Bakıda beynəlxalq turizm sərgisi keçirilir

 

201 şirkətin qatıldığı sərgi bu gün başa çatır

 

Bakıda Böyük Britaniyanın "ITE Group" şirkətinin Qafqazdakı eksklüziv tərəfdaşı olan "Iteca Caspian" şirkətinin təşkilatçılığı ilə XI Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər ("AITF-2012") sərgisi bu gün başa çatacaq. Sərgidə dünyanın müxtəlif yerlərinə turizm səfərlərinin təşkil olunmasından başlayaraq hava daşımaları, hoteldə yerləşdirmə və otaqların bron edilməsinə qədər turizm xidmətlərinin bütün spektri nümayiş etdirilir.

"Iteca Caspian" şirkətinin layihə meneceri Xəyalə Əliyeva bildirib ki, aprelin 11-dən start götürən sərgidə 201 şirkət iştirak edir. Sərgi 62 turizm istiqamətini, 15 milli ekspozisiyanı və 32 iştirakçı ölkəni təqdim edəcək. Azərbaycan, Gürcüstan, Sloveniya, Çexiya, Dubay (BƏƏ), Türkiyə, Bolqarıstan, Dağıstan, Stavropol diyarı, Hindistan, Kipr, Krım, Litva, Malayziya və Xorvatiya öz milli ekspozisiyalarını nümayiş etdirir. Bolqarıstan, Sloveniya, Çexiya, Rusiya və Ukrayna öz məşhur müalicəvi kurortlarını təqdim edir. Stavropol diyarının stendi sanatoriya müalicəsi üzrə öz metodikaları ilə məşhur olan Yessentuki, Jeleznovodsk, Kislovodsk, Mineralnıye Vodı və Pyatiqorsk kimi kurort-şəhərlərin ekspozisiyalarını birləşdirir. Ekzotik turizm təşkil edən şirkətlər Tailand, Mavriki və Seyşel kimi istiqamətlər təqdim edəcəklər. Sərgi çərçivəsində Slovakiya, Macarıstan, Polşa və Çexiyaya turlar üzrə seminar, təqdimatlar və ustad dərsləri keçirilir.

Xəyalə Əliyeva qeyd edib ki, "AİTF-2012"də Ümumdünya Turizm Təşkilatı (ÜTT) da öz stendi ilə iştirak edir. Eyni zamanda, Azərbaycanın turizm potensialını fəal şəkildə təqdim edən Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin də xüsusi stendi var. Onun sözlərinə görə, Azərbaycanda fəal istirahət və əyləncə sahəsində yeni layihə və istiqamətlər ölkənin aparıcı turizm şirkətləri, istirahət zonaları və sanatoriyaları tərəfindən təqdim olunur. Abşeron zonasının hotellər şəbəkəsinin də təqdim edildiyi sərgiyə Azərbaycanda fəaliyyət göstərən dünyaca tanınmış hotellər də qatılacaq.

Tədbirdə "Azərbaycan Hava Yolları", "Air Astana", "AirBaltic", "Qatar Airways", "Flydubai", "Çex Hava Yolları" və "Türk Hava Yolları" kimi aviaşirkətlər Azərbaycan bazarı üçün xüsusi təkliflər təqdim edəcək. Bu gün isə Bakıda keçiriləcək qızlar arasında futbol üzrə dünya çempionatının rəsmi talismanına advermə mərasimi keçiriləcək.

Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsinin müdiri Aydın İsmiyev bildirib ki, son 10 ildə Azərbaycan turizm sahəsində böyük nailiyyətlər əldə edib. Belə ki, ölkədə turizm şirkətlərinin və hotellərin sayı kifayət qədər artıb: "Son 6-7 ildə Azərbaycanın turizm sahəsi daha dinamik inkişaf edib. Hazırda bu sahədə mövcud olan problem xidmət səviyyəsidir ki, bu da ildən-ilə yaxşılaşdırılır".

Aydın İsmiyev onu da bildirib ki, əgər 2001-ci ildə Azərbaycanda keçirilən turizm sərgisində cəmi 5 ölkədən 20 şirkət edirdisə, artıq bu il 32 ölkədən 200-dən çox şirkət tədbirə qatılıb. Onun sözlərinə görə, bu il Azərbaycan üçün önəmli olduğundan ölkəyə çoxlu sayda turistin gələcəyi gözlənilir: "Ötən il Azərbaycana 2 milyon əcnəbi gəlib ki, onlardan da 1,8 milyon nəfəri turist olub. Bakıda keçiriləcək "Eurovision 2012" mahnı müsabiqəsi ilə əlaqədar və ümumiyyətlə, son zamanlar Azərbaycana xarici vətəndaşların marağı artıb. Təkcə "Eurovision" mahnı müsabiqəsi ilə əlaqədar Azərbaycana 40 ölkədən çox təmsilçi gələcək. Ümid edirik ki, bu il ölkəmizə gələn turistlərin sayı ötən ildəkindən çox olacaq. Amma "Eurovision 2012" mahnı müsabiqəsi çərçivəsində Azərbaycana gələn turistlərin yerləşdirilməsində heç bir problem olmayacaq. Ölkədə fəaliyyət göstərən turizm şirkətləri lazım olan qədər turistə xidmət göstərməyə hazırdır". Şöbə müdiri bildirib ki, hotel biznesi özəl sektor olsa da, mehmanxanalara qiymətlərin sabit saxlanılması tövsiyə olunub: "Hazırda ölkədə 178 turizm şirkəti və 312 hotel fəaliyyət göstərir. Hotellərdə yerlərin sayı 11 mindən artıqdır". Qurum rəsmisi həmçinin "Eurovision" mahnı müsabiqəsi ilə bağlı Bakıya gələcək turistlər üçün mehmanxana qiymətlərini artırmamağı tövsiyə edib. Lakin o qeyd edib ki, mehmanxanalar özəl sektora daxildir. Buna görə də, qiymətlər qaldırılarsa, nazirlik bunun qarşısını ala bilməz.

  

   Qeyd edək ki, "AİTF-2012" sərgisi Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin rəsmi dəstəyi ilə keçirilir və ÜTT, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (Azpromo), Azərbaycan Sahibkarlar Konfederasiyası və Beynəlxalq Turizm Sərgiləri Assosiasiyası tərəfindən dəstəklənir.

 

 

Sevinc

 

Həftə içi.- 2012.- 14-16 aprel.- S. 15.