"Xan qızı..."nın işığında

 

     Öncə kitabın adı diqqətimi çəkdi. "Xan qızı..." Yaradıcılığını, daha çox şəxsiyyətini sevdiyim, hər iki tərəfdən əsilzadə olan, XIX əsrin saysız-hesabsız qəzəl şairləri arasında öz duyumu və deyimi ilə seçilən, Qarabağda el üçün gördüyü xeyirxah işlərlə yadda qalan şairə Xurşidbanu Natavan haqqında idi.

     Dərhal kitabın müəllifinin adına nəzər saldım: Cəmil Tağıyev. Bu ad da tanış idi. Onu "Yaddaşlardan yığılan kitab"dan yaxşı tanıyırdım. Əzmli, inadkar, araşdırıcı olduğunu bilirdim. Müəllif də, tədqiqat obyekti də ürəyimdən olduğu üçün maraqlı bir əsərlə qarşılaşacağıma şübhə etmədən "Xan qızı"nı oxumağa başladım. Başladığım günü də sona yetirdim.

      Məlumdur ki, Natavan haqqında ilk monoqrafik tədqiqat əsəri Bəylər Məmmədova məxsusdur. Cəmil Tağıyev öz kitabında bir çox hallarda bu samballı qaynağa istinad etdiyini özü də etiraf edir.

     Kitabın ən mühüm cəhətlərindən biri budur ki, "Xan qızı..." latın qrafikalı əlifbaya keçəndən sonra oxucuların Natavanın həyat və yaradıcılığı ilə daha bir görüşüdür. Bu cür görüşlərə, həqiqətən, oxucuların ehtiyacı var. Çünki Natəvan elə bir şəxsiyyət idi ki, onun heç bir digər fəaliyyəti olmasaydı belə xalqın yaddaşında yaşaması üçün zərif, kədərli poetik irsi kifayət idi. Və ya şairliyi, poeziyası olmasa idi, gördüyü çox böyük xeyirxah əməllər onu yaşadacaqdı. Bu yerdə X.R.Ulutürkün misraları yada düşür:  

   Sənət həvəsinə düşməzdən əvvəl sənətkar mənliyi yetişməlidir.

   Xurşidbanu Natavan yetkin sənətkar mənliyinə sahib olan şairimizdi. Kitabın diqqətimi çəkən ikinci mühüm cəhəti bu oldu ki, müəllif orada bəzi yeni faktlar söyləyərkən fərziyyələrə yox, şairin doğmalarının dilindən eşitdiklərinə əsaslanır. Həm də hisslə yox, ağılla söylədiklərinə.

   Cəmil müəllimə Xurşidbanu Natavanın əmisi nəticəsi (ata tərəfdən) Geysu xanım Cavadbəy qızı ilə çoxlu söhbət etmək səadəti nəsib olmuşdur. Bu söhbətləri vaxtında kifayət qədər dəyərləndirmədiyindən, yazıya almadığından peçmançılıq duyan müəllif yadında saxladığı bəzi məqamları oxucuları ilə paylaşaraq bu boşluğu müəyyən qədər doldurmağa çalışmışdır. Tədqiqatçı göstərir ki, əslində bu kitabın yaranmasının bir səbəbi də elə Geysu xanımla etdiyi söhbətlər olub. Bu söhbətlərdən müəllifin yadında qalan əsas faktlardan biri Xurşidbanunun təxəllüsü ilə bağlıdır.

   Hamı bilir ki, şairə şeirlərini Natəvan (zəif, gücsüz, evsiz, köməksiz) təxəllüsü ilə yazırdı. Düşünürsünüzmü imkansızlara əl tutan, məktəblər tikdirmək, arxlar çəkdirmək və s. əməllərlə elə arxa, dayaq olan, zəhmətkeş təbəqənin güman yeri olan, hətta ölümündən sonra da bir çoxlarının pənah apardığı (Hüseyn Arif "Natavan" poemasında yazacaqdı:

  

   Mənmi sənə həyan olum 

   Sənmi mənə həyan, bacım.  

   Çox sınadım öz-özümü 

   Başqadır şair dözümü, 

   Sənə çevirib üzümü 

   Gətirmişəm güman, bacım  

   Ay mənim Natavan bacım.

  

   Natavan özünə gücsüz təxəllüsünü seçir. El arasında "Xan qızı" kimi tanınsa da, Qasım bəy Zakir ona "bürcü-səltənət", C.Nəva "Fatimənin kənizi-xurşidbanu" desə də, A.Düma heyranlıqla ondan söz açsa da, o, özünə "Natavan" təxəllüsünü yaraşdırmışdı. Bunu hər kəs bilir. Lakin onu heç kəs bilmir ki, şairə həm də "Natamam" təxəllüsü ilə şeirlər yazarmış. Bunu isə C.Tağıyevin kitabından Geysu xanımın söhbətlərinə əsasən öyrənirik. Müəllif əsaslandırır ki, qadın kimi xoşbəxt ola bilməyən, ana kimi ən böyük acı yaşayan, bala dağı görən, harın, şərəfsiz bəylərin həcvlərinə, dedi-qodularına tuş gələn bir çox arzuları yarımçıq qalan bir şairənin "Natamam" təxəllüsü ilə də yazması mümkündür, inandırıcıdır. Oxucu da oxuduqlarına inanır. İnanır ki, Xurşidbanu həm sənətkar olmağın, həm də üstəlik qadın olmağın çətinliklərini yaşamışdır və ictimai mənsubiyyətinə baxmayaraq, o da bibisi Ağabəyim ağa da əslində digər Azərbaycan qadınlarının acı taleyini yaşamışlar. Bir zamanlar Xan qızının həqiqi halını anladan "Natavan" təxəllüsünə necə kədərlənmişdimsə, "Natamam" təxəllüsünü öyrənmək də bir qadın olaraq məni üzdü.

   Dünyaya gəldiyi günə, bu dünyanın özünə lənətlər yağdıran şair daha necə təxəllüslər götürməliydi ki? Nə mən olaydım ilahi, nə də bu aləm olaydı... Özünü Natavan, "Natamam" hiss edən bir şairənin arzuları necə olmalı idi ki?!

   Xurşidbanu Natavanın vəfatı zamanı Şuşa əhlinin layiqli şəkildə ona son borcunu ödəməsi, "Kafkaz" qəzetində Qarabağ xanı, general-mayor Mehdiqulu xanın qızı, şairə knyaginya Usmiyevanın vəfatı haqqında elanı oxuyan Qafqazın maarifpərvər adamlarının ürəkdən kədərlənməsi, şeirlərinin bu gün də sevilə-sevilə oxunması və yeni-yeni tədqiqatçıların yetişməsi göstərir ki, əslində şairə zəif və arxasız deyildir.

   Natavanın digər tədqiqatçıları kimi, C.Tağıyev də bu fikirdədir ki, Xurşidbanun həyatının yaradıcılığının hələ işıqlandırılmamış qaranlıq məqamları çoxdur. Cavanşirlər nəslinin davamçılarından vaxt itirmədən hələ də nələrisə öyrənmək olar.

   Bu il anadan olmasının 180 illiyi tamam olan ləyaqətli şairənin ruhu qarşısında və məşhur nəslin nümayəndələri ilə qohum olmaq, həmsöhbət olmaq hissinin qürurunu və məsuliyyətini duyan 81 yaşlı tədqiqatçının qələmi qarşısında bu kiçik qeydləri yazmağı özümə mənəvi borc bildim.

 

 

   Firəngiz İSKƏNDƏRQIZI,

   Sabirabad rayonu Qəzli kənd

   orta məktəbin dil-ədəbiyyat

   müəllimi

 

   Həftə içi.- 2012.- 3 aprel.- S. 7.