Ağdaban ağrısı

 

  Ermənilərin 1992-ci ildə yerlə-yeksan etdiyi Ağdaban faciəsindən 20 il ötür

 

  "Böyük Ermənistan" xülyası ilə yaşayan ermənilər Azərbaycan ərazilərində məskunlaşdıqları XIX əsrdən başlayaraq, xalqımıza qarşı insanlığa yaraşmayan ən dəhşətli soyrıqımlar, qətliamlar həyata keçiriblər. Tarix boyu davam edən bu vəhşi düşmənçilik sovet imperiyası dövründə ört-basdır edilərək unutdurulub.

   Belə ki, erməniləri etibarlı dost, sədaqətli qonşu hesab etsək də, onlar öz xasiyyətini dəyişməyib, imkan tapan kimi düşmənçilik siyasətini davam etdirib. Bunu Xocalı, Malıbəyli, Daşaltı faciələrindən sonra bu Ağdaban faciəsini törətməklə də dünyaya nümayiş etdiriblər. Belə ki, Ermənistan Silahlı Qüvvələri 20 il əvvəl Azərbaycan aşıq poeziyasına Ağdabanlı Qurban, Aşıq Şəmşir kimi saz-söz azmanları bəxş eləyən, saz-söz pərəstişkarlarının ziyarət beşiyi, Azərbaycanın zümrüd tacı olan Kəlbəcərin şimal-şərqində yerləşən Murov dağının ətəyindəki Ağdaban kəndini yerlə-yeksan edərək növbəti soyqırıma imza atıblar.

   Dağlıq Qarabağ münaqişəsinin başlandığı ilk günlərdən kənd əhalisi Ağdabanı qonşu Ağdərə rayonunda yerləşən erməni silahlılarından çox mərdliklə müdafiə ediblər. Lakin 1992-ci ilin əvvəllərində, Ağdabanın işğalından bir neçə gün əvvəl Müdafiə Qərargahının əmri ilə Ağdabanı Ağdərənin Çapar kəndi ilə birləşdirən yollar minalardan təmizlənib. Kənd camaatı bunun əleyhinə olsalar da, "Kəlbəcərdən Dağlıq Qarabağa hücum əməliyyatı var" deyərək minalardan təmizlənmə davam etdirilib. Kənd əhalisi Ağdərə yolu ilə qonşu Çapar kəndinə döyüş texnikası və canlı qüvvə daşındığı barədə aidiyyəti orqanlara həyəcanlı xəbərlər verib. Lakin kəndin müdafiəsinə heç bir kömək göstərilməyib. Nəticədə aprelin 8-də səhər tezdən kənd camaatı evlərindən eşiyə çıxarkən kəndin üzükqaşı kimi mühasirəyə alındığını görüblər.

    Kənd bir neçə istiqamətdən mərmi yağışına tutularaq, 130 evdən ibarət olan Ağadaban və Çayqovuşan kəndləri amansızlıqla yandırılıb. Erməni qəsbkarları Ağdabana hücum zamanı 8 yaşlı Alıyeva Ülviyyə Camal qızının atasını onun gözləri qarşısında güllələyib, özünü isə kartof quyusunda diri-diri basdırıblar.

    Həmçinin, erməni faşistləri Saşa Saleh oğlu Hüseynovun üz və bədən dərisini soya-soya qətlə yetiriblər. Daşnaklar kənd sakinlərindən Musa Qara oğlu Mamedovu, Həyat Həsən qızı Mamedovanı, Fatma Qaraca qızı Hümbətovanı, Bakir Qurban oğlu Qocayevi, Zeynəb Məmməd qızı Qocayevanı, Qulu Sabir oğlu Qurbanovu diri-diri basdırıblar. Erməni cəlladları hadisədə Qorxmaz Qaraca oğlu Hümbətovun ürəyini çıxarıb, Ziyəddin Əlqəmə oğlu Məmmədovu, İsbəndiyar Lətif oğlu Məmmədovu tikə-tikə doğrayıb, Rayət Behbud oğlu Qasımovun üzərindən isə BTR markalı ağır döyüş maşını keçirməklə onu tanınmaz hala salıb torpağa qarışdırıblar. Bununla da kifayətlənməyən qəddarlar Qəmər İsa qızı Kərimovanın sinəsinə güllələrlə xaç şəkili çəkib.

    Nə qədər acı da olsa, bu müsibətlər bizim tariximizin qanlı faciəli səhifələridir. Həmin qanlı hadisədən 20 il keçməsinə baxmayaraq, kəlbəcərlilər, o cümlədən də Ağdaban kəndinin sakinləri bu müsibəti bir an da unutmur, tezliklə Dədə Şəmşir yurdunun doğmalarına qovuşacağına əmindirlər.

    Hər il rayonun işğalı ərəfəsində keçirilən silsilə tədbirlərdə, xüsusən də Kəlbəcər Rayon İcra Hakimiyyətində təşkil olunan mərasimlərdə tükürpədici xatirələrilə yanaşı ümiddolu ifadələr səsləndirilir. Bu il də anım mərasimini RİH başçısı Vidadi Məhərrəmov və rayon ictimaiyyəti iştirak edib. İlk olaraq faciə qurbanlarının xatirəsi bir dəqqəlik sükutla yad olunub. Tədbirdə rayon ziyalıları ilə yanaşı, RİH başçısının I müavini Aqil Məmmədov da məruzə ilə çıxış edib. Ağdaban faciəsinin təfərrüatları barədə ətraflı məlumat verən ziyalı faciənin dünyaya bəyan edilməsi üçün müvafiq internet saytının açıldığını və film hazırlandığını vurğulayıb. Şəhid ailəsi Gülara Hüseynova, kənd sakini Yaşar Məmmədov, Tapdıq Qasımov erməni faşistlərinin insanlığa yaraşmayan törətdikləri Ağdaban faciəsi barədə gözləri ilə gördükləri, şahidi olduqları o ağır məqamları dilə gətiriblər.

 

 

   Pərvin İsmayılova

 

   Həftə içi.- 2012.- 12 aprel.- S.7.