su, ağlıq rəmzi.

2. Züll-zillət (rəhmət əziyyət, rüsvayçılıq).

Bəli, bu iki ad əsərdən, əsərin ortaya çıxmasından qabaq Quranda işıqlandırılmışdır. Hər iki ad mahiyyət etibarilə əsərin əvvəlindən axırınadək bir-birinə bağlanır və bir-birini tamamlayır. Tarixən İbrahim vergisi, nəticələrindən (12) yalnız Yusifə verilmiş, Allah onu peyğəmbərlər cərgəsinə salmışdır. Züleyxanı isə müqəddəs bir məxluq kimi nəslə hədiyyə vermiş və bu bəxşeyişdən yaranmışdır bu dastan. Sonda isə yeni bir böyük məkanda Allahı özündə təmsil edən bir din yaramışdır.

Yusif Misirə ayaq basarkən Züleyxaya buta verilmiş və o, eşq ümmanına üz tutmuşdur. Yusifin Misirdən olması Züleyxaya yuxuda əyan olur. Dərhal onda Misir elinə güclü rəğbət yaranır. Bilir ki, onun sevdiyi məhz Misirdədir. Bu ərəfədə zamanına görə 10 yerdən Züleyxaya elçi gəlir. Əsərdə isə Züleyxanın hansı məkandan olması, nədənsə, işıqlanmır. Onun məkanı, ana yurdu qaranlıq saxlanılır. Bu baxımdan Züleyxanın haradan olmasını tapmaq üçün Ə.Caminin sətraltı ifadələrinə nəzər yetirək:

 

Şamın padşaşı, Rumun sultanı,

Ona elçi gəldi tamam 10 nəfər.

 

Bu beytin pəncərəsindən qədim "Dədə Qorqud" dastanına nəzər yetirsək, ilkin olaraq Oğuz elinin bir ucu "Şam"da, digər tərəfi isə Trabzonda tamamlanır. Şam və Trabzon vəhdəti dastanda öz əksini tapır.

 

Bəlkə də torpağı o yerləndərdir,

Qisməti, ruzisi o ellərdəndir.

 

Şair sanki bu məqsədə işarə vurur. İlkin elçi Şamdan və Rum sultanından olur. Məntiqi nəticədən belə çıxır ki, ilkin elçi öz soy kökündən olur. Əlbəttə, Züleyxa kimi müqəddəs bir gözələ elçi ilkin olaraq öz elindən olmalıdır. "Dədə Qorqud" dastanında yazılır ki, Bayandır xanın "Şam"ı günlüyü dünyanın hər tərəfinə səpələnmişdi. Demək, həmin nəsillər nə qədər uzağa getsə də, vətənlə, ilkin ana vətənlə əlaqə kəsilməmişdir. Hətta Hindistandan Bayandır xana xüsusi olaraq tənbəki pay göndərilərdi. Bayandır xan nüfuz sahibi kimi Hindistan tənbəkisi çəkərdi. Şairin başqa beytində daha bir vurğuya bağlanırıq:

 

Şöyləsən yanında yaxşı yerdir Şam,

Deyər: gündüzü də görünər axşam.

 

Bəli, Qabıssanın səmasında olan parlaq ulduz sistemi dünyanın heç bir yerində yoxdur. Demək olar ki, onun səmasındakı ulduzların iri və parlaq görüntüləri heç bir yerdə bu ecazkarlıqda görünmür. Sanki gecəsi də gündüz kimi olur. Yay aylarında Qabıssan uşaqları gecə vaxtı gündüzün oyunlarını oynayırlar. Bu oyunlardan biri də yaddan çıxmış "Südlü sümük" oyundur. Gecələr oynayan zaman sümüyü uzağa əl ilə atar, sonra isə axtarıb onu tapardılar. Tapan şəxs oyunun qalibi sayılardı.

Bəli, aydın olur ki, Züleyxaya dünyanın hər yerindən elçi gəlib, lakin Misirdən elçi düşən yoxdur. Belə olan halda Züleyxa:

 

Göz yaşı axıdıb, matəm qururdu,

Başına yüz əlli kül sovurardı.

 

Bu beyt tarixən atəşpərətslərin ən qədim adət-ənənəsindən xəbər vermirmi?! Başa kül sovurma atəşpərəstlərin qədim yas əlaməti deyilmi?! Atəşpərəstlərdən (azərilər) başqa hansı məkanda başa kül sovurma var. "Külü başına qoyum", "kül başına, kül olsun başına" kəlamları atəşpərəstlərdən misal qalmayıbmı?! Qədim azərilər (atəşpərəstlər) yaxın adamları ölərkən başlarına kül qoyardılar.

Hətta qabıssanlılar qəbiristanlıqlarına indi də "pir, kül, məşər" adı ilə səslənirlər. Məgər bu sətraltı ifadələr Züleyxanın Azərbaycandan, "Şam"dan, qədim Alban dövlətindən olmasından xəbər vermirmi və yaxud təsdiq etmirmi?!

Qədim Misirdə və yaxud Suriyada belə bir adət olmayıb axı! Hətta peyğəmbərimiz Məhəmməd də qeyd edib ki, atəşpərəstlər kimi ölünü səs-küylə, vay-şivənlə yola salmayın.

Züleyxanın timsalında onun Azərbaycan məkanından olmasına müəyyən işarələr verməklə yanaşı, Yusifin də bu işarələrə bağlılığına istiqamətlənək.

 

Dedilər, səfərdən qayıtmış Malik,

İbrani bir qula olaraq Malik.

 

Demək, Yusif ibrani bir quldur deyilsə də, ibrani sözünün mənası, nədənsə, açılmır. Açaq bu sözün ana mahiyyətini.

1. İbra - qurtarma, bəraət qazanma (İbrahimin bəraət qazanıb, təkallahlığı yaratmasına işarədir).

2. İbra (z) - zahirə çıxarma, aşkara çıxarma, təzahür etmə (İbrahim dininin təzahür etməsi).

3. İbra (ni) - yəhudi, qədim yəhudi dili. Baxə.f.lüğ.səh.230. Bəli, buradan bir sual doğulur: indiki Quba ərazisində yaşayan "Qırmızı Qəsəbə" sakinləri olan yəhudilər sənədlərində hansı milliyyətə mənsub sayılır? Cavab bir olacaq "Tat"lar. 2-ci sual: Quba tatları ilə yəhudilər eyni dildə (aksent fərqi ilə) danışmırlarmı? Ümumilikdə "Tatari" adlandırmırlarmı avropalılara görə? Bəli, bunları təhlil edilməyən həqiqətlər deyilmi?!

İbrahim oğlu İsak, arvadı yəhudi qızı Sara ilə buradan Kəyana getməyiblərmi?! (Kəsə yolla, bax. Avesta) "İbra" - "him" adı ilə bu vəhdətdən doğulmadımı?

Him - himmət sahibi (himətlər). Bax. ə.f.lüğ.səh.734.

Buna görə də Yusif Misir bütpərəstləri tərəfindən ibrani qul sayılırdı. Misir əhli əla bilirdi ki, Yusif İbrahim peyğəmbərin nəticəsidir. İsakın nəvəsi, Yaqubun oğludur. Bu təhlildən aydın olur ki, Yusif İç Oğuz deyilən azəri məkanındandır. Bax buna görə də Ə.Cami çox gözəl vurğulayır:

 

Bəlkə də torpağı o yerlərdəndir,

Qisməti ruzisi o ellərdəndir.

 

Buradan bir sual doğulur: hansı gücə bağlayıb Allah bu vəhdəti? Cavab bir mənalı olacaq. Allaha bağlanan təkallahlığa. Təkallahlığın ilkin vətəni Azərbaycan olub. Təkallahlıq bu diyardan güc alıb dünyaya yayılmışdır. Tarixin dərinliklərinə varlıqda aydın olur ki, Yusif Kəyandan Allahın istəyi və yazısı ilə Misirə gedir, Züleyxaya isə ilahi eşq butası verilməklə məhz qədim Qabıssandan (Kabrıstan - Kabıstan) Azərbaycandan Misirə gəlin getmişdir. "Yusif və Züleyxa" dastanı təkcə iki aşiq və məşuqun sevgi məcarasından söhbət açmır.

Daha doğrusu, bu sevgi dünyasından söhbət açmaqla yanaşı, ağıla gəlməyən qeyri-adi bir ilahi eşqi ortaya çıxarır. Bu ilahi, qeyri-adi eşq din və Allah eşqidir ki, onların ikisi də Misirdə bütpərəstliyin soyuq, cansız daşlarını süpürüb, təkllahlığı Misirə, onun əhalisinə bəxş etdilər.

Məhz onların yaratdıqları təkallahlığın təcəssümü olan "Quba" məscidinin əsasını qoydular ki, yerli əhali Kəbə tikilənə qədər bu məsciddə dualar etdi. Budur "Yusif və Züleyxa" dastanının ağılagəlməyən, Quranda öz əksini tapan ana qayəsi. Uzun əzab əziyyətdən sonra Allah bu iki aşığı bir-birinə qovuşdurub xoşbəxt edir. Yusifin dediyi kimi: istər yüz il, istərsə də min il yaşa, bir gün həyat sona çatır. Hansısa bir gecənin hamiləliyindən, gündüzümüz doğulmur və ya doğulmayacaq. Ana qayə isə axirət hesabatıdır. Bunu, təəssüflər olsun ki, insanlar ömürlərinin sonunda dərk edirlər. Sonda Yusifin arzusuna nəzər yetirək:

 

Bu fani dünyadan doymuşam cana,

Şahlığın sonu da fənadır, fəna!

Könlüm əbədiyyət mülkünü istər,

Vəslinə yetməkçün mənə yol göstər.

Din yolunu tutan hər bir xeyirxah,

Sənin astananda dayanır, Allah.

Məni də naqislər əlindən qurtar,

Qoy tutum kamillər səfində qərar!

 

Bəli, Yusif kamanından hədəfə atılan bu ox dərhal da hədəfə dəyir. Yusif səhər oyanıb atına minərkən ayağını üzəngiyə qoyan zaman Cəbrayıl ona deyir ki, tələsmə dayan. Ona bir güz alması verir (güz - bəzəkli). Yusif almanı yemədi, sadəcə, almanın gözəlliyinə baxıb onu iylədi və bununla da müqəddəs istəyinə çatmış oldu və canını tapşırdı.

Yusifin ölümünü bilən Züleyxa dərhal tumar kimi qovrulmağa başladı (tumar bükülmüş yazı, namə):

 

Köçüb bir daxmaya geyindi qara,

Pərişan zülfünü tökdü ruxsara.

Saldı kədərindən üzünə çırmaq,

Sovurdu başına kül ilə torpaq.

 

Bəli, üz cırmaq mixi yazılarının rəmzidir. 2 rəmzi qəbul etmişəm.

1. Misri qılınc, əslində misli qılınc olmalıdır. Yəni (misli - bənzər) xaça bənzər qılınc, onun rəmzi Qazan xan səfər edəndə qılıncını öpməklə talehini Allaha bağlayırdı.

2. Üz yazılarıdır ki, bunu yalnız zamanında atəşpərəstlər edib (qadınlar). Əzizləri öləndə üzlərinə sanki dırnaqla cızlar çəkməklə qanla yazı yazırdılar. Oxunmayan, lakin əzabdan, zillətdən doğulan mənəvi yazılar. Atəşpərəstlərin ilkin ana məkanı Qoca Qabıssan sonra isə Təbriz olmuşdur.

Təb - isti məkan.

Riza - bir döşdən süd əmən (qardaş) (Baki - Təbriz). Beləliklə, bu beyt də təsdiq edir ki, Züleyxa məhz Qabıssandan olub. Alban dövlətinin, müqəddəs diyar olan Azərbaycanın qızıdır. Alban dövlətinin qızıdır ki, Msirə din apardı.

Sonda bir neçə beytlə fikrimi tamamlamaq istəyir, həm də fikrimə təsdiq gətirmək istəyirəm:

 

Timus adlı şah Məğrib zamanda,

Namusda tək idi öz aləmində.

Ordusu covzadən bağlaya kəmər,

Qılıncına bəxti bəxş edər zəfər.

Var idi Züleyxa adlı bir qızı,

Dünyanın misilsiz parlaq ulduzu.

 

Timus burada misal olaraq göstərilir. Məğrib sözünə gəldikdə lazımi ilkin işarələri qazanırıq.

Məğrib - günbatan, qərb, Qərb cəhətindəki ölkələr, Afrikanın (Misirdən başqa) şimal sahilindəki ölkələr. Bax.ə.f.lüğ. səh. 338.

Demək, işarə Azərbaycana istiqamətlənir ki, əsərdə bu yerin adı çəkilmir, hətta məkan kimi də. Qalan yerlərin adı çəkilir ki, Züleyxa da o yerlərdən deyil. İkinci olaraq şair cövza kəmərindən misal çəkir ki, bu kəmər də muğlara, atəşpərəstlərə və zərduşlara bağlı kəmərdir ki, ancaq döyüşə və bir də dini ayinlərdə, bayramlarda (dini) taxılardı. İbrahim dininin rəmzlərindən biridir. 72 ipdən toxunardı. İplər və qara rəngdə olardı ki, bu da gecə və gündüzün, göy və yerin müqəddəslik rəmzi idi. Həmin kəmərlə də Yusif bibisi tərəfindən şərə salınmışdır. 72 rəqəmi isə o zamanlar 72 xalqın və bir də 7 dövlətin rəmzi idi. İsgəndər Rövşanəni alanda toy edərkən 7 kəmər bağlamışdı. Ona qədər bu kəmərləri bayramlarda şah Dara taxardı. Bu da 7 dövlətin şahənşahı rəmzi idi. Onun məğlubiyyətindən sonra e.ə.331-də. Bu kəmərləri ilk dəfə İsgəndər taxmalı oldu. Bax. "İsgəndərnamə". 72 həm də atəşpərəstlərin 72 nuru deməkdir. Dini ayələr olub.

Demək, Züleyxa covza kəmərini taxanların ölkəsindən olub. Bu kəmər ancaq Şama (Qabıssana) bir də ki, Kəyana yəni, qədim Azərbaycanın şahənşah paytaxtına aid olub. şahlar Azərbaycanda çox olub. Onların mərkəzi isə Kəyan olub. Zamanında 7 dövlət Kəyana hər il vergi verib. T.Heyerdalın fikrinə görə, dünyanın azad svilizasiyası bu zamanlar olub. Müharibəsiz dünya. İsgəndər buna son qoydu.

Bəli, əziz oxucu, bütün bunlar sübut etmirmi ki, Züleyxa müqəddəslik rəmzi kimi Allahın istəyi ilə Azərbaycanda doğulub, Misirə gəlin köçmüşdür?!

  

 

Şakir Qabıssanlı

 

Həftə içi.- 2011.- 18 yanvar.- S. 4.