Xəstəliklərə meydan oxuyan incəsənət

 

      Psixi pozuntusu olan, depressiyaya düşən insanlar dərmansız müalicə oluna biləcəklər

 

      İncəsənət sehrli və müalicəvi bir aləmdir. Adi bir musiqi, rəng və ya rəqslə insanı həm sağaltmaq, hətta öldürmək də olar. Ancaq hələ ki, bu üsullardan müalicə etmək məqsədilə istifadə edilib. Sağlamlığın bu üsulla əldə edilməsi art-terapiya metodu adlanır. Əcnəbi ölkələrdə artıq çoxdandır ki, tətbiq edilən bu növ müalicə Azərbaycanda hələ o qədər də kök atmayıb.

       Bununla belə, Azərbaycanda ilk dəfə olaraq, art-terapiya vasitəsilə insanların müalicəsinə hazırlıq işləri gedir. Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzinin direktoru Zəfər Əliyev deyir ki, aprelin 15-dən sonra mərkəz tam fəaliyyətə başlayacaq. Onun sözlərinə görə, Psixi Sağlamlıq Mərkəzində xəstələrə daha çox ambulator şəkildə yardım göstəriləcək. Burada həmçinin müraciət edənlərə müxtəlif formada psixoloji yardımlar göstəriləcək, xəstələrin reabilitasiyası aparılacaq. Mərkəzə yalnız ciddi psixi pozuntuları olan şəxslər deyil, stress keçirən və ya psixoloji durumu gərgin olan şəxslər də müraciət edə bilərlər. Burada elmi tədqiqat işlərinin aparılması və həkimlərin ixtisasının artırılması da mümkün olacaq.

      Bakı Şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində olan Bakı Şəhər Ruhi Əsəb Xəstəlikləri Dispanserinin bazasında yeni yaradılan Psixi Sağlamlıq Mərkəzində xəstələrə daha çox ambulator şəkildə yardım göstəriləcək, müraciət edənlərə müxtəlif formada psixoloji yardımlar göstəriləcək, xəstələrin reabilitasiyası aparılacaq.

      Xatırladaq ki, art-terapiyanın məqsədi istənilən incəsənət növləri ilə insanların psixikasına müəyyən qədər təsir göstərməklə onları müalicə etməkdir. Bu müalicə üsulu psixi pozuntusu olan xəstələrin müalicəsində istifadə edilir. Art-terapiyanın növlərindən olan izo-terapiya zamanı xəstələr rəngli qələmlər, pastellər, yağlı, sulu boya ilə rəsmlər çəkirlər. Biblo-terapiya zamanı kitablar oxunur və səhnələşdirilir. Musiqi terapiyası zamanı insanlar musiqi sədaları altında öz hisslərini ifadə edir, özləri musiqi alətlərində çalır, rəqs terapiyası zamanı musiqi sədaları altında rəqs edirlər.

      Art-terapiyanın çox effektli olduğunu deyən Zəfər Əliyev bildirib ki, yüngül psixi pozuntusu olan, depressiyaya düşən, stress keçirən insanlar dərmanlardan istifadə etmədən art-terapiya vasitəsilə müalicə oluna biləcəklər. Amma ciddi psixi pozuntusu olan insanların müalicəsi zamanı art-terapiya zamanı dərmanlardan da istifadə ediləcək. Onun sözlərinə görə, art-terapiyanın müddəti xəstənin mövcud psixoloji, sinir sisteminin vəziyyəti, xarakteri və problemin ciddiliyindən asılı olaraq müəyyən edilir. Bu terapiya 1, 10, 30 seans da təyin edilə bilər.

      Art-terapiya kifayət qədər geniş yayılıb və 1960-cı ildə Amerikada təşkil edilib. Buna oxşar qurumlar həmçinin İngiltərə, Yaponiya, Hollandiyada da yaradılıb. Yüzlərlə peşəkar artterapevt psixi və ümumsomatik xəstəxanalarda, klinikalarda, mərkəzlərdə, məktəblərdə, həbsxanalarda, universitetlərdə çalışırlar.

      Psixologiya və Konsultasiya Mərkəzinin (PCC) psixoloqu Elnarə Baxışlı psixoterapiyada art-terapiya metodunun ən cavan metodlardan biri olduğunu bildirir. Onun sözlərinə görə, bu terapiyanı istənilən qrup insanlarla və məqsədlərlə istifadə etmək olar: "Tədris müəssisələrindən başlayaraq, psixiatrik klinikalara qədər auditoriyaya sahib olan art terapiyanı müxtəlif incəsənət növləri ilə keçirtmək mümkündür. Art-terapiya emosiyalar üzərində bir eksperimentdir. Ona görə də ilk olaraq gizlənmiş emosional problemlər art terapiyada asanlıqla üzə çıxır. Emosional yaşamlar kağız üzərində simvollar şəklində ifadə olunur. Art- terapevtin əsas işi bu simvolları açmaqdır. Bunun üçün ilk olaraq o qrafo-analizi bilməlidir".

      Psixoloq qeyd edir ki, incəsənətlə müalicənin tarixi çox qədimlərə gedir. Əlavə edir ki, ən bariz nümunə qədim dini mənbələrdən biri olan Tövratdan gətirilir: "Davud peyğənbər musiqi alətində, arfada çalaraq Saulu əsəb pozuntusundan sağaldıb. Qədim yunanda isə rəssamlığın, teatrın, musiqinin, rəqsin insan orqanizminə təsirini öyrənirdilər".

      Bu növ müalicənin üsullarından danışan psixoloq bildirir ki, art terapiyanın musiqi-terapiya, imaqo-terapiya, foto-terapiya, izoterapiya, oyun terapiya, biblio-terapiya, qum-terapiya, rəqs-terapiya, maska-terapiya və s. kimi növləri var. Onun sözlərinə görə, art-terapiyada ən çox "Mandala", "Mövcud olmayan heyvan", "Mən kiməm?", "Avtoportret", "Əhvali-ruhiyyəm", "Vəziyyətim", "Kollektiv avtoportret", "Ailə gerbi", "Hədiyyələr", "Güzgü", "Xeyir və şər" adlı çalışmalar istifadə olunur.

 

 

     Nigar İxtiyarqızı

 

     Həftə içi.- 2012.- 11 aprel.- S. 8.