9 ilə cəmi 257 kitabı satılan Dahi - Ziqmund Freyd

 

Mikroskop altında heyvanların onurğa beynini öyrənərkən o, dünyanın ən xoşbəxt adamı olurdu

 

Onun atası Yakob anasından - sayca üçüncü arvadından düz 20 yaş böyük idi. Onun ilk dostları özündən yaşca çox böyük olan qardaşlarının uşaqları idi, yəni atasının ilk evliliyindən olan uşaqların övladları.

Onun atası yun satmaq biznesiylə qazanmağa cəhdlər eləsə də, deyəsən, ticarətdə əli gətirən deyildi. Atasının bu işdə fərsizliyi onun xasiyyətində dərin izlər buraxmışdı. Çünki bu balaca uşaq qəti qərara gəlir ki, atasının uğursuzluğunu öz nailiyyətləriylə ört-basdır edəcək.

3 yaşında olanda ailəsi antisemit sıxışdırmaya görə Leypsiqə, daha sonra Vyanaya köçməli olur. Bir az böyüyən kimi bacıları kiçik otaqda sıxışmalı olsalar da, ona ayrıca otaq verirlər. 8 uşaqlı ailədə hamı dərslərini şam işığında öyrənməli olduqları vaxt yalnız bu yazının qəhrəmanına neft lampası ayrılmışdı. Başqa uşaqlara musiqiylə məşğul olmaq qadağan idi, axı səs onun dərslərinə mane ola bilərdi. Məktəbdə oxuyanda müəllimlərin tərifindən hiddətlənən yaşıdları qara, buruqsaç uşağı tez-tez ağlamağa məcbur edərdi. Başqasının gözünə baxa bilməmək kompleksini o, elə uşaqlığından hamıdan seçilən, yazımın qəhrəmanı Ziqmund Freyd məktəb illərindən ömrü boyu özüylə daşıyıb.

 

"Belə çıxır ki, məndən başqa heç kim soxulcanın cinsi orqanını görməyib?!"

 

Freydinəsl adı Sigizmund olub. Lakin 22 yaşında olarkən adını dəyişərək Ziqmund qoyur.

Uşaqlığında vəkil olmağı arzulayan Freyd universitetə qəbul olunanacan Hötenin elmi araşdırmaları və Darvinin əsərlərinin təsiri altına düşərək özünü biologiya və fəlsəfəyə həsr eləməyə qərar verir. Triyestanın elmi laboratoriyasında ilk tədqiqatı soxulcanların cinsi orqanlarının axtarılmasına həsr edilmişdi. Görünməz inadkarlıqla yüzlərlə soxulcanın qarnını yortandan sonra nəhayət ki, cinsiyyət vəziləri tapmağa nail ola bilir: "Belə çıxır ki, məndən başqa heç kim soxulcanın cinsi orqanını görməyib?!" Bu, Freydin ilk uğuru idi.

 Sonra o, fiziologiya ilə maraqlanaraq Freyd neyronlarını üzə çıxarır, amma tədqiqatını sona çatdırmadığına görə bu tapıntının da müəllifliyi başqalarına qismət olur. Ahıl yaşlarında artıq məşhur psixoloq olduğu vaxtlarda dostlarından birinə yazırdı ki, mikroskop altında heyvanların onurğa beynini öyrənərkən o, dünyanın ən xoşbəxt adamı olurdu. Balıqlar, sürünənlərlə əlləşməkdən bezəndən sonra o, insan rüşeymini, pişik, it və insan balalarının beynini öyrənməklə başını qatır. Amma bu, pul gətirən sahə deyildi. Yazdığı kitabları alan olmurdu: 9 il ərzində 257 kitab satılmışdı.

 

"Mənim xasiyyətimdə tiranlıq hiss olunur"

 

Ziqmund intelligent yəhudi ailəsindən olan Marta Bernesə vurulur. Ailə qurmaqçün lazımi maddi durumu olmadığından o, istəməsə də, xəstəxanada işləməliydi ki, evlənə bilsin. Həmin dövrdə o, kokainin ağrıkəsici təsirini tapmışdı. Nişanlısıyla istirahətə getdiyi qısa müddətdə gətirdiyi dərmanın keyfiyyətlərini dostları Keninqsten və Koller kəşf edib işi bitirməyə də macal tapırlar deyə bu kəşf Freydin adına bağlı deyil. Narkotikə öyrəşmə barədə isə Freyd bir qədər sonra xəbər tutacaqdı, çünki pasientlərdən bir neçəsi narkomana çevrilmişdi.

Nişanlısına yazdığı məktublarında Freyd ondan bütün sevgisini tam tələb edirdi: "Bundan belə öz ailənizdə yalnız qonaq kimi yaşaya bilərsizg Əgər mənə görə ailənizdən imtina edə bilmirsizsə, məni itirəcək, öz həyatınızı heçə döndərəcək, ailə həyatında xoşbəxt ola bilməyəcəksinizg Mənim xasiyyətimdə tiranlıq hiss olunur". Martaya yazdığı məktubların sayı 1500 ədədi adlayıb. Qonşuluqda yaşamasına baxmayaraq, gecə-gündüz məktublaşan bu iki gənc yalnız 4 ildən sonra evlənə bildi. Pulsuzluğun ucbatından 30 yaşına qədər gözləməli olan Freyd deyilənə görə, zifaf gecəsinə kimi bakir insan kimi yaşamışdı. Seksual pozuntular üzrə mütəxəssisin hər hansı "seksual azğınlığından" heç söhbət gedə bilməzdi. 10 illik evlilik ərzində onların 6 uşağı dünyaya gəlir. Uşaqlarından cəmi birisi - qızı Anna atasının yolunu davam etdirib uşaq psixoanalitiki olur.

 

Onun üçün pasient ordusu hazırlayan ateizm

 

Freyd qadınları bioloji cəhətdən natamam və keyfiyyətsiz saydığına görə feministlərin qəzəbinə gəlmişdi. Amma Freyd isteriyanın yalnız qadın xəstəliyi olması barədə fikirləri darmadağın da eləyə bilmişdi. Bu isə kişilərin heç xoşuna gəlmirdi.

Evlənəndən sonra ailəsini saxlamaqçün qəzetə elan verir: "Müxtəlif əsəb xəstəliklərini sağaldıram". Evinin bir otağını kabinetə uyğun bəzəyir. Freydin pasientlərinə rahat taxtda uzanıb beyninə gələn ilk fikri nə qədər absurd və ədəbsiz olsa da, dilinə gətirmək təklif edilirdi. Bununla da o, içində qalmış mənfi emosiyalardan və xəstəliyin səbəblərindən canını qurtarmış olurdu. Amma xəstələrin saatlarla danışdıqlarını dinləməkdən ağır nə ola bilər axı? Axı o, insanların gözünə baxmağı da sevmir! Daha sonra xəstəni uzandırmaq və gözlərinə baxmamaqçün guya pasientin rahatlığıyçün arxada oturmaq qərarına gəlir. Ən vacibi isə bir dənə də sual verməməkdi, qoy nə istəyirsə, onu da danışsın! Bir də ki, seans mütləq baha olmalıdı ki, xəstə onu hiss etsin. Gün ərzində cəmi bir nəfəri havayı qəbul etmək olar. Həmin xəstə demək olar ki, heç vaxt sağalmırdı. Saatlarla danışan xəstələrin qabağını almaqçün o, seansı 40-50 dəqiqəyə endirir. Artıq əsrlərin qovşağında cahanı başına almış ateizm onunçün çoxlu pasient ordusu hazırlayırdı. Tənqidçilər Freydi nə qədər çox söysələr, pornoqrafiya və əxlaqdan danışsalar, onun yanına axışanların sayı bir o qədər artırdı.

 

Məruzələrini cəmi 3 nəfərin dinlədiyi dahi...

 

Yuxulara böyük yer ayıran Freyd ilk tədqiqatını öz yuxularından başlayıb. Ona görə də özünü daha yaxşı başa düşməyə başlamışdı. Psixoanalizin inkişafına Freydin atasının ölümü çox böyük təsir göstərib. Çünki o, analizə böyük yer ayırmışdı. Atasına qarşı duyduğu qısqanclıq, rəqabət hissi nəticədə vicdan əzabı, peşmançılıq və əlacsızlıq hissləriylə əvəz olunmuşdu. Belə ruhi "eşələnmələri" o, "insan qəlbində obraz və açar axtarışıyçün qazıntılar" adlandırırdı. 1900-cü ildə o, belə nəticəyə gəlir ki, insan qəlbinin bütün problemləri uşaqlıqda keçirdiyi dramlarla əlaqədardır. Edip kompleksinin də açılışı həmin ilə təsadüf edir. Ən böyük açılışlar elədiyi ildə onun məruzələrinə rekord vuracaq qədər adam qulaq asıb: cəmi 3 nəfər!

 

Şüursuzluq özünü ağızdan qaçan sözlərdə büruzə verir

 

Onu kolleqaları anlamır və qəbul eləmirdilər. Freyd deyir ki, təhtəlşüur, yəni şüursuzluq ağızdan təsadüfən qaçırılmış sözlərdə, təsvirlərdə, yalançı xatirələrdə özünü büruzə verir.

Müharibə illərində faşist diviziyaları şəhərə daxil olandan sonra qızı Anna Freyd Gestapo tərəfindən tutulur, amma tezliklə buraxılır. Freydin özünü, demək olar ki, faşistlərin pəncəsindən güclə qurtarıb Londona aparmaq mümkün olub. Freydə Avstriyanın sərhədlərini tərk eləməkçün icazə almağa görə tərəfdarları 20 min funt sterlinq həcmində rüşvət verməli olurlar. Bu pulu onun pasienti, yunan şahzadəsi Mari Bonapart ödəmişdi. Freyd son dəqiqəyə kimi inana bilmirdi ki, ölkə nasizmə qədər deqradasiyaya uğraya bilər. Qardaşı bütün sərvətindən məhrum olur, 4 xəstə və qoca bacısı isə tutulub konslagerdə məhv edilir.

 

"Sən nə danışırsan? Mən axı evliyəm"

 

"Ailədə bir-birinə incə sözlər deməyənlər tədricən münasibətlərin təravətini itirir və paslı qıfıla çevrilirlər", - deyən Freyd 52 yaşına çatanda öz ailə həyatından bezməyə başladı. İşi başından aşan alim hətta bazar günlərini də yalqızlıqda, yaxud baldızı Minna ilə keçirirdi. "Biz ikimiz də Martadan (arvadı) fərqli olaraq itaətsiz və pis adamlarıq", - deyən Freyd deyəsən, yenidən vurulmuşdu. Tezliklə Minnaya qarşı da soyuduğundan qadın onu tərk edir. Bundan sonra Freyd intim münasibətlərdən tamamilə imtina eləyir. Amerikaya məruzə üçün getdiyi dövrdə Freyd dostlarından birinə şikayət edir ki, nədənsə amerikalı fahişələr haqqında gördüyü yuxular onu narahat edir. Bu məsələni təbii yolla həll etməyi məsləhət görən dostuna "Sən nə danışırsan? Mən axı evliyəm" demişdi.

Seksual qüvvənin şəxsiyyəti formalaşdırması barədə fikirləri bütün dünyaya başa salan Freyd özünə qarşı çox tələbkar idi. Freyd deyir ki, mədəniyyət insanın seksual instinktini boğaraq onun şəxsiyyətinin formalaşmasına xidmət edir. Freydin öz həyatı buna çox cözəl misaldır: "Sivil insanın seksual həyatı ciddi şəkildə şikəstdi".

 

"Psi" və "alfa" hərfli qəbir

 

7 yaşından siqaret çəkməyə o qədər aludə olmuşdu ki, yaşlı vaxtında çənəsində bədxassəli şiş əmələ gəlmişdi. O, təkcə başqalarını deyil, özünü də müalicə etməyi bacarırdı. Özü də qeyd edirdi ki, "Mən özümün ən əsas pasientim olmuşam". Çənəsində yaranmış şiş səbəbilə dözülməz ağrılardan əziyyətinə son qoymaqçün Freyd dostu Maks Şurdan özünü öldürməkdə ona kömək etməsini xahiş edir. Həkim ona üçqat dozada morfin iynəsi vurduqdan sonra alim dünyasıyla əbədi vidalaşır.

Freydin şərəfinə qoyulmuş xatirə lövhəsində cəmi iki hərf var: yunan əlifbasının psi və alfa hərfləri. Freyd onları psixoanalizi qısa şəkildə ifadə etməkçün istifadə edərmiş.

 

 

Nigar İxtiyarqızı

 

Həftə içi.- 2012.- 7-9 aprel.- S. 16.